Həkim qəbuluna yazıl

Canlı çat

Ayaqda yanma hissi nədir? Ayaqlarda yanmanın səbəbi nədir?

Ayaqda yanma hissi nədir? Ayaqlarda yanmanın səbəbi nədir?

Ayaqlarda yanma hissi gündəlik həyata mənfi təsir edən narahatlıqdır. Bu hiss dabanda və ya barmaqlarda başlayaraq ayağa yayılır və yayıldığı yerin isinməsinə və qıcıqlanmasına, keyməsinə səbəb olur.  Hətta vaxt keçdikdə bu əlamətlər yerini ağrıyla da əvəz edir. 
Ayaqlarda yanma olmasının bir çox səbəbləri var. Həmçinin bu vəziyyət adətən bir neçə sağlamlıq probleminin əlaməti kimi də üzə çıxır. Xüsusilə neyropatiya, əsas da diabetli xəstələrdə rast gəlinən periferik neyropatiya ayaqlarda yanma hissinin ən çox görülən səbəblərindən biridir. Bununla bərabər qan dövranı pozğunluqları, damar xəstəlikləri, göbələk infeksiyaları və vitamin çatışmazlığı da ayaqda sözü gedən narahatlığı yaradır.
Bu, keçici olsa da, bəzi hallarda xroniki hala keçərək insanın gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir. Buna görə də yanmanın dəqiq səbəbini diaqnoz etmək və uyğun müalicə üsulları ilə narahatlığı aradan qaldırmaq üçün həkimə müraciət edilməlidir.  

Ayaqlarda yanmanın səbəbləri nələrdir?

Ayaqlarda yanma hissi üçün müxtəlif səbəblər var. Həmin səbəblərdən ən çox müşhidə etdiklərimiz bunlardır:
  • Sinir zədələnməsi (Neyropatiya)
  • Vitamin çatışmazlığı
  • Həddindən artıq spirt istehlakı
  • İnfeksiyalar
  • Tiroid problemləri
  • Dərmanların yan təsirləri
  • Qan dövrünının pozulması
Sinir zədələnməsi (Neyropatiya). Periferik neyropatiya adlanan bu vəziyyət sinirlərin zədələnməsi nəticəsində baş verir. Xüsusilə diabet xəstələrində görülən sinir zədələnməsi ayaqda yanma hissinin ən çox görülən səbəblərindən biridir. 
Diabetik neyropatiya kimi də tanınan diabet xəstəliyindəki sinir zədələnməsinə erkən diaqnoz qoyulmasa və nəzarət altına alınmazsa, qalıcı sinir zədələnməsi riskinə gətirib çıxarır.
Vitamin çatışmazlığı. B vitaminləri, əsas da B12 vitamini çatışmazlığı sinir sağlamlığı üçün vacibdir. Bu vitaminin çatışmazlığı sinirlərin zədələnməsinə səbəb olmaqla ayaqda sözü gedən narahatlığı yaradır. 
Həddindən artıq spirt qəbulu. Uzun müddət həddindən artıq spirtli içki qəbul etmək sinirlərin zədələnməsinə səbəb olaraq spirtli neyropatiya yaradır. Bu vəziyyət xüsusilə ayaq nahiyəsində yanma və uyuşma kimi əlamətlərlə özünü göstərir.
İnfeksiyalar. Ayaqların göbələk infeksiyaları və ya sinirlərə təsir edən viral infeksiyalar yanma hissi yaradır.
Tiroid problemləri. Hipotiroidizm kimi qalxanabənzər vəz problemləri ayaqda iltihab yaradır və sinirlərə zərər verərək yanma hissini meydana gətirir.  
Dərmanların yan təsirləri. Bəzi kimyaterapiya dərmanları, antibiotiklər və HİV-in müalicəsində istifadə edilən dərmanlar sinirlərin zədələnməsinə səbəb olmaqla ayaqlarda yanma hissi yaradır.
Qan dövrünının pozulması. Qan dövranı sistemindəki problemlər ayaqlara kifayət qədər qan axınının olmaması nəticəsində müxtəlif simptomlarla özünü göstərir ki, bunlardan biri də yanmadır. Ən çox periferik arteriya xəstəliyi və varikoz damarları qanın normal dövranına mane olmaqla ayaqda şişlik, soyuqluq, yanma, qıcıqlanma hissi yaradır. 

