Uşaqlıqdan Kənar Hamiləliyi Necə Bilim? Hansı Riskləri Var?

Uşaqlıqdan Kənar Hamiləliyi Necə Bilim? Hansı Riskləri Var?

Sağlam bir hamiləliyin şərti döllənmiş yumurtanın heç bir problem olmadan uşaqlıq boşluğuna çatması və orada yerini tutmasıdır. Döllənmiş yumurta uşaqlığın endometrium təbəqəsinə yerləşir və onun inkişafı həmin andan başlayaraq davam edir. Bu hamiləlik döllənmiş yumurtanın uşaqlığın xaricində bir yerə yapışması və orada inkişaf etməyə başlaması zamanı baş verir.

Hamiləliyin uşaqlıqdan kənarda baş verməsi zamanı döllənmiş yumurtanın yetişməsi mümkün olmadığından belə hamiləlik ananın sağlamlığı üçün təhlükəli olur. Ancaq bu vəziyyətin tezliyi olduqca aşağıdır. Sözü gedən hamiləlikdə döllənmiş yumurta borularda, yumurtalıqlarda, qarın boşluğu və uşaq boununda yerləşə bilər. Bu hamiləliyə aşkar edildiyi ilk andan müdaxilə etmək vacibdir. Çünki belə hamiləliyi davam etdirmək mümkün deyil. Üstəlik, döllənmiş yumurta qarının boşluğunda və ya serviksdə qalırsa (uşaqlıq boynunda), bu, birbaşa ananın həyatı üçün təhdid edir. Bu zaman hamiləliyin sonlandırılması və döllənmiş yumurtanın bədəndən çıxarılması lazımdır. Vaxtında aşkar edilməyən vəziyyət borularının zədələnməsinə gətirib çıxarır. Bu da sonradan hamilə qalma şansını azaldır. Daha çox inkişaf etmiş hallarda isə ölümlə nəticələnə bilən qanaxmaya da səbəb ola bilər. Bu vəziyyət adətən hər 50 hamiləlikdən birində müşahidə olunur.

Uşaqlıqdan kənar hamiləliyin hansı növləri var?

Ektopik hamiləliklər döllənmiş yumurtanın yerləşdiyi yerə görə müxtəlif adlarla adlandırılır. Bu növlər arasında abdominal hamiləlik birinci yerdədir. Döllənmiş yumurta qarın boşluğunun istənilən yerinə yapışaraq inkişaf etməyə çalışır. Qarın boşluğunda sidik kisəsinin, bağırsağın və ya digər orqanların xarici səthinə yapışaraq inkişaf etməyə çalışan mayalanmış yumurta yapışdığı orqanlara zərər verə bilər. Abdominal hamiləliyi aşkar etmək çox vaxt çətindir. Bu növ hamiləliyin baş vermə tezliyi də azdır.

Uşaqlıq boynu ektopik hamiləliyin başqa bir növü kimi qeyd edilə bilər. Bu tip hamiləlik zamanı döllənmiş yumurta serviks adlanan uşaqlıq boynuna implantasiya olur və uşaqlıq boynunun bağlanmasına gətirib çıxarır. Ancaq onu da qeyd edək ki, servikal sözü gedən vəziyyətə rast gəlinmə tezliyi də nadir müşahidə olunur. 

Nəhayət, heterotopik ektopik hamiləlik tipini qeyd etmək olar. Əkiz hamiləlikdə baş verən bu tip hamiləlikdə iki fərqli mayalanmış yumurta olur. Bu yumurtalardan biri normal olaraq uşaqlıq yolunda öz yerinə yerləşdiyi halda digərləri isə uşaqlıqdan kənar bölgələrdə yerləşir ki, bu da ektopik hamiləlik hesab olunur. Digər iki növ hamiləlik ilə müqayisədə, heterotopik ektopik hamiləliyin riski daha azdır.

Uşaqlıqdan kənar hamiləliyin səbəbi nədir?

Bu hamiləliyin yaranmasına səbəb olan amillər müxtəlifdir. Ektopik hamiləliyin ən çox görülən səbəblərini aşağıdakı kimi sıralamaq olar:

Hamiləlik yaşı. Onun baş verməsində ən vacib amillərdən biri də yaşdır. Bu baxımdan gənc qadınlarda sözü gedən hamiləlik ehtimalı daha azdır. 35 yaşdan sonra hamilə qalmağa çalışan qadınlarda ektopik hamiləlik tezliyi daha yüksəkdir. Bu yaşdan sonra hamiləliyi planlaşdıran qadınların vaxtında mama-ginekoloq həkimə müraciət etmələri və hamiləliyin nəzarət altında olması tövsiyə olunur.

