Həkim qəbuluna yazıl

Canlı çat

Bel Ağrısına Səbəb Nədir? Aşağı Bel Ağrısı Üçün Nə Edilir?

Bel Ağrısına Səbəb Nədir? Aşağı Bel Ağrısı Üçün Nə Edilir?

Bel ağrısı, bir çox insanın qarşılaşdığı ümumi sağlamlıq problemidir. Gündəlik həyat fəaliyyətlərimizə təsir edən bu ağrılar sadə əzələ gərginliyindən ciddi onurğa problemlərinə qədər bir çox fərqli səbəblə yarana bilər. 

Bu yazıda bel ağrılarının səbəblərindən, xüsusilə bel ağrısına səbəb olan faktorlardan və bu ağrıları aradan qaldırmaq üçün tətbiq oluna biləcək üsullardan bəhs edəcəyik.

Bel ağrısının hansı növləri var?

Bel nahiyəsində yaranan ağrıların müxtəlif növləri var, o cümlədən:

Aşağı bel ağrısı. Bu, belin aşağı hissəsində, ombanın yuxarı hissəsində hiss olunan ağrıdır. Adətən ağır yük qaldırma, yanlış duruş və ya qəfil hərəkətlər nəticəsində yaranır. Eyni zamanda yırtıq disklər, əzələ gərginliyi və ya artrit də bu cür ağrıya səbəb ola bilər.

Yuxarı bel ağrısı. Bu, belin yuxarı hissəsində, qabırğaların bir az altında hiss edilən ağrıdır. Bu tip ağrılara daha az rast gəlinir və adətən zəif duruş, onurğa problemləri və ya əzələ gərginliyi səbəbindən yaranır.

Kəskin ağrılar. Birdən başlayan və adətən bir neçə gün və ya həftə davam edən ağrıdır. Adətən əzələ gərginliyi, birləşdirici toxuma xəsarətləri və ya disk problemləri səbəbindən baş verir.

Xroniki ağrılar. Üç aydan çox davam edən ağrıdır. Belin xroniki ağrılarına uzun müddətli əzələ gərginliyi, degenerativ disk xəstəlikləri və ya xroniki sağlamlıq problemləri kimi səbəblər səbəb ola bilər.

Mexanik ağrı. Bədənin hərəkəti və ya duruşu ilə əlaqəli ağrıdır. Adətən onurğada, əzələlərdə, bağlarda və ya digər yumşaq toxumalarda anormalliklər səbəb olur. Bu tip ağrılar adətən istirahət edərkən yox olur.

Radikulyar ağrı. Onurğa beynindən çıxan sinir köklərinin sıxılması və ya qıcıqlanması nəticəsində yaranan ağrıdır. Bu növ ağrı sinir boyunca yayıla və ayaqlara və ya qollara keçə bilər. 

Neyropatik ağrı. Sinir sisteminin zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan ağrıdır. Adətən yanma, qıcıqlanma və ya elektrik şoku kimi hiss olunur. Sinir sıxılması və ya sinir xəsarətləri bu növ ağrıya səbəbdir.

İltihabi bel ağrısı. Bədəndə iltihab nəticəsində yaranan ağrıdır. Romatoid artrit və ya ankilozan spondilit kimi autoimmun xəstəliklər bu növ ağrıya səbəb ola bilər.

Viseral bel ağrısı. Daxili orqanlardan qaynaqlanan və arxaya əks olunan ağrıdır. Böyrək daşları, pankreatit və ya ürək xəstəlikləri kimi vəziyyətlər bu növ ağrıya səbəb ola bilər.

Bu ağrı növlərinin hər biri fərqli müalicə və idarəetmə tələb edir. Ona görə də ağrının qarşısını almaq üçün həkimə müraciət etmək və ağrının səbəbilə növünü müəyyənləşdirmək lazımdır. 

Aşağı bel ağrısının səbəbləri nələrdir?

