Ağız Qoxusunun Qarşısını Necə Alım ? Xəstəlik Xəbərçisidir?

Ağız qoxusunun (halitoz) əlamətləri nələrdir?


Ağız qoxusunun ən gözəçarpan əlaməti getməyən xoşagəlməz qoxulu nəfəsdir. Bu qoxu digər şəxsləri narahat edə biləcək səviyyədə olur. Bir çoxumuz gün ərzində başqa insanlarla sıx təmasda oluruq. Hər dəfə danışanda və ya yaxınlaşanda ağızda qoxunun olması düşüncəsi münasibətlərimizə təsir edə və bizim üçün sosial problemə çevrilə bilər. 

Bu qoxunu səbəblərinə görə fərqləndirərkən onu fizioloji və patoloji olaraq təsnif etmək lazımdır. Müvəqqəti halitoz fiziolojidir və insanı çox da narahat etmir. Bu problem adətən xəstəlikdən çox ağız gigiyenasından qaynaqlanır.

Patoloji olan isə daimi bir quruluşa malikdir. Bu hal bir xəstəlik nəticəsində ortaya çıxır. Xəstəliyin səbəbləri tapılmalı və müalicə edilməlidir. Patoloji səbəb olan halitozumüalicə etmək çətindir. Ağız boşluğuna qulluq nə qədər mükəmməl olsa da pataloji hallarda qoxunun qarşısını almaq mümkün deyil.

Dünyada hər dörd nəfərdən üçün bu qoxudan şikayət edir. Ağız qoxusu xəstəlik deyil. İlk öncə ağızdan gələn qoxunun səbəbi araşdırılır və doğru ağız gigiyenasının olub-olmamasına diqqət edilir. Sarımsaq, soğan kimi qoxulu qidaların yeyilməsi, gecə yatarkən həzm sistemində toplanan qazların səhər oyandıqda halitoz verməsi eyni zamanda dilin üzərində toplanan bakteriyalar nəticəsində ağızda qoxu yaranır. Belə qoxular yuxarıda da qeyd etdiyimiz kimi fiziolojidir və müalicə tələb etmir. Bu cür yaranan qoxuların qarşısının alınması üçün yeməkdən sonra dişləri və dilin arxasını fırçalamaq, gün ərzində bol maye içilmək lazımdır. 

Yeyilən qidalardan   və ya hansı zamanda hiss edilməsindən asılı olmayaraq şəxsin ağzından mütəmadi olaraq gələn, yaxınları tərəfindən daimi hiss edilən qoxular varsa, bu bir xəstəlikdən xəbər verir. Bu tip qoxuya laqeyd yanaşılmamalı, ağız qarqaraları, spreylər və saqqızlarla maskalanmamalıdır. Əgər əsas faktor aşkar edilməzsə, daha böyük problemlər yarana bilər.


Ağız qoxusunun səbəbləri nələrdir?


Ağızdan hiss edilən qoxunun doxsan faizi (90%) ağız içi problemlərdən qaynaqlanır. Dişlərin mütəmadi olaraq fırçalanmaması və diş ipindən doğru istifadə olunmaması ən böyük səbəbdir. Bəzi ağız qoxuları inadcıdır. Buna da səbəb dişlərdəki kariyes və diş ətindəki iltihabdır. Bu cür problemin diaqnozu asandır. Bu qoxudan diş həkiminə gedib müayinə edilərək problemin qaynağı tapılıb müalicə edildikdən sonra azad olmaq mümkündür. Əgər ağız gigiyenasını doğru və vaxtında edib rutin həkim yoxlamalarını qaçırmasanız halitoz sizin üçün artıq problem olmayacaq.

Bundan başqa ağız quruluğuna gətirib çıxaran hallarda, kifayət qədər maye qəbul edilmədikdə, tüpürcək ifrazının azalmasına səbəb olan xəstəliklərdə və ya bədənə ağız yolu ilə qəbul edilən dərmanlardan qaynaqlanaraq bu qoxu yarana bilər. Pəhriz və ya oruc tutma vəziyyətində kifayət qədər maye qəbulu ilə yanaşı, aclıq səbəbiylə bədəndə yağ və zülalların enerji olaraq istifadə edilməsi nəticəsində yaranan komponentlər ağızda qoxu olmasına səbəb ola bilər. Ağız boşluğunda qoxunun yaranmasına gətirib çıxaran amillərin aradan qaldırılması, müntəzəm olaraq edilən ağız gigiyenasına baxmayaraq ağızda qoxu davam edirsə, bəzi xəstəliklərdən şübhələnilməlidir. 
 
 

Ağız qoxusuna səbəb olan bəzi xəstəliklər aşağıdakılardır:

  • Qulaq, burun-boğaz infeksiyaları

  •  Mədə pozğunluqları

  •  Sinus və ağciyər infeksiyaları

  •  Şəkərli diabet

  •  Böyrək çatışmazlığı

  •  Qaraciyər çatışmazlığı

  •  Maddələr mübadiləsi pozğunluqları

  •  Düzgün qoyulmamış qapaqlar, körpülər və diş plombları
 

Alternativ olaraq:

  • Ağız quruluğu: Ağzımızda ifraz olunan tüpürcək ağzın qurumasının qarşısını alaraq ağız içinin təmizlənməsinə kömək edir. Əgər tüpürcək ifrazı azalarsa və ya dayanarsa, bu zaman ağızda quruluq artar və qoxu əmələ gələr. Eyni zamanda siqaret çəkmək və ya bədənə ağız yolu ilə qəbul edilən bəzi dərmanlar ağızda quruluğa səbəb olur. Nəticə olaraq da ağızda mütəmadi olaraq xoşagəlməz qoxu hiss edilir.