Ayaqlarda yanmanın əlavə simptomları nələrdir?

Bu vəziyyət özünü müxtəlif simptomlarla özünü göstərir. Onun simptomları səbəbindən asılı olaraq dəyişsə də, ümumi simptomları bunlardır:
İstilik hissi. Ən çox görülən əlamət ayaqların normalda olduğundan daha isti olmasıdır. İstilik ayağın alt hissəsindən başlayır və bütün ayağa yayılır. 
Qıcıqlanma. Sinirdə olan problem səbəbilə olan yanma varsa, onunla birlikdə ayaqda qıcıqlanma da olur.
Uyuşma. Sinir düzgün işləmədikdə yanma ilə birlikdə uyuşma, ayağın keyiməsi olur. 
Sancma hissi. Gecə saatlarında yatarkən ayaqlarda sancma hissi yaşanır. Bunun da səbəbi sinirə bağlı problemlərdir.
Ağrı. Bəzi hallarda yanma hissi ilə birlikdə ayaqlarda yüngül və ya şiddətli ağrı meydana gəlir.
Artan həssaslıq. Yanma zamanı ayaqlar normaldan daha çox toxunmağa həssas olurlar. Bu zamanda hətta yüngül təmas xoşagəlməz yanma və ya sancma hissini daha da artırır.
Bu simptomlar səbəbindən asılı olaraq yüngül və ya şiddətli olur. Müəyyən bir vaxtdan sonra simptomların şiddəti azalır və aradan qalxır. Əgər bu əlamətlərdən hər hansısa biri və ya bir neçəsi eyni anda müşahidə olunursa və uzun müddət davam edərsə, həkim tərəfindən qiymətləndirilməlidir.

Ayaqlarda yanma diaqnozu necə qoyulur?

Bu hal müxtəlif səbəblərdən yarandığından müalicə üçün dəqiq diaqnoz böyük əhəmiyyət kəsb edir. Həkimlər yanma hissinin səbəbini tapmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Həmin diaqnostik üsullar bunlardır:
Xəstənin anamnezinin qiymətləndirilməsi. Həkim xəstənin ümumi sağlamlıq vəziyyəti, şəkərli diabet kimi xroniki xəstəlikləri, istifadə edilən dərmanlar və yaşanan simptomları, əvvəlki narahatlıqları haqqında ətraflı məlumat alır. 
Bu mərhələ əsas səbəblərin müəyyən edilməsində mühüm rol oynayır.
Fiziki müayinə. Ayaqların fiziki müayinəsi qızartı, şişlik, infeksiya əlamətləri və ya damar tıxanıqlığı kimi xarici əlamətləri yoxlamağa kömək edir. Bundan əlavə fiziki müayinədə ayaqlarda həssaslıq və temperatur dəyişiklikləri də qiymətləndirilir.
Qan testləri. Həkim diabet, tiroid problemləri, vitamin çatışmazlığı və infeksiya kimi vəziyyəti yoxlamaq üçün qan testləri təyin edir. Vitamin B12 çatışmazlığı və qan şəkəri səviyyələrinin yoxlanılması dəqiq diaqnoz üçün mütləqdir.
Sinir testləri (EMG və NCS). Sinirlərin necə işlədiyini və sinir zədələnməsinin olub-olmadığını qiymətləndirmək üçün elektromiyoqrafiya (EMG) və sinir keçiriciliyi müayinəsi (NCS) aparılır. 
Bu testlər neyropatiya kimi sinirlə əlaqəli problemlərin diaqnozu üçün istifadə olunur.
Doppler ultrasəs. Qan dövranı problemlərindən şübhələnildikdə damarların vəziyyətini qiymətləndirmək üçün Doppler ultrasəs istifadə olunur. 
Bu test ayaqlara adekvat qan axınının olub-olmadığını müəyyən etməyə kömək edir.
Dəri biopsiyası. Nadir hallarda olsa da, digər diaqnoz üsulları nəticə vermədikdə dəqiq diaqnoz üçün sinirlərin mikroskopik müayinəsi üçün dəri biopsiyası təyin edilir. Bu üsulla kiçik sinir liflərini araşdıraraq sinir zədələnməsini dəqiqləşdirmək mümkündür. 

Ayaqlarda yanma necə müalicə olunur?