Aşağı bel nahiyəsində olan ağrıların bir çox səbəbləri ola bilər, o cümlədən:

Əzələ və birləşdirici toxuma zədələri. Əzələ gərginliyi və birləşdirici toxumaların uzanması və ya yırtılması bel nahiyəsində ağrıya səbəb ola bilər. Ağır qaldırma, qəfil hərəkətlər, yanlış duruş və ya təkrarlanan fiziki fəaliyyətlər əzələlərin və birləşdirici toxumaların zədələnməsinə səbəb olmaqla beldə ağrılar yaradır. 

Disk problemləri.
Disk yırtığı (yırtıq) və degenerativ disk xəstəliyi sözü gedən ağrıların ümumi səbəblərindəndir. Fəqərələr arasında disklərin sürüşməsi və ya yırtılması sinir köklərinə təzyiq göstərərək ağrıya səbəb ola bilər. Degenerativ disk xəstəliyində isə disklər zamanla köhnəlir və ağrıya səbəb olur. 

Onurğa problemləri. Onurğanın stenozu və spondilolistezi onurğanın struktur problemləridir. Onurğa stenozu, onurğa kanalının daralması nəticəsində sinirlərin sıxılması ilə xarakterizə olunur ki, bu da bel nahiyəsində ağrılar yaradan səbəbdir.

Spondilolistez, bir fəqərənin digərinin üzərində sürüşməsi vəziyyətidir. Bu struktur problemlər uzunmüddətli ağrı və məhdud hərəkətə səbəb olur.

Artrit. Osteoartrit və ankilozan spondilit kimi artrit növləri bel fəqərələrində və ətraf oynaqlarda iltihab və ağrıya səbəb ola bilər. Osteoartrit, oynaq qığırdaqlarının aşınması nəticəsində bel nahiyəsində ağrı və sərtliyə səbəb olur.

Ankilozan spondilit isə onurğanın xroniki iltihabi xəstəliyidir və hərəkətin məhdudlaşdırılmasına, həmçinin beldə ağrılara səbəb ola bilər.

Sınıqlar və travmalar. Yıxılmaq, zədələnmələr və ya osteoporoz kimi şərtlər nəticəsində yaranan onurğa sınıqları beldə yaranan ağrıların ciddi səbəbləridir.

Eyni zamanda idman yaralanmaları və ya yol qəzaları da bel travmasına səbəb ola bilər. Belə vəziyyətlər təcili tibbi yardım tələb edir və bərpa prosesi uzun ola bilər.

Struktur problemlər. Skolioz və lordoz kimi onurğanın struktur pozğunluqları da sözü gedən ağrıların səbəbləri arasındadır. Skolioz onurğanın yana doğru əyilməsi ilə xarakterizə olunur, lordoz isə belin normaldan daha çox içəriyə doğru əyilməsidir. Bu struktur problemləri adətən erkən yaşlarda aşkarlanıb müalicə olunarsa, ağrıların qarşısı alına bilər.

İnfeksiyalar. Osteomielit və diskit kimi onurğa sümüklərinin və disklərinin infeksiyaları aşağı bel nahiyəsində şiddətli ağrı və narahatlığa səbəb ola bilir.

Digər səbəblər. Piylənmə, hamiləlik və stres kimi faktorlar da belin aşağı hissəsində ağrılara səbəb ola bilər. Həddindən artıq çəki belə əlavə yük verməklə ağrıya səbəb olur. Hamiləlik dövründə artan bədən çəkisi və hormonal dəyişikliklər, stres və psixoloji amillər isə əzələdə gərginlik yaratmaqla ağrıya səbəbdir.

Həyat tərzi faktorları. Oturaq həyat tərzi və pis duruş vərdişləri bel nahiyəsində ağrılara səbəb olur. Eyni zamanda uzun müddət hərəkətsizlik zəif əzələ tonusuna, pis oturmaq və ayaq üstə durma vərdişləri də beldə gərginlik yaratmaqla ağrıya səbəb olur.

