Uşaqlarda Antibiotik İstifadəsi Necə Olmalıdır?

Uşaqlarda Antibiotik İstifadəsi Necə Olmalıdır?

Antibiotiklər uşaqlarda bakterial infeksiyaların müalicəsində mühüm rol oynayan dərmanlardır. Ailələr tez-tez uşaqlarında hər hansı bir infeksiya əlamətlərinin qarşısını almaq üçün antibiotikdən istifadə etməyi düşünsələr də, bu yanaşma yanlışdır. Antibiotiklər yalnız bakterial infeksiyalar üçün təsirli olur yalnız həkim tərəfindən təyin olunur və yanlış istifadə dərmanların effektiv olmaması ilə nəticələnə bilər. Uşaqlarda lazımsız yerə antibiotik istifadəsinin qarşısının alınması onların bu dərmanların yan təsirlərindən qorunmalarını təmin edir və gələcəkdə qarşılaşa biləcəkləri sağlamlıq problemlərin riskini azaldır. Buna görə də antibiotiklərin necə və nə vaxt istifadə edilməli olduğunu bilmək vacibdir.

Antibiotik nədir və necə təsir edir?

Qeyd etdiyimiz kimi, antibiotik bakteriyaların yaratdığı infeksiyaları müalicə etmək üçün istifadə olunan dərmanlardır. Belə ki, bu dərmanlar bakteriyaların böyüməsini dayandırır və ya onları öldürür. Antibiotiklər bakterial infeksiyaların yayılmasının qarşısını alır və bədənin infeksiya ilə mübarizə aparmasına kömək edir. Lakin hər antibiotik hər infeksiya üçün istifadə edilə bilməz. Həkimlər infeksiyanın növünü təyin etdikdən sonra müvafiq antibiotik təyin edirlər. Antibiotiklərin düzgün və ya lazımsız istifadəsi bakteriyaların bu dərmanlara qarşı müqavimət göstərməsinə səbəb ola bilər ki, bu da gələcəkdə infeksiyaların müalicəsini çətinləşdirir. Çünki bu zaman mikroblar dərmana qarşı ditəncli olurlar. Buna görə antibiotiklərin düzgün və yalnız bir həkim nəzarəti altında istifadə edilməsi çox vacibdir.

Uşaqlarda antibiotiklərin istifadəsi

Antibiotiklər yalnız uşaqlarda bakterial infeksiyaları müalicə etmək üçün istifadə edilməlidir. Bu dərmanlar bədəndəki zərərli bakteriyaları məhv edərək infeksiyaların yayılmasının qarşısını alır. Ancaq hər infeksiya antibiotik tələb etmir. Xüsusilə, virus infeksiyaları, göbələk mənşəli infeksiya, qrip, soyuqdəymə və bir çox boğaz ağrısı kimi vəziyyətlər antibiotik müalicəsinə cavab vermir. Antibiotiklərin istifadəsi yalnız həkim tərəfindən diaqnoz qoyulduqda və bakterial infeksiya halında lazımdır

Uşaqlarda Antibiotik tələb edən ümumi infeksiyalar hansılardır?

Uşaqlarda antibiotik tələb edən ümumi infeksiyalara aşağıdakılar aiddir:
  • bakterial pnevmoniya
  • streptokok mənşəli boğaz ağrısı
  • bakterial sinüzit
  • otit – orta qulaq infeksiyası
  • sidik yollarının infeksiyaları
  • dəridə irinli səpkilər və.s
Bu cür infeksiyalar antibiotik müalicəsi ilə effektiv şəkildə idarə olunur. Bununla belə, infeksiyanın uğurlu müalicəsi üçün düzgün diaqnoz və müalicə müddəti vacibdir. Unutmayın ki, antibiotiklərin səhv və ya lazımsız istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi üçün onlardan yalnız həkim tövsiyəsi ilə istifadə edilməlidir.

Uşaqlarda Antibiotiklərdən səhv istifadənin riskləri nələrdir?

