Azərbaycan Tibb Universiteti və “Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti” ilə yanaşı Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi şəbəkəsinin dəstəyilə Lənkəranda “Səhiyyədə müasir yanaşmalar - 2021” I regional elmi-praktiki konfransı keçirilib.
Konfransın keçirilməsində əsas məqsəd regionda olan həkimlərin davamlı tibbi təhsil prosesinə dəstək vermək, onları yeni tibbi tədqiqatlar və müasir yanaşmalarla tanış etməkdir.Belə tədbirlərin davamlı keçirilməsi həm də ölkə əhalisinə səmərəli və keyfiyyətli tibbi xidmət göstərilməsinə yeni töhvələr vermək məqsədi daşıyır.
Tədbirdə açılış nitqi ilə çıxış edən Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi şəbəkəsinin təsisçi direktoru Elxan Yaqubov indiki dövrdə konfransın böyük əhəmiyət daşıdığını vurğulayıb. Bildirib ki, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan səhiyyəsinin inkişafı peşəkar həkim kadrlarının yetişdirilməsi ilə paralel şəkildə aparılmalıdır. "Həkimlərin mütəmadi olaraq səhiyyədəki yeniliklərlə, yeni tədqiqatlarla, innovasiyalarla tanış edilməsi onların inkişafı ilə bərabər pasiyentə, xəstəliklərə, bütövlükdə tibbi xidmətə yanaşmanın təkmilləşməsi deməkdir. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi şəbəkəsi olaraq Azərbaycan səhiyyəsinin inkişafına xidmət edən belə təşəbbüslərə daima dəstək verəcəyik”.
Sonra “Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti”nin sədri, Azərbaycan Tibb Universitetinin professoru Fikriyyə İbrahimli çıxışında bildirib ki, regionda ilk dəfə keçirilən bu konfransda aktual və əhəmiyyətli mövzular müzakirə olunacaq. İştirakçılar səhiyyəyə dair yeni məlumatlar əldə edəcəklər.
Tədbir üç əsas panel - “Xroniki xəstəliklərə müasir yanaşma – İnteqrativ tibb”, “Cərrahi xəstəliklərə müasir yanaşma” və “Pediatriya və neonatologiyada yeniliklər”dən ibarət olub. Panel iclaslarında “İnteqrativ tibb: Bu günün və sabahın təbabəti”, “İltihabi bağırsaq xəstəliklərinin müalicəsinə müasir yanaşma”, “Ginekoloji xəstəliklərin biotənzimləyici terapiyası”, “Prenatal diaqnostikada genetik testlərin əhəmiyyəti”, “Mədə xərçənginin cərrahi müalicəsində müasir yanaşmalar” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfransda Azərbaycan Tibb Universitetindən professor-müəllim heyəti, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi şəbəkəsinin həkimləri və mütəxəssisləri səhiyyənin müxtəlif sahələri üzrə təqdimatlar, fərqli xəstəliklərə müasir yanaşmalarla bağlı çıxışlar ediblər. Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkərandan ümumilikdə 130 həkimin qatıldığı konfransda iştirakçılar müzakirələr və spikerlərlə sual-cavab sessiyaları vasitəsilə yeniliklərlə tanış olublar.
Konfransın nəticəsi olaraq, Bioloji Təbabət Klinikalar şəbəkəsinin təşəbbüsü ilə “Səhiyyədə müasir yanaşmalar” tibbin inkişafı platformasının qurulduğu elan edilib


