Zəhərli Zobun Əlamətləri Nədir? Zəhərli Zob Çox Risklidir?

Zəhərli Zobun Əlamətləri Nədir? Zəhərli Zob Çox Risklidir?


Boyunda yerləşən qalxanabənzər vəzilər tiroid hormonlarının ifrazından məsuldur. Bu xəstəlik qalxanabənzər vəzi hormonunun həddindən artıq ifrazı nəticəsində inkişaf edən xəstəlikdir. Bu xəstəlik hipertiroidizmə səbəb olur. Başqa sözlə hipertiroidizmin bir növüdür. Qalxanabənzər vəzi hormonları orqanizmdə maddələr mübadiləsi sürətini tənzimləmək, enerji istehsalını təmin etmək, bədən istiliyini tənzimləmək kimi bir çox funksiyaları yerinə yetirir. Bu səbəbdən sözügedən xəstəlikdə bu hormonların həddindən artıq ifraz olunması səbəbindən orqanizmin fəaliyyətində geniş pozulmalar müşahidə edilir.

Gündəlik həyat tərzinə mənfi təsir edən bu xəstəlik hər yaşda müşahidə olunsa da, ümumiyyətlə qadınlarda və 40 yaşdan aşağı xəstələrdə daha çox rast gəlinir. Bu xəstəlik müalicə edilməzsə, başqa müxtəlif xəstəliklərə səbəb olaraq ölümcül ola bilər. Bu səbəbdən xəstəliyin əlamətləri müşahidə olunan kimi bir endokrinoloq həkimə müraciət edilməlidir. Xəstəlik həkim tərəfindən aşkarlanan kimi isə vaxt itirmədən müalicələrə başlanılmalıdır. 

Zəhərli zobun əsas səbəbləri aşağıdakılardır:
  • Qreyvs xəstəliyi
  • Zəhərli düyünlü zob (toksiki adenoma)
  • Qalxanabənzər vəzi xəstəlikləri
Qreyvs xəstəliyi. Qreyvs xəstəliyi bu zobun ən çox yayılmış səbəbidir. Bu vəziyyətdə immunitet sistemi tiroid vəzini hədəf alan antigenlər istehsal edir və tiroid hormonunun həddindən artıq istehsalına səbəb olur.

Zəhərli düyünlü zob (toksiki adenoma). Qalxanabənzər vəzindəki bir və ya bir neçə düyün həddindən artıq miqdarda tiroid hormonu istehsal etmək üçün normal toxumadan asılı olmayaraq işləyə bilər.

Qalxanabənzər vəzi xəstəlikləri. Qalxanabənzər vəzin iltihabı tiroid hormonlarının ifrazına səbəb ola bilər.

Zəhərli zob nədir?


Hipertiroidizmin bir növü olan bu xəstəlik bədənin özünə qarşı müdafiəyə keçməsi kimi bilinən bir otoimmün xəstəlikdir. Buna zəhərli diffuz zob da deyilir. Xəstəliyi olan insanlarda otoimmün hücumlar nəticəsində tiroid vəzindən həddindən artıq miqdarda tiroid hormonu ifraz olunur. Boyundakı qalxanabənzər vəzinin həcminin artması səbəbiylə vəzin həcmi böyüyür ki, bu da zob olaraq bilinir. Bu problemə qadınlarda kişilərə nisbətən 4-5 dəfə çox rast gəlinir. Bu xəstəlik hər yaşda olan insanda müşahidə oluna bilər.

Ancaq onu da qeyd edək ki, 25-40 yaş aralığı xəstəliyin ən çox yayıldığı dövrdür. Bu, otoimmün bir xəstəlik olduğuna görə bəzi insanlarda müxtəlif növ otoimmün xəstəliklərlə birlikdə ola bilər. Bu xəstəliklərə misal olaraq sistemik lupus eritematosus, vitiliqo, revmatoid artrit və s. demək olar. Qreyvs xəstəliyi qabarıq gözlər adlanan gözlərin görünüşü ilə də xarakterizə olunan bir zob növüdür. Buna ekzoftalm deyirlər.

Zəhərli zobun əlamətləri nələrdir?


