Disleksiya nədir?
Disleksiya öyrənmədə çətinlik olaraq bilinən bir xəstəlikdir. Bu xəstəliyə ciddi yanaşmamaq sonralar o insanların həyatını çox çətinləşdirir. Bu xəstəlik və onun əlamətlərini sizin üçün hazırladıq:
Disleksiya termini ilk dəfə Dünya Nevrologiya Federasiyası tərəfindən 1881-ci ildə istifadə edilib. Bu sözün mənası “Öyrənmədə çətinlik” deməkdir.
Disleksiya əlamətləri nələrdir?
Disleksiyadan əziyyət çəkən uşaqlar, bir-birinə oxşar olan hərfləri qarışdırırlar. Məsələn, D ilə B, M ilə N hərfləri. Onlar Əlifbanı öyrənəndə çətinlik çəkirlər, bir mövzuya fokuslana bilmirlər, verilən tapşırıqları düzgün yerinə yetirə bilmirlər. Həmçinin, yön və istiqamətlərini qarışdırırlar. Çox vaxt sözləri və rəqəmləri tərsinə yazırlar. Vurma cədvəlini öyrənə bilmirlər. Disleksiya oxuma, yazma, öyrənmə, ifadə etmə, başa salma bacarıqlarının gec inkişaf etməsi deməkdir. Uşaqlar arasında tez-tez rast gəlmək olar. Lakin bu narahatlığı əqli qüsur kimi qiymətləndirmək lazım deyil. Çünki yaşıdlarından daha ağıllı olan uşaqlarda belə disleksiyaya rast gəlmək mümkündür.
Disleksiya kimlərdə olur?
Disleksiya həm məktəbə qədər, həm də məktəbdən sonra təşhis edilə bilən xəstəlikdir. 6 yaşa qədər uşaqlarda rəng, şəkil və rəqəmləri öyrənmədə çətinlik hiss olunur. Məktəbə gedən uşaqlarda isə sözləri yarımçıq yazmaq, başa salmaqda çətinlik və s. kimi narahatlıqlar hiss olunur.
Sadəcə simptomlara baxaraq uşağa özünüz diaqnoz qoymayın. Lakin belə əlamətlərə rast gəlsəniz, mütləq həkimə müraciət etməlisiniz.
Disleksiya müalicəsi
Disleksiya ömürlük davam edən öyrənmə pozuntusu olsa da, doğru müalicə və dəstək yanaşmaları ilə uşağın və ya böyüklərin həyat keyfiyyəti əhəmiyyətli dərəcədə artırıla bilər. Disleksiya müalicəsi standart bir dərmanla aparılmır; bu proses fərdi ehtiyaclara uyğunlaşdırılmış, çoxsahəli və mərhələli bir proqram əsasında həyata keçirilir.
Müalicədə ilk addım diaqnozun dəqiq və erkən qoyulmasıdır. Ardınca isə loqopedik terapiya, xüsusi tədris metodları, vizual və fonetik əsaslı oxu proqramları, interaktiv oyunlar və fərdi psixoloji dəstək tətbiq olunur. Bu yanaşmalar uşağın oxuma, yazma və nitq qabiliyyətlərini tədricən inkişaf etdirməyə kömək edir.
Disleksiya müalicəsi zamanı texnologiyadan da geniş istifadə olunur. Planşet və kompüterlər üçün hazırlanmış xüsusi proqramlar və tətbiqlər uşağın diqqətini toplamasını və öyrənməni əyləncəli hala gətirməyi mümkün edir. Eyni zamanda, valideynlərin və müəllimlərin də bu prosesə aktiv şəkildə cəlb olunması vacibdir.
Unutmaq olmaz ki, disleksiya müalicəsi uzunmüddətli və səbr tələb edən bir prosesdir. Hər uşaq fərqlidir və müalicə yanaşmaları da buna uyğun fərdiləşdirilməlidir. Davamlı dəstək, pozitiv yanaşma və uyğun resurslarla disleksiyalı uşaqlar da tam potensiallarını reallaşdıra bilərlər.