Uşaqlarda Hiperaktivliyə Nədir? Hiperaktivlik Müalicə Olunur?

Uşaqlarda Hiperaktivliyə Qarşı Nə Etməliyik? Hiperaktivlik Müalicə Olunur?

Hiperaktivlik uşaqlarda tez-tez rast gəlinən diqqət çatışmazlığı hiperaktivlik və sindrom pozuqluğu (DEHB) kimi tanınan bir vəziyyətin əlamətidir. Bu vəziyyət uşağın yaşından və inkişaf səviyyəsindən asılı olaraq hərəkətlilik, diqqətsizlik və impulsivlik ilə xarakterizə olunur. 
Hiveraktiv uşaqlar enerjili və aktiv olsalar da, düşünmədən və dayanmadan hərəkət etdikləri üçün məktəbdə, evdə və sosial mühitdə müxtəlif çətinliklərlə qarşılaşırlar. Ona görə də uşaqlarda hiperaktivliyi idarə etmək həm uşaqlar, həm də ətrafdakıların rahatlığı üçün önəmlidir.

Uşaqlarda hiperaktivliyin səbəbi nədir?

Uşaqlarda diqqət əskikliyinin dəqiq səbəbi bilinməsə də, tədqiqatlar göstərir ki, bu vəziyyət müxtəlif genetik, bioloji və ətraf mühit amillərinin birləşməsindən qaynaqlanır. 
Hiperaktivlik pozğunluğunun altında yatan səbəblər və pozğunluğu ağırlaşdıran amillərə bunları aid edə bilərik:
  • Genetik faktorlar
  • Beyin strukturu və funksiyaları
  • Neyrotransmitterlərin tənzimlənməməsi
  • Ətraf mühit faktorları
  • Psixososial amillər
  • Valideynlik tərzi
Genetik faktorlar. Genetik faktorlar DƏHB-nin ən mühüm səbəblərindən biri hesab olunur. Ailədə DEHB olan şəxslərin uşaqları bu pozğunluğa daha çox meyllidirlər. 
Çünki genetik meyl uşağın beyin strukturunda və funksiyalarında müəyyən fərqlərə səbəb olaraq hiperaktiv pozğunluğunu əlamətlərilə nəticələnir.
Beyin strukturu və funksiyaları. Beyin quruluşu və funksiyası bəzi uşaqlarda diqqət əskikliyinin inkişafına təsir edir. 
Tədqiqatlar göstərir ki, DEHB olan uşaqların beyninin müəyyən hissələri normaldan fərqli işləyir və bu fərq diqqət, planlaşdırma və nəzarət kimi funksiyalara təsir edən amildir. Xüsusilə, prefrontal korteks adlanan beyin bölgəsində anormallıqlar diqqət çatışmazlığı və impulsivliyə səbəb olur.
Neyrotransmitterlərin tənzimlənməməsi. Beyindəki neyrotransmitterlərin, kimyəvi maddələrin balanssızlığı DEHB əlamətlərinin inkişafına təsir edir. 
Dopamin və norepinefrin kimi nörotransmitterlərin fəaliyyətindəki pozğunluqlar diqqət və davranış nəzarəti ilə bağlı problemlərə səbəb olur.
Ətraf mühit faktorları. Ətraf mühit faktorları da sözügedən problemin inkişafında rol oynayır. 
Hamiləlik dövründə ananın siqaret çəkməsi və spirtli içkilərin qəbulu, doğuşun ağır keçməsi, aşağı çəki və vaxtından əvvəl doğuş kimi faktorlar DEHB riskini artırır. 
Psixososial amillər. Uşaqlarda diqqət pozuntusunun yaranmasında ailə mühiti də rol oynayır. Ailədə stresli həyat və travma yaradacaq mövzular çoxdursa, ailə mühiti hər tərəfli pisdirsə, uşaq qeyri-müntəzəm həyat şəraiti və emosional stresə məruz qalırsa, bu zaman uşaqdakı diqqət əskikliyi əlamətləri daha da artacaq.  
Valideynlik tərzi. Valideynlik tərzi və intizam üsulları da uşaqların davranışlarına təsir edir. Həddindən artıq sərt və ya həddindən artıq zəif intizam qaydaları, uyğunsuz valideynlik və qeyri-adekvat diqqət uşaqlarda hiperaktivlik əlamətlərini artırır.
Bu amillərin birləşməsi uşaqlarda diqqət əskikliyinin yaranmasına və kəskinləşməsinə səbəb olur. 

Uşaqlarda hiperaktivliyin əlamətləri nələrdir?

