Həkim qəbuluna yazıl

Canlı çat

Densitometriya nədir?

Sümük densitometriyası sümüyün mineral sıxlığını qiymətləndirmək üçün  tətbiq edilir. Daha çox bel (L1-L4), bud və digər   bədən sümüklərinin  mineral sıxlığı təyin olunur.

Dual Energetik X-Ray Absorbsiometr (DEXA) digərlərinə nisbətən daha yeni bir texnikadır. Qısa müddət ərzində tətbiq olunur və daha dəqiq nəticə verir. Radioizotop maddə əvəzinə rentgen şüasından istifadə edilir. Həssaslığı yüksəkdir.        

SÜMÜK DENSİTOMETRİYASI VASİTƏSILƏ NƏ TƏYİN OLUNUR?

  • Sümüyün mineral sıxlığı
  • Osteoporozun olması 
  • Sümük sınıqlarının meydana gəlmə riski
  • Onurğada olan deformasiyalar
  • Piy və digər toxumaların faizi
SÜMÜYÜN SIXLIĞI NƏ ÜÇÜN TƏYİN EDİLİR? 

Qadınlarda adətən, 40 yaşından sonra menopauza ilə bağlı olaraq  sümük kütləsində azalma baş verir. Qadınlarda menopauzanın ilk on ilində sümük kütləsinin 15 %-i, kişilərdə isə bütün həyat boyunca 20 - 30 %-i itirilir. Sümük kütləsinin itirilməsi artdıqca sınma riski yüksəlir və gələcəkdə əlilliyə səbəb ola bilir. Sümük sıxlığının təyini ilə osteoporoz və sınma riski hesablanır.

KİMLƏRDƏ SÜMÜYÜN MİNERAL SIXLIĞININ  TƏYİNİ MÜTLƏQDİR?

  • Menopauza sonrası risk faktorları daşıyan qadınlarda
  • Hər iki yumurtalığı cərrahi yolla götürülmüş qadınlarda
  • Menopauza dövründə olan zəif və hündür qadınlarda 
  • Ailə anamnezində osteoporoz, onurğa sınığı olanlarda
  • Boyu 160 sm-dən qısa və çəkisi 50 kq-dan aşağı olanlarda
  • İldə 2.5 sm-dən çox boy qısalması olanlarda
  • 65 yaşdan yuxarı yaşlı insanlarda
  • Kalsiumlu  qidalardan az istifadə edənlərdə
  • Yetkin yaşda kiçik zərbə və ya zədələrlə sınıqların meydana gəlməsi vəziyyətlərində
  • Rentgen müayinəsində sümük sıxlığında azalma müəyyən olunanlarda
  • Həddindən artıq spirtli içkilər, siqaret, qəhvə qəbul edənlərdə
  • Testosteronun səviyyəsi aşağı olanlarda
  • 1 aydan uzun sürən hərəkət məhdudluğuna düçar olanlarda
  • 5 ildən artıq revmatoid artrit xəstəliyi olanlarda 
  • Heparin, antasid, kortikosteroidler (prednizolon), dilantin və barbituratlar, tiroid hormonu kimi dərmanları uzun müddət istifadə edənlərdə
  • Nefropatiya, hiperparatiroid, hipertiroidizm kimi xəstəliyi olanlarda 
  • Şəkərli diabeti olan pasiyentlərdə osteoporozun təyini üçün
SÜMÜK SIXLIĞININ TƏYİNİ ÜÇÜN ƏKS-GÖSTƏRİŞLƏR 

  • Hamiləlik 
  • 1 həftə ərzində ağızdan və ya damardaxili kontrast maddə qəbul edərək digər müayinələrdən keçmiş pasiyentlər 
  • Hərəkətsiz  vəziyyətdə uzana bilməyənlər
  • Daha yüksək dərəcədə onurğa deformasiyası olanlar
SÜMÜK DENSİTOMETRİYASININ DİGƏR MÜAYİNƏLƏRDƏN ÜSTÜNLÜYÜ

  • Müayinənin qısa müddətdə aparılması (3 dəq)
  • Ağrısız olması və heç bir hazırlıq tələb olunmaması
  • Şüalanmanın çox az olması (döş qəfəsinin rentgenoskopiyasında istifadə edilən dozadan 10 dəfə aşağıdır)
  • Diaqnozun ilkin mərhələdə təyin olunması