Həkim qəbuluna yazıl

Canlı çat

İshal Zamanı Nə Edilir? İshal Olanda Qidalanma Necə Olmalıdır?

İshal Zamanı Nə Edilir? İshal Olanda Qidalanma Necə Olmalıdır?

İshal kəskin və xroniki ola bilər. İshal bağırsaq hərəkətlərinin normaldan daha çox və sulu olduğu vəziyyətdir. Hər kəsin həyatında ən az bir dəfə yaşadığı bu pozğunluq adətən qısamüddətli və öz-özünə yox olan sağlamlıq problemi olsa da, bəzən ciddi vəziyyətlərdən xəbər verə bilər. 

İshalın səbəbi nədir?

Bağırsaq pozğunluğu müxtəlif səbəblərdən yarana bilər, o cümlədən:
  • Bakterial infeksiyalar
  • Virus infeksiyalar
  • Parazitlər
  • Qida zəhərlənməsi
  • Bağırsaq xəstəlikləri
  • Antibiotik istifadəsi
  • Stres və narahatlıq
  • Su və qida gigiyenasına diqqət etməmək
  • Damar xəstəlikləri
Bakterial infeksiyalar. Salmonella, E. coli, Shigella və Campylobacter kimi bakteriyalar ishalın ümumi səbəbləridir. Bu bakteriyalar çox vaxt çirklənmiş qida və su vasitəsilə ötürülür.

Viral infeksiyalar.Rotavirus, norovirus və adenovirus kimi virusları qeyd etmək olar. Xüsusilə uşaqlarda geniş yayılan viral infeksiyalar insandan insana təmas yolu ilə ötürülür.

Parazitlər. Giardiasis və amebiasis kimi parazitar infeksiyalar da bu vəziyyətə səbəb ola bilər. Bu parazitlər çirklənmiş su və ya qida vasitəsilə ötürülür.

Qida zəhərlənməsi. Çirkli, vaxtı keçmiş, düzgün qayıdada saxlanılmayan qida və içkilərin qəbulu bakterial toksinlər səbəbiylə bağırsaq narahatlığına səbəb ola bilər. Bu vəziyyət adətən bir neçə saat ərzində baş verir və qısa müddətdə keçir.

Bağırsaq xəstəlikləri. Qıcıqlanmış bağırsaq sindromu , kron xəstəliyi, xoralı kolit və çölyak xəstəliyi kimi xroniki bağırsaq xəstəlikləri sözügedən vəziyyətin qalıcı və ya təkrarlanan səbəblərdir.

Antibiotik istifadəsi. Antibiotiklər bağırsaqlardakı faydalı bakteriyaları öldürüb tarazlığı pozaraq bağırsaq pozğunluğuna səbəb ola bilər. 

Stres və narahatlıq. Güclü stres və narahatlıq həzm sisteminin işinə təsir edərək bağırsaq pozğunluqlarına səbəb ola bilər. 

Su və qida gigiyenasına diqqət etməmək. Natəmiz su və qidalardan istifadə etmək bu xəstəliyin ən çox görülən səbəblərindən biridir. 

Bunlarla bərabər ishal daha ciddi sağlamlıq probleminin əlaməti ola bilər. Buna görə də, xüsusilə uzun müddət davam edən bağırsaq pozuntularında həkimə müraciət etmək vacibdir.

İshal zamanı nə etmək lazımdır?

Bağırsaq pozğunluğu zamanı edəcəkləriniz simptomların aradan qaldırılmasına və bədən tərəfindən itirilən mayelərin və elektrolitlərin bərpasına yönəlməlidir. İslah zamanı etməli olduqlarınız bunlardır:
  • Maye qəbulunun artırılması
  • Yüngül və asan həzm olunan qidaların istifadəsi
  • Bəzi qidaların istifadəsindən uzaq olmaq
  • İstirahət etmək
  • Gigiyena və təmizlik
Maye qəbulunun artırılması. Bağırsaq pozğunluğu zamanı bədən çoxlu maye itirir. Buna görə də susuzluğun qarşısını almaq üçün bol su içmək çox vacibdir. Bundan əlavə, suya əlavə olaraq oral rehidrasiya məhlulları (ORS), elektrolit içkiləri və ya suya duz və ya şəkərin qarışdırılması ilə hazırlanmış ev məhlulları istifadə edilə bilər.

