Uşaqlarda əsəbilik indiki dövrdə valideynlər üçün ən vacib problemlərdən birinə çevrilib. Valideynlərin gündəlik həyatda ən çox qarşılaşdığı və bəzən həllində ən çox çarəsiz qaldığı problemlərdən biri uşaqlarda görülən səbəbsiz əsəb, aqressiya və bitməyən ağlama krizləridir. Çox vaxt "uşaqdır, böyüyəndə keçər" və ya "xasiyyəti belədir" deyilərək üstündən keçilən bu vəziyyət, əslində uşağın kiçik dünyasında başa çıxa bilmədiyi böyük bir problemin xəbərdarçı siqnalı ola bilər. Qəzəb də sevinc kimi təbii bir duyğudur, lakin bu duyğu xroniki hala keçdikdə həm uşağın, həm də ailənin həyat keyfiyyətini kəskin şəkildə aşağı salır. Bəs uşaqlarda əsəbilik və aqressiyanın kökündə nə dayanır və bu problemi sağlam yollarla necə həll etmək olar?
Uşaqlarda əsəbilik (aqressiya) nədir?
Uşaqlarda əsəbilik, uşağın öz duyğularını, istəklərini və ehtiyaclarını doğru şəkildə ifadə edə bilməməsi nəticəsində yaranan mənfi bir partlayış reaksiyasıdır. Xüsusilə kiçik yaşlı uşaqların söz ehtiyatı və emosional zəkası hələ tam formalaşmadığı üçün, onlar daxili sıxıntılarını qışqıraraq, ağlayaraq, ətrafa əşyalar ataraq və ya vuraraq göstərirlər. Əgər bir uşaq daim gərgin, narazı və kiçik səbəblərdən krizlər keçirirsə, bu, artıq sadə bir kapriz deyil, incələnməsi gərəkən psixo-emosional və ya bioloji bir vəziyyətdir.
Uşaqlarda əsəbilik niyə yaranır?
Uşaq aqressiyası və əsəbiliyinin yaranmasının tək bir səbəbi yoxdur. Bu, çox vaxt bir neçə faktorun (ailədaxili, psixoloji və bioloji) bir araya gəlməsindən qaynaqlanır.
1. Psixoloji və Ailədaxili səbəblər
Diqqət əskikliyi: Uşaqlar valideynlərindən kifayət qədər müsbət diqqət və sevgi görmədikdə, mənfi davranışlarla (əsəbiləşərək, problem yaradaraq) bu diqqəti çəkməyə çalışırlar. Çünki uşaq üçün cəzalandırılmaq belə görməzdən gəlinməkdən daha yaxşıdır.
Ailədaxili münaqişələr: Evdəki gərgin atmosfer, valideynlərin tez-tez mübahisə etməsi, boşanma prosesi uşağın özünü güvənsiz hiss etməsinə və daxili qorxularını aqressiya ilə xaricə vurmasına səbəb olur.
Yeni bacı və ya qardaşın doğulması: "Taxtdan salınma" qorxusu uşaqlarda şiddətli qısqanclıq və əsəb krizləri yaradır.
Yanlış rol modelləri: Əgər valideynlər özləri stress anında qışqırır və əşyaları çırpırlarsa, uşaq bunu normal bir reaksiya kimi kopyalayır.
2. Bioloji və Fizioloji səbəblər
Yuxu və Qidalanma rejimi: Kifayət qədər yatmayan, yuxu keyfiyyəti pozulmuş uşaqlar gün ərzində aşırı həssas və əsəbi olurlar. Həmçinin, uzunmüddətli aclıq (qan şəkərinin düşməsi) birbaşa aqressiya yaradır.
Vitamin və Mineral çatışmazlığı: Uşaq orqanizmində Maqnezium, D vitamini, B qrupu vitaminləri və Dəmirin əskikliyi sinir sisteminin gərginləşməsinə və hiperaktivliyə səbəb olan əsas bioloji faktorlardır.
Xroniki xəstəliklər və ağrılar: Uşağın dilə gətirə bilmədiyi xroniki qulaq ağrısı, qarın ağrısı və ya allergiyalar daimi diskomfort yaradaraq onu əsəbi edir.
3. Rəqəmsal asılılıq (Texnologiya)
Günümüzdə uşaq əsəbiliyinin ən böyük səbəbkarı uzunmüddətli ekran vaxtıdır (planşet, telefon, televizor). Rəngarəng, sürətli animasiyalar və oyunlar uşağın beynində qısa müddətdə yüksək miqdarda dofamin ifraz edir. Cihaz uşağın əlindən alındıqda isə dofamin səviyyəsi kəskin düşür, bu da narkotik asılılığındakı kimi şiddətli əsəb, ağlama krizi və aqressiya ilə nəticələnir.
Yaş dövrlərinə görə krizis mərhələləri
Uşaqlarda bəzi dövrlərdə görülən əsəbilik əslində inkişafın təbii bir parçasıdır:
2 Yaş krizisi (İnadkarlıq dövrü): Uşaq mənlik şüurunu kəşf edir və hər şeyə "yox" deyərək öz müstəqilliyini (və ya sərhədlərini) yoxlayır.
Məktəbəqədər dövr (3-5 yaş): Sosiallaşma qorxusu, bağçaya adaptasiya problemləri özünü gərginliklə büruzə verir.
