Uşaqlarda Lordoz Müalicəsi Necə Olur? Lordozda Fizioterapiyanın Önəmi
Lordoz onurğanın aşağı hissəsində (bel nahiyəsində) bir qədər içəriyə doğru əyilmədir. Bu əyrilik təbii olsa da, uşaqlarda lordoz sağlamlıq problemlərinə səbəb olur.
Uşaqlarda lordoz niyə olur?
Uşaqlarda onurğa əyriliyi müxtəlif amillərin təsiri ilə baş verə bilər, o cümlədən:
Genetik faktorlar. Ailədə oxşar onurğa problemlərinin olması uşaqlarda da eyni problemlərin yaranma riskini artırır. Çünki genetik meyl onurğanın normaldan daha çox əyilməsinə səbəb olan amillərdən biridir.
Anadangəlmə qüsurlar. Onurğanın anadangəlmə struktur pozğunluqları uşaqlarda lordoza səbəb olur. Bu cür hallar adətən doğuşdan yaranır və erkən yaşdan etibarən özünü göstərir.
Əzələ zəifliyi və balanssızlıq. Əzələlər onurğa sütununu düzgün dəstəkləmək üçün güclü və balanslı olmalıdır. Uşaqda əzələ zəifliyi və ya balanssızlıq varsa, bu hal onurğanın normal duruşunu saxlaya bilməməsinə və əyri olmasına səbəb olur.
Sinir-əzələ xəstəlikləri. Bəzi sinir-əzələ xəstəlikləri əzələlərin və sinirlərin düzgün işləməsinə mane olmaqla onurğa problemlərinə səbəb olur. Bu cür xəstəliklər onurğanın anormal əyilməsinin əsas səbəblərindəndir.
Duruş pozğunluqları. Uşaqlarda səhv oturmaq və ayaq üstə durmaq vərdişləri, uzun müddət kompüter qarşısında vaxt keçirmək kimi duruş pozğunluqları onurğanın normal quruluşunu təsir edərək lordoza səbəb olur.
Piylənmə. Həddindən artıq çəki onurğaya əlavə yük verir ki, bu da təbii əyriliklərin pisləşməsinə səbəb olur. Qeyd edək ki, piylənmə onurğa sağlamlığına mənfi təsir edən ən mühüm faktordur.
Yaralanmalar. Onurğa nahiyəsində meydana gələn xəsarətlər onurğanın normal quruluşunu pozur və lordoza səbəb olur. Travmalar onurğa sağlamlığına qalıcı təsirlər də buraxa bilər.
Bunlar uşaqlarda onurğa əyriliyinin əsas səbəblərindəndir. Əyriliyin erkən diaqnozu və uyğun müalicə üsulları ilə onurğanın sağlamlığı qorunub uşaqların həyat keyfiyyəti yaxşılaşdırıla bilər. Ona görə də valideynlər övladının duruşuna diqqət yetirməli və hər hansı anormallıq müşahidə etdikdə həkimə müraciət etməlidirlər.
Uşaqlarda lordozun əlamətləri nələrdir?
Uşaqlarda lordozun əlamətləri müxtəlif olsa da, aşağıda sadaladığımız simptomlar valideynlərin diqqət etməli olduğu əsas əlamətlərdir:
Gözəçarpan bel əyriliyi
Duruş pozğunluqları
Bel ağrısı və narahatlıq
Hərəkət məhdudiyyəti
Sürətli yorğunluq
Balans və koordinasiya problemləri
Gözəçarpan bel əyriliyi. Onurğanın aşağı hissəsində xaricdən görünən daxili əyilmə adətən uşağın belinin həddindən artıq önə çıxmasına səbəb olur.
Duruş pozğunluqları. Onurğada problem olduqda uşağın duruşunda nəzərə çarpan anormallıqlar baş verir. Bura baş və çiyinlərin qabağa əyilməsi, ombaların arxaya doğru çıxması kimi simptomlar daxildir.
Bel ağrısı və narahatlıq. Uşaq tez-tez bel bölgəsində ağrı və ya narahatlıqlar olduğunu dilə gətirir. Bu ağrı xüsusilə uzun müddət oturarkən və ya ayaq üstə durduqda artır.
