Yorğunluq və Bel Ağrısı Bu Xəstəliklərin Səbəbi Ola Bilər

Yorğunluq və Bel Ağrısı Bu Xəstəliklərin Səbəbi Ola Bilər

Bel ağrısı bir çox insanın həyat keyfiyyətinə mənfi təsir göstərən ümumi sağlamlıq problemidir. Gündəlik həyatın stressi, gərgin və oturaq iş rejmi, qeyri-kafi istirahət kimi faktorlar bel ağrılarına səbəb olan əsas amillərdəndir. Xüsusilə uzun saatlar oturaraq işləyən və ya fiziki cəhətdən gərgin işlərlə məşğul olan insanlarda bel ağrısına tez-tez rast gəlinir. 

Fiziki iş və oturaq həyatın səbəb olduğu bel ağrısı yorğunluqla əlaqələndirilir. Ancaq yorğunluq bel ağrısının yeganə səbəbi deyil.
Bir çox müxtəlif sağlamlıq problemləri bel ağrısının əsasını təşkil edə bilər. Bu ağrılar sadə əzələ yorğunluğundan ciddi sağlamlıq probleminin simptomuna qədər dəyişir. Ona görə də bel ağrıları uzun müddət davam edərsə və şiddətlidirsə, əsas səbəbini müəyyənləşdirmək və vaxtında müalicə etmək üçün həkim müayinəsi önəmlidir.

Bel ağrısının səbəbləri nələrdir?

Bel ağrıları müxtəlif səbəblərdən yarana bilər. Onun bəzi ümumi səbəblərinə bunlar daxildir:

Əzələ gərginlikləri. Gündəlik fəaliyyətlər zamanı səhv duruş, ağır yük qaldırma və ya qəfil hərəkətlər əzələlərin gərginləşməsinə səbəb ola bilər. Bu hal beldə qısamüddətli və spontan ağrıya səbəb olur.

Disk yırtıqları. Fəqərələr arasında disklərin yırtığı sinirlərin sıxılmasına və bel ağrılarına səbəb ola bilər. Bel və boyun nahiyələrində daha çox rast gəlinən disk yırtıqları ayaqlara və qollara yayılan ağrıya da səbəb olur.

Osteoartrit. Osteoartrit, oynaqlarda qığırdaq toxumasının aşınması ilə xarakterizə olunan artrit növüdür. Onurğa oynaqlarında meydana gəldikdə, bel ağrısına səbəb ola bilər. Bu vəziyyət adətən yaşlandıqda yaranır və yaş artıqca ağırlaşır. 

Skolioz.
Skolioz onurğanın yana doğru əyilməsidir. Bu vəziyyət bel ağrısına olmaqla yanaşı vaxtında müalicə olmazsa, gələcəkdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Skolioz adətən uşaqlıq və ya yeniyetməlik dövründə müşahidə olunur.

Piylənmə. Həddindən artıq çəki onurğaya yükü artıraraq bel ağrılarına səbəb ola bilər. Qeyd edək ki, piylənmə digər bel problemlərinin də riskini artıran amildir.

Bel ağrısı hansı ciddi xəstəliklərin əlaməti ola bilər?

Bel ağrıları daha çox sadə əzələ gərginliyindən yaransa da, bəzən daha ciddi və ağır xəstəliklərin əlaməti də ola bilər. Bu xəstəliklərə erkən diaqnoz qoyulmazsa, ciddi sağlamlıq problemlərilə nəticələnər. Bel ağrısının əlaməti olduğu ağır xəstəliklərdən bəziləri bunlardır:
  • Xərçəng
  • Ankilozan spondilit
  • İnfeksiyalar
Xərçəng. Onurğa xərçəngin yayıldığı sahələrdən biridir. Metastatik xərçənglər, xüsusilə ağciyər, döş və prostat kimi orqanlardan qaynaqlanan xərçənglər onurğaya yayılaraq bel ağrısına səbəb olur. Bu tip ağrılar adətən gecələr artır və istirahətlə də keçmir. Xərçəng səbəbindən olan bel ağrısı, kilo itkisi, yorğunluq və iştahsızlıq kimi digər simptomlarla birgə müşayiət olunur.

Ankilozan spondilit. Ankilozan spondilit onurğa sütununu təsir edən xroniki və iltihablı xəstəlikdir. Onurğa oynaqlarında sərtliyə və hərəkətin məhdudlaşdırılmasına səbəb olan bu xəstəliyin diaqnozu erkən qoyulmazsa onurğaya ciddi ziyan vura bilər.

