Boyuna Bağlı Baş Ağrısının Səbəbi Nədir? Ağrı Necə Keçir?
Baş ağrısı bir çox insanın qarşılaşdığı və müxtəlif səbəblərdən yarana bilən ümumi sağlamlıq problemlərindən biridir. Bu səbəblər arasında miqren və sinüzit, eyni zamanda boyunla əlaqəli baş ağrıları da əhəmiyyətli yer tutur.Boyuna bağlı baş ağrısı boyun və çiyin bölgəsindəki əzələlərdə yaşanan gərginliyin başın üzərinə əks olunması nəticəsində yanır. Bu ağrı gündəlik həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir etdiyindən onun qarşısını almaq önəmlidir.
Boyuna bağlı baş ağrısının səbəbi nədir?
Boyuna bağlı baş ağrısı boyun nahiyəsindəki problemlərin başdakı əksidir. Bu tip baş ağrıları adətən boyun və çiyin nahiyəsində struktur və funksional problemlərdən qaynaqlanır. Bu ağrıların ümumi səbəblərinə daxildir:- Əzələ gərginliyi və əzələ spazmları
- Servikal fəqərələrdə problemlər
- Sinir sıxılması
- Duruş və erqonomika problemləri
- Yaralanmalar və travmalar
- İnfeksiyalar və iltihablar
- Fibromiyalji və digər tibbi problemlər
Uzun müddətli kompüter istifadəsi, pis duruş və ya stres boyun əzələlərində gərginlik edərək başda ağrıların yaranmasına gətirib çıxarır.
Əzələ spazmları isə boyun ətrafındakı əzələləri sıxaraq başdakı ağrıları artırır.
Servikal fəqərələrdə problemlər. Servikal fəqərələrdə meydana gələn problemlər baş ağrısına mənfi təsir göstərir. Çünki servikal disk yırtığı disklərin yerdəyişməsi və ya çıxması nəticəsində sinirlərə təzyiq edir ki, bu da başa yayılan ağrıların yaranmasına səbəbdir.
Eyni zamanda yaşla bağlı olan degenerativ disk xəstəliyi də ağrılar yaradır.
Sinir sıxılması. Servikal sinirlərin sıxılması nəticəsində yaranan boyun ağrısı başa doğru yayılır. Boyun bölgəsindəki sinirlər qıcıqlandıqda və ya təzyiq altında olduqda sinir sıxılması başa yayılan ağrını daha da artırır. Bu tip ağrı adətən başın arxasında hiss olunur.
Duruş və erqonomika problemləri. Pis duruş və erqonomik problemlər, boyunun davamlı əyri durması başda ağrı yaradır. Uzun müddət kompüter üzərində əyilmiş vəziyyətdə oturmaq və ya narahat yastıqdan istifadə etmək boyun əzələlərində gərginlik verir ki, bu da boyuna bağlı baş ağrılarının inkişafına təsir edir. Bundan əlavə, pis yuxu mövqeləri də boyun əzələlərinə təsir edərək ağrını artırır.
Yaralanmalar və travmalar. Boyuna olan travmatik təsirlər başda ağrılara səbəb olur. Boyunun qəfil hərəkətləri, xüsusən də yol qəzaları və ya yıxılmalar boyun nahiyəsinə zərər verərərək başda ağrı yaradır.
İnfeksiyalar və iltihablar. Boyun bölgəsindəki infeksiyalar və ya iltihablar sözü gedən ağrıların əsas səbəblərindəndir. Məsələn, boyun əzələlərinin bakterial infeksiyaları və ya revmatik xəstəliklər zamanı ağrılar hiss olunur.
Fibromiyalji və digər tibbi problemlər. Fibromiyalji bədənin müxtəlif nöqtələrində geniş yayılmış ağrı ilə xarakterizə olunur və baş ağrıları da bu problemin simptomları arasındadır.
Bundan əlavə, bəzi sistem xəstəlikləri və ya pozğunluqları boyunla əlaqəli başda olan narahatlığa mənfi təsir edir.