Yeniyetməlik dövrü (12+ yaş): Ciddi hormonal dalğalanmalar, kimlik axtarışı və bədəndəki fiziki dəyişikliklər uşağı həm əsəbi, həm də içinə qapanıq edə bilir.
Əsəbi uşaqla necə davranmalı? (Valideynlərə məsləhətlər)
Uşağın qəzəbini yatırmağın ən pis yolu ona qəzəblə cavab verməkdir. Qışqıran uşağa qışqırmaq, sadəcə alova benzin tökməkdir:
Sakitliyinizi qoruyun: Uşaq kriz keçirəndə siz dərin nəfəs alın və səsinizi yüksəltməyin. Sizin sakitliyiniz bir müddət sonra ona da sirayət edəcək.
Duyğusunu təsdiqləyin: Uşağa "Niyə ağlayırsan, sus!" demək əvəzinə, "Hal-hazırda çox qəzəbli olduğunu və o oyuncağı istədiyini bilirəm, səni anlaıyıram" deyərək duyğusuna güzgü tutun.
Fiziki təmas (Qucaqlamaq): Qəzəb krizi zamanı uşağın göz səviyyəsinə əyilin, mümkünsə ona toxunun və qucaqlayın. Qucaqlamaq bədəndə oksitosin (sakitləşdirici hormon) ifrazını artırır.
Qaydaları və sərhədləri qoruyun: Uşaq ağladığı üçün qoyduğunuz qadağanı (məsələn, telefonu geri verməyi) pozmayın. Əgər ağladığı zaman istədiyini əldə etdiyini görərsə, əsəbiliyi bir silaha çevirəcək.
Uşaqlarda əsəbilik necə müalicə edilir?
Uşaqlarda psixoloji dəstək ehtiyacı yarandıqda əsasən Oyun terapiyası, Nağıl terapiyası və Qum terapiyası kimi psixoloji alətlərdən istifadə olunur. Uşaq böyüklər kimi oturub dərdini danışa bilmir; o, problemlərini və daxili qorxularını oyun qurarkən, oyuncaqları sındırarkən və ya şəkil çəkərkən xaricə vurur. Mütəxəssis psixoloq uşağın dilini bu oyunlar vasitəsilə tapır və qəzəbini sağlam yollarla boşaltmasına kömək edir. Həmçinin, problemin ailədaxili dinamikadan qaynaqlandığı hallarda Ailə terapiyası tətbiq olunur.
Uşaqlarda aqressiyanın idarə edilməsində İnteqrativ Təbabətin rolu
Əgər uşaqda əsəbilik psixoloji terapiyalara rəğmən davam edirsə, o zaman problemin kökündə güclü bioloji faktorlar dayanır. Müasir İnteqrativ Təbabət (Bioloji Təbabət) uşaq psixologiyası ilə uşaq orqanizminin fiziki sağlamlığını bir bütöv kimi dəyərləndirir:
Bağırsaq-Beyin Oxu və Mikrobiom: Tibb elmi artıq qəbul edir ki, bağırsaqlarımız "ikinci beynimizdir". Bizi və uşaqlarımızı xoşbəxt, sakit hiss etdirən serotonin hormonunun 90%-i bağırsaqlarda sintez olunur. Uşağın rasionunda həddindən artıq şəkər, rəngləndiricilər, paketlənmiş qidalar (şokolad, cipsi) olduqda və ya o, tez-tez antibiotik qəbul etdikdə bağırsaq florası məhv olur. Pozulmuş mikrobiom isə birbaşa mərkəzi sinir sistemini qıcıqlandıraraq uşağı hiperaktiv və aqressiv edir. İnteqrativ təbabət fərdi pəhriz və xüsusi probiyotiklərlə ilk növbədə bu floranı bərpa edir.
Qidalanma tərzinin dəyişdirilməsi: Rəngləndiricilər, süni dadlandırıcılar və həddindən artıq şəkər qəbulu qanda şəkərin ani dalğalanmasına səbəb olur ki, bu da uşağın enerji patlaması və ardınca şiddətli aqressiya (kriz) yaşaması ilə nəticələnir.
Osteopatiya: Bir çox uşaqlarda hiperaktivlik və səbəbsiz qəzəb, əslində ana bətnində və ya doğuş zamanı boyun, kəllə sümükləri və onurğada yaranmış mikrotravmalar (Kranio-sakral blokadalar) səbəbindən yaranır. Osteopat həkim toxunuşlarla bu blokadaları açaraq sinir sistemindəki sıxılmanı və daxili gərginliyi aradan qaldırır, beyin qan dövranını tənzimləyir.
Biotənzimləyici Terapiya: Kimyəvi sakitləşdirici və yuxu dərmanları uşaq orqanizmi üçün zərərlidir. İnteqrativ tibb, təbii (bitki və mineral mənşəli) preparatlarla sinir hüceyrələrini qidalandırır, yuxu rejimini və uşağın emosional fonunu tamamilə orqanik şəkildə bərpa edir.
Uşağınızın əsəbiliyi sizi qorxutmamalıdır. Bu, onlara necə dəstək ola biləcəyinizi anlamağınız üçün sadəcə bir fürsətdir. Düzgün psixoloji yanaşma və sağlam bioloji bədən ilə yetişən hər bir uşaq gələcəkdə duyğularını idarə etməyi bacaran güclü bir fərdə çevrilir.