İnfeksiyalar. Onurğa infeksiyaları nadir, lakin ciddi şərtlərdir. Onurğanın iltihabı (vertebral osteomielit) və ya onurğa absesi şiddətli bel ağrısı və qızdırmaya səbəbdir. Belə infeksiyalar adətən bakterial mənşəlidir və təcili tibbi yardım tələb edir.
Çoxlu miyeloma. Çox miyelom plazma hüceyrələrinin xərçəngidir və sümüklərdə, xüsusən də onurğada sümük ağrısına səbəb olur. Bu xəstəlik sümük qırıqları, böyrək problemləri və anemiya kimi ciddi sağlamlıq problemlərinə də səbəbdir.

Xüsusilə davamlı və ya şiddətli ağrılar üçün bel ağrısı yüngül qəbul edilməməli və həkimə müraciət edilməlidir. Erkən diaqnoz və müalicə bu ciddi xəstəliklərin idarə olunmasında mühüm rol oynayır.

Hansı daxili orqan problemləri bel ağrılarına səbəbdir?

Bel ağrıları təkcə dayaq-hərəkət sistemindəki problemlərdən deyil, bəzi daxili orqanların pozğunluqlarından da yarana bilər. Bel ağrısına səbəb ola biləcək daxili orqan problemlərinə daxildir:

Böyrək daşları və böyrək infeksiyaları. Böyrək daşları böyrəklərdə və ya sidik yollarında mineral və duz yataqlarından ibarətdir. Bu daşlar böyrəkdən keçdikdə və ya sidik yollarını bağladıqda şiddətli ağrıya səbəb ola bilər. Böyrək infeksiyaları isə (pyelonefrit) böyrəklərdə iltihaba nəticədə isə bel nahiyəsində ağrıya səbəb olur. Bu hallar adətən yan ağrılar, sidik ifrazı zamanı ağrı, qızdırma və ürəkbulanma kimi simptomlarla birlikdə müşahidə olunur.

Pankreatit. Mədəaltı vəzinin iltihabı kimi tanınan pankreatit qarın və belin yuxarı hissəsində şiddətli ağrılara səbəb ola bilər. Pankreatit kəskin və ya xroniki ola bilər və adətən qadın ağrısı, ürəkbulanma, qusma və qızdırma kimi simptomlarla birlikdə olur.

Öd kisəsi daşları (xolelitiyaz). Öd daşları öd kisəsində yığılan bərk maddələrdir. Bu daşlar öd yollarını bağladıqda, öd kisəsi iltihablanır (xolesistit) və qarının yuxarı hissəsindən başlayan, sağ çiyin və belə yayılan ağrılar yaranır. Bu ağrılar adətən yeməkdən sonra daha da artır.

Mədə xorası. Mədə və ya nazik bağırsaqda yaranan yaralar kimi tanınan peptik xoralar sözü gedən ağrıların yaranması ilə nəticələnir. Bu ağrılar adətən yeməkdən sonra və ya mədə boş olduqda daha çox hiss olunur. Peptik xoralar mədə turşusunun zərərli təsirindən yaranır və qarın ağrısı, həzmsizlik və mədə yanması kimi əlamətlərlə birlikdə olur.

Abdominal aorta anevrizması. Abdominal aorta anevrizması qarın nahiyəsində əsas arteriyanın (aorta) genişlənməsidir. Bu genişlənmə pozularsa, həyat üçün təhlükə yarada bilər. Anevrizma qarın və bel nahiyəsində ani və şiddətli ağrıya səbəb olur və təcili tibbi yardım tələb edir.

İltihabi bağırsaq xəstəlikləri (Kron xəstəliyi və xoralı kolit). İltihabi bağırsaq xəstəlikləri həzm sistemində xroniki iltihaba səbəb olur. Kron xəstəliyi və xoralı kolit kimi vəziyyətlər qarın ağrısı və bel ağrısı ilə müşayiət oluna bilər. Bu xəstəliklər bütün həzm sistemində iltihab və çapıq əmələ gəlməsinə səbəbdir.

Endometrioz. Endometrioz uşaqlığın daxili səthini əmələ gətirən toxumanın uşaqlıqdan kənarda böyüməsidir. Bu vəziyyət çanaq və bel nahiyəsində şiddətli ağrıya səbəb olur. Endometrioz adətən menstruasiya zamanı kəskinləşən ağrı, sonsuzluq və ağır menstrual qanaxma kimi əlamətlərlə özünü göstərir.

