Reflyuks Şikayətini Azaldan Davranışlar Nələrdir?

Reflyuks Şikayətini Azaldan Davranışlar Nələrdir?

Reflyuks mədə möhtəviyyatının  qida borusuna geri qayıtması zamanı baş verən narahatlıqdır. Yəni bu zaman qida mədədən yemək borusuna qayıdaraq orada yanma hissi, sinə ağrısı və ağızda turş dadın olmasına səbəb olur. Xüsusilə yeməkdən sonra və ya yatarkən artan bu əlamətlər insanın həyat keyfiyyətinə mənfi təsir göstərir.

Reflyuks niyə olur?

Bu vəziyyətə bir neçə amil səbəb ola bilər. Həmin amillərə daxildir:
  • Alt ezofaqus sfinkterinin (AES) zəifliyi
  • Qida və içkilər
  • Həddindən artıq yemək
  • Piylənmə
  • Hamiləlik
  • Siqaret çəkmək
  • Yatmamışdan dərhal əvvəl yemək
  • Stres və narahatlıq
  • Diafraqmal yırtıq
  • Bəzi dərmanlar
ALT ezofaqus sfinkterinin (AES) zəifliyi. ALT (LES) özofagus və mədə arasındakı qapaqdır. Bu əzələ zəifdirsə və ya tam bağlanmazsa, mədə möhtəviyyatı ezofaqusa geri qayıdır.
Qida və içkilər. Yağlı və qızardılmış qidalar, ədviyyatlı qidalar, şokolad, kofeinli içkilər, spirtli içkilər, sitrus meyvələri və pomidor sousu kimi qidalar reflyuksa səbəb ola və ya mövcud simptomları ağırlaşdıra bilər.
Həddindən artıq yemək. Yeməyi böyük tikələrlə yemək və ya həddindən artıq yemək mədə daxili təzyiqini artıraraq mədə möhtəviyyatının ezofaqusa geri qayıtmasına səbəb olur.
Piylənmə. Artıq çəki qarın nahiyəsinə təzyiq edir ki, bu da mədə turşusunun ezofaqusa qayıtmasını asanlaşdırır.
Hamiləlik. Hamiləlik dövründə hormonal dəyişikliklər və böyüyən uşaqlığın mədəyə təzyiqi bu narahatlığı artırır.
Siqaret çəkmək. Siqaret çəkmək AES-in zəifləməsinə səbəb olur ki, bu da sözügedən narahatlığın riskini artırır.
Yatmamışdan dərhal əvvəl yemək. Yatmazdan əvvəl yemək mədə möhtəviyyatının ezofaqusa geri qayıtmasına səbəb olan davranışdır.
Stres və narahatlıq. Stres və narahatlıq həzm sisteminə mənfi təsir göstərərək sözügedən narahatlığın əlamətlərini daha da artırır. 
Diafraqmal yırtıq. Mədə yırtığı olaraq da bilinən diafraqmal yırtıq mədənin yuxarı hissəsinin diafraqmadan yuxarı qalxmasına və mədə möhtəviyyatının yemək borusuna qayıtmasına səbəb olur.
Bəzi dərmanlar. Bəzi dərmanlar mədə möhtəviyyatının ezofaqusa geri qayıtmasına səbəb olur. Bunlara antihistaminilər, ağrıkəsicilər, antidepresanlar və antihipertentiv dərmanları daxildir.
Reflyuksa səbəb olan faktorları müəyyən etmək və uyğun həyat tərzi dəyişikliklərilə bu vəziyyəti idarə etmək mümkündür.

Reflyuksun əlamətləri nələrdir?