Yüngül və asan həzm olunan qidaların istifadəsi. Bağırsaqları yormamaq üçün yüngül qidalara üstünlük verilməlidir. BRAT pəhrizi (banan, düyü, alma, tost) kimi asan həzm olunan qidaları qəbul etmək faydalıdır. Bundan əlavə, qatıq kimi probiotiklə zəngin qidalar bağırsaq florasını balanslaşdırmağa kömək edir.

Bəzi qidaların istifadəsindən uzaq olmaq. Bağırsaqları qıcıqlandıra biləcək yağlı, ədviyyatlı qidalardan və süd məhsullarından uzaq durmaq lazımdır. Bundan əlavə, kofeinli və spirtli içkilər istehlak edilməməlidir.

İstirahət etmək. Bağırsaq pozğunluğu zamanı bədənin istirahətə ehtiyacı var. Buna görə də mümkün qədər çox dincəlmək və ağır fiziki fəaliyyətlərdən çəkinmək vacibdir.

Gigiyena və təmizlik. Əllərin tez-tez sabun və su ilə yuyulması və gigiyena qaydalarına riayət edilməsi infeksiyanın ağızdan bağırsaqlara keçməsinin qarşısını alır. Diareya zamanı bunları etməklə ev şəraitində bağırsaq pozğunluğunun qarşısını ala bilərsiniz.

İshal zamanı həkimə nə vaxt müraciət edilməlidir?

Bağırsaq pozğunluğu öz-özünə keçsə də, bəzi şərtlər ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər və tibbi yardım tələb edir. Ona görə də aşağıdakı hallarla qarşılaşdıqda həkimə müraciət edilməlidir:

Uzunmüddətli və şiddətli simptomlar. Bağırsaq pozğunluğu 48 saatdan çox davam edərsə və heç bir yaxşılaşma əlaməti yoxdursa və ya qarın nahiyəsində güclü və davamlı ağrılar varsa mütləq həkimə müraciət edilməlidir.

Dehidrasiyanın simptomları. Ağız quruluğu, sidik ifrazının azalması, sidik qaralması, başgicəllənmə və ya huşunu itirmə kimi ağır dehidrasiya əlamətləri də həkimə müraciət etmək üçün əsas verir.

Qızdırma və nəcisdə fərqlilik. Əgər 38°C-dən yuxarı hərarətiniz varsa, nəcisinizdə qan və ya qara nəcis varsa (bu ciddi infeksiya və ya həzm qanaxmasının əlaməti ola bilər) həkimə müraciət edilməlidir.

Qusma. Qusma ilə müşayiət olunan bağırsaq pozğunluğu varsa və bu vəziyyət bir neçə saatdan çox davam edirsə, həkimə müraciət edilməlidir

Arıqlama və şiddətli zəiflik. Ani və səbəbi bilinməyən kilo itkisi və ya həddindən artıq yorğunluq, zəiflik hissi varsa, həkimə müraciət edilməlidir.

Xroniki xəstəliklər və immun sistemi problemləri. Şəkərli diabet, böyrək xəstəliyi və ya ürək xəstəliyi kimi xroniki sağlamlıq problemləri olan insanlarda bağırsaq pozğunluğu əlamətləri varsa və immun sistemi zəif olan insanlarda (məsələn, HİV/QİÇS və ya kimyaterapiya keçirənlər) bağırsaq pozğunluqlar varsa, həkimə müraciət edilməlidir.

İshal diyetası necə olmalıdır?

