Həkim qəbuluna yazıl

Canlı çat

İştahasızlıq Niyə Olur? İştahasızlığın Riskləri Nələrdir?

İştahasızlıq Niyə Olur? İştahasızlığın Riskləri Nələrdir?


Bütün yaş qruplarında görülə bilən və bir çoxlarının iştahsızlıq olaraq adlandırdığı iştahasızlıq ac qalmama halı olaraq dəyərləndirilə bilər. Yemək istəyinin olmaması, əsas kalori ehtiyacının azalması, qida fobiyası və ya qida seçiciliyi kimi də təyin oluna bilən bu qidalanma vərdişinə xüsusilə körpələrdə və uşaqlarda daha çox rast gəlinir. Qidalanma davranışındakı pozğunluğun səbəbi psixoloji və ya fizioloji ola bilər. İştahasızlığın səbəbinin aşkarlanması müalicənin ilk addımı hesab olunur. İştahasızlıq yeməkdən çəkinmə, arıqlama, bədən kütlə indeksinin pisləşməsi, halsızlıq, yorğunluq, dəri quruluğu və menstruasiyanın olmaması kimi əlamətlərlə özünü büruzə verir. İştahasızlığın (anoreksiya) səbəblərinə keçməzdən əvvəl iştahasızlığın nə olduğunu anlamaq lazımdır.

İştahasızlıq nədir?


Klinik olaraq iştahanın azalması gündəlik qida qəbulunun azalması ilə xarakterizə olunur. Hər kəsin həyatının bir dönəmində yaşadığı bu hal, əsasən, soyuqdəymə, mədə və həzm problemləri, bağırsaq və qaraciyər xəstəliklərindən sonra yaranır. Lakin fizioloji və psixoloji səbəblərə görə də meydana gələ bilər.

Gündəlik kalori qəbulu miqdarının azalması iştahasızlıq olaraq təyin olunur və bu, insanın özünü daha yorğun, bitkin və narahat hiss etməsinə səbəb olur. Bundan əlavə, orqanizm qidalanma yolu ilə lazım olan vitamin və mineralları kifayət qədər ala bilmədiyi üçün immun sistemi zəifləyir və bu səbəbdən insan bir çox müxtəlif xəstəliklərə asanlıqla yoluxa bilir. Körpələrdə və uşaqlarda böyüklərə nisbətən daha sıx rast gəlinən iştahasızlıq bir çox hallarda ailədaxili çaxnaşma və məktəb mühiti kimi psixoloji səbəblərdən ola bilər. 
Bu hal uşaqlarda boğaz ağrısı, sidik yolu infeksiyası və allergiya kimi xəstəliklərdən sonra özünü göstərə bilər. Körpələrdə 8-9-cu aylardan başlayaraq 2 yaşa qədər və ya dərs ilinə qədər davam edə bilər. Bu vəziyyət adətən diş çıxarma, süddən bərk qidaya keçid kimi səbəblərdən yaranır. Bundan əlavə, dəmir çatışmazlığı anemiyası və sink çatışmazlığı da körpələrdə və uşaqlarda iştahasızlığın səbəblərindəndir.

Böyüklərdə Rastlanan İştahasızlığın Səbəbləri Nələrdir?


Böyüklərdə, yəni yetişkin insanlarda rastlanan iştahasızlıq bir çox hallarda fizioloji səbəblərdən qaynaqlanır. İnsanın iştahasının azalmasına gətirib çıxaran fizioloji səbəblər arasında xroniki infeksiyanın olması, malabsorbsiya olaraq təyin olunan həzm pozğunluqları, mədə-ezofagial reflü, kistik fibroz, anadangəlmə ürək xəstəlikləri və nevroloji xəstəliklər yer alır. Bədənin hormonal tarazlığını tənzimləyən endokrin sistemlə bağlı pozğunluqlar da bu durumla birbaşa əlaqəli ola bilər. Mədədən ifraz olunan və iştahanı artıran təsirə malik Chrelin hormonunun səviyyəsinin müxtəlif səbəblərdən aşağı düşməsi də iştahasızlığa səbəb ola bilər. 

Bunlarla yanaşı, tibbi olaraq disfagiya olaraq təyin olunan udma çətinliyi həm böyüklərdə, həm də uşaqlarda ağrıya səbəb olur və bu hal da iştahanın olmaması ilə nəticələnir. 

Həmçinin ürəkbulanma və qusmaya səbəb olan miqren tutmaları zamanı insan yemək istəməyə bilər. İştahasızlıq bütün xərçəng növlərində müşahidə edilə bilər. Radiasiya və kemoterapiyaya görə qusma, yeməklərin dad və qoxusunun dəyişməsi kimi şikayətlər də iştahasızlığa səbəb ola bilər. 