Hiperaktivliyin əlamətləri üç əsas kateqoriyaya bölünür: diqqətsizlik, hiperaktivlik və impulsivlik. Bu koteqoriyalara aid ümumi əlamətlər bunlardır:
Diqqəti saxlamaqda çətinlik. Uşaqlar müəyyən bir işə və ya fəaliyyətə diqqət cəmləməkdə çətinlik çəkirlər və asanlıqla diqqətlərini yayındırırlar. 
Bu vəziyyət məktəbdə dərsə qulaq asarkən və ya evdə ev tapşırıqlarını yerinə yetirərkən özünü daha qabarıq göstərir.
Unutqanlıq. Gündəlik sadə mövzuları belə tez-tez unudurlar və davamlı əşyalarını itirirlər.
Tapşırıqları yerinə yetirməkdə çətinlik. Başladıqları işi bitirməkdə çətinlik çəkirlər və çox vaxt yarımçıq qoyurlar. Dərs tapşırıqlarını və ya oyun oyanayarkən olan tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirlər.
Detallara diqqət yetirə bilməmək. Fikirlərini cəmləyib detallara diqqət yetirə bilmədiklərinə görə tez-tez sadə səhvlər edirlər.
Qulaq asmamaq. Söhbət əsnasında qarşı tərəfi dinləmirlər və verilən göstərişləri yerinə yetirməkdə çətinlik çəkirlər. 
Hərəkətdə olmaq. Uşağın əllərini və ya ayaqların tez-tez tərpətməsi və otura bilməməsi müşahidə olunur. Bu, sinif otağında və ya yemək masasında oturan zaman daha çox olur.
Əlverişsiz zamanlarda hərəkət. Sinifdə və ya sosial mühitdə uyğun olmayan vaxtlarda ayağa qalxmaq, qaçmaq və ya harasa dırmaşmaq kimi davranışlar nümayiş etdirirlər. 
Sakitcə oynaya bilməmək. Uşaqda sakit oyunlar oynaya bilməmək və daim hərəkət etmək istəyi olur. Bu, uşağın sosial mühitə uyğunlaşmasını çətinləşdirir.
Həddindən artıq danışmaq. Uşaq çox danışır, dayanmadan söhbətə davam etmək istəyir və danışdığı mövzunu tez-tez dəyişir.
Gözləyə bilməmək. Başqalarının söhbətlərinə tez-tez müdaxilə etmək, öz növbəsini gözləyə bilməmək kimi davranışlar sərgiləyirlər. 
Səbrsizlik. Növbə gözləməkdə çətinlik çəkirlər və gözləməyi tələb edən vəziyyətlərdə səbirsiz olurlar. 
Dərhal cavab vermək. Sualı tamamlanmadan cavablandırmaq, düşünmədən hərəkət etmək kimi davranışlar edirlər. 
Bu əlamətlər çox vaxt məktəb yaşlı uşaqlarda daha çox nəzərə çarpır və uşağın təhsil, sosial və ailə həyatına mənfi təsir göstərir. 
Hiperaktivliyin simptomları hər bir uşaqda müxtəlif yollarla və müxtəlif dərəcədə özünü göstərir. Əgər uşağın hiperaktiv olduğu düşünülürsə, yuxarıdakı əlamətlər az olsa da, həkim müayinəsi lazımdır. 

Uşaqlarda hiperaktivliyin müayinəsi necədir?

Uşaqlarda hiperaktivliyin diaqnozu bir sıra addımları əhatə edir. Bu proses zamanı uşağın davranışı, psixoloji göstəriciləri və ailə dinamikası ətraflı şəkildə araşdırılır. 
Tibbi anamnez. Həkim uşağın valideynlərindən uşağın doğulduğu gündən sağlamlıq tarixi, inkişaf prosesi, məktəb performansı, sosial əlaqələri barədə məlumatları alır.
Davranışın qiymətləndirilməsi. Uşağın gündəlik həyatda davranışı qiymətləndirilir. Bu zaman onun məktəbdə, evdə və əlavə sosial mühitlərdə özünün necə apardığı öyrənilir.
Davranışın qiymətləndirilməsi zamanı uşağın diqqət çatışmazlığı, hiperaktivlik və impulsivlik səviyyələrini müəyyən edilir. 
Fiziki müayinə. Bu müayinə hiperaktivliyə səbəb ola biləcək digər sağlamlıq problemlərini istisna etmək üçün aparılır. Məsələn, tiroid problemləri və ya nevroloji pozğunluqlar kimi şərtlər qiymətləndirilir.
Psixoloji qiymətləndirmə. Psixoloq və ya psixiatr uşağın psixi və emosional vəziyyətini qiymətləndirmək üçün müxtəlif testlər aparır. Bu testlər uşağın idrak qabiliyyətini, diqqətini, yaddaş qabiliyyətini və problem həll etmə bacarıqlarını müəyyən edir. Bundan əlavə, uşağın emosional vəziyyəti və sosial bacarıqları da qiymətləndirilir.
Hiperaktivlik müayinəsi multidisipliner yanaşma tələb edir və uşağı hərtərəfli qiymətləndirmək vacibdir. Yuxarıdakı müayinələrin nəticəsində toplanan məlumatlar sonda təhlil edilir və dəqiq diaqnoz qoyulur.

Uşaqlarda hiperaktivliyə qarşı nə etmək lazımdır?