Bu səbəblər boyuna bağlı baş ağrısının ümumi səbəbləridir. Ağrının dəqiq səbəbini bilmək üçünsə, həkim müayinəsi lazımdır.
Boyuna bağlı baş ağrısının simptomları nələrdir?
Əgər sizdə bu əlamət varsa, deməli baş ağrılarınız boyunda olan hansısa problemlə əlaqəlidir:Başın arxa hissəsində ağrı. Bu ağrılar adətən başın arxarına yayılır və sıxılma hissi ilə müşahidə olunur.
Boyun və çiyin bölgəsində gərginlik. Ağrı ilə yanaşı, boyun və çiyin nahiyəsində gərginlik və əzələ sərtliyi hiss olunur. Bu gərginlik artdıqca ağrının şiddətini daha da artırır.
Ağrı boyundan başın üstünə yayılır. Ağrı boyundan başlayıb başın yuxarı hissəsinə, bəzən göz ətrafına və ya çənəyə yayılır.
Sıxılma və ya təzyiq hissi. Başın arxasında sıxılma və ya təzyiq hissi olur. Çünki bu tip ağrı gərgin olduğundan başın ətrafı bandla sıxılırmış kimi hissi verir.
Boyun və çiyinlərdə ağrı və ya sərtlik. Başda ağrı ilə yanaşı, boyun və çiyinlərdə ağrı, sərtlik və ya spazmlar olur.
Başgicəllənmə və ya balans problemləri. Boyun sinirlərinə təzyiq oluqda ağrı başa yayılır, başgicəllənməyə və ya balans problemlərinə gətirib çıxarır.
Göz narahatlığı və ya ağrısı. Ağrılar bütün başa yayılan zaman gözlərdə narahatlıq, ağrı və ya bulanıqlıq müşahidə olunur.
Bu əlamətlər boyunda olan problemin şiddətin asılı olaraq yüngüldən başlayır və getdikcə şiddətlənir. Əgər ağrı şiddətli olarsa və ya davamlıdırsa, diaqnoz üçün həkimə müraciət edilməlidir.
Boyuna bağlı baş ağrısının diaqnozu necə qoyulur?
Boyunla əlaqəli olan baş ağrılarının diaqnozu üçün müxtəlif üsullardan istifadə edilir. Bu üsullara daxildir:Tibbi anamnez. Boyuna bağlı baş ağrısının diaqnozunda ilk addım xəstənin tibbi vəziyyəti haqqında məlumat almaqdır. Bu zaman həkim ağrının nə vaxt başladığını, müddəti, tezliyi və şiddəti haqqında məlumat alır. Eyni zamanda, xəstəyə boyun hərəkətləri, əvvəlki boyun zədələri və ya mövcud boyun problemləri ilə bağlı suallar da verilir.
Fiziki müayinə. Həkim boynun hərəkət diapazonunu və əzələ gücünü yoxlayır. Boyun əzələləri və onurğa strukturları palpasiya ilə araşdırılır. Həmçinin boyun hərəkətləri zamanı baş ağrısının artıb-artmadığı yoxlanılır. Fiziki müayinəyə reflekslər və nevroloji müayinənin aparılması da daxildir.
Görüntüləmə testləri. Bura daxildir;
- X-ray (Rentgen). Servikal fəqərələrin quruluşunu və düzülməsini qiymətləndirmək üçün istifadə olunur.
- Maqnit rezonans görüntüləmə (MRT). Yumşaq toxumaların və sinirlərin ətraflı təsviri üçün istifadə olunur. Xüsusilə disk problemləri, sinir sıxılması və yumşaq toxuma zədələri aşkar etmək üçün MRT təyin edilir.
- Kompüter Tomoqrafiya (KT). Sümük strukturlarının ətraflı təsviri üçün istifadə edilir.
EMG (elektromioqrafiya). Əzələ və sinir funksiyalarını qiymətləndirmək və onun ağrıya səbəb olub olmadığını müəyyənləşdirmək üçün istifadə olunur. Bu sinir testi vasitəli sinir zədələnməsini və ya əzələ problemlərini aşkar etmək mümkündür.