Müalicə ilə idarə olunmadıqda qida çatışmazlığına səbəb olan başqa bir amil isə diabetdir. İrritabl bağırsaq sindromundan yaranan ishal, qəbizlik və şişkinlik də insanın qidalanmasına mənfi təsir göstərə bilər.

Bütün bunlara əlavə olaraq qeyd edək ki, stres və istifadə edilən bəzi dərmanların yan təsiri olaraq da iştahasızlıq yarana bilər. 

Hamiləlik Zamanı İştahasızlıq Risklidir?


Hamiləlik dövründə iştahanın olmaması hamiləliyin ilk trimestrində, yəni birinci trimestrdə tez-tez olur. Ananın bədənində hormonal və fiziki dəyişikliklər səbəbindən iştahanın olmaması tamamilə normaldır. Bundan əlavə, bu dövrdə hamiləliyin əlamətlərindən olan qəbizlik, ürəkbulanma və qusma da iştahasızlığa səbəb ola bilər. Hamiləlik dövründə iştahasızlığın qarşısını almaq üçün həddindən artıq yağlı qida istehlakından qaçınmaq, qəlyanaltıların sayını artırmaq və qısa müddətli gəzinti kimi idmanla məşğul olmaq tövsiyə edilir. Hamiləlik dövründə rast gəlinən iştahasızlıq ilk trimestrin sonunda yox olur.

Körpələrdə İştahasızlıq Niyə Olur?


Körpələrdə iştahasızlıq bir çox hallarda körpənin inkişafına təsir edəcək səviyyədə ola bilir. Belə hallarda həkim anadan 3 gün ərzində körpəsini nə ilə bəslədiyini mütəmadi olaraq qeyd etməsini xahiş edir. Əgər uşağın həqiqətən də iştahası yoxdursa və düzgün qidalanmırsa, lazımi tədbirlər görülür. Körpələrdə iştahasızlıq çox vaxt ana südündən bərk qidaya keçid zamanı baş verir. Diş çıxması da iştahasızlığa səbəb olan əsas amillərdəndir. Bundan əlavə, bir yaşdan sonra böyümənin nisbi yavaşlaması qida ehtiyaclarının azalmasına səbəb olur. 

Böyüklərdə olduğu kimi, dəmir çatışmazlığı körpələrdə də iştahanın olmamasına səbəb ola bilər. Sidik yolları, bağırsaq, yuxarı tənəffüs yolları və qrip infeksiyaları da səbəblər arasında yer alır. 

Qeyd edək ki, körpənin 3 həftədən çox qidalanmamasına vərəm, reflü, böyrək, ürək və qaraciyər xəstəlikləri də səbəb ola bilər.

Uşaqlarda İştahasızlığın Səbəbi Nədir?


Uşaqlarda iştahasızlıq daha çox sidik yolları infeksiyası, qulaq, burun, boğaz ağrıları ilə müşahidə edilir. Udma çətinliyinə səbəb olan xəstəliklər uşağın qidalanmaqdan imtina etməsinə səbəb olur. Qastroezofageal reflü kimi həzm sistemi problemləri də uşaqlarda iştahasızlığa səbəb olan amillər arasındadır. 

Sink çatışmazlığının əlamətlərindən biri olan iştahasızlıq uşaqlar arasında çox rast gəlinən haldır. Sinkin uşaqların inkişafında əhəmiyyətli yeri olduğu üçün iştahasızlıq şikayətləri ilə həkimə müraciət edildikdə serum sink səviyyəsi yoxlanılır. 

Uşaqlarda fiziki xəstəliklərlə yanaşı psixoloji amillər də iştahanın olmamasına səbəb ola bilər. Ailə mühitində və ya sosial mühitdə yaranan problemlər uşağın yeməklərə qarşı həddindən artıq seçici davranmasına səbəb ola bilər. Lakin bilmək lazımdır ki, bəzən uşağın yeməkdən imtina etməsi anaya qarşı reaksiyası, yaxud da qəzəbi, və ya ailəyə özünü bir fərd kimi sübut etmək cəhdi ola bilər.

Uşağı ağzını açmağa, ac olanda deyil, valideynin təyin etdiyi vaxtda qidalanmağa məcbur etmək, həmçinin diqqətini yayındıraraq məsələn, video izlədərək və ya telefon istifadə edərək qidalandırmaq uşaqlarda iştahanın itirilməsinə səbəb ola bilir. Bundan əlavə, meyvə və heç bir qida dəyəri olmayan qəlyanaltılar (cips, şokolad və s.), həmçinin süd, meyvə şirəsi və qazlı içkilər yemək vaxtından əvvəl istifadə edilməməlidir. Bütün bunlarla yanaşı unutmayın ki, uşaqların etdiyi davranışlara görə yemək mükafat və ya cəza olaraq istifadə edilməməlidir. Əks halda uşaqlarda ciddi şəkildə qidalanma pozuntusu, iştahanın itirilməsi kimi hallar yaşana bilər.