Uşaqlarda qida allergiyası nədir?
Qida allergiyası uşağın orqanizminin bəzi qidalara qarşı mənfi immun reaksiya cavabıdır. Bu, immun sistemini əhatə etməyən qida dözümsüzlüyündən tamamilə fərqlidir. Qida allergiyasının şiddəti uşağa görə fərqli ola bilər, yüngül formada müşahidə oluna biləcəyi kimi, bəzən həyati təhlükə yarada biləcək dərəcədə də olur. Uşaqlarda ən geniş yayılmış qida allergiyaları aşağıdakılardır:
- Buğda
- Dəniz məhsulları
- Fındıq
- Soya
- Süd
- Quru meyvələr
- Yumurta
Uşaqlarda qida allergiyasının əlamətləri nələrdir?
Qida allergiyası uşağın tənəffüs, həzm və ürək-damar sisteminə, eləcə də dərisinə təsir göstərə bilər. Qida allergiyası olan uşaq həmin qidanı yedikdən bir neçə dəqiqə və ya bir neçə saat sonra aşağıdakı əlamətlərdən birini və ya bir neçəsini göstərə bilər. Qida allergiyasının ən çox rast gəlinən əlamətləri:
- Ağız və qulaq ətrafında qaşınma
- Ağızda dad dəyişimi
- Başgicəllənmə və ya halsızlıq
- Dəridə qırmızı və qaşınan səpgilər
- Dodaq, dil və ya üz şişməsi
- Asqırma
- Xırıltılı nəfəsalma
- İshal
- Qarın ağrısı
- Ekzema
- Qusma
- Ürəkbulanma
- Nəfəs darlığı, nəfəs almada çətinlik
- Öskürək
- Burun tutulması və ya burun axması
Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.
Uşaqlarda qida allergiyasının şiddətli halları hansılardır?
Anafilaksiya - ciddi allergik reaksiyadır və həyati təhlükə yarada bilər. Əlamətləri
aşağıdakılardır:
- Huşsuzluq, halsızlıq və ya çaşqınlıq hissi
- Şüurun itirilməsi
- Boğazın daralması və ya tıxanma hissi
- Ürəkbulanma, qusma və ya ishal
- Ürək döyüntüsünün sürətli və zəif olması
- Qan təzyiqinin qəfil enməsi və başgicəllənmə
- Nəfəs almaqda çətinlik, nəfəs darlığı və ya xırıltı
- Qıcolmalar
- Səsin batması və ya danışmaqda çətinlik
- Dərinin soyuq, nəm və ya göyərmiş olması
- Üz, dodaqlar, dil və boğazın şişməsi
Uşaqlarda allergiyaya səbəb olan qidalar hansılardır?
Uşaqlarda və körpələrdə qida allergiyası olduqda immun sistemi bu vəziyyətə həddindən artıq reaksiya verərək allergik simptomlar yaradır. Uşaqlarda ən çox allergiyaya səbəb olan qidalar bunlardır:
- Balıq və qabıqlı dəniz məhsulları
- Buğda
- İnək südü
- Soya
- Yer fıstığı və quru meyvələr (qoz, badam, püstə)
- Yumurta
Valideynləri ən çox düşündürən suallardan biridir. Əgər uşağınızda qida allergiyası şübhəsi varsa, həkim fiziki müayinə apararaq müxtəlif testlər tətbiq edəcəkdir. Bundan əlavə, allergik reaksiyalardan əvvəl qəbul edilən qidalar barədə detallı məlumat alacaq.
Diaqnozun dəqiqləşdirilməsi üçün aşağıdakı testlər istifadə olunur:
- Dəri testi (Prick Testi): Bu test qidalara, polenlərə və ya heyvan tüklərinə qarşı IgE antikorlarını ölçmək üçün aparılır. Sınaq zamanı allergenlər az miqdarda dəriyə tətbiq edilir. Əgər uşaq həmin allergenə həssasdırsa, 15 dəqiqə ərzində dəridə kiçik qabarıqlar meydana çıxır.