Zəhərli zobun simptomları bədəndə tiroid hormonu səviyyəsinin həddindən artıq olmasında qaynaqlanır. Bu simptomlar hər insanda fərqlidir və şiddəti səviyyəsinə görə dəyişə bilər. Xəstəliyin ümumi simptomları bunlardır:
  • Sürətli ürək döyüntüsü (taxikardiya)
  • Ürək döyüntüsü və ritm pozğunluqları
  • Həddindən artıq tərləmə
  • Həddindən artıq yorğunluq və zəiflik
  • Həddindən artıq zəiflik və əzələ itkisi
  • Həddindən artıq iştah
  • Əsəbilik və narahatlıq hissi
  • Titrəmə
  • İncə, cansız saçlar və həssas dəri
  • İstiyə qarşı dözümsüzlük
  • Menstruasiya pozuntuları
  • Göz simptomları
Sürətli ürək döyüntüsü (taxikardiya). Artan tiroid hormonları ürək döyüntülərini və sürətini artıra bilər.

Ürək döyüntüsü və ritm pozğunluqları. Ürək döyüntüsündə artma səbəbinə görə döyüntü ritmində pozğunluq və aritmiya baş verə bilər.

Həddindən artıq tərləmə. 
Artan bədən istiliyi həddindən artıq tərləməyə səbəb ola bilər.

Həddindən artıq yorğunluq və zəiflik. Maddələr mübadiləsinin sürətləndirilməsi enerji istehlakını artıra bilər. Bu da insanın özünü zəif hiss etməsinə səbəb ola bilər.

Həddindən artıq zəiflik və əzələ itkisi. Metabolizmanın sürətlənməsi bədəndə enerjinin tükənməsinə səbəb olur. Bu da xəstənin halsız hiss etməsinə səbəb ola bilər. 

Həddindən artıq iştah. Hipertiroidizm iştahanın artmasına, amma buna baxmayaraq kilo itkisinə səbəb ola bilər.

Əsəbilik və narahatlıq hissi. Tiroid hormonlarının artması sinir sisteminə qıcıqlandırıcı təsir göstərə bilər ki, bu da əsəbilik və narahatlığa səbəb ola bilər.

Titrəmə. Hipertiroidizm  nəticəsində əllərdə, barmaqlarda və ya digər bədən hissələrində titrəmə hissi ola bilər.
İncə, cansız saçlar və həssas dəri: Metabalizmanın artması nəticəsində saçların və dərinin normadan daha sürətli yenilənməsinə səbəb ola bilər.

İstiyə qarşı dözümsüzlük. Bədən istiliyinin artmasınin nəticəsi olaraq xəstə isti mühitlərə qarşı dözümsüz olur.

Menstruasiya pozuntuları. Hipertiroidizm  xəstəliyinin nəticəsi olaraq qadınlarda menstruasiya dövründə dəyişikliklər ola bilər.

Göz simptomları. Bəzi Qreyvs xəstəliyində bəzi hallarda göz qapaqlarının şişməsi və gözlərin çıxıntılı görünüşü müşahidə olunur.

Bundan əlavə, xüsusilə yaşlılarda müşahidə olunan əlavə əlamətlər aşağıdakılardır:
  • Atrial fibrilasiya
  • Supraventikulyar aritmiya
  • Konjestif ürək çatışmazlığı
  • Sistolik hipertansiyon
  • Tremor (əllərdə titrəmə)
  • Zobun  olması
  • İsti nəm dəri
  • Əl və ayaqlarda əzələ zəifliyi
  • Gözlərdə müşahidə olunan əlamətlər
  • Kişilərdə ginekomastiya (qadın tipli süd vəzisinin böyüməsi)
  • Erektil disfunksiya və s.
Qeyd edək ki, bu əlamətlər hər insanda fərqli müşahidə oluna bilər. Bundan başqa bəzi insanlarda simptomlar daha qabarıq, bəzilərində isə daha yüngül ola bilər. 

Zəhərli zobun diaqnozu necə qoyulur?


Zəhərli zobun adətən hərtərəfli müayinə və müxtəlif testlərdən istifadə etməklə bir enokrinoloq tərəfindən diaqnozu qoyulur. Sözügedən xəstəliyin diaqnozu üçün istifadə olunan bəzi ümumi üsullar bunlardır:

Həkimin xəstəyə diaqnoz qoymaq məqsədi ilə verdiyi suallar nəticəsində əldə etdiyi xəstənin tarixçəsidir (anamnez) və fiziki müayinə: Həkim xəstənin sadaladığı əlamətləri və tibbi tarixini qiymətləndirir. Fiziki müayinə zamanı qalxanabənzər vəzinin ölçüsü, həcmi və düyünlərinin olması, əgər varsa, yoxlanılır.

