Uşaqlarda Skolioz Müalicəsi Necə Olur? Skoliozun 6 əlaməti

Uşaqlarda Skolioz Müalicəsi Necə Olur? Skoliozun 6 əlaməti

Skolioz uşaqlarda tez-tez rast gəlinən bir vəziyyətdir və onurğanın yana doğru əyilməsi ilə xarakterizə olunur. Bu vəziyyət xüsusən də yeniyetməlik dövründə baş verir. Skoliozun səbəbləri tam bilinməsə də, genetik faktorların və ətraf mühit faktorlarının rol oynadığı düşünülür. Skoliozun erkən diaqnozu vəziyyətin inkişafının qarşısını almaq və effektiv müalicə planı yaratmaq üçün vacibdir. Müalicə variantları arasında korsetdən istifadə, xüsusi məşqlər və zəruri hallarda cərrahi müdaxilə daxildir. Fizioterapiya onurğanın sabitliyini və duruşunu yaxşılaşdırmaqda mühüm rol oynayır, çünki müntəzəm məşqlər və düzgün duruş texnikası onurğanın daha da əyilməsinin qarşısını ala və uşağın ümumi həyat keyfiyyətini yaxşılaşdıra bilər.

Uşaqlarda skolioz əlamətləri nələrdir?

Uşaqlarda skolioz adətən fiziki simptomlarla özünü göstərir. Kənar müşahidə əsasında bilinənvbu simptomlar erkən diaqnoz və müalicə üçün həyati əhəmiyyət daşıyır. Uşaqlarda rastlanan bu xəstəliyin ümumi simptomları bunlardır:
  • Çiyin asimmetriyası
  • Onurğanın əyriliyi
  • Kürəkdə qabarıqlıq
  • Yürüşdə dəyişiklik
  • Fiziki fəaliyyət zamanı ağrı və ya narahatlıq
  • Yorğunluq
Çiyin asimmetriyası. Bu halda uşağın bir çiyni digərindən yüksək olur. Bu görüntü uşaq düz ayağa qalxdıqda xüsusilə aydın şəkildə görünür.

Onurğanın əyriliyi. Bu halda onurğa "S" və ya "C" şəklində yana doğru əyilir. Bu vəziyyət adətən vizual yoxlama və ya fiziki müayinə zamanı aşkarlanır.

Kürəkdə qabarıqlıq. Uşaq irəli əyildikdə kürəyinin bir tərəfi digərinə nisbətən daha aydın şəkildə çıxır ki, bu da skolioz əlaməti ola bilər. Bu, onurğanın əyriliyinin yaratdığı balanssızlıqdan qaynaqlanır.

Yürüşdə Dəyişiklik. Skolioz onurğanın düzlüyünə təsir edir və bu da özlüyündə yeriməyə təsir edir. Skolioz olduqda uşaqlar qeyri-sabit yeriyə və ya tez-tez büdrəyə bilərlər.

Fiziki fəaliyyət zamanı ağrı və ya narahatlıq. Bəzi uşaqlar intensiv fiziki fəaliyyətdən sonra bel ağrısı və ya narahatlıq hiss edə bilərlər. Bu vəziyyət onurğada anormal təzyiq səbəbindən baş verir.

Yorğunluq. Uşaqlarda onurğa və əzələlərin anormal işləməsi nəticəsində normaldan daha çox yorğunluq yarana bilər.

Bu əlamətlər uşağın skolioz ola biləcəyini göstərən vacib əlamətlərdir. Hər hansı bir əlamət aşkar edilərsə, uşağın bir tibb işçisi tərəfindən müayinə edilməsi vacibdir. 

Uşaqlarda skolioz diaqnozu necə qoyulur?

Öncəliklə qeyd edək ki, skolioz diaqnozu nə qədrə erkən vaxtlarda qoyularsa, müalicənin effektivliyi də bir o qədər müsbət olacaqdır. Bəs diaqnoz necə qoyulur? Uşaqlarda skolyozun diaqnozu üçün əsas addımlar bunlardır:
  • Fiziki Müayinə
  • Xəstəlik tarixçəsi (anamnez)
  • Görüntüləmə testləri
  • Həkim nəzarəti 
  • Digər testlər
Fiziki Müayinə. Skoliozun diaqnozu adətən uşağın onurğa, çiyin, bel və bud nahiyəsinin vizual müayinəsi ilə başlayır. Həkim uşağın duruşunu və bədəninin simmetriyasını qiymətləndirəcək, çiyin hündürlüyü və bel ətrafının bərabərliyini yoxlayacaq.