Qan testləri. Ağrıya səbəb boyunda olan iltihab və ya infeksiyadan şübhələnən zaman, diaqnozu dəqiqləşdirmək üçün qan testləri təyin olunur.
Boyuna bağlı baş ağrısının diaqnostikası çox vaxt multidisiplinar yanaşma tələb edir. Simptomlarla rastlaşdıqda vaxtında müalicə və dəqiq diaqnoz üçün nevroloq, fizioterapevt və ya baş ağrıları üzrə ixtisaslaşmış həkimə müraciət etmək vacibdir.
Boyuna bağlı baş ağrısının müalicəsi necədir?
Boyunla əlaqəli baş ağrılarını aradan qaldırmaq və qarşısını almaq üçün tətbiq edilən müalicə üsulları bunlardır:- Dərmanlarla müalicə
- Fiziki müalicə və məşqlər
- Həyat tərzi dəyişiklikləri
- Kompreslər
- İnteqrativ müalicə üsulları
Fiziki müalicə və məşqlər. Fiziki terapiya boyun əzələlərini gücləndirmək və elastikliyi artırmaqda mühüm rol oynayır. Fizioterapevt tərəfindən tətbiq edilən bu müalicə üsulu boyun əzələlərini rahatlaşdıraraq başdakı ağrını da aradan qaldırır. Bundan əlavə, müntəzəm boyun məşqləri əzələləri gücləndirməyə və ağrıların təkrarlanmasının qarşısını almağa kömək edir.
Həyat tərzi dəyişiklikləri. Düzgün duruş vərdişlərinin əldə edilməsi boyunda olan stres və gərginliyin qarşısının alınmasında mühüm amildir. Eyni zamanda çalışarkən erqonomik iş mühiti yaratmaq və xüsusilə kompüter istifadə edərkən düzgün oturmaq və ekran hündürlüyünün dəqiq tənzimlənməsi boyuna təzyiqin qarşısını almaqla başdakı ağrını da aradan qaldırır. Həmçinin uzun müddət eyni vəziyyətdə qalmamaq və müntəzəm fasilələrlə hərəkət etmək də ağrını aradan qaldırmağa kömək edir.
Kompreslər. Boyuna isti və ya soyuq kompreslərin tətbiqi boyun əzələsini rahatlaşdıraraq başdakı ağrını azaldır.
İnteqrativ müalicə üsulları. Boyuna bağlı baş ağrısının müalicəsində səbəbdən asılı olaraq fizioterapiya, masaj terapiyası, akupunktur və yoqa kimi inteqrativ müalicə üsulları effektivdir. İynəbatıtma zamanı iynə batırılan nahiyyədə xüsusi ağrıkəsici maddə ifraz olunur. Bu zaman həmin akupunktur nöqtələrdən endorfinlər sintez olunur ki, bunlarda güclü ağrıkəsici maddələrdir.
Masaj əzələ gərginliyini azaldaraq rahatlamağı təmin edir. Akupunktur ağrıları yüngülləşdirir, yoqa və meditasiya üsulları isə stresi azaldaraq boyun əzələlərini rahatlaşdırır ki, bunun da nəticəsində ağrı aradan qalxır.
İnteqrativ Tibb Klinikalarında bu ağrıların müalicəsində homeosiniatriya üsullarındanda istifadə olunur. Bu zaman təbii tərkibli xüsusi akupunktur nöqtələrə yeridilir.
Hər bir insanın müalicəyə reaksiyası və ağrı səbəbləri fərqlidir. Buna görə də, sizin üçün ən yaxşı müalicə üsulunu müəyyən etmək üçün həkimlə məsləhətləşmək vacibdir. Əgər baş ağrınız xroniki və ya şiddətli olursa, mütləq həkimə müraciət etməlisiniz. Həkim düzgün diaqnoz üsullarından istifadə edərək ətraflı müayinələr edib sizə uyğun müalicə planı hazırlayacaq.