Əlil Insanlar Üçün Ağız Və Diş Sağlamlığı Niyə 2X Vacibdir?

Əngəlli (əlilliyi olan) pasiyentlərdə ağız sağlamlığı və diş müalicəsi


Hamımızın bildiyi kimi bəzi özəl xəstəlikləri olan insanlar var ki, şəxsi vəziyyətlərinə görə özünəqulluğu yerinə yetirməkdə çətinlik çəkirlər. İstər zehni, istərsə də daimi əlilliyi olsun bu cür özünə qulluq diş baxımına da mane ola bilər. Belə ki, dişlərdə meydana gələn çürüklər və ya digər problemlərin nəticəsi olaraq həmin nahiyə ağrıyar və bu da xəstənin günlük həyatına mənfi təsir edər.  Mütləqdir ki, ən çox əlilliyi olan insanların ağız sağlamlığına diqqət və kömək edilsin. Bir çox fiziki və əqli qüsurlu uşaqlar, yetkin insanlar və onların yaxınları həyatları boyunca müxtəlif problemlərlə mübarizə aparmalı olurlar. Əlillik yüngül ola bildiyi kimi, orta dərəcədə və ya tək başına yaşamağı qeyri-mümkün edəcək qədər ağır ola bilər.

Sağlam insanlarda olduğu kimi, özəl xəstəlikləri olan şəxslərdə də diş sağlamlığı problemləri insandan insana dəyişir. Müalicə və psixoloji davranış variantları əlil şəxsin şəxsiyyətinə, emosional vəziyyətinə və xəstəliyin tibbi vəziyyətinə görə dəyişir. Bu xəstələrin diş müalicəsi fiziki və yaxud zehni uyğunlaşma olmaması səbəbindən həm xəstə, həm də həkim üçün müxtəlif çətinliklər yaradır. Uyğunlaşa bilən xəstələrin müalicəsi lokal anesteziya və ya sedativ dəstəyi ilə həyata keçirilə bildiyi halda, ağır psixi və ya fiziki qüsurlu xəstələrin müalicəsi yalnız ümumi anesteziya altında həyata keçirilə bilər. Ümumi anesteziya altında bütün dişlərin müalicəsi tək seansda edilə bilər. Əlil xəstələrdə hər itirilən diş daha böyük problemlərə gətirib çıxardır. Diş itkisi ilə ortaya çıxan nitq və çeynəmə problemləri xəstənin həyatda səmərəliliyini azalda bilər. Əksər xəstələr protez və digər diş növlərindən istifadəyə uyğunlaşa bilmirlər. Bu səbəbdən əksik dişlərlə həyatlarına davam etmək onlar üçün çox çətindir. Əlil insanlarda diş müalicəsi problemlərinə görə müntəzəm olaraq diş həkimi müayinəsindən keçmək və kariyesə qarşı profilaktik tədbirlər görmək böyük əhəmiyyət kəsb edir.

Sağlam dişlərə və diş ətlərinə sahib olmaq bütün insanların təbii haqqıdır. Sağlam dişləri olan insanlar yeməyi daha yaxşı çeynəyə, daha yaxşı yeyə, danışan zaman hərfləri daha aydın və başa düşülən tələffüz edə bilirlər. Sağlam dişlərin estetik görünüşü də hər kəsin özünə inamını artırır. Bu səbəbdən də sağlam insanlrda olduğu kimi əlilliyi olan insanların da ümumi sağlamlıqlarının başlanğıcı olan ağız və diş gigiyenasına diqqət yetirilməlidir.



Əlil xəstələrin uşaqlıqdan başlayaraq ağız və diş sağlamlığı mövzusunda maarifləndirilməsi, xüsusilə anaların və ya xəstəyə baxan şəxslərin bu mövzuda məlumatlı olması çox vacibdir. Müntəzəm olaraq diş müayinəsi ilə yüngül əlilliyi olan bir çox xəstədə ağız və diş sağlamlığı problemlərinin qarşısını almaq mümkündür. Lakin əksər hallarda əlillər və onların yaxınları başqa problemlərlə məşğul olarkən ağız və diş sağlamlığı arxa planda və diqqətdən kənarda qalır. Xəstələr dişlərini mütəmadi olaraq fırçalaya bilmirlər, hamı kimi yemək yeyə bilmirlər və tez-tez dişlərə yapışan və beləliklə də diş boşluqlarında daha asan kariyes əmələ gəlməsinə səbəb olan püre şəklində qidalar tükətirlər. Nəticədə də erkən yaşlarda diş çürüməsi və diş əti problemləri yaranır. Bu problemlər də təəssüf ki, ağrılar və abseslər ortaya çıxdıqda onlara diqqət yetirilir və təcili həll yolu axtarılmağa başlanılır. Bu dəfə isə daha başqa vacib problemlə qarşılaşırlar. Normal klinika şəraitində əlil xəstələrlə (xüsusilə ağır əqli qüsurlu, yüksək spastik xəstələr, bəzi sindromlar və s.) diş həkimi arasında sağlam ünsiyyət qurmaq çox vaxt mümkün olmur. Belə hallarda isə ümumi anesteziya altında diş müalicəsi həll oluna bilər. Ümumi anesteziya altında müalicə edilməsinə qərar verilən xəstələr əvvəlcə anesteziya və reanimasiya mütəxəssisi tərəfindən müayinə edilir və onların ümumi sağlamlıq vəziyyəti və qan cədvəli uyğun olarsa, pasiyent əməliyyat otağı şəraitində yatırılır və bütün lazımi diş müalicələri mütəxəssis diş həkimləri tərəfindən bir seansda həll olunur. Prosedurlar başa çatdıqdan sonra xəstələr təxminən iki saat nəzarətdə saxlanılır və sonra evə göndərilir. Bu sayədə pasiyentin həm ağız, həm də diş sağlamlığı bərpa edilir. Həmçinin ağrı və s. Müxtəlif səbəblərdən pis qidalanma nəticəsində yaranan inkişaf problemlərinin də qarşısı alınır və bu da onun həyat tərzinə müsbət təsir edir.