Qan testləri: Qan testləri tiroid hormonlarını müəyyənləşdirib dəyərlərinə baxmaq üçün istifadə olunur. Bu testlərə TSH (tiroid stimullaşdırıcı hormon), sərbəst T3 (triiodotironin) və sərbəst T4 (tiroksin) səviyyələri daxildir. Bu xəstəlik zamanı TSH səviyyəsi adətən aşağı, sərbəst T3 və T4 səviyyələri isə yüksək olur. Bundan başqa, otoimmün antitellər  (Anti-TPO, ANTİ-TG, ANTİ-TSH).

Radioaktiv yod testləri və ya tiroid sintiqrafiyası: Bu testlər qalxanabənzər vəzinin radioaktiv yodu qəbul etmə və istifadə etmə səviyyəsini qiymətləndirir. Bu testlər qalxanabənzər vəzi düyünlərinin normal toxumadan asılı olmayaraq işlədiyini müəyyən etməyə kömək edə bilər. Yəni düyün hormon ifraz edir , yoxsa etmir.

Qalxanabənzər vəzinin USM müayinəsi:
Qalxanabənzər vəzi ultrasəs müayinəsi çox rahat və geniş yayılmış müayinə üsuludur. Vəzinin strukturu, qan təchizatı ölçüsü , həcmi , düyünlərinin olub-olmaması vəzi ətrafinda limfa düyünləri haqqında məlumat verir.

İncə iynə aspirasiya biopsiyası (İİAB): Bu, tiroid düyünlərinin xərçəngli olub olmadığını müəyyən etmək üçün istifadə edilən bir prosedurdur. İynə biopsiyası ilə tiroid vəzindən hüceyrə nümunələri götürülür və araşdırılır. Bu testlərin birləşməsi xəstəliyin diaqnozunu təsdiqləmək və əsas səbəbi müəyyən etmək üçün istifadə olunur. Diaqnostik proses adətən endokrinoloq tərəfindən aparılır. Erkən diaqnoz və düzgün müalicə də çox vacibdir, çünki sözügedən xəstəlik müalicə edilmədikdə müxtəlif fəsadlara səbəb ola bilər.

Bu problemin müalicəsi xəstəliyin səbəbindən asılı olaraq dəyişə bilər. 

Zəhərli zob niyə yaranır?


Zəhərli zob qalxanabənzər vəzinin həddindən artıq miqdarda tiroid hormonu istehsal etməsinin nəticəsində yaranan bir xəstəlikdir. Bu xəstəliyin 3 növü var.

Qreyvs xəstəliyinin səbəbi immunitet sistemindəki problemdir (otoimmün xəstəliklər). İmmunitet sistemi qalxanabənzər vəzin hüceyrələrinə qarşı otoantikorlar əmələ gətirir və tiroid hüceyrələri ilə mübarizə aparmağa başlayır. Nəticədə tiroid hüceyrələri həddindən artıq işləyir və qana çox miqdarda tiroid hormonu buraxır. T4 və T3 hormonlarının artması ilə TSH səviyyəsi azalır və sözügedən xəstəlik əmələ gəlir. Bu xəstəlik zamanı ürək döyüntülərinin dərəcəsi dəqiqədə 90-100 vuruşdan yuxarı olur. İnsan sakit halda olduqda belə ürək döyüntüsü hiss edir. Eyni zamanda xəstəliyin digər əlamətləri (tərləmə, titrəmə, istiyə dözümsüzlük, həddindən artıq həyəcan və s.) baş verir. 

Qreyvs xəstəliyi müalicə olunmasa xəstədə zamanla göz simptomları da müşahidə oluna bilər. Gözlərin irəliyə doğru çıxması nəticəsində onların bəzi funksiyalarının pozulması ilə nəticələnir. Bunun səbəbi göz yuvasının arxasında yığılmış bir maddədir. Bu maddə mukopolisakkarid quruluşa malikdir. Gözlər irəli çıxmış görünməyə başlayır. Buna ekzoftalmiya deyilir. Bu xəstəliyə nəyin səbəb olduğu dəqiq məlum deyil.