Antibiotiklərin səhv və ya lazımsız istifadəsi həm uşaqlarda, həm də böyüklər arasında böyük risk daşıyır. Sözügedən risklər aşağıdakılardır:
  • Antibiotik müqavimətinin yaranması və inkişafı
  • Faydalı bakteriyaların azalması
  • İmmunitet sisteminin zəifləməsi
Antibiotik müqavimətinin yaranması. Ən böyük təhlükələrdən biridir. Antibiotik müqaviməti bakteriyaların dərmanlara qarşı dirənclik qazanması deməkdir. Bu, infeksiyaların müalicəsini çətinləşdirir və bəzən qeyri-mümkün edir. Uşaqlarda antibiotiklərin lazımsız istifadəsi bu müqavimətin yayılmasına kömək edir.
Faydalı bakteriyaların azalması. Antibiotiklər həzm sistemindəki faydalı bakteriyaları da məhv edərək ishal, ürəkbulanma və qarın ağrısı kimi mədə-bağırsaq problemləri yarada bilər. Bundan əlavə, antibiotiklərin həddindən artıq və lazımsız istifadəsi allergik reaksiyaların riskini artıra bilər; Bu reaksiyalar yüngül dəri səpkilərdən ağır anafilaktik şoka qədər dəyişə bilər.
İmmunitet sisteminin zəifləməsi.Yanlış istifadə uşağın immunitet sistemini zəiflədə bilər ki, bununla da uşağın orqanizmində gələcək infeksiyalara qarşı həssaslıq yaranır. Uşaqların inkişaf prosesində onların immun sistemlərinin gücləndirilməsi vacibdir. Odur ki, antibiotiklərin lazımsız istifadəsi bu prosesə mənfi təsir göstərə bilər. 
Bu səbəbdən antibiotiklərdən yalnız həkim tövsiyəsi ilə və düzgün dozada istifadə etmək önəmlidir. 

Antibiotiklərin uşaqlarda yan təsirləri nələrdir?

Antibiotiklərin lazımsız istifadəsi uşaqlarda ciddi yan təsirlərə səbəb ola bilər. Bu yan təsirlər aşağıdakılardır:
  • Mədə-bağırsaq problemləri
  • Allergik reaksiyalar
  • Qaraciyər və Böyrək funksiyalarında dəyişikliklər
  • Dəridə səpkilər
Mədə-bağırsaq problemləri. Antibiotiklər bağırsaq florasını poza və ishala səbəb ola bilər. Həmçinin bəzən ürəkbulanma və qusma, qarın ağrısı da müşahidə edilir. Xüsusilə bəzi növ antibiotiklər mədədə qıcıqlandırıcı təsir göstərə bilər.
Allergik reaksiyalar. Yan təsirlər içərisində tez-tez rast gəlinən dəridəki yüngül qaşınan səpkilərdir. Həmçinin dəridə geniş yayılmış qaşınma da ola bilər. Bəzi hallarda isə allergik reaksiya olaraq nəfəs darlığı da baş verir.
Qaraciyər və Böyrək Funksiyalarında Dəyişikliklər. Antibiotiklər qaraciyər fermentlərinin artmasına, böyrək funksiyalarının pozulmasına səbəb ola bilər. Xüsusilə böyrəklərə ziyan vurma riski yüksək olan dərmanlarla diqqətli olmaq lazımdır.
Dəridə dəyişikliklər. Bəzi antibiotiklər dərinin günəşə qarşı həssaslığını artıra bilər ki, bu zaman fotodermatit yaranır. Həmçinin Stevens-Conson sindromu kimi nadir, lakin ciddi dəri dəyişikliyi baş verə bilər.
Qeyd edilən hər hansısa əks təsirlə qarşılaşdıqda müalicə dayandırılmalı və mütləq müalicə həkiminə məlumat verilməlidir. 

Uşaqlarda antibiotik dozası nə qədər olmalıdır?

Uşaqlar üçün təyin olunmuş antibiotiklər hakimin müəyyən etdiyi dozada və müddətdə istifadə edilməlidir. Dozanın artırılması və ya azaldılması və ya müalicə kursunun yarıya qədər dayandırılması infeksiyanın tam müalicə olunmaması və bakteriyaların antibiotiklərə qarşı davamlı olması ilə nəticələnə bilər. Uşağın yaşı, ümumi sağlamlıq vəziyyəti nəzərə alınmaqla müəyyən edilmiş doza və müddətə riayət etmək vacibdir.