Genetik faktorlar. Ailənin anamnezi bel ağrısına həssaslıqda mühüm rol oynaya bilər. Genetik faktorlar bəzi fərdlərin müəyyən onurğa problemlərinə və ya artrit növlərinə daha çox meylli olmasına səbəb ola bilər. 

Belə vəziyyətlər erkən diaqnoz və profilaktik tədbirlərlə idarə oluna bilər.

Aşağı bel ağrısının qarşısını almaq üçün nə edə bilərəm?

Bu ağrıları aradan qaldırmaq üçün edə biləcəyinin addımlara aşağıdakılar daxildir:

Müntəzəm olaraq məşq edin. Daimi məşq bel və qarın əzələlərini gücləndirərək bel nahiyəsində yaranan ağrıların qarşısını alır. Güclü əzələlər onurğa sütununu daha yaxşı dəstəkləyir və zədə riskini azaldır. Xüsusilə bel və qarın əzələlərini hədəf alan gücləndirici məşqlər etmək vacibdir. Bundan əlavə, dartınma hərəkətləri əzələləri çevik saxlayır və ani hərəkətlərdə zədə riskini azaldır.

Düzgün qaldırma üsullarından istifadə edin. Ağır əşyaları qaldırarkən dizlərinizi bükün və belinizi düz tutun. Bu, belinizə yükü azaldır və əzilmə, yaralanma riskini azaldır. Yükü bədəninizə yaxın tutaraq qaldırın və beldən əyilməkdənsə ayaqlarınızı hərəkət etdirərək əyilin.  Bu sadə üsullar əzələlərin və birləşdirici toxumaların həddindən artıq yüklənməsinin qarşısını alır.

Duruşunuzu düzəldin. Düzgün duruş aşağı bel ağrısının qarşısını almağın ən təsirli yollarından biridir. Oturarkən, stulunuzun bel dəstəyinin olduğundan əmin olun və dik oturun. Eyni zamanda kompüterdən istifadə edərkən ekranı göz səviyyəsində saxlayın və klaviaturanı erqonomik şəkildə yerləşdirin. Dayanarkən ağırlığınızı hər iki ayağınıza bərabər paylayın və uzun müddət eyni formadan oturmayın, tez-tez mövqe dəyişin.

Sağlam çəki saxlayın. Həddindən artıq çəki belə əlavə gərginlik yaradır və ağrıya səbəb olur. Sağlam və balanslı qidalanma ilə çəkini normada saxlamaq, fiziki fəaliyyətlə məşğul olmaq həm belinizin, həm də ümumi sağlamlığınız üçün vacibdir.

Stresi idarə edin. Stres əzələ gərginliyinə səbəb olmaqla beldə ağrılar yaradır. Yoqa, meditasiya və ya dərin nəfəs məşqləri kimi istirahət üsullarını sınayaraq stresi idarə edə bilərsiniz. Eyni zamanda hobbi və fəaliyyətlərlə məşğul olmaq da stresi azaldıb aşağı bel nahiyəsindəki ağrıların qarşısını almağınız mümkündür.

Düzgün yuxu modeli. Düzgün döşək və yastıq seçmək onurğa sütununu dəstəkləyir və ağrıların qarşısını alır. Ona görə də onurğanızı neytral vəziyyətdə saxlayan döşək və yastıqdan istifadə edin. 

Ayaqqabı seçiminizdə diqqətli olun.
Uyğun və rahat ayaqqabı geyinmək belinizi dəstəkləyir. Hündürdaban ayaqqabılarda uzun müddət qalmaq belə əlavə gərginlik verməklə ağrılar yaradır.  Bu səbəbdən də uzun müddət hündürdaban ayaqqabı geyinməkdən çəkinin və ortopedik dəstək verən ayaqqabıları seçin.

