“Zəfər festivalı-2”

Mayın 27-də Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində ali təhsil müəssisələrinin tələbələri arasında “Zəfər festivalı-2” adlı idman yarışları qaliblərinin təltif olunma mərasimi keçirilib. Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Unniversiteti, Nəsimi rayon Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçlılığı ilə  baş tutan tədbirin  sponsoru  Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi idi.
Tədbirdə Milli Məclisin vitse-spikeri, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, eləcə də ali təhsil ocağının professor-müəllim heyəti və tələbələri iştirak edirdilər. “Təbib” idman klubu ilə yanaşı   müxtəlif idman qurumlarının nümayəndələrinin də toplaşdığı tədbir Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində yerləşən şəhidlərin banerinin önünə gül dəstələri qoymaq mərasimi ilə başlayıb. Beləliklə, Vətən uğrunda canından keçənlərin əziz xatirəsi  yad edilib. Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə daha sonra  musiqi sədaları altında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlara baxış olub. 
Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Zəfər Festivalı - 2” adlı idman yarışının iştirakçılarını salamlayan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, festivalda ölkəmizin əksər universitetləri təmsil olunub. Tarixi zəfərimizin adını daşıyan idman festivalında iştirak etməyin artıq bir qalibiyyət olduğunu söyləyən rektor, ölkə rəhbərliyi tərəfindən Azərbaycan gəncliyinə hər zaman xüsusi diqqət ayrıldığını vurğulayıb. Eyni zamanda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbənin hər kəsdə böyük qürur hissi yaratdığını söyləyib. Zəfər Festivalında zəhməti olan bütün məşqçiləri, idmançıları təbrik edən rektor ATU-da bundan sonra da belə festivalların ənənəvi olaraq daha geniş, daha mütəşəkkil 
şəkildə keçiriləcəyini bildirib. 
Çıxış edən digər nümayəndələr bu festivalı ali məktəblərdə yaradılan idman mühitinin göstəricisi kimi dəyərləndirərək bu tədbirlərin  Azərbaycan idmanının inkişafına, bütün dünyada tanınmasına xidmət göstərdiyini vurğulayıblar.  Bir çox beynəlxalq idman yarışlarına ev sahibliyi edən  Azərbaycanın artıq idman ölkəsi kimi tanınmasının və bu sahənin  sürətli inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu da qeyd ediblər. Bu gün idmançılarımızın yerli və beynəlxalq turnirlərdə qazandıqları nailiyyətləri  Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi kimi qiymətləndirmək olar. 
Xatırladaq ki, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin də yaxından dəstəyi ilə mayın 4-dən 25-dək keçirilən idman yarışlarında 22 ali təhsil müəssisəsinin komandaları iştirak ediblər. İdmançılar stolüstü tennis, badminton, şahmat, futzal, qol güləşi, voleybol (oğlanlar), voleybol(qızlar) və digər idman növləri üzrə öz güclərini sınayıblar.
“Zəfər Festivalı-1”-də olduğu kimi “Zəfər Festivalı-2”-də də Azərbaycan Tibb Universitetinin komandalarıözliderliyiniqoruyabilib.
Festivalın təntənəli bağlanış mərasimində qaliblər kubok, diplom və medallarla təltif olunublar.