Gənclərdə osteoporoz niyə olur? Osteoporozun 6 əsas əlaməti

Gənclərdə osteoporoz niyə olur? Osteoporozun 6 əsas əlaməti 

Sümük əriməsi olaraq da bilinən osteoporoz əsasən yaşlılarda rast gəlinən xəstəlik olsa da, bəzən gənclər arasında da müşahidə olunur. Yemək vərdişlərindəki dəyişikliklər, fiziki fəaliyyətin, aktivliyin azalması və ümumi sağlamlıqla bağlı nüanslar gənclərdə osteoporozun artmasına səbəb olur. Gənclərdə rastlanılan osteoporoz uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səbəbdən erkən diaqnoz və müdaxilə böyük əhəmiyyət kəsb edir. Bəs sözügedən xəstəliyin diaqnozu, müalicəsi necə olur? Gəlin bununla bağlı daha ətraflı məlumat əldə edək. 

Gənclərdə Osteoporoz niyə olur?

Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, sümük əriməsi əsasən yaşlılarda baş versə də, gənclərdə rastlanılan sağlamlıq problemidir. Gənclərdə osteoporoza səbəb olan bir çox faktor var və bu amillərin çoxu həyat tərzi, yaşam vərdişləri və genetik amillərlə sıx bağlıdır. Gənclərdə bu xəstəliyin baş verməsinin ümumi səbəbləri əsasən bunlardır:
  • Qida çatışmazlıqları
  • Fiziki fəaliyyətin olmaması
  • Hormonal balanssızlıqlar
  • Genetik faktorlar
Qida çatışmazlıqları. Gənclərdə osteoporozun ən çox görülən səbəblərindən biri qida çatışmazlığıdır. Belə ki, kalsium və D vitamini sümük sağlamlığı üçün vacib olan qidalardır. Bu qidaların qeyri-kafi qəbulu sümük sıxlığının azalmasına və osteoporoz riskinin artmasına səbəb olur. Xüsusilə gənclərdə sürətli böyümə və inkişaf dövrlərində bu qidaların kifayət qədər qəbul edilməməsi sümük inkişafına mənfi təsir göstərə bilər. Bundan əlavə, maqnezium, fosfor və zülal kimi digər qida maddələrinin çatışmazlığı da birbaşa sümük sağlamlığına təsir göstərir.

Fiziki fəaliyyətin olmaması. Daimi fiziki fəaliyyət sümük sıxlığını artıraraq osteoporoz riskini azaldır. Ancaq bu gün bir çox gənc oturaq həyat tərzinə, məsələn, uzun saatlarla kompüterin qarşısında oturmaq tərzinə keçiblər. Bu, zamanla sümük sıxlığının azalması ilə nəticələnə bilər. Çünki oturaq həyat tərzi və fiziki fəaliyyətin olmaması səbəbindən sümüklərdə kifayət qədər mexaniki təzyiq yaranmır. Xülasə, gənc yaşda fiziki fəaliyyətin azalması sümük kütləsinin maksimum həddə çatmasının qarşısını ala bilər ki, bu da sonrakı illərdə osteoporoz riskini artırır.

Hormonal balanssızlıqlar. Hormonlar sümük sağlamlığında mühüm rol oynayır. Xüsusilə, estrogen və testosteron hormonları sümük sıxlığının qorunmasında vacibdir. Gənclərdə görülən hormonal balanssızlıqlar, bu hormonların səviyyələrindəki dəyişikliklər sümük sıxlığının azalması ilə nəcitələnə bilər. Yeniyetməlik hormonal dalğalanmaların tez-tez baş verdiyi bir dövr olduğu üçün də bu dövrdə osteoporoz riski daha da artır. Bundan əlavə, tiroid problemləri kimi endokrin xəstəliklər də sümük sıxlığına mənfi təsir göstərən amillərdəndir.

Genetik faktorlar. Osteoporozun yaranmasında genetik faktorlar da mühüm rol oynayır. Ailə üzvlərindən birində osteoporoz varsa, gəncin də bu xəstəliyə meylli olma ehtimalı artır. Genetika sümük sıxlığına və sınıq riskinə birbaşa təsir göstərən faktordur.

Yekun olaraq qeyd edək ki, gənclərdə osteoporozun baş verməsi multifaktorial prosesdir və həm genetik, həm də ətraf mühit faktorlarından dolayı bu xəstəlik baş verə bilər. Gənclərin sağlam qidalanma vərdişlərini inkişaf etdirmələri, müntəzəm fiziki fəaliyyətlə məşğul olmaları və lazım gəldikdə həkim nəzarətində olmaları osteoporoz riskinin azaldılmasında mühüm addımlardır. 