Siqareti buraxmaq. Siqaret çəkmək onurğada olan disklərin qidalanmasına mənfi təsir edir və aşağı bel bölgəsində ağrılara səbəb ola bilər. 
Siqareti tərgitmək təkcə bel sağlamlığınızı deyil, həm də ümumi sağlamlığınızı yaxşılaşdırır.

Bu üsullar belin aşağı hissəsindəki ağrıların qarşısını almağın ümumi yollarıdır. Ancaq hər kəsin bədən quruluşu, ağrıların yaranmasına səbəb olan amilləri fərqlidir və dəqiq müalicə üçün müayinə mütləqdir.  Aşağı bel ağrısı şiddətli və davamlı olarsa, xüsusilə ayaqlarda qəfil və dözülməz ağrı, zəiflik və ya uyuşma kimi əlamətlər baş verərsə, təcili müdaxiləyə ehtiyac ola bilər və həkimə müraciət edilməldir. 

Həkim ağrının səbəbini təyin edərək sizə uyğun müalicə planı hazırlayıb ağrını və onu yaradan səbəbi aradan qaldırmağa kömək edəcək.  
Müalicədə İnteqrativ Tibbin müalicə üsulları xəstəliyin inkişafının qarşısını alır və bərpanı əldə etməyə kömək edir.

Bel Ağrısı ilə Bağlı Soruşulan Suallar


Bel ağrısı üçün ne etmeli?


Bel ağrısı üçün ne etmeli sualının cavabı ilk növbədə ağrının səbəbinə görə dəyişir. Əgər ağrı əzələ gərginliyi ilə əlaqəlidirsə, istirahət, istilik tətbiqi və yüngül dartınma hərəkətləri faydalı ola bilər. Ağrı davamlıdırsa və sinir sıxılması ehtimalı varsa, həkimə müraciət edilməlidir. İnteqrativ tibbi yanaşmalar da uzunmüddətli rahatlama təmin edə bilər.


Bel agrisi zamanı gündəlik fəaliyyətləri necə tənzimləmək lazımdır?


Bel agrisi olan zaman bədənə artıq yük verməmək üçün fəaliyyətlərə diqqət yetirilməlidir. Ağırlıq qaldırmaqdan çəkinmək, erqonomik oturuş təmin etmək və tez-tez mövqe dəyişmək vacibdir. Eyni zamanda bel və qarın əzələlərini gücləndirən yüngül məşqlər də ağrının azalmasına kömək edə bilər.


Omurganin asagi hissesinde agri nədən yaranır?


Omurganin asagi hissesinde agri adətən əzələ zədəsi, disk yırtığı, duruş pozuntusu və ya iltihabi xəstəliklər səbəbilə ortaya çıxır. Əgər ağrı sinirə təzyiq göstərən səbəbdəndirsə, ayaqlarda keylik və zəiflik də müşahidə oluna bilər. Bu simptomlar varsa, mütləq həkimlə məsləhətləşmək lazımdır.


Bel ağrısı üçün hərəkətlər nədir və necə tətbiq olunur?


Bel ağrısı üçün hərəkətlər əsasən bel və qarın əzələlərini gücləndirməyə yönəlik olmalıdır. Körpü hərəkəti, diz sinəyə dartma və pişik-inək pozası kimi sadə hərəkətlər əzələləri rahatlaşdırır və ağrının qarşısını alır. Hərəkətlər həkim və ya fizioterapevtin məsləhəti ilə tətbiq olunmalıdır.


Belde olan agrilarin sebebi necə təyin olunur?


Belde olan agrilarin sebebi həkim tərəfindən fiziki müayinə, rentgen, MRT və digər görüntüləmə üsulları ilə müəyyən edilir. Ağrının kəskin və ya xroniki olmasına görə səbəblər dəyişə bilər. Doğru diaqnoz ağrının effektiv müalicəsi üçün əsasdır.