Daxili orqan problemlərinə görə bel ağrısı digər simptomlarla birlikdə baş verir və bu vəziyyətlər təcili tibbi müdaxilə tələb edir. Əgər bel ağrınızın səbəbindən əmin deyilsinizsə və ya ağrınız şiddətli və davamlı olursa, ağırlaşmaların və qalıcı fəsadların olmaması üçün həkimə müraciət etmək vacibdir.

Bel ağrısı infarktın əlamətidirmi?

Bəli, bel ağrısı infarkt əlaməti ola bilər. İnfarktın əsas əlaməti sinə ağrısı olsa da, bəzi hallarda bel, çiyin və boyun nahiyələrində yayılan ağrıya səbəb ola bilər. Bu tip ağrı xüsusilə qadınlarda daha çox olur. Əgər bel ağrınız qəflətən başlayırsa, intensiv və davamlı olur və digər infarkt əlamətləri ilə, məsələn, nəfəs darlığı, soyuq tərləmə, ürəkbulanma ilə birlikdə baş verirsə, dərhal həkimə müraciət edilməlidir.

Bel ağrılarının qarşısını necə almaq olar?

Bel ağrısının qarşısını almaq üçün alına biləcək müxtəlif ehtiyat tədbirləri və həyat tərzi dəyişiklikləri var. Bel ağrılarının qarşısını almağa kömək edən bəzi üsullar bunlardır:

Düzgün duruş. Gündəlik fəaliyyətlər zamanı düzgün duruşun qorunması bel ağrısının qarşısını almağın ən təsirli yollarından biridir. Oturarkən və ayaq üstə durarkən onurğanızı düzgün şəkildə hizalamaq əzələ gərginliyini və onurğa problemlərini azalan ən yaxşı üsullardandır.

İdman və fiziki fəaliyyət. Daimi məşq bel əzələləri gücləndirir və elastikliyi artırır. Üzgüçülük, gəzinti və yoqa kimi fəaliyyətlərlə beldəki ağrıların qarşısını almaq mümkündür. Bundan əlavə, qarın əzələlərini gücləndirmək və onurğaya dəstək vermək də bel ağrısının qarşısını almağa kömək edir. İnteqrativ Tibb üsulları səbəbə yönəlik olaraq effektiv müalicə üsulları sayılır.

Erqonomik iş şəraiti. Günün çox hissəsini işdə keçirdiyiniz üçün çalışdığınız mühitin erqonomik olduğundan əmin olun. Əgər uzun müddət kompüter arxasında oturmalısınızsa, rahat və bel üçün narahat olmayan, erqonomik kreslodan istifadə edin və monitorunuzu göz səviyyəsində olması üçün tənzimləyin. Əgər ayaq üstə işləyirsinizsə, çəkini bərabər paylamağa, bədəninizin bir tərəfinə yük düşməməsinə diqqət edin.

Ağır yüklərdən çəkinin. Ağır əşyaları qaldırarkən düzgün texnikadan istifadə etmək vacibdir. Əşyaları dizlərinizi əyərək və belinizi düz tutaraq qaldırın. Ağırlığı bədəninizə yaxın saxlayın və ani, güclü hərəkətlərdən qaçın.

Çəkiyə nəzarət. Sağlam çəki saxlamaq bel ağrısının qarşısını alan üsullardandır. Həddindən artıq çəki onurğaya əlavə stress yaradır və bel ağrılarına səbəb olur. Ona görə balanslaşdırılmış qidalanma və idmanla normal çəkidə qalmaq beldəki ağrıların da qarşısını alır. 

Stresin idarə edilməsi. Stres əzələ gərginliyinə və bel ağrısına səbəb amildir. Meditasiya, dərin nəfəs məşqləri və digər istirahət üsulları vasitəsilə stresi idarə etmək bel ağrısının qarşısını almağa kömək edə bilər.

Düzgün və rahat yuxu rejimi.
Rahat yataq və düzgün yuxu mövqeyi bel sağlamlığı üçün vacibdir. Bunun üçün onurğanı dəstəkləyən döşəkdən istifadə etmək və arxa və ya yan üstə yatmaq lazımdır. Yuxu zamanı onurğanı düzgün bir şəkildə saxlamaq səhərlər bel ağrısı ilə oyanmağın qarşısını ala bilər.

Bu tədbirlər bel ağrısının qarşısını almağa və ümumi bel sağlamlığınızı qorumağa kömək edən üsullardır. Bununla belə, davamlı və ya şiddətli bel ağrınız varsa, bu ağrıların ciddi xəstəlik əlaməti ola biləcəyini nəzərə alıb həkimə müraciət etmək lazımdır.