Hiperaktivliklə effektiv mübarizə aparmaq üçün uşağın gündəlik həyatında, təhsil mühitində və evdə tətbiq olunun müxtəlif strategiyalar mövcuddur. 
Uşaqlarda hiperaktivliyə qarşı tətbiq edilən üsullar bunlardır:
  • Peşəkar yardım almaq
  • Davranış terapiyası
  • Dərman müalicəsi
  • Pozitiv valideynlik
  • Rejimli olmaq
  • Müəllimlərlə əməkdaşlıq 
  • Məqsədlərin müəyyən edilməsi və mükafatlandırılması
  • İdman və fiziki fəaliyyət
  • Balanslı qidalanma
  • Yaxşı yuxu
  • Davamlı araşdırma 
  • Hiperaktivliklə yaşamağı öyrənmək
Peşəkar yardım almaq. Uşaq psixiatrından və ya psixoloqundan kömək almaq vacibdir. Çünki mütəxəssislər uşağın vəziyyətini qiymətləndirir və müvafiq müalicə üsullarını təyin edərək davranış pozğunluğunu aradan qaldırmağa sizə kömək edirlər.
Davranış terapiyası. Davranış terapiyası uşağa impulsiv davranışı idarə etməyi və diqqəti cəmləməyi öyrənməyə kömək edən üsuldur.
Dərman müalicəsi. Çox vaxt stimullaşdırıcı dərmanlar DEHB simptomlarını idarə etməkdə təsirli olur. Uşağın diqqətini yaxşılaşdıran və hiperaktivliyi azaldan bu dərmanlar həkim tərəfindən təyin olunmalıdır.
Pozitiv valideynlik. Valideynlər pozitiv valideynlik strategiyalarını öyrənməli və tətbiq etməlidirlər. Yəni uşağınız müsbət davranış edən zaman onu mükafatlandırın, uşaqla maraqlı vaxt keçirməyə çalışın, ailədə problem varsa, bunu uşağa yansıtmayın.  Eyni zamanda uşaq mənfi davranış sərgiləyərsə, konstruktiv şəkildə vəziyyəti idarə edin və səbrlə uşağa nəyi səhv etdiyini izah edin.
Rejimli olmaq. Uşağın oyun saatını, dərs saatını rejimə salın və nəzarət edin ki, uşaq buna uyğunlaşsın. Bu üsul onun diqqətini cəmləməsinə və daha sakit gördüyü fəaliyyətlə məşğul olmasına kömək edəcək.
Müəllimlərlə əməkdaşlıq. Müəllimlərlə ünsiyyət qurmaq və uşağın ehtiyaclarını müəllimlə bölüşmək vacibdir. Çünki müəllimlər uşağa sinifdə diqqətini cəmləməyə kömək edən üsullardan istifadə etməklə hiperaktivliklə mübarizənizə dəstək olacaq.
Məqsədlərin müəyyən edilməsi və mükafatlandırılması. Uşağa kiçik, asan əldə edilən məqsədlər qoyun və bu məqsədlərə çatdıqda mükafatlar verərək uşağın motivasiyasını artırın.
İdman və fiziki fəaliyyət. Fiziki fəaliyyətlər uşağa enerjisini konstruktiv şəkildə istifadə etməyə kömək edir. İdman həm də onlara nizam-intizamı və komanda işini öyrənməyə imkan verəcək.
Balanslı qidalanma. Balanslı və sağlam qidalanma uşağın davranışına müsbət, xüsusi təsir göstərəcək və müalicənin daha effektiv olmasını təmin edəcək.
Yaxşı yuxu. Keyfiyyətli yuxu uşağın diqqətinə və davranışına müsbət təsir edərək onun daha sakit və təmkinli hərəkət etməsinə kömək edir.
Davamlı araşdırma. Hiperaktivliyə qarşı mübarizə valideynlər üçün çətin və yorucu ola bilər. Hətta bəzən nə etməli olduğunuzu bilməyə bilərsiniz. Ona görə kitablar, məqalələr və onlayn resurslardan istifadə edərək DEHB haqqında məlumatlar alın və uşağınızla necə davranmalı olduğunuzu öyrənin. 
Hiperaktivliklə yaşamağı öyrənmək. Hiperaktivliklə mübarizə uzun müddətli prosesdir. Bu müddət ərzində səbrli olmaq və uşaqla düzgün rəftar etmək vəziyyəti idarə etməyiniz üçün önəmlidir.
Uşaqlarda hiperaktivliyə qarşı tətbiq ediləcək strategiyalar uşağın fərdi ehtiyaclarına uyğunlaşdırılmalıdır. 
Hər bir halda valideynlər, müəllimlər və həkim arasında əməkdaşlıq uşağın həyat keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Ona görə də uşaqlarda hiperaktivliyin simptomları ilə rastlaşdıqda vəziyyəti düzgün idarə etmək və ağırlaşmaların olmaması üçün həkimə müraciət etməyiniz tövsiyə olunur.