Xəstəliyin başqa bir növü çoxdüyünlü zəhərli zob (Plummer) xəstəliyidir. Yaranma mexanizmi qreyvs xəstəliyinə bənzəyir. İmmunitetlə bağlı olmasa da hər hansı bir düyünün həddən artıq hormon ifraz etməsindən asılı olaraq da yarana bilər. Zəhərli düyünlü zob isə tək bir düyünün öz-özünə həddindən artıq hormon ifraz etməsi zamanı meydana gəlir. Bunun da səbəbi tam olaraq məlum deyil. Sözügedən problemin əmələ gəlməsinin qarşısını almaq üçün hər hansı bir üsul yoxdur. Bəzi qidaların (məsələn, qırmızı kələm kimi) xəstəliyin əmələ gəlməsində rol oynadığı sübut edilməmişdir. İmmunitet mexanizmində pozğunluğa nə səbəb olduğu bilinmir.

Zəhərli zobun hansı fəsadları var?


Bu xəstəlik diaqnozdan sonra mütləq müalicə tələb edən və son dərəcə ciddi sistemli nəticələrə səbəb ola bilən xəstəlikdir. Bu xəstəlik iştaha və kifayət qədər qida qəbuluna baxmayaraq maddələr mübadiləsinin sürətlənməsinə, ürəyin çox sürətli işləməsinə, həddindən artıq kilo itkisinə və nəticədə bədən müqavimətinin azalmasına, ürək və orqan çatışmazlığına səbəb ola bilər. Müalicə olunmayan zəhərli zobda göz simptomları və görmə pozğunluqları yarana bilər və ürək daşıya biləcəyindən çox yükləndiyi üçün bir müddət sonra zəifləməyə doğru gedir. Nəticədə müalicə olunmazsa, ölümcül nəticələr yaranır. 

Xəstəliyin bəzi risklərini və ağırlaşmalarını aşağıdakı kimi sadalayaq:
  • Ürək Problemləri
  • Osteoporoz
  • Göz problemləri (Qreyvs xəstəliyində)
  • Tirotoksik kriz
  • Hamiləliyin ağırlaşmaları
  • Hipotiroidizm (Müalicə sonrası)
Ürək Problemləri: Yüksək tiroid hormon səviyyələri ürək dərəcəsini artıra və ürək ritminin pozulmasına səbəb ola bilər. Bu da aritmiya, ürək çatışmazlığı, infarkt və ya digər ürək problemləri riskini artıra bilər.

Osteoporoz: Yüksək tiroid hormon səviyyələri sümük sıxlığını azalda və osteoporoz riskini artıra bilər.

Göz problemləri (Qreyvs xəstəliyində): Qreyvs xəstəliyi ilə hallarda göz simptomları yarana bilər. Bu hal göz qapaqlarının şişməsi, gözlərin çıxıntılı görünüşü və göz əzələlərinin zəifləməsi kimi özünü göstərir.

Tirotoksik kriz: Nadir hallarda tiroid hormonunun həddindən artıq ifrazı tireotoksik krizə səbəb ola bilər. Bu ciddi siqnaldır və yüksək hərarət, sürətli ürək döyüntüsü, həddindən artıq tərləmə, titrəmə və huşun itirilməsi kimi simptomları ehtiva edir. 

Hamiləliyin ağırlaşmaları: Xəstəlik hamiləlik zamanı ağırlaşmalara səbəb ola bilər. Bu vəziyyət körpədə erkən doğum, aşağı çəki və tiroid problemləri riskini artıra bilər.

Hipotiroidizm (Müalicə sonrası): Müalicədən sonra həddindən artıq aktiv tiroid vəzinin tənzimlənməsi üçün istifadə edilən vasitələr bəzən qalxanabənzər vəzinin həddindən artıq az fəaliyyət göstərməsinə (hipotireoz) səbəb ola bilər. Bu risklər xəstəliyin potensial ciddi fəsadlarıdır. 

Buna görə də xəstəliyin əlamətləri aşkar edildikdə və ya diaqnoz qoyulduqda bir endokrinoloq həkim ilə əlaqə saxlamaq və müvafiq müalicə almaq vacibdir. Müalicə adətən simptomların şiddətinə, xəstənin yaşına, ümumi sağlamlığına və digər amillərə əsasən müəyyən edilir.

Zəhərli zobun müalicə üsulları hansılardır?


