Uşaqlarda qəbizlik nədir?
Qəbizlik həm körpələrdə, həm də uşaqlarda tez-tez rast gəlinən bir haldır. Qəbizlik sərt nəcis ifrazının çətin və fasilələrlə olmasıdır. Hər bir uşaqda bu tezlik fərqli ola bilər, lakin uşaqlarda 2 gündə 1 və ya gündə 2 dəfə nəcis ifrazı normal hesab edilir. Ana südü ilə qidalanan körpələrdə isə nəcis ifrazı daha tez-tez olur.
Körpə və uşaqlarda qəbizliyin səbəblərinin araşdırılması, qidalanma və həyat tərzində dəyişikliklər edilməsi müalicənin ilk addımıdır. Bu müddətdə uşağın tualet vərdişlərini nizamlamaq və yalnız həkim tərəfindən təyin olunmuş dərmanları istifadə etmək problemin həllində vacib şərtləndəndir.
Uşaqlarda qəbizliyin səbəbləri
"Uşaqlarda qəbizlik nədən yaranır?" sualı valideynləri ən çox maraqlandıran mövzulardan biridir. Uşaqlarda qəbizliyin ən geniş yayılmış səbəbləri arasında qidalanma rejimindəki dəyişikliklər yer alır. Sadə qəbizlik halları adətən ana südü ilə qidalanan uşaqlarda baş verir. Bu, ana südündən imtina edilib yeni qidalara keçid zamanı və uşağın bu qidalara uyğunlaşma prosesində müşahidə olunur. Bundan əlavə, eyni dövrdə başlanan tualet təlimi də qəbizliyə səbəb ola bilər. Nadir hallarda isə ana südü ilə yanaşı əlavə qidalar verilməsi də qəbizliyə gətirib çıxara bilər. Buna görə də, uşağın qidalanma rejimi üçün seçilən qidaların keyfiyyəti çox vacibdir.
Bununla yanaşı, uşağın fərdi orqanizmi də qəbizliyin yaranmasında rol oynayır. Eyni zamanda bəzi dərman preparatları da bu problemi yarada bilər. Qəbizlik bəzi xəstəliklərin əlaməti də ola bilər.
Körpələrdə qəbizliyin əsas səbəbləri:
- Ana südündən inək südünə keçid zamanı həddindən artıq inək südü istehlakı,
- Körpənin qəbul etdiyi süni qida tərkibinin dəyişdirilməsi,
- Ana südü ilə qidalanan dövrdə ananın qəbiz olması,
- Körpənin dəmir preparatları qəbul etməsi,
- Diş çıxarma dövründə düzgün olmayan qidalanma,
- Bərk qidalara keçid mərhələsi.
Uşaqlarda qəbizliyin əsas səbəbləri:
- Anal fissür (anus nahiyəsinin aşağı yerləşməsi nəticəsində yaranan çatlar),
- Həddindən artıq fast-food və zərərli qidaların istehlakı,
- Anadangəlmə bağırsaq problemləri (bağırsaq genişliyi və zəifliyi),
- Nəcis ifrazı zamanı ağrı hiss edildiyinə görə uşağın tualetə getməkdən çəkinməsi,
- Məktəb və sinif dəyişmək, valideynlər arasında olan problemlər kimi psixoloji faktorlar,
- Daimi olaraq lifsiz və karbohidratlı qidalarla qidalanma,
- Qalın bağırsaqda sinir sisteminin zəif inkişafı,
- Müəyyən dərman preparatlarının istifadəsi,
- Anusun darlığı,
- Oyun və ya başqa səbəblərlə uşağın tualet ehtiyacını gecikdirməsi,
- Maye və lifli qidalar əvəzinə bərk qidalarla qidalanma,
- Qalxanabənzər vəzin (troid) zəif işləməsi,
- Kifayət qədər su içməmək.