Mədə turşusunun qida borusuna qayıymasının bir sıra ümumi simptomları var.
Mədə yanması. Bu yanma hissi mədə turşusunun qida borusuna qayıtması yığılması nəticəsində yaranır. Mədə yanması döş qəfəsində yanma hissi olaraq biruzə verir. Bu hiss böyük tikələrlə yemək yeyərkən və yeyib dərhal yatdıqdan sonra daha çox olur. 
Regurgitasiya. Bu, mədə turşusunun yenidən ağıza qayıtması vəziyyətidir. Bu zaman ağızda turş və ya acı bir dad olur və ağız qoxusu yaranır.
Sinə ağrısı. Sözügedən mədə narahatlığı sinədə kəskin ağrıya səbəb olur. Bu ağrı infarkt əlamətləri ilə eyni olduğundan ağrı hiss olunanda dəqiq səbəbini bilmək üçün həkimə müraciət etmək mütləqdir. 
Udmaqda çətinlik (disfagiya). Qida borusunun qıcıqlanması və ya daralması yemək və içkiləri udmaqda çətinlik yarada bilər. Bu vəziyyət reflyuks nəticəsində yaranan iltihab səbəbindən baş verir.
Xroniki öskürək. Mədə turşusunun qida borusuna və hətta boğaza yığılması davamlı öskürəyə səbəb olur. Belə öskürək yatmazdan əvvəl və ya səhər saatlarında daha çox olur.
Səs qısılması və boğaz ağrısı. Reflyuks səs tellərini qıcıqlandıraraq səsin qısılmasına, boğazda ağrıya səbəb olur. Bu, xüsusilə səhər saatlarında daha çox nəzərə çarpır.
Astma simptomları. Tənəffüs yollarına çatan mədə turşusu astma kimi simptomlara, xırıltıya və nəfəs darlığına səbəb olur.
Hıçqırıq. Hıçqırıq reflyuksun ümumi simptomudur. Bu vəziyyət diafraqma əzələsinin mədə turşusundan təsirlənməsi nəticəsində baş verir.
Ürəkbulanma. Mədədə olan bu narahatlıq ürəkbulanma və bəzi hallarda qusmaya da səbəb olur.
Gəyirmə. Narahatlıq səbəbilə həddindən artıq qaz meydana gəlməsi və mədə təzyiqinin artması gəyirməyə səbəb olur.
Bu simptomlar mədə narahatlığının ümumi simptomlarıdır və bunların hər biri həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən problemlərdir.

Reflyuksu necə azalır?

Bu narahatlığı azaltmaq üçün həyat tərzinizdə və vərdişlərinizdə edə biləcəyiniz bir çox dəyişiklik var. Bu dəyişikliklər aşağıdakılardır:
Turş və yağlı qidalardan uzaq durun. Pomidor, sitrus meyvələri, şokolad, ədviyyatlı qidalar, qızardılmış və yağlı qidaları az istifadə etmək lazımdır.
Porsiyaları azaldın. Böyük porsiya yerinə daha kiçik porsiyalarla və tez-tez yemək yeyin. Yeməyi yeyərkən çeynərək yeyin, böyük tikələrlə qəbul etməyin.
Yeməkdən sonra uzanmayın. Yeməkdən sonra ən az 2-3 saat uzanmaqdan çəkinin.
Sağlam çəkidə olun. Artıq çəki qarın nahiyəsinə təzyiq etdiyinə görə sağlam çəkidə olmaq bu təzyiqi azaldır və simptomları aradan qaldırır. 
Yatağınızın başını qaldırın. Yatağın başını təxminən 15-20 sm yuxarı qaldıraraq yatmaq mədə turşusunun qida borusuna geri axmasının qarşısını ala bilər.
Siqareti dayandırın. Siqaret çəkmək mədə turşusunun ağıza gəlməsini artırdığından onu dayandırmaq lazımdır.
Alkoqol qəbulunu azaldın. Alkoqol mədə turşusu istehsalını artıra və AES-i zəiflədə bilər. Ona görə də alkoqol qəbulunu azaltmaq simptomları da azaldacaq.
Daimi idman edin. Daimi fiziki fəaliyyət həzm sistemini tənzimləyir və arıqlamağa kömək edir. Ancaq ağır məşqdən dərhal sonra yemək də mədə turşusunu artırdığından idmandan 1-2 saat sonra qidalanmaq lazımdır.
Stresi idarə edin. Yoqa, meditasiya və dərin nəfəs alma kimi üsullar stresi azaldır və reflyuks simptomlarını aradan qaldırır.
Adekvat yuxu. Kafi və keyfiyyətli yuxu bədənin ümumi sağlamlığını dəstəkləyir və mədədə olan bu narahatlığın simptomlarını azaldır.
Dar paltarlardan istifadə etməyin. Qarın nahiyəsini sıxan dar paltar mədəyə təzyiq edərək mədə turşusunu artırır. Ona görə də mümkün qədər dar geyimlər istifadə olunmamalıdır.

