Şabran rayonunda Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən həkimlər üçün seminar keçirilib

26 fevral 2024-cü il tarixində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin təşkilatçılığı ilə Şabran rayonunda Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən həkimlər üçün seminar keçirilib. Seminarda İnteqrativ Müalicə Mərkəzinin nevroloqu Aygün Məmmədova “ Parkinson xəstəliyinin İnteqrativ təbabət metodları ilə müalicəsi“ mövzusunda çıxış edib. Aygün xanım 40 ildən çox həkimlik fəaliyyətinin təxminən 20 ili ərzində   nevroloji xəstəliklərin müalicəsində İnteqrativ Təbabətin çoxyönümlü və effektli metodlarını tətbiq edir.Seminarda iştirak edən digər nevroloqların marağına səbəb olan çıxışında A.Məmmədova məhz  orqanizmə heç bir kimyəvi zərər verməyən bu müalicə üsulunun  üstünlükləri barədə geniş məlumat verib. 

Qeyd edək ki, təməli alman alimi H.Rekkeveq tərəfindən qoyulan   İnteqrativ müalicə metodlarının  Azərbaycana gətirilməsində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin böyük rolu olub. Mərkəzin təşəbbüsü ilə indiyə qədər ölkəmizin  ayrı-ayrı bölgələrində  həkimlər üçün  bu müalicə metodunun nəzəriyyəsinə həsr olunmuş yüzdən çox seminar keçirilib. Belə tədbirlər vasitəsilə yüzlərlə həkim İnteqrativ müalicə metodları barədə nəzəri biliklərə yiyələnərək öz təcrübəsində xroniki və autoimmun xəstəliklərin müalicəsində uğurlu nəticələr göstərən  bu üsullardan istifadə etməyə üstünlük verib. Şabrandakı bu seminar da həmin xeyirxah təşəbbüsün bir davamıdır.


Nevroloq Aygün Məmmədova çıxışında parkinson xəstələrinin müalicəsində aldığı müsbət nəticələri həmkarları ilə bölüşüb.Qeyd edib ki, degenerativ xəstəliklər qrupuna daxil olan parkinson geri dönməz bir proses olduğuna görə xəstədə tam sağalma mümkün
olmur. Amma İnteqrativ Müalicə metodları sayəsində  xəstələrdə müəyyən müddətli remissiya almaq mümkündür. Onların psixologiyalarında, həyat tərzlərində, iş qabiliyyətlərində xeyli müsbət dəyişikliklər müşahidə olunur. A.Məmmədova çıxışının sonunda parkinson xəstələrinin müalicəsində aldığı uğurlu nəticələrin videogörüntülərini nümayiş etdirib.