Bruksizm - Diş Qıcırdatmaq Deyib Keçməyin!

Bruksizm - Diş Qıcırdatmaq Deyib Keçməyin!

Dövrümüzün ən çox yayılan problemlərindən biri bruksizm (diş qıcırdatması) birbaşa stres ilə bağlıdır. El arasında diş sıxma və ya diş qıcırdatma kimi bilinən bruksizm çənə oynaqlarına zərər verən bir problemdir. 

bruksizm

Cəmiyyətdə ən az hər on  nəfərdən dördündə müşahidə olunan bruksizm daha çox yuxu zamanı yaranır. Bruksizmi olan şəxs yatarkən şüursuzca çənəsini sıxır. Cəmiyyətimizdə müşahidə olunan bruksizmdən çox vaxt xəstənin xəbəri belə olmur. Tamamilə şüursuzca  edilən diş sıxma halı bəzən kənardan eşidiləcək qədər səsli, bəzən isə şəxsin səssiz formada sadəcə əzələlərini sıxması ilə müşahidə olunur. Birinci halda bruksizm olan şəxslə eyni otaqda olan varsa, səsi eşidərək bildirdiyi üçün erkən müalicəyə başlayaraq daha az zədə ilə dişləri qorumaq mümkün olur. İkinci vəziyyətdə isə bruksizm uzun müddət diqqətdən kənarda qalır. İllərdir bruksizmi olan pasiyentlər səhər oyanarkən baş, qulaq, üz və boyunda ağrılar hiss edə bilərlər. Onu da qeyd edək ki, bruksizm müalicə olunmadan daha uzun müddət davam edərsə, çənə ağrıları və kilidlənmələri də baş verə bilər.


Bruksizmin əsas səbəbləri nələrdir?

Bruksizmin əsas səbəbləri gün ərzində yaşanan mənfi emosiyalar və neqativ əhval-ruhiyyələrdir. Əslində bruksizm fərdin gündəlik həyatında stres, qəzəb, narahatlıq və xəyal qırıqlığı kimi amillərlə mübarizə üsuludur. Bədənin qeyri-ixtiyari reaksiyası olan bruksizm bəzi hallarda stresdən mümkün qədər uzaq durmaqla aradan qaldırıla bilər. Lakin təəssüf ki, stres çağımızın xəstəliyi olub, mübarizə aparılması çətin bir problemdir. 


Əgər diş qıcırdatmanı şəxs öz səyləri nəticəsində aradan qaldıra bilmirsə, professional dəstək alması tövsiyə olunur. Stresi şəxsən idarə etmək istəyənlər yüngül məşqlər edə, ilıq duş ala, sakitləşdirici musiqilər dinləyə, vaxtında yata, mütəmadi olaraq gəzintiyə çıxa bilər. Qeyd edək ki, bruksizm həm böyüklərdə, həm də uşaqlarda müşahidə olunan problemdir.

Stresdən başqa tütün məhsulları, alkoloq kimi zərərli vərdişlər, həddindən artıq kofein qəbul etmək və çənədəki struktur pozuntuları da bruksizmi yaradan digər faktorlardır. 

Bütün bunlarla yanaşı bilmək lazımdır ki, diş qıcırdatma müalicə edilə bilən sağlamlıq problemidir. Bu xəstəliyin əsas müalicə üsulu stresi idarə etmək olsa da qısa müddətdə bu mümkün olmadıqda alternativ müalicə üsullarından istifadə edilir. Bruksizmin müalicəsinin əsas məqsədi dişləri qorumaq, çənə oynaqlarının qalıcı zədələnməsinin qarşısını almaq və ağrıları aradan qaldırmaqdır. 


Diş qıcırdatmanın əlamətləri və müalicəsi nələrdir?

Diş qıcırdatma (bruksizm) və ya diş sıxma insanın yuxudaykən fərqində olmadan etdiyi bir haldır və problem hesab olunur. Əsasən şüursuzca edilən diş qıcırdatmanın arxa planında fizioloji və ya psixoloji bir çox səbəb ola bilər. Müalicə olunmaq isə həm xəstəliyi aradan qaldıracaq, həm də bu halın səbəb olduğu problemlərin qarşısını alacaq.  

Bruksizm yuxu əsnasında diş sıxma, dış qıcırdatma və ya çənənin ani olaraq kilidlənməsi kimi üç formada özünü göstərir. Yuxu pozuntularının bir növü olaraq dəyərləndirilən bruksizmin əsas qaynağı dental və nevroloji problemlərdir.

Qeyd etdiyimiz kimi, diş qıcırdatmanın səbəbləri və əlamətləri fərqlidir. Daha çox şüursuzca baş verdiyi üçün şəxs dişlərini sıxdığını başa düşmür.  Başqaları ona diş qıcırdatma səsi çıxardığını dedikdən sonra xəstə bu vəziyyətdən xəbərdar olar. Bununla bərabər müayinə zamanı diş və diş minasının deformasiyası aşkar edilərək xəstənin bruksizmi olduğu müəyyən edilir. 