Gənclərdə Osteoporozun əlamətləri nələrdir?

Gənclərdə rastlanan osteoporoz adətən səssiz xəstəlik hesab olunur, çünki aşkar simptomlar olmadan da bu xəstəlik irəliləyə bilər. Bununla belə, bəzi simptomlar və əlamətlər var ki, bunlar gənclərdə sümük əriməsi xəstəliyindən şübhələnməyə əsas verir. Sözügedən mümkün əlamətləri bunlardır:
  • Sınıqların asanlıqla baş verməsi
  • Duruş dəyişikliyi
  • Boyun qısa olması
  • Sümük və ya oynaq ağrıları
  • Xroniki ağrı 
  • Yorğunluq
Bu simptomlardan hər hansı biri aşkar edildikdə xüsusən də ailədə osteoporozlu kimsə varsa, dərhal müayinə olmaq lazımdır.

Osteoporoz gənclərdə hansı fəsadlara yol açır?

Osteoporoz gənclərdə bir sıra fəsadlara da yol açır. Zamanında diaqnoz qoyulmayan və müalicə edilməyən osteoporozun yarada biləcəyi əsas ağırlaşmalar bunlardır:
  • Sınıqlar və sümüklərin zədələnməsi
  • Xroniki Ağrı
  • Duruş pozğunluqları
  • Fiziki inkişafda geriləmə
  • Sosial və psixoloji təsirlər
Sınıqlar və sümüklərin zədələnməsi. Osteoporozun ən açıq və ciddi fəsadlarından biri sümüklərin daha da kövrək, qırılğan olmasıdır. Sümüklərin belə olması az təsirli travma olsa belə sınıqla nəticələnməsinə səbəb olur. Gənclərdə bu qəbildən ən çox rast gəlinən sınıqlar bilək, omba və onurğada baş verir. Bu sınıqlar gənc fərdlərin gündəlik fəaliyyətinə, idman qabiliyyətinə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərə bilər.

Xroniki Ağrı. Osteoporozun səbəb olduğu sümük qırıqları və digər hallar gənclərdə xroniki ağrıya səbəb ola bilər. Xüsusilə onurğa sınıqları uzun müddət bel və boyun ağrılarını da özü ilə gətirir. 

Duruş pozğunluqları. Osteoporoz irəlilədikcə onurğada sınıqlar və sümük sıxlığının azalması duruş pozğunluğuna səbəb olur. Buna misal olaraq kifozu qeyd edə bilərik. Duruş pozğunluqları fiziki görünüş və özünə inama təsir etməklə yanaşı, gələcəkdə daha ciddi dayaq-hərəkət sistemi problemlərinin meydana gəlməsinə təkan verə bilər.

Fiziki inkişafda geriləmə. Gənclərdə osteoporoz böyümə və və fiziki inkişaf proseslərinə də təsir edə bilər. Sümüklərdə mineral sıxlığının azalması ilə sümüklərin inkişafı dayanır. Bununla da boyun daha qısa olması və digər inkişaf problemləri yaşanır. 

Sosial və psixoloji təsirlər. Osteoporozun fiziki fəsadları gənclərin psixoloji sağlamlığına da dərin təsir göstərir. Xroniki ağrı, hərəkət məhdudiyyətləri və duruş pozğunluqları kimi problemlər özünə inamın azalması, sosial izolyasiya və depressiya riskini artırır. 

Yuxarıda qeyd edilən ağırlaşmalar osteoporozun gənclərə ciddi təsirini nümayiş etdirir və buna görə də erkən diaqnoz və effektiv müalicə həyati əhəmiyyət kəsb edir. Gənclərin sümük sağlamlığını qorumaq və osteoporozun mümkün təsirlərini azaltmaq üçün sağlam qidalanma, müntəzəm idman və lazım gəldikdə tibbi müdaxilələr vacibdir.

Gənclərdə Osteoporozun Diaqnozu necə qoyulur?

Gənclərdə osteoporozun diaqnozu adətən müxtəlif klinik və diaqnostik üsullarla aparılır. Bu prosesin əsas mərhələləri bunlardır:
  • Tibbi tarix və fiziki müayinə
  • Biokimyəvi Testlər
  • Görüntüləmə Testləri
  • Həkim nəzarəti 
Tibbi tarix və fiziki müayinə. Həkim xəstənin sağlamlıq tarixini, həyat tərzini, ailədə osteoporoz tarixini və dərman istifadəsini qiymətləndirir. Fiziki müayinə duruş pozğunluğu, hərəkətin məhdudlaşdırılması və əhəmiyyətli qırıqlar kimi osteoporoz əlamətlərinin aşkarlanmasını əhatə edir.