Zəhərli zob xəstəliyinin müalicə prosesini necə planlaşdırmaq olar? Qərar, xəstəliyin səviyyəsi, xəstənin yaşı, dərman müalicələrinə reaksiyaları kimi bir çox faktoru nəzərə alaraq həkim tərəfindən verilir. Ümumiyyətlə, xəstəliyin müalicəsində üç fərqli üsuldan istifadə edilir:
  • Antitiroid dərman müalicə
  • Cərrahi müalicə üsul (tiroidektomiya)
  • Radioaktiv yod terapiya
Antitiroid dərman müalicə. Bu dərmanlar tiroid vəzii tərəfindən istehsal olunan artıq tiroid hormonunu azaltmaqda təsirlidir. Ümumiyyətlə, müalicə prosesi ilk mərhələdə dərmanların istifadəsi ilə başlayır.

Cərrahi müalicə üsulu (tiroidektomiya). Qalxanabənzər vəzində düyünləri olan və ya xərçəng şübhəsi olan şəxslərdə cərrahi əməliyyata üstünlük verilir.

Radioaktiv yod terapiya. Bu müalicə üsulu atom terapiyası kimi də tanınır və təxminən 2 ay ərzində xəstələrin 50% -ində hormon səviyyələrini normallaşdırmağa imkan verir. Qalan 50%-də isə müalicə olunmasına baxmayaraq qalxanabənzər vəzinin həddindən artıq və ya qeyri-aktiv problemləri müşahidə oluna bilər.

İnteqrativ müalicə üsulu. İnteqrativ tibb alternativ və ya tamamlayıcı müalicə yanaşmalarının, eləcə də ənənəvi tibb üsullarının istifadəsini əhatə edir. Bununla belə, inteqrativ müalicə üsullarının istifadəsindən öncə bu üsul barədə həkim ilə danışılmalıdır. Həkim mütəxəssis şəxsin vəziyyətini qiymətləndirir və müvafiq müalicə planını təyin edir.

Xəstəliyin inteqrativ müalicəsində istifadə olunan bəzi yanaşmalar bunlardır:
  • Qidalanma və əlavələr
  • Bitki mənşəli dərmanlar
  • Akupunktur
  • Yoqa və Meditasiya
  • Homeopatiya
Qidalanma və əlavələr: Xəstəliyin idarə edilməsində sağlam bir pəhriz vacibdir. Bundan başqa yod, selen və sink kimi mineral əlavələr tiroid sağlamlığı üçün faydalıdır. Bununla belə, bu əlavələrin dozasını və istifadəsini bir həkim ilə müzakirə etmək vacibdir.

Bitki mənşəli dərmanlar: Bəzi bitki mənşəli əlavələrin (məsələn, ashwagandha, L-carnitine) zəhərli zobu idarə etməyə kömək edə biləcəyi düşünülür. Bununla belə, bitki mənşəli dərmanların istifadəsində ehtiyatlı olmaq və dozası ilə bağlı bir mütəxəssisdən məsləhət almaq lazımdır.

Akupunktur: Akupunktur bədəndəki enerji axını tənzimləməyi hədəfləyən ənənəvi Çin təbabəti üsuludur. Bu üsul bəzi pasiyentlərdə xəstəliyin əlamətlərini aradan qaldırmağa kömək edə bilər.

Yoqa və Meditasiya: Stresin idarə edilməsi bu xəstəliyin simptomlarını aradan qaldıra bilər. Yoqa və meditasiya stresi azaltmağa kömək edən bir alternativdir.

Homeopatiya: Bəzi insanlar homeopatik müalicə üsullarından istifadə edərək zəhərli zobun simptomlarını idarə edə bilirlər. Bununla belə, homeopatiya üçün elmi sübutlar məhduddur və istifadə etməzdən əvvəl bir mütəxəssislə məsləhətləşməlisiniz. Bu üsullar bəzi insanlar üçün faydalı ola bilsə də, xəstəliyin müalicəsində təsirli olan elmi cəhətdən sübut edilmiş ənənəvi tibb üsulları var. 

Qeyd edək ki, inteqrativ müalicə üsullarından istifadə edərkən, ənənəvi tibbin tövsiyələrinə əməl edilməli və sağlamlıq vəziyyətini mütəmadi olaraq izləmək üçün həkim mütəxəssis ilə məsləhətləşməyi gözardı etməməlisiniz.