Qulaqda Cingiltili Ağrı Nədir? Cingiltili Ağrı Niyə Olur?

Qulaqda Cingiltili Ağrı Nədir? Cingiltili Ağrı Niyə Olur?

Qulaqda cingilti və ağrı bir çox insanın həyatında ən azı bir dəfə qarşılaşdığı ümumi sağlamlıq problemlərindəndir. Bu vəziyyət adətən qulağın daxili strukturunda və ya ətrafındakı problemdən qaynaqlanır. Tibbdə tinnitus olaraq da bilinən cingilti əvvəlcə qulaqda kiçik bir vızıltı və ya zəng səsi kimi hiss olunsa da, bəzi hallarda şiddətli ağrı yaradır və davamlı olur. 
Bəs, qulaqda cingilti və ağrı nədən yaranır, onları necə müalicə etmək olar? Gəlin bu haqda ətraflı məlumat alaq. 

Qulaqda cingiltili ağrının səbəbi nədir?

Qulaqda cingilti və ağrı adətən qulaqdakı sadə bir problemdən qaynaqlansa da, bəzən daha ciddi sağlamlıq problemlərinin əlaməti olaraq özünü göstərir. Qulaqda cingiltili ağrıya səbəb olan bəzi ümumi səbəblər bunlardır:
  • Qulaq infeksiyaları 
  • Tıxanmış qulaq kanalı
  • Yüksək səslərə məruz qalmaq
  • Qulaq pərdəsinin zədələnməsi 
  • Çənə birgə problemləri
  • Yüksək qan təzyiqi (hipertoniya)
  • Ototoksik dərmanlar
Qulaq infeksiyaları. Qulaqda cingilti və ağrının ən çox görülən səbəblərindən biri infeksiyadır. Xüsusilə orta qulaq infeksiyaları qulağa maye yığılması və iltihab səbəbiylə təzyiqin artmasına səbəb olur. 
Uşaqlarda daha çox rast gəldiyimiz qulaq infeksiyası vaxtında müalicə olunmazsa, eşitmə itkisilə nəticələnir. 
Tıxanmış qulaq kanalı. Qulaq kanalı qulaq çirk və ya xarici cisimlər səbəbindən tıxanır. Bu tıxanma eşitmə itkisi, həmçinin tinnitus və qulaqda təzyiq hissi meydana gətirir. 
Bundan əlavə, qulaq çirkinin qulaq pərdəsinə təzyiq göstərməsi nəticəsində ağrı da yaranır.
Yüksək səslərə məruz qalmaq. Uzun müddət yüksək səslərə məruz qalmaq qulaq pərdəsinə və daxili qulağa zərər verərək müvəqqəti və ya daimi eşitmə itkisinə, tinnitus və ağrıya səbəb olur. 
Qulaq pərdəsinin zədələnməsi. Qulaq pərdəsinin yırtılması və ya deşilməsi həm cingiltiyə, həm də qulaqda şiddətli ağrıya səbəbdir. Bu, adətən qulaq çöpləri ilə qulağı zədələyərkən və ya təzyiqin qəfil dəyişdiyi zaman baş verir. İltihabi proseslərində rolu böyükdür.
Çənə problemləri. Çənədəki problemlərdən dolayı qulaqda ağrı və cingilti yaranır. Çənə problemləri səbəbilə olan ağrı çeynəmə zamanı və danışarkən daha da şiddətlənir. 
Yüksək qan təzyiqi (hipertoniya). Yüksək qan təzyiqi qulaqda keçici cingilti və ağrı yaradır.
Ototoksik dərmanlar. Bəzi antibiotiklər, kimyaterapiya dərmanları və ya yüksək dozada aspirin kimi dərmanlar ototoksik dərmanlardır və onların istifadəsi əks təsir kimi qulaqda cingilti və ağrı meydana gətirir.
Bunlar qulaqdakı cingilti və ağrının əsas səbəblərindəndir. Ancaq şikayətlər davam edərsə və ya pisləşərsə, dəqiq səbəbi müəyyənləşdirmək üçün həkimə müraciət etmək mütləqdir. 

Qulaqda cingiltili ağrı hansı ciddi xəstəliklərin əlamətidir?

