Peşə bayramınız mübarək , dəyərli həkimlər!

Tanrının insanlara bəxş etdiyi ən gözəl nemət can sağlığıdır. Qədim və humanist peşə sahibi olan həkimlər ömürlərini bəşəriyyətin  ən uca varlığı  kimi dəyərləndirdiyimiz  insanların sağlamlığının qorunmasına həsr etməklə böyük qəhrəmanlıq göstərirlər. Həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır. Sizə verilən ömrü yorulmadan, usanmadan, bəzən öz həyatınızı belə riskə ataraq insanların  düçar olduqları xəstəliklərin müalicəsinə həsr etdiyinizə görə sözün əsl mənasında  fədakarsınız!
“Həkim” sözünün müxtəlif dillərdəki anlamları da ibrətamizdir. Ərəb dilində  “həkim” sözü “hakim olmaq” anlayışından irəli gəlir və hikmət sahibi, müdrik insan mənalarını ifadə edir. “Təbib” sözü isə “yaxşılıq, səhiyyə, sağlamlıq” mənasındakı “tibb”peşəsini  həyata keçirən şəxsə verilən addır. Məşhurlardan biri deyib ki, həkimlik sənəti qəhrəmanlıqdır, hünərdir. Bu peşə adamdan fədakarlıq, təmiz qəlb, insanlığa sevgi tələb edir. Sizin saf qəlbiniz hər zaman mərhəmət, sevgi, xeyirxahlıq hissi ilə döyünür, əziz həkimlər!

Həkimlik həm də   məsuliyyətli və çətin peşədir. Bizim üçün ən dəyərli olan sağlamlığımızı həkimlərə etibar etməklə onların məsuliyyətini daha da artırmış oluruq.Bu humanist sənəti seçənlər daim fövqəladə vəziyyətlərə hazır olur, insanlara yardım etməkdən zövq  alırlar. Buna görə də çox rahatlıqla deyə bilərik ki, siz  xəstəliyimizlə bağlı problemlərimizi bölüşdürə bildiyimiz, güvəndiyimiz  doğmalarımız qədər bizə yaxınsınız, hörmətli həkimlər!  

Uzun illər xəstəlikdən əziyyət çəkənlər bəzən   aqressiv olur, depressiyaya düşür, ətraf aləmdən təcrid olunmağa çalışırlar. Belə  insanlar çox vaxt yalnız həkimin onlara yardım edəcəyinə  inanırlar.Həkimliyi digər peşələrdən fərqləndirən çəhətlərdən biri də elə  xəstədə özünə qarşı inam hissi yarada bilməsidir. Həkimin xoş rəftarı, qayğıkeşliyi, səmimiyyəti  müalicə müddətində xəstənin əhvalına müsbət təsir göstərir və o sağalacağına inanır. Bu inamı  siz   səmimiliyiniz, mehribanlığınız  və peşəkarlığınız  sayəsində qazanmısız, əziz həkimlər!
Elə insanlar var ki, inadkardırlar, sağlamlıqlarına qarşı laqeydlik göstərirlər, hətta əksər hallarda inadkarlıqları ilə vəziyyətlərini daha da pisləşdirir, sağalma prosesini ləngidirlər.Bir insanı səbrlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, onları təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək  həkimdən həm də insan  psixologiyasına yaxından bələd  olmağı tələb edir. XX əsrdə yaşamış alman yazıçısı və publisisti Stefan Zveyq deyib ki, “həqiqi həkim  hər bir xəstə ilə   ölüb-diriləndir”. 
Hər xəstəyə doğma ailəsi kimi qayğı və diqqətlə yanaşan xeyirxah peşə sahibləri, siz bəşəriyyətə sevgini, qayğıkeşliyi, xoş ünsiyyəti, mehriban rəftarı və  insan psixologiyasına hakim olmaq kimi bacarıqları həkimlik peşəsində birləşdirə bildiyinizə görə hər kəs üçün çox dəyərlisiniz! Peşə bayramınız mübarək , dəyərli həkimlər!