- Qan testi: Ən çox istifadə edilən qan testi RAST (radioallergosorbent testi) adlanır. Əgər dəri testləri mümkün deyilsə və ya əlavə təsdiqə ehtiyac duyulursa, qan testləri tətbiq edilir. Lakin test nəticəsinin müsbət çıxması həmişə allergiya olduğunu göstərmir. Nəticələr mütləq mütəxəssis tərəfindən qiymətləndirilməlidir.
Uşaqlarda və körpələrdə qida allergiyasının müalicəsi necə olur?
Müalicənin əsas məqsədi allergik reaksiyaya səbəb olan qidalardan uzaq durmaqdır. Uşaq bu qidaları və ya həmin qida qrupundakı oxşar ərzaqları yeməməlidir. Əgər körpənizə ana südü verirsinizsə, sizin də həmin qidalardan uzaq durmağınızın vacibliyini həkiminizlə müzakirə
etməlisiniz. Əgər uşağınız müəyyən qidaları yeyə bilmirsə, həkim tərəfindən vitamin və mineral əlavələri təyin edilə bilər. Şiddətli allergik reaksiyalara meyilli olan uşaqlar hər zaman actomatik injektor yanında olmalıdır. Bu ağır allergik reaksiyaların qarşısını almağa kömək edir.
Qida Allergiyası üçün dərman müalicəsi varmı?
Uşaqlarda və körpələrdə qida allergiyasını tamamilə aradan qaldıran və simptomların qarşısını alan xüsusi bir dərman yoxdur. Lakin İnteqrativ Tibb metodu ilə kompleks müalicə nəticəsində müsbət nəticələr əldə etmək mümkündür.
Uşaqlarda və körpələrdə qida allergiyasının izlənilməsi
Körpələrdə və daha böyük uşaqlarda müşahidə edilən allergik əlamətlər müntəzəm olaraq pediatr və həkim-allerqoloq tərəfindən izlənməlidir. İnək südü, buğda, soya və yumurta allergiyası altı yaşa qədər və ya məktəb yaşlarında yox ola bilər. Lakin qoz-fındıq kimi bəzi allergiyalar yeniyetmə dövründə də qalıb ömür boyu davam edə bilər.
Qida allergiyası olan uşaqlar üçün vacib şərtlər
- Həmişə epinefrin (adrenalin) avtomatik injektor daşımaq
- Allergiyanı göstərən bilərzik və ya kartı istifadə etmək
- Valideyn və uşağın qida seçimi mövzusunda məlumatlı olması
Uşaqlarda qida allergiyası müalicə olunayanda hansı fəsadlar verə bilir?
Uşaqlarda və körpələrdə qida alergiyası əlamətləri müalicə edilmədikdə, uşağın sağlam qidalanma rutini pozulur və inkişaf problemləri yaranır. Müalicə edilməyən qida allergiyası həmçinin ishal, qusma, iştahsızlıq, qarın ağrısı və qəbizliyə səbəb ola bilər. Dəri üzərində təsir edən allergiyalar da uşağın dəri problemləri yaşamasına və bununla yanaşı həyat keyfiyyətinin azalmasına yol açır. Qida allergiyası aşkarlanmadıqda və ya müalicəsi gecikdirildikdə anaflaktik şok baş verə bilər. Şübhəli qidanın qəbul edilməsi ilə yaranan anaflaktik şok nəticəsində uşaq bir neçə dəqiqə ərzində nəfəs ala bilməmək, şok, təzyiqin düşməsi, dəri və mədə-bağırsaq problemləri ilə üzləşə bilər.
Uşaqlıqda başlayan qida allergiyası sonrakı illərdə də davam edərmi?
“Qida allergiyası olan uşağın müalicəsi mütləqdirmi? Bu problem sonrakı illərdə də davam edərmi?”