Xəstəlik tarixçəsi (anamnez). Həkim, uşağın və ailəsinin xəstəlik tarixini sorğulayaraq genetik faktorların rolunu qiymətləndirir. Əlavə olaraq, uşağın hər hansı bir ağrı, narahatlıq və ya fiziki fəaliyyətdə məhdudiyyət yaşayıb-yaşamadığı barədə məlumat toplanır.

Görüntüləmə testləri. Fiziki müayinədən sonra uşağın onurğa vəziyyətini daha da qiymətləndirmək üçün adətən rentgen çəkilir. X-ray onurğanın ətraflı təsvirini verir və əyrilik dərəcəsini ölçmək üçün istifadə olunur. Lazım gələrsə, əlavə müayinə üçün MRT və ya CT də tələb oluna bilər.

Həkim nəzarəti. Skoliozun yüngül formaları yaxından monitorinq tələb edə bilər. Bu zaman uşağın inkişaf dövrlərində onurğa sütununda baş verən dəyişikliklər izlənilir. Qeyd edək ki, görüntüləmə testləri skoliozun irəlilədiyini görmək üçün müntəzəm olaraq təkrarlana bilər.

Digər testlər. Nadir hallarda, əsas səbəbləri və ya digər sağlamlıq problemlərini istisna etmək üçün əlavə testlər edilə bilər. Bu testlərə nevroloji müayinə, qan testləri və ya əzələ funksiyası testləri daxildir.

Bu diaqnostik üsullar skoliozun mövcudluğunu və şiddətini təyin etməkdə effektivdir və müvafiq müalicə planının yaradılması üçün də önəmlidir. 

Uşaqlarda skolioz necə müalicə olunur?

Uşaqlarda skoliozun müalicəsi əyriliyin dərəcəsindən, uşağın yaşından asılı olaraq dəyişir. Müalicənin əsas məqsədi onurğa sütununun daha da əyilməsinin qarşısını almaq, mövcud əyriliyi düzəltmək və uşağın ümumi həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Uşaqlarda skoliozun müalicəsinin əsas komponentləri bunlardır:
  • Müşahidə və monitorinq
  • Korset müalicəsi: bucaq 25 dərəcədən çox olarsa
  • Fizioterapiya və idman: reablitasiya
  • Cərrahi müdaxilə
Müşahidə və monitorinq. Skolioz yüngül halda olduqda adətən müntəzəm tibbi nəzarət tövsiyə olunur. Onurğanın əyriliyi uşağın böyümə prosesi boyunca müntəzəm olaraq rentgen ilə yoxlanılır. Bu üsul əyriliyin irəlilədiyini müəyyən etmək üçün istifadə olunur.

Korset müalicəsi. Əyrilik 20-40 dərəcə arasında olduqda adətən korset müalicəsi tətbiq olunur. Korset onurğanın daha da əyilməsinin qarşısını almaq üçün nəzərdə tutulmuşdur və uşağın inkişaf dövründə müsbət təsirə malikdir. Lakin unutmaq olmaz ki, korsetin effektiv olması onun müntəzəm və düzgün istifadəsindən asılıdır. Və korset geyindiyi müddətdə reablitasiya mütləqdir.

Fizioterapiya və idman. Skoliozun müalicəsində fizioterapiya mühüm rol oynayır. Onurğanın sabitliyini artırmaq, duruşu yaxşılaşdırmaq və ağrıları azaltmaq üçün xüsusi məşqlərdən istifadə olunur. 

Cərrahi müdaxilə. Əyrilik 50 dərəcəni keçərsə və ya daha sürətlə irəliləyirsə, cərrahi müdaxilə tələb oluna bilər. Cərrahi əməliyyatlarda adətən onurğa sütununu düzəltmək və sabitləşdirmək üçün metal çubuqlar istifadə olunur.