Körpələrdə qəbizliyin əlamətləri:
Bəzi körpələr gündə bir neçə dəfə nəcis ifraz edərkən, bəziləri üçün bu tezlik 2-3 gündən bir ola bilər. Bu halda valideynlərin panikaya düşməsinə ehtiyac yoxdur. Lakin uşağın nəcisinin sərt olması və ifraz zamanı çətinlik yaratması real qəbizlik vəziyyətini göstərə bilər. Körpələr bu hala ağlamaq, yuxusuzluq və ümumi narahatlıq kimi əlamətlərlə reaksiya verirlər. Bundan əlavə, anus bölgəsində çatlar və qarın ağrısı da müşahidə edilə bilər. Belə hallarda həkim körpəyə əlavə maye və ya bir qədər meyvə püresi təklif edir. Qəbizliyin davam etməsi, körpədə qusma və ya ürəkbulanma halları olduqda isə dərhal həkimə müraciət etmək lazımdır.
Uşaqlarda qəbizliyin əlamətləri:
- Bir neçə gün tualetə gedə bilməmək,
- Tualetdə çətinlik çəkmək və nəcis ifrazı zamanı ağrı hiss etmək,
- Sərt nəcis, qarın ağrısı və şişkinlik,
- Qan gəlməsi,
- İştahsızlıq,
- Nəcisin sızıntı səbəbilə alt paltarı çirkləndirməsi,
- Sərtləşmiş nəcis səbəbilə yeni və yumşaq nəcis ifrazının idarə olunmaması
- Narahat və əsəbi davranışlar,
- Tez-tez sidik yolu infeksiyalarının baş verməsi,
- Nəcisin sidik kisəsinə təzyiq etməsi nəticəsində sidik qaçırma halları.
Uşaqlarda qəbizlik uzun müddət davam edərsə, nə etmək lazımdır?
Övladım tez-tez qəbizlik yaşayır şikayəti valideynləri narahat edən problemlərdəndir. Əgər uşaqda qəbizlik davam edərsə və həkimin yazdığı dərmanlara cavab verməzsə, mütləq uşaq qastroenteroloquna müraciət edilməlidir. Bu mərhələdə qəbizliyin səbəbləri araşdırılır və müvafiq laborator analizlər aparılır.
Əgər uşaqda qəbizlik anal qanamalara səbəb olursa, nəcis ifrazı mümkünsüz hala gəlirsə və ya ishal atakları baş verirsə, daha dərin müayinələr tələb oluna bilər. Bunlar arasında rektoskopiya, rektal manometriya və kolonoskopiya kimi prosedurlar yer alır. Əgər qəbizlik ciddi problemlərə səbəb olursa, uşaq cərrahına müraciət edilməsi də vacibdir.
Uşaqlarda qəbizliyin diaqnozunun qoyulması
Uşaqlarda qəbizlik və onun müalicəsi üçün düzgün diaqnozun qoyulması çox vacibdir. Valideynlərin diqqət etməli olduğu ilk əlamət uşağın nəcis ifrazı zamanı çətinlik çəkməsi və ağrı hiss etməsidir. Bundan başqa, nəcis ifrazı arasındakı intervalların uzanması da qəbizlik əlamətlərindən biridir. Lakin özü tualetə gedə bilən uşaqlarda bu vəziyyət valideynlər tərəfindən gözardı edilə bilər.
Ən dəqiq diaqnozu təyin etmək üçün pediatr tərəfindən fiziki müayinə aparılır. Həkim müayinəsi zamanı uşağın tualet və qidalanma vərdişləri qiymətləndirilir və bunun əsasında diaqnoz qoyulur.
Uşaqlarda qəbizliyin müalicəsi necə aparılır?
Uzun müddət davam edən və ya yarımçıq müalicə edilən qəbizlik, uşağın anus bölgəsində çatlara səbəb ola bilər. Daha sonrakı dövrlərdə isə bu, genişlənmiş damarların meydana çıxmasına gətirib çıxarır. Əgər qəbizlik tam müalicə edilməzsə, uşağın böyüdükdə babasil (hemoroid) problemi yaşamaq riski artır.