Qulaqda cingilti və ağrı uzun müddət davam edirsə və şiddətlidirsə, bu hal sağlamlıqla bağlı ciddi problemin xəbərçisidir. Qulaqdakı bu narahatlığı yaradan ciddi xəstəliklərin əlaməti olan vəziyyətlər bunlardır:
Menyer xəstəliyi. Xroniki daxili qulaq pozğunluğu hesab edilən menyer xəstəliyi başgicəllənmə, eşitmə itkisi və tinnitus ilə müşayiət olunur. 
Qeyd edək ki, qulaqda cingilti və təzyiq hissi menyer xəstəliyinin ən çox görülən simptomlarıdır.
Akustik nevroma (vestibulyar şvannoma). Qulaqda cingilti və ağrı nadir də olsa, daxili qulaqdakı sinirdə əmələ gələn və xoşxassəli şişi olan akustik neyromanın əlaməti kimi özünü göstərir. 
Dağınıq skleroz (MS). Mərkəzi sinir sisteminə təsir edən bu autoimmun xəstəlik eşitmə sinirlərinə zərər verərək tinnitus, balans problemləri və eşitmə itkisi yaradır.
Şişlər. Baş və boyun nahiyəsində olan həm xoşxassəli, həm də bədxassəli şişlər qulaq nahiyəsinə təzyiq göstərərək qulaqda cingilti və ağrıya səbəb olur.
Damar problemləri. Bəzi damar problemləri, məsələn, karotid arteriya diseksiyonu və ya ateroskleroz qan damarlarının daralmasına və qulaqlarda cingiltiyə səbəb olur.
Kəllə sümüyü sınığı. Baş travmalarında xüsusən də kəllə sümüyü qırıqlarında tinnitus, ağrı və eşitmə itkisinin meydana gəlmə riski var.
Bu problemin vaxtında qarşısını almaq və müalicə etmək üçün simptomlar olan kimi həkimə müraciət etmək vacibdir.

Qulaqda cingiltili ağrının diaqnozun qoymaq üçün hansı üsullardan istifadə edilir?

Qulaqda cingiltili ağrıya diaqnoz qoymaq üçün istifadə edilən üsullar əsas səbəbi tapmaq üçün müxtəlif testlər və müayinələrdən ibarətdir. Diaqnoz prosesində ən çox istifadə etdilən diaqnostik üsullar bunlardır:
Fiziki müayinə. Həkim əvvəlcə qulaqda infeksiya, tıxanma və ya anormal vəziyyəti yoxlamaq üçün qulaq kanalını və qulaq pərdəsini yoxlayır. Bu zaman qulağın daxili hissəsi otoskop deyilən alətlə ətraflı şəkildə müayinə edilir.
Audiometriya (eşitmə testi). Ağrı və cingilti ilə birlikdə eşitmə itkisinin olub-olmadığını müəyyən etmək üçün audiometriya testi tətbiq olunur. Bu test xəstənin müxtəlif tezliklərdəki səsləri eşitmə qabiliyyətini ölçür və tinnitusla bağlı eşitmə itkisinin olub-olmadığını müəyyən edir.
Timpanometriya. Bu, orta qulaqdakı təzyiq səviyyələrini və qulaq pərdəsinin hərəkətlərini ölçmək üçün istifadə edilən testdir. Timpanometriya testini qulaq pərdəsinin zədələnməsi, maye yığılması və ya qulaq infeksiyası kimi şərtləri aşkar etmək üçün istifadə edilir.
Maqnit rezonans görüntüləmə (MRT). Həkim akustik nevriomodan (daxili qulaq şişi) və ya başqa şişdən şübhələnərsə, diaqnozu dəqiqləşdirmək üçün MRT təyin edəcək. Bu üsul daxili qulaqdakı strukturları və sinirləri ətraflı şəkildə görüntüləyərək mümkün şişləri və sinir problemlərini təyin etməkə kömək edir.
Kompüterli Tomoqrafiya (KT). Daxili qulağın və ya baş nahiyəsinin sümük strukturlarında hər hansı bir problem olub-olmadığını müəyyən etmək üçün kompüter tomoqrafiyasından istifadə edilə olunur. 
Qan testləri. Qulaqlarda cingiltiyə səbəb ola biləcək dəmir çatışmazlığı, yüksək xolesterin və ya qalxanabənzər vəzi xəstəlikləri kimi sistemik xəstəlikləri aşkar etmək üçün qan testləri təyin olunur.
Doppler ultrasəs. Qulaqlarda cingiltiyə səbəb ola biləcək damar problemlərini (məsələn, ateroskleroz) araşdırmaq üçün istifadə edilir. Doppler ultrasəs qan axınını ölçür və qulaqda cingiltiyə səbəb olan mümkün damar problemlərini müəyyən edir.
Temporomandibular oynağın (TMS) müayinəsi. Çənə oynağı problemlərinin qulaqlarda cingilti və ağrıya səbəb olub olmadığını aydınlaşdırmaq üçün çənə oynağı və diş quruluşu müayinə edir. Bu müayinə zamanı həkim çənənin hərəkətlərini və oynaqların həssaslığını qiymətləndirir.