Abort. İstənməyən hamiləlik üçün abort etmək də bu problemli hamiləliyə səbəb olan amillərdən biridir. Ancaq bu hamiləlik bir dəfə edilən abortdan sonra baş vermir. Abort səbəbiylə ektopik hamiləlik yaşayan qadınlar adətən çoxsaylı abort etdirmiş olan qadınlardır. Birdən çox abortdan sonra hamilə qalmaq istəyən qadınlara hamiləlikdən əvvəl və hamiləlik dövründə nəzarət vacibdir.

Endometrioz. Endometrioz zamanı uşaqlığın daxili təbəqəsi olan endometrium n uşaqlıqdan kənar orqanlarda da olur və həmin səthlərdə asanlıqla implantasiyaya şərait yaratmaqla bu tip hamiləlik baş verə bilir.

Reproduktiv (doğurqan) orqanların struktur pozğunluqları. Bəzi qadınlarda doğuşdan etibarən reproduktiv orqanlarda struktur qüsurları ola bilər. Bu cür pozğunluqlar da belə vəziyyətin riskini artırır.

Siqaret və alkoqol istifadəsi. Siqaret və spirtin birbaşa səbəb olduğuna dair sübut olmasa da, belə hamiləlik problemi olan qadınların əhəmiyyətli bir hissəsinin siqaret çəkən və spirtli içki qəbul edən qadınlar olduğu müəyyən edilmişdir.

Cinsi yolla keçən xəstəliklər. Cinsi yolla keçən xəstəliklər çoxdur. Bu xəstəliklər də ektopik hamiləlik riskini artıran amillər sırasındadır. Cinsi xəstəliyi məlum olan insanlar bu  xəstəliyi müalicə etmədən hamiləlik planlaşdırmamalıdır.

Doğuş qabiliyyətini artıran dərmanlar. Hamilə qalmaq üçün qadınlarda istifadə edilən müxtəlif dərmanlar var. Ancaq qadınların özləri də həkim məsləhəti olmadan doğurqanlığı artırmaq məqsədi ilə müxtəlif otlar və ya məcun qarışıqlarından istifadə edirlər. Bu vəziyyət reproduktiv sistemə mənfi təsir göstərə bilir və uşaqlıqdan kənar hamiləliyin yaranma ehtimalını artırır.

Əvvəlki ektopik hamiləlik. Əvvəllər qeyd olunan səbəblərdən hər hansı birinə görə sözü gedən hamiləlik keçirmiş qadınlar heç vaxt eyni şərtli hamiləlik keçirməyən qadınlara nisbətən daha yüksək risk altındadırlar. Bu səbəbdən əvvəllər belə hamiləlik problemi ilə üzləşmiş qadınlara növbəti hamiləlik cəhdlərində diqqətli olmaları tövsiyə olunur.

Uşaqlıqdan kənar hamiləliyin əlamətləri hansılardır?

Uşaqlıqdan kənar hamiləlik müxtəlif simptomlarla özünü göstərir. Bu simptomları yaxşı bilmək və baş verdiyi zaman bir tibb müəssisəsinə müraciət etmək problemin daha erkən və təhlükəsiz həllini təmin edəcəkdir. Vaginal ləkə və qanaxma bu problemdə ən çox görülən simptomlardır. Xüsusilə menstruasiya arasında qanaxma onun əhəmiyyətli göstəriciləri arasındadır. Bununla belə, “bıçaq sancması kimi” ifadə edilən ağrı da onun əlamətlərindəndir. Bu ağrı adətən qarın boşluğunda və qasıq nahiyəsində hiss olunur. Həzm sisteminin pozğunluqları və açıqlanmayan kilo itkisi də belə hamiləlikdən şübhələnmək üçün vacib əlamətlərdir.

Davamlı qaz və ya şişkinlik, davam edən qəbizlik problemləri və qarın nahiyəsində sərtləşmə kimi problemlərin yaşanması diqqət tələb edən göstəricilərdir. Gözlənilməz anlarda başgicəllənmə və huşunu itirmə də ektopik hamiləliyin əlaməti ola bilər. Ürəkgetmə xüsusilə vəziyyət inkişaf etmiş səviyyələrə çatdıqda müşahidə olunan əlamətdir. 

