25-OH Vitamin D (total)
*Regiondakı filiallarımızda qiymət fərqlidir
D Vitamini Analizi (25-OH)
Sümük və əzələ sağlamlığından tutmuş güclü immunitetə və sağlam sinir sisteminə qədər orqanizmdə yüzlərlə funksiyanı tənzimləyən D vitamini, sağlamlığımız üçün ən kritik elementlərdən biridir. Günümüzdə qapalı mühitlərdə daha çox vaxt keçirməyimiz səbəbilə D vitamini çatışmazlığı qlobal bir problemə çevrilmişdir. Orqanizminizdə bu həyati ehtiyatın nə vəziyyətdə olduğunu öyrənməyin yeganə və ən dəqiq yolu qan vasitəsilə aparılan laboratoriya testidir.
D vitamini analizi (25-OH Vitamin D) nədir?
Tibb praktikasında bədəndəki D vitamini ehtiyatını ölçmək üçün ən etibarlı və qəbul edilmiş standart test 25-OH Vitamin D (25-hidroksivitamin D) analizidir. Qida və ya günəş vasitəsilə alınan D vitamini qaraciyərdə məhz bu formaya (25-OH) çevrilərək qanda dövr edir. Bu analiz həm D2, həm də vitamin D3 formalarının cəmini ölçərək orqanizmin ümumi D vitamini statusunu dəqiq şəkildə müəyyən edir.
D vitamini analizi üçün göstərişlər
Aşağıdakı şikayətləri və ya risk faktorlarını daşıyan şəxslərin mütəmadi olaraq D vitamini analizi verməsi şiddətlə tövsiyə olunur:
Kifayət qədər yatmağa rəğmən keçməyən xroniki yorğunluq və halsızlıq hissi.
Səbəbi bilinməyən sümük, oynaq və əzələ ağrıları.
Tez-tez qrip və infeksion xəstəliklərə yoluxma (zəifləmiş immunitet).
Osteoporoz (sümük əriməsi) və ya sümük yumşalması (osteomalyasiya) diaqnozu olanlar.
Bağırsaqlarda sorulma problemi (Mədə-bağırsaq xəstəlikləri, Çölyak xəstəliyi) olan pasiyentlər.
Hamilə qadınlar və südverən analar.
65 yaşdan yuxarı şəxslər (yaşlandıqca dərinin D vitamini sintez etmə qabiliyyəti azalır).
Saç tökülməsi və depressiv ruh halından əziyyət çəkənlər.
D vitamini səviyyəsinin aşağı olması
Analiz nəticəsində 25-OH səviyyəsinin 30 ng/mL-dən aşağı olması çatışmazlıq olaraq qiymətləndirilir. Bunun əsas səbəbləri bunlardır:
Günəş işığının azlığı: Qapalı mühitdə işləmək, günəşə az çıxmaq və ya davamlı yüksək qoruyucu kremlərdən (SPF) istifadə etmək.
Qidalanma əskikliyi: Rasionda yağlı dəniz balığı, yumurta və qaraciyər kimi məhsulların az olması.
Sorulma problemləri: Öd kisəsi xəstəlikləri, qaraciyər problemləri və ya xroniki bağırsaq xəstəlikləri səbəbindən D vitamininin qana keçə bilməməsi.
Artıq çəki (Piylənmə): D vitamini yağda həll olan vitamin olduğu üçün piy hüceyrələrində toplanır və qana keçməsi çətinləşir.
D vitamini səviyyəsinin yüksək olması
D vitamini testində nəticələrin normadan çox yüksək (100 ng/mL və üzəri) çıxması orqanizm üçün zəhərli (toksik) təsir yarada bilər. Bu vəziyyət heç vaxt həddindən artıq günəşdə qalmaqdan və ya qidadan yaranmır. Toksikliyin yeganə səbəbi həkim nəzarəti olmadan, qan analizi vermədən uzun müddət yüksək dozalı D vitamini əlavələrinin (damcı və ya kapsul) aptekdən alınaraq özbaşına qəbul edilməsidir. Bu vəziyyət qanda kalsiumun kəskin artmasına, ürək ritminin pozulmasına və böyrək daşlarının yaranmasına səbəb ola bilər.
Analiz necə verilir?
Analiz üçün xüsusi bir hazırlığa ehtiyac yoxdur.
Qan venadan (damardan) alınır.
Günün istənilən saatında verilə bilsə də, bədənin ümumi metabolik vəziyyətini daha dəqiq görmək üçün səhər saatlarında, acqarına verilməsi daha məqsədəuyğundur.
Əgər artıq D vitamini dərmanı qəbul edirsinizsə, dozanın tənzimlənməsi üçün analizdən ən azı 3-4 gün əvvəl qəbulu dayandırmaq tövsiyə edilir.
D vitamini analizi qiyməti
Pasiyentləri ən çox maraqlandıran məsələlərdən biri laboratoriya xərcləridir. Ümumiyyətlə, D vitamini analizi qiyməti müraciət etdiyiniz laboratoriyanın avadanlıqlarından, istifadə olunan reaktivlərin keyfiyyətindən və metodologiyasından asılı olaraq dəyişir. Bioloji Təbabət Klinikasında D vitamini analizi qiymeti 47 AZN təşkil edir.