Uzunmüddətli qəbizlik bağırsaqların normal işləmə mexanizmini poza bilər. Bu vəziyyət ağır hallarda nəcis qaçırma və nəcis saxlaya bilməmə kimi ciddi problemlərlə nəticələnər. Buna görə də müalicənin ilk mərhələsində əldə olunan nəticələr əsasında terapiya birdən-birə dayandırılmamalı, qəbizliyin təkrarlanmasının qarşısını almaq üçün müalicə davam etdirilməlidir.
Müalicə zamanı qəbizliyin dərəcəsi nəzərə alınaraq həkim tərəfindən nəcis yumşaldıcı təsirə malik dərmanlar təyin edilə bilər. Əgər uşağın anus nahiyəsində çat varsa, onun müalicəsi aparılır və tam sağalma təmin edilənə qədər terapiya davam etdirilir.
Uşaqlarda qəbizlik necə aradan qaldırılır?
Uşaqlarda qəbizlik müalicəsi mütləq şəkildə düzgün qidalanma ilə dəstəklənməlidir. Bu müddətdə aşağıdakı qidaların verilməsindən çəkinmək lazımdır:
- Banan, kök, alma,
- Həddindən artıq inək südü,
- Çay, kola və qazlı içkilər.
Qəbizliyin yaratdığı problemlərin müalicəsi necə aparılır?
Qəbizlik uşaqlarda anal çat (anal fissür), düz bağırsaq sallanması (rektal prolaps) və nəcis qaçırma kimi problemlərə səbəb ola bilər. Bu halların müalicəsi vəziyyətin ağırlıq dərəcəsinə görə dəyişir.
Anal fissürün (anal çat) müalicəsi
- Qəbizlik müalicə olunmalıdır ki, çatın yenidən yaranmasının qarşısı alınsın.
- İlıq oturma vannaları (gündə 2-3 dəfə, 10-15 dəqiqə) ağrını azalda bilər.
- Həkim tərəfindən tövsiyə edilən ağrıkəsici və nəmləndirici kremlər istifadə olunmalıdır.
Düz bağırsaq sallanmasının (rektal prolaps) müalicəsi
- Həkim tərəfindən rektum manual (əllə) yerinə qaytarıla bilər.
- Bağırsaq hərəkətlərini tənzimləmək üçün xüsusi dərmanlar və ya həkim tövsiyəsi ilə gliserin şamı istifadə edilə bilər.
- Qəbizlik müalicə olunmazsa, problem təkrarlana bilər.
- Nəcis yumşaldıcı dərmanlar həkim nəzarətində verilə bilər.
- Uşağa qəbizlik və nəcis qaçırma ilə bağlı cəza vermək əvəzinə, müsbət motivasiya tətbiq edilməlidir.
- Lifli qidalarla zəngin qidalanma təmin edilməlidir.
- Uşaq gündə kifayət qədər su içməlidir.
- Bol meyvə-tərəvəz yeyilməsi tövsiyə olunur.
- Sağlam tualet vərdişi qazandırılmalıdır (müntəzəm tualet vaxtları müəyyən edilməlidir).
Uşaqlarda qəbizliyin təbbi yolla aradan qaldırılması
Əgər qəbizlik üçün təbii həll yolları axtarırsınızsa, aşağıdakı qidalar faydalı ola bilər:
- Quru ərik və təzə ərik,
- Quru və təzə gavalı,
- Yulaf,
- Əncir,
- Razyana çayı,
- Armud,
- Ağ kələm,
- Zeytun yağı,
- Kəvər
- Limonlu qatıq.
Bu qidalar uşağın bağırsaq hərəkətlərini stimullaşdıraraq qəbizlik probleminin azalmasına kömək edə bilər.