Qulaq Ağrısı Niyə Olur? Qulaq Ağrısı Müalicə ilə Keçir?

Qulaq Ağrısı Niyə Olur? Qulaq Ağrısı Müalicə ilə Keçir?

Qulaq ağrısı bir çox insanın həyatında ən azı bir dəfə qarşılaşdığı ümumi sağlamlıq problemidir. Uşaq, böyük və yaşlılar da daxil olmaqla bütün yaş qruplarında görülə bilən bu pozğunluq gündəlik həyatı təsir etməsilə bərabər, həm də ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. 
Bu ağrılar xarici, orta və ya daxili qulaqda hiss edilir və bəzən baş, boğaz və ya çənə bölgəsində yayılan ağrıya səbəb olur. 

Qulaq ağrısının səbəbləri nələrdir?

Qulaq ağrısının ən çox görülən səbəbləri bunlardır:
  • Orta qulaq iltihabı (otitis media)
  • Xarici qulağın iltihabı (otitis externa)
  • Qulaq kiri yığılması
  • Xarici cisimlər
  • Barotravma
  • Yevstax borusu disfunksiyası
  • Çənə oynağındakı problemlər
  • Diş problemləri
  • Boğaz İnfeksiyaları
  • Sinüzit
Orta qulaq iltihabı (otitis media). Otitis media orta qulaqda maye yığılması və infeksiya nəticəsində baş verir. Adətən uşaqlarda olan bu vəziyyət yuxarı tənəffüs yollarının infeksiyaları ilə əlaqəlidir və ağrılara səbəb olur. 

Xarici qulaqın iltihabı (otitis externa). Bu vəziyyət su qulaq kanalında yığıldığı zaman meydana gəldiyi üçün tez-tez "üzgüçü qulağı" adlanır. Qulaqda olan bu iltihab qaşınma, qızartı və ağrıya səbəb ola bilər.

Qulaq kiri yığılması. Qulaq kanalında yığılan və sərtləşən qulaq çirki qulaqda tıxanıqlığa və ağrıya səbəb ola bilər. Bu zaman ağrı ilə bərabər eşitmə itkisi və qulaqda dolğunluq hissi də müşahidə olunur.

Xarici cisimlər. Xüsusilə uşaqlarda kiçik cisimlərin qulaq kanalına daxil olması adi haldır. Bu, qulaqda ani və şiddətli ağrıların olmasına səbəb olur.

Barotravma. Təyyarə səyahəti və ya suya dalan zaman ani təzyiq dəyişiklikləri qulaq pərdəsinə zərər verə bilər. Bu vəziyyətlər qulaq ağrısı, dolğunluq hissi və müvəqqəti eşitmə itkisilə nəticələnir.

Yevstax borusu disfunksiyası. Eustachian borusu orta qulağı burnun arxasına bağlayan kanaldır. Bu boru düzgün işləməsə, təzyiq balansı pozula və qulaq ağrısı yarana bilər.

Çənə oynağındakı problemlər. Çənə oynağı pozğunluqları qulağa yaxın əzələlərə və sinirlərə təsir edərək qulaq ağrısına səbəb ola bilər. Bu vəziyyət adətən çənə hərəkətləri ilə artan ağrı, çeynəmə çətinliyi və çənənin kilidlənməsi kimi əlamətlərlə özünü göstərir.

Diş problemləri. Dişin iltihabı və ya diş çürüməsi qulaq nahiyəsində ağrılar yaradır və çənə hərəkət edərkən ağrı daha da artır. 

Boğaz İnfeksiyaları. Boğaz və qulaq eyni sinir şəbəkəsindən qidalandığına görə tonzillit və ya faringit kimi boğaz infeksiyaları bu ağrılara səbəb ola bilər.

Sinüzit. Sinus infeksiyaları qulaq ətrafında təzyiq və ağrıya səbəb olur.

Bu səbəblərlə bərabər ağrılar bəzən bu ciddi sağlamlıq problemlərinin əlaməti də ola bilər. Buna görə də uzun müddət və ya şiddətli ağrı varsa, həkimə müaciət etməyiniz vacibdir. 

Qulaq ağrısı hansı ciddi xəstəliklərin əlaməti ola bilər?

Uzun müddət davam edən, şiddətli olan və getdikcə artan ağrı varsa, bu xəstəliklərdən şübhələnmək olar: 

Meningit. Meningit beyin və onurğa beynini əhatə edən membranların iltihabıdır. Meningitin əsas simptomlarından biri qulaqda olan ağrılardır. Bu zaman ağrı yüksək hərarət, şiddətli baş ağrısı, boyun sərtliyi və işığa həssaslıq kimi simptomlarla birlikdə görünür.

Qulaq şişləri.
Həm yaxşı, həm də bədxassəli şişlərin simptomları arasında ağrılar əsas yer tutur. Bu zaman ağrı eşitmə itkisi, qulaqda dolğunluq hissi və balanssızlıq kimi simptomlarla birlikdə olur.

İnfarkt. İnfarkt zamanı adətən sol qulaqda və çənədə ağrı hiss olunur. Bu ağrı ilə bərabər sinə ağrısı, nəfəs darlığı, tərləmə və ürəkbulanma kimi digər simptomlar da varsa, mütləq həkimə müraciət olunmalıdır.