Hərəkət məhdudiyyəti. Lordoz zamanı bel bölgəsində elastiklik itkisi olur. Ona görə də uşaq irəli və ya geri əyilməkdə çətinlik çəkir və fiziki fəaliyyətlə məşğul olarkən uşaqda narahatlıq müşahidə olunur.
Sürətli yorğunluq. Uşaq adi haldan daha tez yorulur. Xüsusilə fiziki fəaliyyətdən sonra həddindən artıq yorğunluq hiss edə bilər.
Balans və koordinasiya problemləri. Gəzərkən və ya qaçarkən tarazlığın itirilməsi səbəbilə uşaq tez-tez büdrəyə və ya yıxıla bilər.
Bu əlamətlər uşaqlarda onurğa əyriliyinin mövcudluğunu göstərdiyi üçün müşahidə olunan an həkimə müraciət edilməlidir.
Uşaqlarda lordoz hansı ciddi problemlərə səbəb ola bilər?
Uşaqlarda onurğa əyriliyi müalicə edilmədikdə və ya irəlilədikdə ciddi və qalıcı sağlamlıq problemlərinə səbəb ola bilər. Lordozun səbəb ola biləcəyi əsas ciddi və qalıcı problemlər bunlardır:
Xroniki bel ağrısı. Müalicə olunmayan lordoz zamanla xroniki bel ağrısına çevrilir.
Duruş pozğunluqları və skolioz. Lordoz onurğada digər duruş pozğunluqlarına və hətta sonrakı mərhələlərdə skolioza (onurğanın yana əyilməsi) səbəb olur.
Nəfəs darlığı və tənəffüs problemləri. Onurğanın əyriliyi qabırğa qəfəsinin normal strukturunu poza, ağciyərlərin kifayət qədər genişlənməməsinə və nəfəs darlığına gətirib çıxarır.
Sinir sıxılması və nevroloji zədələnmə. Qabaqcıl lordoz onurğa beyni və sinir köklərinin sıxılmasına səbəb olmaqla uşağın ayaqları və bədənin digər hissələrində daimi uyuşma, qıcıqlanma və güc itkisi kimi nevroloji zədələnmələrə səbəb olur.
Onurğanın degenerasiyası. Uzun müddətli onurğa əyriliyi onurğada disklərin və oynaqların degenerasiyasına (aşınmasına) səbəb olur. Bu hal uşağın onurğa sağlamlığına qalıcı təsir göstərə və sonrakı yaşlarda ciddi onurğa xəstəlikləri yaranmasına gətirib çıxara bilər.
Daimi hərəkət məhdudiyyəti. Vaxtında müalicə edilməyən lordoz bel nahiyəsində elastikliyin daimi itirilməsinə və hərəkətin məhdudlaşdırılmasına səbəb olur. Bu halla qarşılaşan uşaq yaşı artıqca müəyyən hərəkətləri yerinə yetirməkdə çətinlik çəkir.
Əzələ və birləşdirici toxuma zərərləri. Onurğa əyriliyi əzələlərin və birləşdirici toxumaların normal fəaliyyətini pozaraq qalıcı zədələrə, eyni zamanda əzələlərdə daimi disbalans və zəifliklər yarana bilər.
Uşaqlarda onurğa əyriliyinin erkən diaqnozu və düzgün müalicəsi bu ciddi və qalıcı problemlərin qarşısını almaq üçün əhəmiyyət kəsb edir. Valideynlər övladının duruşunu diqqətlə izləməli və hər hansı anormallıq aşkar etdikdə gecikmədən həkimə müraciət etməlidirlər.
Uşaqlarda lordoz müalicəsi necədir?
Uşaqlarda onurğa əyriliyinin müalicəsi əyriliyin dərəcəsindən, səbəbindən və uşağın ümumi sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir.
Müalicə üsulları ümumiyyətlə iki əsas qrupa bölünür: konservativ (cərrahi olmayan) və cərrahi müalicələr.
