Bel ağrısının səbəbləri nədir? Bel ağrısının müalicəsi

Bel ağrısının səbəbləri nədir? Bel ağrısının müalicəsi

Bel ağrısı müasir dövrümüzün ən çox yayılmış narahatlıqlarından biridir. Oturaq həyat tərzi, az hərəkətlilik əzələlərin zəifləməsinə və nəticədə bel ağrısına səbəb ola bilər. Bel ağrısı həyat keyfiyyətinə ciddi təsir göstərdiyindən müalicəsi mütləqdir. Bu yazımızda sizə bel ağrılarının səbəblərindən, diaqnozu və müalicə üsullarından bəhs edəcəyik. 

Bel ağrılarının səbəbləri nələrdir?

Gündəlik həyat fəaliyyətinə bir başa təsir göstərən bel ağrılarının bir neçə səbəbi var. Bunlara daxildir:

Əzələ və birləşdirici toxuma problemləri. Əzələ gərginliyi və birləşdirici toxuma zədələri ən çox görülən səbəblərdəndir. Həddindən artıq fiziki fəaliyyət, qəfil hərəkətlər və ya ağır yüklərin qaldırılması kimi vəziyyətlər arxa əzələləri və birləşdirici toxumaları gərginləşdirməklə ağrılara səbəb olur.  

Onurğa problemləri. Onurğanın strukturunda olan problemlər ən ciddi səbəbləri arasındadır. Onurğada olan disklərin degenerasiyası, disk yırtığı, onurğa kanalının daralması (onurğanın stenozu) kimi vəziyyətlər sinir köklərinin sıxılmasına və şiddətli ağrılara səbəb ola bilər. 

Artrit və digər iltihablı vəziyyətlər. Osteoartrit və romatoid artrit kimi oynaq xəstəlikləri də beldə ağrısına səbəb olur. Bu xəstəliklərin onurğa oynaqlarında iltihab və qığırdaqların məhvinə səbəb olmaqsı ağrı və hərəkətin məhdudlaşdırılması ilə özünü göstərir. 

Osteoporoz. Osteoporoz sümük sıxlığının azalması və sümüklərin zəifləməsi ilə xarakterizə olunur. Bu vəziyyət onurğada mikroqırıqlara və beldə ağrıların yaranmasına səbəb ola bilər. Xüsusilə yaşlı insanlarda rast gəlinən osteoporoz bel ağrılarının ən çox görülən səbəbləri arasındadır.

Skolioz və onurğanın digər deformasiyaları. Skolioz onurğanın yana doğru əyilməsi ilə xarakterizə olunan vəziyyətdir. Bu növ onurğa deformasiyaları onurğada qeyri-müntəzəm təzyiqə səbəb olmaqla beldə ağrıların yaranmasına təsir edir. Onurğa əyrilikləri adətən yeniyetməlik dövründə yaranır və həyat boyu davam edə bilir.

Böyrək və digər daxili orqan problemləri. Böyrək infeksiyaları, böyrək daşları və digər daxili orqan problemləri də bel ağrısına səbəb olan amillərdəndir. Böyrəklə bağlı ağrı adətən bel nahiyəsində hiss olunur və digər bel ağrılarından fərqlidir. 

İnfeksiyalar. Onurğa infeksiyaları çox az hallarda rastlaşdığımız, lakin bel ağrısının ən ciddi səbəblərindəndir. Osteomielit və ya diskit kimi infeksiyalar onurğa strukturlarında iltihaba və şiddətli ağrıya səbəb olur. Bu cür infeksiyalar çox vaxt uzun müddətli antibiotik müalicəsi tələb edir.

Şişlər.
Onurğada və ya ətraf toxumalarda inkişaf edən şişlər də beldəki ağrıların ən ciddi səbəblərindən biridir. Həm yaxşı, həm də bədxassəli şişlər onurğa strukturlarına təzyiq göstərərək ağrıya səbəb ola bilər. 

Psixoloji amillər. Stres, narahatlıq və depressiya kimi psixoloji faktorlar bel ağrılarına səbəb ola və ya mövcud ağrıları şiddətləndirə bilər. Belə vəziyyətlər adətən psixoloji dəstək və stres idarə üsulları ilə idarə olunur.

Hamiləlik. Hamiləlik dövründə hormonal dəyişikliklər və bədən çəkisinin artması səbəbindən bel ağrısının olması normaldır. Xüsusilə bel bölgəsində hiss edilən bu ağrılar hamiləlik boyu davam edə bilər. 

Pis Duruş (Duruş pozğunluğu). Pis duruş ağrıların ən çox görülən səbəblərindən biridir. Uzun müddət kompüter qarşısında oturmaq, telefondan istifadə edərkən əyilmək və ya yanlış oturma mövqeləri onurğa sütununun təbii düzülməsini pozur. Bu vəziyyət arxa əzələlərə və onurğaya həddindən artıq gərginlik yaradır ki, bu da zamanla ağrıya səbəb olur.