Uşaqlarda skoliozun müalicəsi fərdi yanaşma tələb edir və uşağın ehtiyaclarına uyğunlaşdırılır. Daimi təqib və müvafiq müalicə üsulları skoliozun inkişafının qarşısını alır, eyni zamanda uşaqların sağlam həyat sürməsinə şərait yaradır.

Uşaqlarda skoliozun müalicəsində fizioterapiyanın rolu

Uşaqlarda skoliozun müalicəsində fizioterapiya onurğanın sağlam inkişafını dəstəkləməkdə, əyriliklərin irəliləməsini yavaşlatmaqda və ümumi həyat keyfiyyətini yaxşılaşdırmaqda mühüm rol oynayır. Fizioterapiya zamanı skoliozun yaratdığı funksional məhdudiyyətləri azaltmaq, ağrıları aradan qaldırmaq və onurğanın sabitliyini artırmaq üçün müxtəlif üsullardan istifadə edilir. Uşaqlarda skoliozun müalicəsində fizioterapiyanın mühüm aspektləri bunlardır:
  • Onurğanın sabitliyinin artırılması
  • Qamətin düzəlməsi
  • Ağrının idarə edilməsi
  • Fərdi müalicə proqramları
  • Reabilitasiya və profilaktika
Onurğanın sabitliyinin artırılması. Fizioterapiya uşaqlar üçün xüsusi olaraq hazırlanmış idman proqramları vasitəsilə onurğa sütununu daha sabit və güclü edir. Bu məşqlər onurğanın ətrafındakı əzələləri gücləndirir, onurğanın dəstəklənməsinə və daha düzgün olmasına kömək edir. Güclü əzələlər onurğanın daha sonralar əyrilməsinin qarşısını alan mühüm amildir.

Qamətin düzəlməsi. Fizioterapiyada uşaqların duruşunun yaxşılaşdırılması əsas götürülür. Düzgün duruş texnikasını öyrənmək və tətbiq etmək onurğanın yanlış yüklənməsini azaldır və sonrakı illərdə yarana biləcək daha ciddi fəsadların qarşısını alır. Fizioterapevtlər uşaqlara gündəlik fəaliyyətlərdə, oturma və yerimə kimi əsas hərəkətlərdə düzgün formadan istifadə etməyə kömək edir.

Ağrının idarə edilməsi. Skoliozun yaratdığı ağrı uşaqların gündəlik həyat fəaliyyətinə və ümumi həyat keyfiyyətinə təsir edir. Fizioterapiyada tətbiq edilən üsullar bu ağrıların aradan qaldırılmasına kömək edir. İsti və soyuq tətbiqlər, əl terapiyası kimi üsullar onurğada və onurğa ətrafında ağrıları azaldır.

Fərdi müalicə proqramları. Hər bir uşağın skolioz vəziyyəti fərqlidir, buna görə də fizioterapiya yanaşmaları da fərdiləşdirilir. Fizioterapevtlər uşağın fiziki xüsusiyyətlərinə, skoliozun növü və şiddətinə uyğun məşqlər və müalicə üsulları hazırlayır. Bu fərdi proqramlar uşağın xüsusi ehtiyaclarını ödəmək və müalicənin effektivliyini artırmaq üçün nəzərdə tutulmuşdur.

Reabilitasiya və profilaktika. Skoliozun müalicəsi ilə yanaşı fizioterapiya həm də skoliozun inkişafının qarşısını almağa yönəlmişdir. Daimi fizioterapiya seansları uşaqlara onurğalarının sağlamlığını qorumağa kömək edir və potensial olaraq daha invaziv müalicələrə (məsələn, cərrahiyyə) ehtiyacın qarşısını alır.

Nəticə etibarilə uşaqlarda skoliozun müalicəsində fizioterapiyanın rolu təkcə mövcud simptomların idarə edilməsində deyil, həm də uşağın daha sağlam və aktiv həyat sürməsinə imkan yaratmaqdan ibarətdir. 

İnteqrativ tibbin müalicə üsulları ilə xəstəliyin əmələ gəlmə səbəbinə təsir edərək, artan prosesi dayandırmaq mümkündür və orqanizmin regenerasiya qabiliyyətini sürətləndirərək inkişafında olan orqanizmə müsbət təsir göstərir.