İshal diyetası ilə simptomları aradan qaldıra və bərpa prosesini sürətləndirə bilərsiniz. İshal diyetasında qidalanma ilə gəlin tanış olaq:

Bol maye istifadəsi. Bağırsaq pozğunluğu zamanı vücudunuz çoxlu maye itirir. Buna görə də susuzluğun qarşısını almaq üçün bol su içmək çox vacibdir. Bundan əlavə, elektrolit balansını qorumaq üçün oral rehidrasiya məhlullarına, kokos suyu və ya idman içkilərinə də üstünlük verilə bilər.

Asan həzm olunan qidalar. Məsələn, banan, düyü, alma püresi, tost kimi qidalar qəbul etməkdə fayda var. Bu qidalar asan həzm olunur və bağırsağı rahatlaşdırır. 

Yüngül və yağsız qidalar. Məsələn, qatıq, qaynadılmış kartof, toyuq suyunda şorba yeyə bilərsiniz. Həmçinin unutmayın ki, diareya zamanı yağlı və qızardılmış qidalar, çiy tərəvəzlər, acılı qidalar qəbul edilməməli, kofeinli, spirtli və qazlı içkilər içilməməlidir. 

Bağırsaq pozğunluğunun simptomları azalmağa başladıqdan sonra diyetanı anidən saxlamamalı, yavaş-yavaş normal qidalanmaya qayıtmalısınız. Bununla belə, diareya aradan qalxsa da, yüngül və balanslı qidalanmaya diqqət yetirmək, ağır və yağlı qidalardan uzaq durmaq bağırsağın tamamilə normal işləməsi üçün faydalıdır.

İshal necə müalicəsi edilir?

Diyeta bağırsaq pozuntusu zamanı faydalı olsa da, bəzi hallarda tibbi müalicəyə də ehtiyac duyulur. Bu zaman müalicə əsas səbəblərdən asılı olaraq dəyişir, lakin simptomları aradan qaldırmaq və bədəndə itirilmiş maye və elektrolitləri əvəz etmək üçün aşağıdakı üsullardan istifadə edilə bilər:

Antibiotik müalicəsi. Bakterial infeksiyaların səbəb olduğu bağırsaq pozğunluğunda həkim adətən antibiotik müalicəsini təyin edir. 

Parazit əleyhinə preparatlar. Diareya parazitlər səbəbindən yaranırsa, bədəndən paraziti çıxarmaq və infeksiyanı müalicə etmək üçün parazit əleyhinə preparatlar istifadə olunur.
 
Maye və elektrolit əlavələri. Viral infeksiyaların səbəb olduğu diareya adətən öz-özünə yox olur. Bununla belə, simptomları aradan qaldırmaq və susuzlaşdırmanın qarşısını almaq üçün maye və elektrolit əlavələri verilir. Ağır hallarda isə həkim antiviral müalicə təyin edə bilər.

Xroniki xəstəliklərin idarə edilməsi. Diareya irritabl bağırsaq sindromu (IBS), Crohn xəstəliyi və ya xoralı kolit kimi xroniki vəziyyətin əlamətidirsə, bu xəstəlikləri idarə etmək üçün uzunmüddətli müalicə planları həyata keçirilir. Bu müalicələrə iltihabı azaldan və immunitet sistemini tənzimləyən dərmanlar daxildir.

Probiyotiklər. Həkim bəzi hallarda bağırsaq florasını balanslaşdırmaq və həzm sağlamlığını dəstəkləmək üçün probiotik əlavələri tövsiyə edir. Probiyotiklər bağırsaqlarda faydalı bakteriyaların sayını artıraraq ishalın müddətini qısalda və simptomları aradan qaldıra bilər.

Bu müalicə üsulları ishalın altında yatan səbəbə görə tətbiq edilir. İshal simptomları şiddətlidirsə və ya uzun müddət davam edərsə, bağırsağın florasını bərpa etmək və onun səbəbini aradan qaldırmaq üçün həkimə müraciət etməyiniz məsləhətdir.