Qeyd olunan simptomlardan birinin və ya bir neçəsinin olması ektopik hamiləliyi mövcud olduğunun göstəricisidir. Ancaq hər bir simptomu bu hamiləlik kimi təyin etmək düzgün deyil. Xüsusilə həzm sistemi pozğunluqları və ya anormal qanaxma bu vəziyyətdən başqa bir çox digər problemlərin simptomları da ola bilər. Simptomların əsas səbəbini tapmaq üçün bir mütəxəssis ginekoloqla məsləhətləşmək və müayinədən keçmək tövsiyə olunur.

Uşaqlıqdan kənar hamiləliyə necə diaqnoz qoyulur?

Bu vəziyyətdən şübhələnən qadınlar gecikmədən ginekoloq və mama-ginekoloq həkimə müraciət etməlidirlər. Birinci mərhələdə sorğu, güzgülərlə müayinə və manual müayinə vəziyyət haqqında az da olsa məlumat verir. Lakin əsas diaqnoz ultrasəs üsulu ilə qoyulur. Bu metodun transvaginal ultrasəs adlanan növündən istifadə olunur. Vagina içərisinə yerləşdirilən və bütün reproduktiv sistemin araşdırılmasını təmin edən bu üsul sözü gedən vəziyyətin varlığı ilə bağlı qəti nəticə verir. Bu hamiləliyin dəqiq harada inkişaf etdiyi bu müayinədən sonra məlum olur.

Bundan əlavə, xəstədən Beta-HCG və progesteron hormonlarının ölçülməsi üçün testlər də tələb olunur. Hamiləlik dövründə böyük dəyişikliklərə məruz qalan hormonlar hamiləlik haqqında da əhəmiyyətli məlumatlar verir. USM və laborator müayinələrlə əldə edilən nəticələrin vahid şəkildə qiymətləndirilməsi ilə dəqiq diaqnoz qoyulur. Sözü gedən hamiləlik aşkar edilərsə, vaxt itirmədən hamiləlik dayandırılır.

Uşaqlıqdan kənar hamiləliyin qarşısını necə almaq olar?

Bu hal qadınlarda nadir rast gəlinən bir haldır. Ancaq bir çox qadın hamiləlik dövründə və ya hamiləliyi planlaşdırarkən bu problemlə qarşılaşmaqdan qorxur. Ektopik hamiləlikdən qorunmaq üçün qəti bir yoldan danışmaq mümkün deyil. Bununla belə, sözü gedən hamiləliyə səbəb olan faktorlardan qaçaraq bu hamiləliyin şansını azaltmaq mümkündür.

Siqaret və spirtli içki qəbulunu azaltmaqla və ya tamamilə tərk etməklə, bu hamiləlik ehtimalını azalda bilərsiniz. Ancaq hamiləlik müddətinin təxirə salınmaması və hamiləliyin 35 yaşından əvvəl planlaşdırılması hamiləliyə qarşı alına biləcək tədbirlərdən ən vacibidir. Ona səbəb ola biləcək hər hansı bir sağlamlıq problemi varsa, ilk növbədə bu problemlər müalicə edilməli, sonra hamiləliyə cəhd edilməlidir. Yumurtalıqlarda şokolad kistaları və ya digər cinsi yolla keçən xəstəliklər uşaqlıqdan kənar hamiləlik ehtimalını artırır. Bu xəstəliklərin müalicəsi ilə də sözü gedən problemin yaranma ehtimalı azalır. Bitki mənşəli əldə hazırlanan doğurqanlığı artıran dərman və ya məcunlardan həkim məsləhəti olmadan istifadə etmək isə həmin hamiləlik ehtimalını çoxaldır. 

Məhz belə sadə ehtiyat tədbirləri ilə problemli hamiləliklərin qarşısını əhəmiyyətli dərəcədə almaq mümkündür.

Uşaqlıqdan kənar hamiləliyin müalicəsi olurmu?

Ektopik hamiləliyin hansı mərhələdə aşkar edilməsindən aslı olaraq medikamentoz (dərmanla) və cərrahi yolla sonlandırıla bilər. Bu hamiləlik çox erkən aşkar edilərsə medikamentoz yolla, yəni dərmanlarla inkişafın dayanmasına nail olmaq olar, gec aşkar edildikdə isə cərrahi müdaxiləyə ehtiyac olur.  Bu səbəbdən qadın hamiləlikdən şübhələndikdə vaxt itirmədən ginekoloqa müraciət etməli, müayinələrə başlamalıdır.