Bruksizmin əlamətləri arasında baş, boyun, çiyin, çənə bölgələrində ağrı, oynaqdan səs gəlməsi də müşahidə olunur. Bundan başqa dərman istifadəsi, stres, genetik faktorlar və yuxu pozuntuları yaradan digər hallar da bruksizmə səbəb ola bilər. Məsələn, dişlərdə qırılma və aşınma varsa, bruksizm ehtimalı nəzərə alınmalıdır. Bundan başqa dişlərin soyuq və istiyə olan həssaslığı, çənə nahiyəsində hərəkətin azalması, miqren ağrıları da diş qıcırdatma ilə əlaqədar ola bilər. 


Bruksizm ağız və diş sağlamlığına hansı zərərləri verə bilər?

Diş qıcırdatma alışqanlığı sağlam dişlərə, bərpa olunmuş dişlərə və çeynəmə əzələlərinə mənfi təsir göstərir. Bu təsirlər aşağıdakılardır:

  • Sağlam və ya bərpa olunmuş dişlərdə qırıq və aşınma; 
  • Dişlərdə həssaslıq;
  • Təkrarlanan diş əti problemləri;
  • Səhər oyandıqda çənədə yorğunluq hissi və ağrı;
  • Yuxu pozuntusu olduğu üçün səhər oyandıqda yuxudan tam doymamışlıq halı;
  • Çənə künclərinin getdikcə daha  gözəçarpan olması və üzün daha geniş görünməsi.

Qeyd edək ki, problem müalicə olunmazsa, çənə oynaqlarında ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.

Xəstələr bruksizm zamanı dişlərini həddindən çox sıxdıqları üçün dişlərdə aşınma, çatlaq və qırıqlar olur. Eyni əlamətlər dişlərdəki plomb və protezlərdə də özünü göstərə bilir. Bunun nəticəsində də səbəbi bəlli olmayan diş ağrısı və həssaslıq müşahidə olunur. 

Diş sıxan xəstələrdə tez-tez təkrarlanan diş əti problemlərinə də rast gəlmək olur. Diş sıxarkən sümüklərin üzərində normaldan daha çox basınc olur, sümük toxumaları bu gücə tab gətirə bilmədiyi üçün çənə sümüyündə itkilər, ərimələr meydana gəlir.   


Diş qıcırdatmanın müalicəsi

Bruksizmin bir sıra müalicə üsulları var. Ən çox tətbiq olunanı isə şəxsə özəl sərt və qarşı çənədəki dişlərlə tam təmasda olacaq formada təşkil olunan gecə qoruyucularıdır. Bunlara tibbi dildə kappa da deyirlər. Bu üsulla yuxu zamanı dişlər bir-biri ilə az təmas edir. Beləliklə də aşınmanın qarşısı alınır. Əsasən üst çənəyə tətbiq olunan gecə qoruyucuları alt və üst çənə dişlərinin arasına yerləşdirilərək istifadə olunur. Ancaq bəzən təkcə gecə qoruyucularını tətbiq etməklə xəstəlikdən qurtulmaq olmur. Buna görə də xəstəyə tətbiq olunan gecə qoruyucuları ilə bərabər bəzi əlavə müalicə üsulları da tətbiq olunmalıdır. Bu müalicə üsullarına misal olaraq stresin müalicəsi, rahat yuxu üçün bəzi tədbirlər, əzələni rahatlatmaq üçün dərman müalicəsi, xətalı düzəldilən diş plombları və kronları yeniləmək, əskik olan dişlərin bərpası üçün protez tətbiqini qeyd etmək olar. 

Daha çox böyüklərdə müşahidə olunan bruksizm yuxarıda qeyd etdiyimiz kimi uşaqlar da müşahidə olunur. Ancaq onu da qeyd edək ki, bəzi yaşa qədərki uşaqlarda müşahidə olunan diş qıcırdatmaları normaldır. Bu hal onların böyüməsi ilə əlaqəli dəyişiklikləri göstərir. Ancaq əsas dişlər çıxdıqdan sonra diş qıcırdatma halı müşahidə olunursa, mütləq dişlər daha çox zədələnmədən diş həkiminə müraciət olunmalıdır. 

Əgər siz də bruksizmdən şikayətlənirsinizsə, başqa fəsadlara qapı açılmadan diş müayinəsindən keçin. Diş müalicəsi üçün həkimə müraciətlə yanaşı, təbii tərkibli stresəleyhinə Neurexan preparatı sinir sistemini sakitləşdirərək bruksizmin aradan qaldırılmasında əvəzolunmaz vasitədir.