Ayaqlarda yanma səbəbə görə fərqli müalicə üsulları ilə aradan qaldırılır. Müalicə prosesi zamanı problemin mənbəyini aradan qaldırmaq üçün tədbirlər görülür. Bu zaman həkimin təyin etdiyi müalicə yanaşmaları bunlardır:
Əsas səbəbin müalicəsi. Əgər yanma diabet, vitamin çatışmazlığı və alkoqol qəbulu səbəbilədirsə, həkim qanda şəkəri normallaşdıracaq dərmanlar, vitamin əlavələri təyin edir və spirtli içki qəbulunu azaltmağı və ya tam dayandırmağı tövsiyə edir.
Sinir zədələrinin müalicəsi. Sinir zədələnməsi səbəbindən yanma hissini azaltmaq üçün ağrıkəsicilər, antidepresantlar və ya antikonvulsan kimi dərmanlar təyin olunur. Bu dərmanlar sinirlərin həssaslığını azaltmaqla yanmanı aradan qaldırır.
Həmçinin sinirləri rahatlaşdırmaq və yanmanı götürmək üçün lokal anestezik kremlər də istifadə olunur.
Qan dövranı problemlərinin müalicəsi. Damarları genişləndirən və qan dövranını artıran dərmanlar qan dövranı pozğunluğu səbəbiylə yanma hissi yaşayan insanlarda istifadə olunur.
Bu tip problemlərdə varikoz corablar kimi qan dövranını artıran vasitələr də yanmanı aradan qaldırmağa kömək edir.  
Fizioterapiya. Sinir və əzələləri gücləndirmək üçün fizioterapevt nəzarətilə edilən yüngül məşqlər qan dövranı problemlərindən qaynaqlanan yanma hissi üçün faydalıdır.
Eyni zamanda ayaq masajı və isti hamamları qan dövranını artıraraq yanma hissini azaldır.
İnteqrativ müalicə üsulları. Akupunktur müalicəsi bəzi xəstələrdə sinir zədələnməsi səbəbindən yanma hissini azaltmaq üçün ən təsirli üsullardandır. 
Bu müalicə variantları hər bir xəstənin fərdi vəziyyətinə uyğun olaraq təyin olunur.
 

Ev şəraitində ayaqda yanmanı necə aradan qaldırmaq olar?

Bəzi addımlar var ki, onları evdə etməklə ayaqlardakı yanma hissini aradan qaldırmaq və yanmanın səbəb olduğu ağrını yüngülləşdirmək mümkündür.
Soyuq vanna. Ayaqlarınızı 10-15 dəqiqə soyuq suya qoyun, yaxud buz paketini dəsmala büküb ayağınıza sarıyın. Qeyd edək ki, həddən artıq soyuq sinirə zədə verə bildiyindən ayağınızı gün ərzindən 10-15 dəqiqədən artıq soyuqda saxlamayın.
Epsom duzlu su. İsti suya bir az Epsom duzu əlavə edib həmin suya ayağınızı qoymaq qan dövranını artırır və yanmanı aradan qaldırır.
Lakin şəkər xəstəliyiniz varsa, həkiminizlə məsləhətləşmədən bu üsulu tətbiq etməyin.
Rahat geyim. Gündəlik rahat və dar olmayan ayaqqabı geyinmək, ayaqqabı geyinərkən corabdan istifadə etmək ayaq sinirlərinizi rahatlaşdırmağa kömək edəcək.
Ayaq masajı. Ayaqlarınızı adi nəmləndirici və yağlarla masaj etməklə qan dövranını artıraraq yanma hissini aradan qaldıra bilərsiniz.
Ayaqları yüksəkdə saxlamaq. Ayaqlarınızı yastıqla dəstəkləyərək ürək səviyyəsindən yuxarı saxlamaq qan dövranını yaxşılaşdırır və yanmanı azaldır. 
Nəmləndirici kremdən istifadə. Quru dəri yanmaya səbəb olduğundan ayağı nəmləndirmək dərinin qıcıqlanmasını və yanmasını aradan qaldıracaq.
Qidalanmaya nəzarət edin. B vitamini ilə zəngin olan qidalarla, məsələn, balıq, süd məhsulları, ətlə qidalanın.
Bu üsullar yüngül və ya orta dərəcədə yanma hissini aradan qaldırmaq üçün təsirlidir. Ancaq yanma hissi davamlı olarsa və ya simptomlar şiddətlidirsə, dəqiq diaqnoz və müalicə üçün həkim müayinəsi mütləqdir.