İnək südü allergiyası kimi hallarda problem uşağın 1 yaşına çatdıqda 50-60%, 2 yaşına çatdıqda 70-75 %, 3 yaşından sonra isə 85 % yox olur. Yumurta allergiyası isə 5 yaşından sonra 55% aradan qalxır. Lakin çərəz, yer fıstığı, fındıq, dəniz məhsulları və balıq allergiyası müalicə edilsə belə, IgE allergiya testləri yüksək nəticəsi göstərsə, ömür boyu davam edə bilər.
Uşağımda qida allergiyasının qarşısını almaq üçün nə etməliyəm?
“Allergiyası olan uşaq hansı qidaları yeyə bilər? Nələrə diqqət etməliyəm?”
- Əgər südvermə dönəmindəsinizsə, həkiminiz sizə xəbərdarlıq etmədikcə, heç bir qidadan uzaq durmanız lazım deyil. Körpənizə 1 yaşına qədər yalnız mama və ya ana südü verin. 1 yaşına qədər tam yağlı süd verməyin.
- Körpənizə yumurtanı erkən vaxtlarda vermək, yumurta allergiyasının qarşısını ala bilər. Digər qidaların erkən verilməsi isə allergiyanın qarşısını almağa kömək etmir.
- Hər bir qida növü allergiya yaratma potensialına malikdir. Buna görə də, uşağınız tez-tez xəstələnirsə, xırıltılı tənəffüs edirsə, reflü, qəbizlik və ishal yaşayıbsa, dəri problemləri varsa, qida allergiyası olub-olmadığını bir mütəxəssis qiymətləndirməlidir. Belə bir hal varsa, mütləq həkim məsləhəti ilə müalicə tətbiq olunmalıdır.
- Qida allergiyası olan uşağınız üçün özünüz diaqnoz qoymamalı və mütəxəssis rəyi almadan qida rasionunda dəyişiklik etməməlisiniz.
- Uşağınızın qidalanmasında allergiya yaradan qidaların yerinə nə yeyə biləcəyini mütləq öyrənməlisiniz. Bu barədə də bir qidalanma və pəhriz (dietoloq-nutrisioloq) mütəxəssisindən yardım almalısınız.
- Hazır qida alarkən mütləq üzərindəki qeydləri oxumalısınız. Uşağımın qida allergiyası ilə yaşamasına necə yardımçı ola bilərəm? Qida allergiyası ilə yaşamaq, uşağınızın allergiyası olan qidaları ona verməmək deməkdir. Ailələr evlərində allergik qidalardan uzaq dura bilsələr də, evdən kənarda buna riayət etmək çətin ola bilər. Evdən kənarda yemək yeyərkən uşağınızın qida allergiyaları ilə mübarizə aparması üçün bəzi tövsiyələr:
- Yemək yeyəcəyiniz restoranda yeməklərdə hansı maddələrin olduğunu bilin. Restoran işçilərinə uşağınızın qida allergiyası haqqında əvvəlcədən məlumat verin. Sifariş vermədən əvvəl yeməyin necə hazırlandığını və içində nələrin olduğunu soruşun. Uşağınızın evdən kənarda qızarmış yeməklər yeməsinə icazə verməyin.
- Evdən kənarda yemək yedikdə başqa bir ipucu da yanınızda qida allergiyası kartı saxlamaqdır. Yemək sifarişindən əvvəl kartı restoran əməkdaşına verə bilərsiniz. Qida allergiyası kartı uşağınızın allergiyası olan xüsusi maddələr barədə məlumat verir. Bundan əlavə, yeməyi hazırlamaq üçün istifadə olunan bütün alətlər və avadanlıqların istifadə edilməzdən əvvəl dezinfeksiya olduğu barədə əlavə məlumatları da ehtiva edir. Bu kartları printer vasitəsilə asanlıqla çoxaltmaq mümkündür.
- Uşağınızın qida allergiyasını məktəbə mütləq bildirin. Uşağınızın epinefrin avtomatik injektorları hər zaman yanında olmalıdır.
Unutmayın, əgər övladınızda allergiyası varsa, mütləq həkim-pediatra və allerqoloqa müraciət edin.