Belə özəl xəstələrdə ilk növbədə qidalanma vərdişlərinə xüsusi diqqət yetirilməlidir. Butulka ilə qidalanan əlillərin tükətdiyi süd, hazır qida və meyvə şirələri kimi şəkər tərkibli qidalar səbəbiylə diş çürümələri çox tez-tez müşahidə olunur və asanlıqla baş verir. Bu səbəbdən hər qidalanmadan sonra dişlər mümkünsə diş fırçası ilə, yoxsa təmiz bir tənzif ilə təmizlənməlidir. Çox zərurət yoxdursa, gecə qidalanmaları olmamalıdır. Diş çürüməsinin əsas səbəbi dişlərə və diş ətlərinə asanlıqla yapışan şəkərli və asitli qidalardır. Xüsusi əngəli olan pasiyentlər üçün özəl pəhriz tövsiyə edilmirsə, mümkün qədər çox şəkər və karbohidrat ehtiva edən qidalar tükətilməməlidir. Əgər yeyilmələri məcburidirsə, mütləq əsas yeməklərdə tükətilməlidir. Əsas yeməklərin arasında tükətilməsi tövsiyə olunmur. Qidaları püre, yumşaq halda  qəbul etməli olan əlillərin dişlərini fırçalamaq mümkün deyilsə, yeməkdən sonra ağızları yaxalanmalı və ya yemək qalıqları təmizlənməlidir. Şərbət şəklində olan dərmanların tərkibində şəkər olduğu üçün bu dərmanlardan müntəzəm istifadə edənlərin ağız və diş baxımına daha çox diqqət yetirilməlidir. Xəstənin dişləri valideynləri və ya baxıcısı tərəfindən fırçalanmalı, xəstə müntəzəm olaraq diş həkimi müayinəsinə aparılmalı və gələcəkdə yarana biləcək ağrıların qarşısını zamanında almaq üçün kariyesə qarşı profilaktik tədbirlər həyata keçirilməlidir.

Əlilliyi olan xəstənin dişlərini kifayət qədər işıq olan istənilən otaqda fırçalaya bilərsiniz. Məsələn, xəstə əlil arabasındadırsa, mətbəx və ya vanna otağı diş fırçalamaq üçün ideal ola bilər. Əgər xəstə yataqdadırsa, başını bir az yuxarı qaldıraraq dişlərini fırçalaya, stəkan və hər hansı su içə bilmə funksiyası olan alətlə suyu ağzına alaraq dişlərini yaxalayıb bir qaba tökməsinə kömək edə, bununla da yataqdakı xəstənin ağız gigiyenasına çox kömək etmiş ola bilərsiniz. Dişlərinizi fırçalamaq üçün ən yaxşı yer xəstənin özünü rahat hiss etdiyi və diş fırçalamanın ən yaxşı şəkildə edilə biləcəyinə inandığınız yerdir. Xəstənin dişlərini bir çox vəziyyətdə fırçalaya bilərsiniz. Ancaq unutmayaq ki, bəzi xəstələrin başının dəstəklənməsi vacibdir. Əlil arabasının arxasında durun. Xəstənin başını dəstəkləmək və dişlərini fırçalamaq üçün qolunuzu və ya sinənizi istifadə edin.
Və ya əlil arabasının arxasına oturun. Əlil arabasının əyləclərini yoxladıqdan sonra arabanı yavaşca dizlərinizə doğru əyin və xəstənin dişlərini təmizləyin. Əlil arabası yoxdursa, xəstənin yerdə oturmasını istəyin və siz də onun arxasındakı stulda oturun. Onun başını yavaşca dizlərinizə söykəməsinə icazə verin. Əgər bu da uyğun gəlmirsə, əllərini sabitləşdirmək üçün ayaqlarınızdan istifadə edə bilərsiniz. 

Diş fırçalama texnikasında nəzərə alınmalı olanlar aşağıdakılardır:


  • Diş fırçasını dişlərin diş ətləri ilə birləşdiyi yerə 45 dərəcə olacaq formada yerləşdirin.

  • Diş səthlərini çox təzyiq etmədən dairəvi və irəli-geri hərəkətlərlə fırçalayın.

  • Üst çənədən fırçalamağa başlayın.

  • Dişlərin əvvəlcə yanaq tərəfini, sonra damaq və çeynəmə səthlərini fırçalayın.

  • Aşağı dişlər üçün də eyni şeyi edin.

  • Bütün dişlərin fırçalandığından əmin olun.

  • Ön dişlərin arxa səthlərini diş fırçasını dik tutaraq irəli-geri hərəkətlərlə fırçalayın.

  • Təmiz nəfəs almaq üçün dil də fırçalanmalıdır.

  • Diş çürüməsinin qarşısını almaq üçün dişləri hər gün müntəzəm olaraq fırçalamaq lazımdır.

  • Diş həkimi müayinəsi 6 aydan bir mütləq aparılmalıdır. Müntəzəm edilən müayinələr nəticəsində dişlərdəki problemlər daha çox böyümədən erkən diaqnoz qoyula və xəstənin dişindəki şikayətlər aradan qaldırıla bilər.

Unutmayaq ki, xəstə və həkim arasındakı güvənin formalaşmasına görə mümkündürsə, pasiyentin daimi müayinələri eyni diş həkimi tərəfindən aparılsın.