Reflyuks necə müalicə olunur?

Reflyusun müalicəsi simptomları aradan qaldırmaq və ezofaqusun zədələnməsinin qarşısını almaq məqsədi daşıyır. Müalicə üsulları dərman və cərrahi müdaxiləni əhatə edir. 
Antasidlər. Antasidlər mədə turşusunu neytrallaşdıraraq tez rahatlama təmin edir. Bu dərmanlar yüngül simptomları olan insanlar üçün istifadə olunur. 
Antasid dərmanlar mədə turşusunun təsirini dərhal azaldır, sinə içində yanma hissi və ürək yanması kimi simptomları aradan qaldırır. Bununla belə, antasidlər uzunmüddətli istifadə üçün uyğun deyil və yalnız müvəqqəti rahatlama təmin edir.
H2 reseptor blokerləri. H2 reseptor blokerləri mədə turşusu istehsalını azaldan dərmanlardır. 
Orta dərəcədə simptomları olan insanlar üçün istifadə olunur. Bu dərmanlar mədə turşusunun istehsalına maneə törətməklə özofagusda qıcıqlanma və iltihabı azaldır. 
H2 reseptor blokerləri antasidlərdən daha uzunmüddətli rahatlama təmin edir və adətən yeməkdən əvvəl qəbul edilir.
Proton Pompası İnhibitorları (PPI). Proton pompası inhibitorları mədə turşusu istehsalını əhəmiyyətli dərəcədə azaldan güclü dərmanlardır. Daha ağır hallarda istifadə olunur və ezofaqusun sağalmasına kömək edir. 
Bu dərmanlar uzun müddət mədə turşusu istehsalını maneə törətməklə mövcud simptomları idarə edir. PPI adətən həkim nəzarəti altında və müəyyən müddət ərzində istifadə olunur.
Prokinetik dərmanlar. Prokinetik dərmanlar mədə boşalmasını sürətləndirərək simptomları aradan qaldırır. Bu dərmanlar mədədə olan turşunun özofagusa geri axmasının qarşısını alır və həzmi sürətləndirir. 
Prokinetik dərmanlar adətən digər müalicə üsulları ilə birlikdə istifadə olunur və simptomların idarə edilməsində dəstəkləyici rol oynayır.
Cərrahi müalicə. Dərman müalicəsinin kifayət etmədiyi və ya həyat keyfiyyətinə ciddi təsir göstərən reflyuks hallarında cərrahi müdaxiləyə üz tutulur. Ancaq bütün bu müalicələrdən əvvəl ezofaqus manometriyası və 24 saatlıq PH manometriya müayinəsinin aparılması mütləqdir.
Əsas 2 cərrahi üsul istifadə olunur:
  •  Nissen fundoplikasiyası adlanan prosedurBu prosedurda mədənin yuxarı hissəsi yemək borusunun aşağı hissəsinə sarılaraq aşağı özofagus sfinkterini (LES) gücləndirir. Bu şəkildə mədə turşusunun özofagusa geri axmasının qarşısı alınır. 
  • LINX cihazı. Bu üsulda maqnitli kiçik muncuq halqası aşağı özofagus sfinkterinin ətrafına yerləşdirilir və LES-in bağlanmasına kömək edir.
Endoskopik üsullar. Bəzi hallarda simptomları aradan qaldırmaq üçün endoskopik prosedurlardan istifadə edilir. Endoskopik üsullar simptomları minimal invaziv üsullarla idarə etmək məqsədi daşıyır. 
Bu prosedurlara Stretta proseduru (endoskopik radiotezlik terapiyası) və endoskopik fundoplikasiya daxildir. 
İnteqrativ təbabət üsulu. Çobanyastığı, zəncəfil və ya biyan çayı kimi bitki çayları simptomlar aradan qaldırmaqda təsirlidir. Eyni zamanda aloe vera suyu mədə turşusunu balanslaşdırmağa kömək edə bilər.
Reflyuks şikayətiniz varsa, istər ev, istərsə də tibbi üsullarla aradan qaldırmaq üçün həkimlə məsləhətləşmək önəmlidir.