Daha bir beynəlxaq tədbir uğurla başa çatdı

Xəbər  verdiyimiz kimi, 2024-cü il, aprelin 20-də “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”nin təşkilatçılığı, “Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi”, “Afgen Genetik Diaqnoz Mərkəzi” və “Planeta” Apteklər Şəbəkəsinin sponsorluğu ilə JW Absheron Marriott Otelində “Xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma” adlı I Beynəlxalq Elmi-Praktiki Simpozium keçirilmişdir. Simpoziumun tərəfdaşı  qismində isə “Azərbaycan Pediatrlar Assosiasiyası”  iştirak edirdi.
Ölkə miqyasında  seminar, tədbir və konfranslar keçirilməsində müəyyən təcrübəsi  olan  “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi” nin təşkiatçılığı ilə  bu dəfəki simpoziumda  da 350-dən çox elmi işçi, həkim və səhiyyə idarəçisi bir araya toplanmışdı.

Növbəti illərdə də keçirilməsi planlaşdırılan Beynəlxalq Simpozium Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə  öz işinə start verib. Daha sonra  44 günlük Vətən Müharibəsi Şəhidlərinin xatirəsi 1  dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə isə “İnteqrativ Təbabətdə Elmi Araşdırmalar Mərkəzi”nin təsisçisi,  Elxan Ənvər oğlu Yaqubov çıxış edib.

E. Yaqubov   simpozium iştirakçıları və mühazirəçiləri  salamlayandan sonra  təşkilatçı olan Mərkəzin və İnteqrativ tibbin ölkəmizdəki inkişaf mərhələlərindən bəhs edib. Bildirib ki,  indiyə qədər keçirilən seminar, təbdir və konfranslarda 6000-dən çox həkim İteqrativ Tibbin müalicə metodları barədə nəzəri biliklərə yiyələnib. Bu təlimlərdən yararlanan həkimlərin səyi nəticəsində  xroniki və autoimmun xəstəliklərin uzunmüddətli və qalıcı effektləri ölkə vətəndaşlarının sağlamlığına müsbət təsir göstərib. Bu da İnteqrativ Tibbin ölkə səhiyyəsinə verdiyi töhfədir.

Daha sonra söz mühazirəçilərə verilib. Türkiyə, İsveçrə və İtaliyanın tanınmış həkim və İnteqrativ tibb üzrə  ekspertlərinin, həmçinin, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin professor və həkimlərinin  maraqlı mühazirələri bir-birini əvəz edib.
Öncə  t.e.d. Prof. Fikriyyə İbrahimli “Xroniki xəstəliklərin müalicəsində yeni imkanlar” mövzusundakı mühazirəsini  simpozium iştirakçılarına təqdim edib. Daha sonra İsveçrənin Sonnenberq Biomed mərkəzinin təsisçisi və baş həkimi,  Dr.med. Thomas Rau “Bioloji Təbabət paradiqması. Xroniki xəstəliklərin kompleks terapiyasında effektiv müalicəsi”, “Xəstəliklərin xronikləşməsində Leaky Gut (dəlikli bağırsaq) sindromunun rolu və effektiv müalicəsi” və “Degenerativ xəstəliklərin İnteqrativ Tibblə müalicəsi” ilə bağlı   3  müxtəlif  mövzuda mühazirə söyləyib. 

Simpoziuma dəvət olunanlar  T. Raunun mühazirəsi sayəsində sözü gedən xəstəliklərin müalicəsinə  müasir yanaşmalar haqda geniş informasiya əldə ediblər.
Daha sonra Türkiyədən dəvətli “Bütüncül Tıp Məktəbi”nin qurucusu və rəhbəri Dr. med. Murat Baş “Kronik hastalıklarda Bütüncül Yaklaşım. Kök etyopatogenez” mövzusundakı mühazirəsini  iştirakçıların nəzərinə çatdırıb. 

Növbəti mühazirəçi “GUNA Pharmaceuticals” şirkətinin Elmi direktoru Alessandro Perra “Xroniki dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində kiçikdozalı preparatların istifadəsi” mövzusu ilə çıxış edib. İtaliyanın tanınmış mütəxəssisinin  elmi  cəhətdən əsaslandırdığı fikirləri  simpozium iştirakçılarının marağına səbəb olub.

Qeyd etdiyimiz kimi, simpoziumda əcnəbi mühazirəçilərlə yanaşı  yerli həkimlərimiz də çıxış edirdi.Terapevt, İnteqrativ tibb üzrə ekspert Arzu Musayevanın “Şəkərli diabetin fəsadlarının müalicəsində yeni imkanlar” mövzusundakı mühazirəsi informasiya baxımından zənginliyi ilə fərqlənirdi. 

Həkim-qastroenteroloq, İnteqrativ tibb üzrə ekspert Arzu Quliyevanın mühazirəsi isə  “Bağırsağın iltihabı xəstəliklərinin müalicəsində yeni imkanlar” mövzusuna həsr olunmuşdu. A.Quliyevanın  İnteqrativ Tibb metodları ilə müalicəsi sayəsində  sağlamlıqlarına qovuşan onlarla yerli və xarici pasientin  uğurlu nəticələrinin  video görüntüləri də  simpozium iştirakçılarına təqdim olunub. 

Sonda  simpozium iştirakçıların   xatirə fotosu ilə  öz işinə yekun vurub.