Qulaqda cingiltili ağrının müalicəsi necədir?

Qulaqda cingiltili ağrının müalicə üsulları əsas səbəbə görə dəyişirsə də, ümumi müalicə üsullarına bunlar daxildir:
  • Qulaq infeksiyalarının müalicəsi
  • Qulaq tıxanıqlığının aradan qaldırılması
  • Güclü səslərə məruz qalmağı azaltmaq
  • Qulaq pərdəsinin zədələnməsinin müalicəsi
  • Menyer xəstəliyinin müalicəsi
  • Çənə probleminin müalicəsi
  • Stresə bağlı tinnitus müalicəsi
  • Damar problemləri və hipertoniyanın müalicəsi
  • Ototoksik dərmanların dəyişdirilməsi
  • Eşitmə aparatları
  • Şişlərin müalicəsi
Qulaq infeksiyalarının müalicəsi. Ağrı və cingiltiyə səbəb olan bakterial infeksiyalar, xüsusilə orta qulaq infeksiyası kimi hallarda infeksiyanın yayılmasının qarşısını almaq üçün antibiotik müalicəsi aparılır.
Eyni zamanda infeksiya nəticəsində yaranan ağrı və iltihabı azaltmaq üçün tərkibində iltihab əleyhinə maddələr olan qulaq damcıları təyin edilir.
Qulaq tıxanıqlığının aradan qaldırılması. Qulaq kiri tıxanmaları həkim tərəfindən təhlükəsiz şəkildə təmizlənir və qulaq damcı, yaxud da su ilə yuyulur. 
Əgər qulaqda yad cism və ya həddindən artıq qulaq kiri varsa, həkim cərrahi müdaxilə ilə bu tıxanmaları aradan qaldırır.
Güclü səslərə məruz qalmağı azaltmaq. Yüksək səsli mühitlərdə olarkən qulaqlıqlardan istifadə etmək kənardan gələn səsdən qulaq pərdəsini və daxili qulağı qorumağa kömək edəcək. 
Qulaq pərdəsinin zədələnməsinin müalicəsi. Qulaq pərdəsində yırtıq və ya deşik varsa, həkim timpanoplastika adlanan cərrahi əməliyyatla qulaq pərdəsini bərpa edir.
Menyer xəstəliyinin müalicəsi. Bu zaman az duzlu qidalarla qidalanmaq, hətta mümkün qədər duzun istifadəsini dayandırmaq lazımdır. Bununla bərabər bədəndəki mayeni çıxartmaq üçün istifadə edilən sidikqovucu dərmanlar tinnitus və qulaqdakı təzyiq hissini azaldır.
Əgər menyer xəstəliyi şiddətli olarsa və simptomlar azalmazsa, həkim cərrahi müdaxilə edir. 
Çənə probleminin müalicəsi. Çənə problemlərindən yaranan ağrılar üçün gecə istifadə edilən diş lövhələri oynaqdakı təzyiqi azaltmaqla ağrını aradan qaldırır. Bununla bərabər ağrı şiddətli olarsa, çənə əzələlərini gücləndirmək üçün fiziki müalicə təyin olunur.
Stresə bağlı tinnitus müalicəsi. Yoqa, meditasiya və ya dərin nəfəs kimi texnikalar stresin tinnitusa təsirini azaltmaqla problemi aradan qaldırır.
Damar problemləri və hipertoniyanın müalicəsi. Yüksək qan təzyiqi səbəbiylə olan tinnitusun azaldılması üçün qan təzyiqi dərmanları istifadə edilir.
Damar tıxanmaları və ya anormallıq ciddi olduqda isə cərrahi yolla müalicəyə üz tuturuq.
Ototoksik dərmanların dəyişdirilməsi. Tinnitusa səbəb ola bilən ototoksik dərmanlar (məsələn, bəzi antibiotiklər və ya kimyaterapiya dərmanları) həkim nəzarəti altında alternativ dərmanlarla əvəz edilməlidir.
Eşitmə aparatları. Eşitmə zəifliyi olan insanlarda olan tinnitus eşitmə cihazları və ya xüsusi maskalama cihazları ilə aradan qalxır.
Şişlərin müalicəsi. Akustik neyroma da daxil olmaqla bütün bədxassəli və xoşxassəli şişlərin müalicəsində lazım gələrsə, cərrahi müdaxilə olunur. 
Hər bir xəstə üçün müalicə planı qulaqda cingilti və ağrının səbəbi və şiddətindən asılı olaraq təyin olunur. Ona görə cingiltili ağrı uzun müddət davam edərsə və ya getdikcə şiddətlənərsə, vaxtında müalicə olunmaq üçün həkimə müraciət etmək lazımdır.