Əzələ zəifliyi və balanssızlığı. Arxa və qarın əzələləri zəif və ya balanssızdırsa, onurğa sütununu lazımi şəkildə dəstəkləyə bilməzlər. Əzələlərin zəifləməsi onurğanın düzgün duruşunu poza və bel ağrılarına səbəb ola bilər. Düzgün duruşu təmin edən əzələ qruplarının zəifliyi bel nahiyəsində ağrıya səbəb ola bilər.

Həddindən artıq çəki. Həddindən artıq çəki, piylənmə onurğaya əlavə təzyiq yaradır. Həddindən artıq bədən çəkisi onurğanın alt hissəsinin həddindən artıq yüklənməsinə səbəb olur ki, bu da zamanla bel ağrılarına səbəb olur. 

Travma və zədələr. Yıxılma, qəza və idmanla məşğul olarkən yaranan xəsarətləri kimi travmatik hadisələr arxa əzələlərə və onurğaya zərər verə bilər. Bu cür xəsarətlər ani və şiddətli ağrıya səbəb olan amildir. Onurğanın bu formada zədələnməsi sinirlərin sıxılmasına və şiddətli bel ağrısına səbəb ola bilər.

Yaşlanma. Yaşlandıqca onurğada sümüklərdə və disklərdə degenerasiya baş verir. Bu təbii proses fəqərələr arasındakı disklərin incəlməsinə və elastikliyini itirməsinə səbəb olur. Yaşlanma prosesində disklərin taxılması və onurğanın ümumi strukturunun dəyişməsi bel nahiyəsində ağrıların yaranması ilə nəticələnir.

Bel ağrısının səbəbləri müxtəlifdir və hər bir fərddə fərqli şəkildə özünü göstərir. Bu ağrılarının əsas səbəbini müəyyənləşdirmək düzgün diaqnoz və müalicə üçün önəmlidir. Ağrıların şiddətlənməsinin və əsas səbəbin müəyyənləşdirməklə fəsadların qarşısının alınması üçün həkim müayinəsi mütləqdir.

Bel ağrılarının diaqnozu necə qoyulur? 

Bel ağrısı bir çox müxtəlif səbəblərdən qaynaqlandığından, düzgün diaqnoz uyğun müalicə üsullarını təyin etmək üçün çox vacibdir. Diaqnostik proses adətən xəstənin tibbi anemnezinin qiymətləndirilməsini, fiziki müayinəni və zəruri hallarda qabaqcıl görüntüləməni əhatə edir. 
Gəlin bu proseslə ətraflı tanış olaq:
  • Tibb anamnezin qiymətləndirilməsi
  • Fiziki müayinə
  • Görüntüləmə üsulları
  • Laboratoriya testləri
  • Elektromiyoqrafiya (EMG) və sinir keçiriciliyi tədqiqatları
  • Onurğa mayesinin analizi (bel punksiyonu)
Tibb anamnezin qiymətləndirilməsi. Həkim əvvəlcə bel ağrısının səbəbini müəyyən etmək üçün xəstənin xəstəlik tarixini qiymətləndirir. Bu zaman həkimin verdiyi suallara dəqiq cavab vermək diaqnoz üçün önəmlidir.

Fiziki müayinə.Fiziki müayinə zamanı həkim xəstənin bel və bel nahiyəsini ətraflı müayinə edir. Bu müayinə aşağıdakıları əhatə edir:
  • Arxa və bel nahiyəsində şişlik, qızartı və ya deformasiya varmı?
  • Onurğada hər hansı bir həssaslıq və ya ağrı nöqtələri varmı?
  • Əzələ gücü və elastikliyi necədir?
  • Xəstənin duruşu və yerişi necədir?
  • Reflekslər və sinir funksiyaları normaldırmı?
Görüntüləmə üsulları.Fiziki müayinə və tibbi anamezə əsaslanaraq, həkim daha ətraflı məlumat əldə etmək üçün görüntüləmə üsullarından istifadə edə bilər. Bu üsullara aşağıdakılar daxildir:
  • X-Ray: Sümük strukturlarını qiymətləndirmək üçün istifadə olunan üsul, onurğa sınıqları, degenerativ disk xəstəliyi və osteoartrit kimi şərtləri aşkar etməyə kömək edir.
  • Maqnit rezonans görüntüləmə (MRT): Yumşaq toxumaların, disklərin və sinir köklərinin ətraflı təsvirlərini təmin edir. Disk yırtığı, onurğa infeksiyaları və şişlərin diaqnozu üçün istifadə olunur.
  • Kompüterli tomoqrafiya (CT): Sümük strukturlarının və bəzi yumşaq toxuma lezyonlarının daha ətraflı təsvirlərini təmin edir. Onurğa sınıqlarının və degenerativ xəstəliklərin aşkar edilməsində təsirlidir.
  • Sümük skanı: Sümüklərdə metabolik fəaliyyətləri qiymətləndirmək üçün istifadə olunur. Osteoporoz və ya sümük infeksiyalarını aşkar etməyə kömək edir.
Laboratoriya testləri.Bəzi hallarda həkim bel ağrısının səbəbini müəyyən etmək üçün laboratoriya testlərindən istifadə edə bilər. Bu testlərə daxildir:
  • Qan testləri: İnfeksiya, iltihab və ya digər sistem xəstəliklərinin əlamətlərini axtarmaq üçün istifadə olunur.
  • Sidik testləri: Böyrək problemlərini və ya infeksiyaları aşkar etməyə kömək edə bilər.
Elektromiyoqrafiya (EMG) və sinir keçiriciliyi tədqiqatları. EMG və sinir keçiriciliyi tədqiqatları sinir və əzələ funksiyalarını qiymətləndirmək üçün istifadə olunur. Onlar sinir sıxılması və ya sinir zədələnməsini aşkar etmək üçün effektiv üsullardır.