Müntəzəm yoxlamalar
Ortopedik cihazlar
Həyat tərzi dəyişiklikləri
Cərrahi müdaxilə
İnteqrativ müalicə metodları
Fiziki müalicə və məşq
Reablitasiya
Müşahidə və monitorinq. Yüngül hallarda və aşkar simptomlar olmadıqda həkimlər əyriliyi izləmək üçün müntəzəm yoxlamalar aparır.
Bu yoxlamalar zamanı onurğanın vəziyyəti izlənilir və əyriliyin irəliləmə sürəti müşahidə edilir.
Ortopedik cihazlar. Lordoz orta dərəcədə olduqda korset kimi ortopedik vasitələrlə onurğa sütununu dəstəkləmək və əyriliyin irəliləməsinin qarşısını almaq olar.
Bu cihazlar onurğanın düzgün vəziyyətdə qalmasını təmin edir və onurğa əyriliyinin irəliləməsinin qarşısını alır.
Həyat tərzi dəyişiklikləri. Uşağın gündəlik həyatında diqqət etməli olduğu bəzi dəyişikliklər tövsiyə oluna bilər.
Məsələn, ağır yükləri qaldırmaqdan çəkinmək, eyni zamanda düzgün oturma və dayanma mövqelərini mənimsəmək bura daxildir.
Cərrahi müdaxilə. Şiddətli və ciddi simptomlara səbəb olan onurğa əyriliklərində cərrahi müdaxilə tələb olunur.
İnteqrativ müalicə metodları. Akupunktur, masaj terapiyası və digər alternativ müalicə üsulları lordozun səbəb olduğu ağrıları aradan qaldırmaq və ümumi rifahı yaxşılaşdırmaq üçün istifadə edilir.
Fiziki müalicə və məşq. Əzələləri gücləndirmək və düzgün duruş üçün fizioterapiya müalicə üsulu önəmlidir. Fizioterapevtlər uşaqlar üçün xüsusi məşq proqramları yaratmaqla onurğa sağlamlığını dəstəkləyirlər.
Uşaqlarda lordozun müalicəsində erkən diaqnoz və uyğun müalicə üsullarının seçimi böyük əhəmiyyət kəsb edir.
Lordozda fizioterapiyanın önəmi nədir?
Fizioterapiya ilk növbədə əzələlərin güclənməsi və elastikliyi üçün vacibdir. Lordoz səbəbiylə zəifləyən və ya balanssızlaşan əzələ qruplarının gücləndirilməsi onurğaya daha yaxşı dəstək verir. Bu dəstək onurğanın təbii duruşunu saxlamağa kömək edir və ağrıları azaldır.
Fizioterapevtlər uşaqlar üçün xüsusi məşq proqramları yaradaraq əzələ zəifliyini aradan qaldırır və elastiklik qazanılır. Bu proqramlar uşağın yaşına və lordoz dərəcəsinə əsasən fərdiləşdirilir.
Duruşun düzəldilməsi fizioterapiyanın digər vacib amilidir. Yanlış duruş vərdişləri lordozun irəliləməsinə və onurğanın daha da deformasiyasına səbəb ola bilər. Fizioterapiya seanslarında uşaqlara düzgün duruş texnikası öyrədilir və bu üsullar gündəlik həyatda tətbiq edilir.
Lordozun yaratdığı bel ağrıları fizioterapiya ilə aradan qaldırılır. Masaj terapiyası, isti-soyuq tətbiqlər və elektroterapiya kimi üsullar ağrıları azaltmağa və uşağı rahatlamağa kömək edir.
Fizioterapiya həm də uşağın hərəkətliliyini artırmaqla onun ümumi həyat keyfiyyətini də yaxşılaşdırır. Onurğada elastikliyin itirilməsi və hərəkətin məhdudlaşdırılması fizioterapiya ilə böyük ölçüdə aradan qaldırılır. Müntəzəm olaraq keçirilən fizioterapiya seansları uşağın daha aktiv və sağlam həyat sürməsinə şərait yaradır.
Qısacası valideynlərin övladının müalicə prosesində mütəmadi olaraq fizioterapiyaya getməsi uzun müddətli sağlamlıq problemlərinin qarşısının alınmasında böyük rol oynayır. Yanaşı olaraq da bu uşaqlarda orqanizm üçün lazım olan mineral qəbulu vacibdir