Biokimyəvi Testlər. Qan və sidik testləri ilə kalsium, fosfor, D vitamini səviyyələrini və sümük strukturunun digər göstəriciləri ölçülür.

Görüntüləmə Testləri. Ən çox istifadə edilən üsul sümük mineral sıxlığını (BMD) ölçən Aşağı Dozalı X-ray Absorptiometriya (DXA) skanıdır. DXA xüsusilə onurğa və omba kimi bölgələrdə sümük sıxlığını qiymətləndirərək osteoporozun varlığını və şiddətini təyin edir.

Həkim nəzarəti. Diaqnozdan sonra xəstəliyin gedişatını və müalicəyə cavabı qiymətləndirmək üçün müntəzəm sümük sıxlığı testləri və kliniki təqib aparılır.

Bu addımların gənclərdə osteoporozun erkən diaqnostikasında önəmli payı var, çünki bu xəstəlik çox vaxt aşkar simptomlar olmadan irəliləyir. Unutmayın ki, erkən diaqnoz xəstəliyin müalicəsi və inkişafının qarşısını almaq üçün olduqca vacibdir.

Gənclərdə Osteoporoz necə müalicə edilir?

Gənclərdə osteoporozun müalicəsi xəstəliyin səbəbi, şiddəti və gəncin ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir. Müalicənin əsas məqsədi sümük sıxlığını artırmaq, sümük qırıqlarının qarşısını almaq və ümumi sağlamlığı yaxşılaşdırmaqdır. Osteoporozun müalicəsinin əsas komponentləri bunlardır:
  • Düzgün qidalanma
  • Fiziki fəaliyyət
  • Dərman müalicəsi
  • Hormonal Müalicələr
  • Həyat tərzi dəyişiklikləri
Düzgün qidalanma. Sümük sağlamlığını dəstəkləmək üçün kifayət qədər kalsium və D vitamini qəbulu çox vacibdir. Sümük əriməsi varsa, gündəlik qida rasionuna süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, balıq və yumurta kimi kalsium və D vitamini ilə zəngin qidalar əlavə edilməlidir. Lazım gələrsə, həkim tövsiyəsi ilə kalsium və D vitamini əlavələri qidalanmaya əlavə olunmalıdır.

Fiziki fəaliyyət. Daimi idman sümük sıxlığının artırılmasında və sümük sağlamlığının qorunmasında mühüm rol oynayır. Gəzmək, qaçmaq və ağırlıq qaldırmaq kimi müqavimət məşqləri sümükləri daha güclü və sağlam saxlamağa kömək edir.

Dərman müalicəsi. Bəzi hallarda, xüsusən də osteoporoz irəliləyibsə və ya digər əsas sağlamlıq problemləri varsa, həkim dərman tövsiyə edir. Gənclərdə osteoporozun müalicəsi üçün istifadə edilən dərmanlara bifosfonatlar, kalsitonin və bəzən raloksifen kimi selektiv estrogen reseptor modulatorları daxildir. Bu dərmanlar sümük rezorbsiyasını azaltmaq və sümük sıxlığını saxlamaq və ya artırmaq üçün nəzərdə tutulub.

Hormonal Müalicələr. Osteoporoz hormonal balanssızlıqlarla (məsələn, erkən menopoz və ya hipoqonadizm) əlaqəli olarsa, hormon əvəzedici terapiya tətbiq oluna bilər. Bu müalicələr itirilmiş hormonları əvəz edərək sümük sıxlığını qorumaq və artırmaq məqsədi daşıyır.

Həyat tərzi dəyişiklikləri. Siqaret çəkmək və həddindən artıq spirt qəbulu sümük sağlamlığına mənfi təsir göstərən amillərdəndir. Ona görə də müalicə planında bu cür vərdişlərdən uzaq durmaq və ya ondan imtina etmək tövsiyə olunur. Müntəzəm sağlamlıq yoxlamalarından keçmək və sümük sağlamlığına nəzarət etmək də vacibdir.

Gənclərdə osteoporozun müalicəsi multidisiplinar yanaşma tələb edir və fərdi ehtiyaclara uyğunlaşdırılır. Xəstəliyin erkən diaqnozu və effektiv müalicə planı osteoporozun inkişafını ləngidir, gənclərin sağlam və aktiv həyat sürməsinə şərait yaradır.

Xəstəliyin müalicəsində İnteqrativ tibbin müalicə üsulları uğurla tətbiq edilir. Drenaj detoksikasiya, homeosiniatriya, biopunktura və s. bu üsullardandır. Fərdi olaraq isə xəstəyə reablitasiya proqramı tətbiq edilir.