Onurğa mayesinin analizi (bel punksiyonu). Onurğa mayesinin analiz edilməsi lazım olduğu hallarda, həkim bel ponksiyon edə bilər. Bu prosedur infeksiyaları və ya dağınıq skleroz kimi mərkəzi sinir sistemi xəstəliklərini aşkar etmək üçün istifadə olunur.

Bel ağrısının diaqnozu üçün istifadə edilən üsullar ağrının şiddətinə, müddətinə və müşayiət olunan simptomlara görə dəyişir. Bu üsulların nəticəsində əsasən müalicə təyin olunur.

Bel ağrısı necə müalicə olunur?

Bel ağrısının müalicəsi ağrının səbəbinə, şiddətinə və müddətinə görə dəyişir. Müalicə üsulları adətən konservativ (cərrahi olmayan) üsullarla başlayır və lazım gəldikdə daha təkmil müdaxilələrlə davam edir. Bel ağrısını müalicə etmək üçün istifadə olunan əsas üsullar bunlardır:

Dərman müalicəsi. Ağrını yüngülləşdirmək üçün ağrı kəsicilər, iltihabı azaltmaq üçün iltihab əleyhinə dərmanlar, yaxud da əzələ spazmlarını aradan qaldırmaq üçün istifadə edilən dərmanlardır bel ağrısının müalicəsində istifadə edilə bilər. Eyni zamanda yerli krem və gellər də ağrını aradan qaldırmaqda effektivdir.

Fiziki müalicə. Bel ağrısının müalicəsində fizioterapiya mühüm rol oynayır. Fizioterapevt tərəfindən təyin olunan məşq proqramları əzələləri gücləndirir, elastikliyi artırır və düzgün duruş təmin edir. Fiziki terapiya ultrasəs, elektrik stimullaşdırılması və isti/soyuq tətbiqlər kimi üsulları da əhatə edə bilər.

İdman və yoqa. Daimi məşq və yoga arxa əzələləri gücləndirməyə və elastikliyi artırmağa kömək edir. Xüsusilə bel və qarın əzələlərini hədəf alan məşqlər onurğa sütununu dəstəkləyir və ağrıları aradan qaldırır. 

Ortopedik əşyalardan istifadə. Ortopedik yastıqlar, döşəklər və dayaqlar onurğa sütununun düzgün düzülməsini təmin edərək ağrıları aradan qaldırar. Xüsusilə gecə saatlarında düzgün mövqedə yatmaq bel ağrılarını azaltmaqda təsirlidir

Həyat tərzi dəyişiklikləri. Bel ağrısının müalicəsində həyat tərzi dəyişikləri önəmli amildir. Bu dəyişiklərə duruşun korreksiyas, çəkiyə nəzarət və stresin idarə edilməsi daxildir.

Cərrahi müdaxilə. Ağrının şiddətli və xroniki olduğu hallarda cərrahi müdaxilə tələb oluna bilər. Disk yırtığı, onurğa stenozu və ya onurğa sınığı kimi hallarda ağrıları aradan qaldırmaq və onurğa funksiyalarını bərpa etmək üçün cərrahi əməliyyatlar edilir. Cərrahi müalicə adətən digər müalicə üsulları nəticə vermədikdə nəzərdə tutulur.

Enjeksiyon müalicəsi. Ağrının mənbəyindən asılı olaraq, steroid enjeksiyonları və ya sinir blokları kimi üsullardan bel ağrısının müalicəsində istifadə edilə bilər. Bu üsullar iltihabı və ağrıları azaltmaqda təsirlidir.

İnteqrativ təbabət üsulları. Drenaj detoksikasiya, homeosiniatriya, biopunktura, neural terapiya vasitəsilə ağrıları aradan qaldırmaq və regenerasiyanı sürətləndirmək mümkündür.