  • Reflüks: Həzm pozğunluğu olaraq bilinən reflüks halitoza səbəb ola bilir.

  • Badamcıq daşları: Qidalar badamcıqlarda ilişib qaldıqda badamcıq daşı və ya badamcıq daşı adı verilən kalisum yığıntısına çevrilir.  Bu hal ağızda qoxunun əmələ gəlməsinə səbəb olur. 

  • Baş və boyun xərçəngi: Burun və ağız arasında yaranan orofaringeal xərçəngin ən çox müşahidə olunan əlaməti ağız qoxusudur.  Eyni zamanda ağızda gec sağalan yaralar, ağızda ağrı, udqunmada çətinlik, səbəbi məlum olmayan çəki azalması da bu xərçəngin əlamətləri arasındadır. 

  • Diş əti xəstəlikləriDiş ətində qızartı, şişlik və qanaxma diş əti iltihabının əlamətləri olaraq müəyyən edilir. Gingivit ciddi ağız problemlərinə səbəb olduğu kimi  bu tip qoxuya da səbəb ola bilir. 

  • Diabet: Diabetli insanlarda diş əti xəstəliyi riski yüksəkdir. Bu vəziyyət eyni zamanda qan şəkərini də artıra bilər, bu da diabetin idarə edilməsini çətinləşdirir.

  • Şergen sindromu: Şergen sindromu quru göz və quru ağıza səbəb olan autoimmun bir xəstəlikdir. Bu xəstəlik əzələ ağrısına, gözlərdə və ağızda quruluğa səbəb olur. Bunun nəticəsi olaraq da ağızda qoxu əmələ gəlir. 

  • Qaraciyər və böyrək xəstəlikləri: Qaraciyər və böyrəklər düzgün fəaliyyət göstərdikdə toksinlər bədəndən süzülür.  Bəzən qaraciyər və ya böyrək xəstəliyi olan insanlarda bu zəhərli maddələr təmizlənməyə bilər, bu da halitoza səbəb olur.

Ağız qoxusundan (halitoz) necə qurtulmaq olar?


Gündəlik olaraq ağız boşluğunun gigiyenasına riayət edərək nəfəsin təmiz və təravətli qoxusunu təmin etmək mümkündür.

 Ağız gigiyenasını təmin etmək üçün bu qaydalardan faydalana bilərsiniz:


  • Dişlərinizi gündə iki dəfə ən azı iki dəqiqə fırçalayın və gündə bir dəfə diş ipi ilə diş aralarını təmizləyin. Dilin üzərini dil təmizləyici alətlə qazıyaraq bakteriyaları arındıra və qoxunun qarşısını ala  bilərsiniz

  • Alkoqolsuz antibakterial ağız qarqarasından istifadə edin

  • Hər altı aydan bir müayinə və sağlam dişlərə sahib olmaq üçün diş həkiminizə müraciət edin

  • Ağız quruluğunun qarşısını almaq üçün bol su için

  • Şəkərsiz saqqızdan istifadə edərək və çox çeynəmə tələb edən sağlam qidalardan istifadə edərək tüpürcək istehsalını artırın

  • Alkoqol, kofein və tütün məmulatlarından uzaq durun, çünki onlar ağzınızı qurudur

  • Meyvə və tərəvəz istehlakını artırın. Alma, yerkökü, kərəviz və digər bərk meyvə və tərəvəzlər bu tip qoxuya səbəb olan ərp və qida hissəciklərini təmizləməyə kömək edir

Qidalar ağızda qoxunu necə yaradır?


Bütün qidalar ağızda parçalanmağa başlayır. Eyni zamanda, tükətilən qida qana qarışır və tənəffüs edilən hava ilə ağciyərlərə daşınır. Sarımsaq, soğan kimi kəskin qoxulu qidalar yeyilən zaman bu qoxunu fırçalama, diş ipi və ağız qarqaraları ilə azaltmaq mümkündür. 
 
Halitoza səbəb ola biləcək digər ən çox tükətilən qidaları aşağıdakı kimi sıralamaq olar:

  • Pendir

  • Basdırma

  • Bəzi ədviyyatlar

  • Portağal şirəsi

  • Soda və s.

Dil strukturunun səthi kobuddur və buna görə də dilin üstündə bakteriyaların yaşaması üçün uyğun bir sahə yaranır. Qida qalıqları və bakteriyalar dilin kobud strukturuna asanlıqla yapışa bilir. Ağız boşluğuna qulluq və dilə qulluq edilmədikdə, qida qalıqları bakteriyaları qidalandırır və nəticədə kükürd birləşmələri yaranır. Bu qoxu ağız içindən qaynaqlanırsa, müalicə daha asan və qısa olur.

Hər ağız qoxusu xəstəlikdənmi xəbər verir?

Xəstəlik olmadan da bəzi amillər halitoza səbəb ola bilər:

  • Uşaqların burunlarına girən bəzi yad cismlər çıxarılmasa

  • Bəzi ağız quruluğuna səbəb olan dərmanlar ( antidepresant, antihistamin)

  • Soğan və sarımsaq kimi qoxulu qidalar tükətildiyi zaman

  • Stresdən qaynaqlanan ağız qoxusu

  • Siqaret və alkoloq kimi zərərli vərdişlərin tükətilməsi

  • Uzun müddət davam edən aclıq və s.

Əgər siz də uzun müddət davam edən, gündəlik həyat tərzinizə mənfi təsir edən bu tip qoxudan əziyyət çəkirsinizsə, qoxunun mənbəyini bir müayinə və müalicə ilə tapa bilərik.