Trigeminal nevralgiya.
Trigeminal nevralgiya üz nahiyəsində trigeminal sinirdə şiddətli ağrıya səbəb olan bir xəstəlikdir. Üzün bir tərəfində ani və şiddətli ağrı kimi özünü göstərən bu problem qulaq nahiyəsində də ağrıya səbəb ola bilər.

Qulaq ağrısının altında yatan ciddi xəstəliklərin erkən diaqnozu və müalicəsi sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. Uzun müddət davam edən və ya qısa müddətli də olsa, şiddətli qulaq ağrısı olursa, diaqnoz üçün həkimə müraciət olunmalıdır.

Qulaq ağrısının diaqnozu necə qoyulur?

Qulaq ağrısının diaqnozu əsas səbəbi müəyyən etmək və müvafiq müalicə üsullarını tətbiq etmək üçün vacibdir. Ağrıların diaqnozu bu addımları əhatə edir:

Tibb anamezin qiymətləndirilməsi. Həkim xəstənin xəstəlik tarixi haqqında ətraflı məlumatlar əldə edir. Ağrının nə zaman başlaması, intensivliyi, daha əvvəl bu xəstəliyin olub-olmaması ilə bağlı suallara dəqiq cavab vermək lazımdır. 

Fiziki müayinə. Fiziki müayinə zamanı həkim otoskop adlı alətdən istifadə edərək qulağı yoxlayır. Bu müayinə zamanı qulaq kanalının və qulaq pərdəsinin vəziyyəti, qızartı, şişkinlik, boşalma və ya xarici cismin olması və qulaq pərdəsinin hərəkətliliyi yoxlanılır. 

Eşitmə testləri. Qulaq ağrısının eşitmə itkisinə səbəb olub olmadığını müəyyən etmək üçün eşitmə testləri aparıla bilər. Bu testlərə audiometriya, timpanometriya və laboratoriya testləri daxildir.

Görüntüləmə testləri. Görüntüləmə testlərinə kompüterli tomoqrafiya (KT), maqnit rezonans görüntüləmə (MRT) daxildir. 

Digər diaqnostik testlər. Bəzi hallarda yuxarıdakı üsullardan əlavə olaraq dəqiq diaqnoz üçün həkim eustachian borusu funksiyası testi və akustik refleks ölçmələri kimi əlavə testlər təyin edilir.

Qulaq ağrısının müalicəsi necədir?

Bu ağrıların müalicəsi ağrının əsas səbəbindən asılı olaraq dəyişsə də, ümumilikdə belədir:
  • İsti kompres
  • Ağızdakı ağrı kəsiciləri
  • Qulaq damcıları
  • Antibiotiklər
  • İltihab əleyhinə dərmanlar
  • Qulaqların təmizlənməsi
  • Cərrahi müdaxilələr
  • İnteqrativ təbabət üsulları
Ağızdakı ağrıkəsiciləri. Mövcud ağrını aradan qaldırmaq üçün ağrıkəsicilər istifadə etmək olar. 

Qulaq damcıları. Apteklərdə reseptsiz satılan ağrıkəsici qulaq damcıları yüngül ağrıları aradan qaldıra bilər.

Antibiotiklər. Bakterial infeksiyaların səbəb olduğu ağrı üçün antibiotiklər təyin oluna bilər. Xüsusilə də orta qulaq infeksiyası (otitis media) və ya xarici qulaq infeksiyası (otitis externa) kimi hallarda həkim antibiotik müalicəsi təyin edir.

İltihab əleyhinə dərmanlar. İltihabi şəraitdə iltihab əleyhinə dərmanlar (məsələn, steroidlər) iltihabı və ağrıları azaltmaq üçün istifadə edilir.

Qulaqların təmizlənməsi. Qulaq çirkinin (serumen) yığılması nəticəsində yaranan ağrılar zamanı həkim qulaq kecəcəyini təmizləyir. 

Cərrahi müdaxilələr. Bura timpanostomiya boruları, adenoidektomiya, tonsillektomiya daxildir. 

İnteqrativ təbabət üsulları.
Orta qulağın, xarici qulağın yevstax borusunun iltihabı zamanı İnteqrativ Təbabət üsullarından geniş istifadə olunur. Akupunktur bir çox ağrılarla yanaşı qulaqda olan ağrıların qarşısını almaq üçün ən təsirli üsullardandır.  

Bu müalicə üsulları ilə yanaşı qulaq nahiyəsindəki ağrıların qarşısını almaq üçün bir sıra tədbirlər də görülməlidir. 

Qulaq gigiyenasına önəm verilməlidir.
Qulaqları təmiz və quru saxlamaq infeksiya riskini azaldır. Eyni zamanda pambıq çubuqlardan istifadə etməkdən çəkinmək və qulaqlar su ilə təmasda olduqda diqqətli olmaq lazımdır.

İnfeksiyaların qarşısı alınmalıdır. Soyuqdəymə və qrip kimi yuxarı tənəffüs yolları infeksiyalarından qaçınmaq qulaq infeksiyalarının qarşısını almağa kömək edə bilər. 

Üzgüçülük zamanı ehtiyat tədbirləri görülməlidir. Üzgüçülük zamanı qulaq tıxaclarından istifadə etmək qulaq infeksiyalarının qarşısını almaq üçün vacibdir.

Hər bir halda ağrını və onun səbəblərini aradan qaldırmaq üçün həkimə müraciət etmək vacibdir.