Uşaqlarda antibiotik istifadəsi yaşa görə dəyişir?

Uşaqlarda antibiotik istifadəsi uşağın yaşına, çəkisinə, sağlamlıq vəziyyətinə və infeksiya növünə görə diqqətlə qiymətləndirilməsi lazım olan bir məsələdir. Müxtəlif yaş qruplarında olan uşaqlar bədənlərinin inkişaf proseslərinə görə antibiotiklərə fərqli reaksiya verə bilərlər. Körpələrdən tutmuş yeniyetmələrə qədər hər yaş qrupu antibiotik terapiyasında xüsusi diqqət tələb edir. Buna görə də antibiotiklərin dozası, istifadə üsulu və müalicə müddəti uşağın yaşına uyğun olaraq müəyyən edilməlidir. Bu səbəbdən antibiotikin istifadəsinə görə uşaqlar arasında yaş bölgüsü 3 qrupa bölünür:
  • Körpələr
  • Məktəb yaşlı uşaqlar
  • Yeniyetmələr
Körpələrdə Antibiotik İstifadəsi. Körpələrdə antibiotiklərin istifadəsi xüsusi diqqət tələb edən bir məsələdir. Körpələrin immun sistemi hələ tam inkişaf etmədiyi üçün antibiotik müalicəsi zamanı yan təsirlər və dərmanlara həssaslıq daha çox ola bilər. Körpələrdə antibiotiklərdən istifadə edərkən həkim tərəfindən tövsiyə olunan doza və istifadə müddətinə ciddi əməl edilməlidir. Antibiotiklər adətən körpələrə şərbət və ya damcı şəklində verilir ki, bu da dərmanın asanlıqla udulmasına imkan verir. Bundan əlavə, körpələrin böyrək və qaraciyər funksiyaları tam inkişaf etmədiyi üçün dərmanların bədəndən xaric edilməsi daha yavaş ola bilər. Buna görə dərmanın təhlükəsiz və təsirli olmasını təmin etmək üçün həkim tərəfindən təyin olunan doza və tezliyə ciddi şəkildə riayət edilməlidir. Yan təsirlər arasında ishal, qaz ağrıları ola bilər. Belə simptomlar müşahidə edildikdə həkimə müraciət etmək lazımdır. 
Məktəb yaşlı uşaqlarda antibiotik istifadəsi. Məktəb yaşlı uşaqlar sosial mühitə görə müxtəlif infeksiyalara məruz qala bilərlər. Bu dövrdə antibiotiklər həkim tövsiyəsi ilə və yalnız bakterial infeksiyaların müalicəsində istifadə edilməlidir. Məktəb yaşlı uşaqlarda antibiotiklərdən istifadə edərkən dərmanı təyin olunmuş dozada və müddətdə dəqiq şəkildə vermək vacibdir. Dərmanlar uşaqların gündəlik fəaliyyəti və məktəb həyatı nəzərə alınmaqla uyğun vaxtlarda qəbul edilməlidir. Yan təsirlər ürəkbulanma, ishal və başgicəllənmə ola bilər. Valideynlər bu cür simptomları izləməli və lazım olduqda həkimə müraciət etməlidirlər. Həmçinin əgər antibiotiklərin məktəbə aparılmasına ehtiyac varsa, müəllimlər və ya məktəb tibb bacısı məlumatlandırılmalı və dərmanların müntəzəm qəbuluna nəzarət edilməlidir. 
Yeniyetmələrdə antibiotik istifadəsi. Yetkinlik dövrü uşaqlarda fiziki və hormonal dəyişikliklərin yaşandığı bir dövrdür və bu dövrdə antibiotiklərin istifadəsi xüsusi diqqət tələb edir. Yeniyetmələrdə də antibiotiklərdən istifadə edərkən doza və müalicə müddəti diqqətlə izlənilməlidir. Bu dövrdə olan uşaqlar dərmanların təsiri və yan təsirləri haqqında məlumatlandırılmalıdırlar. Yeniyetmələr müstəqil olmağa meylli olduqları üçün antibiotiklərin müntəzəm olaraq qəbulunu təmin etmək mühüm məsuliyyətdir. Yan təsirlərə mədə narahatlığı, baş ağrısı və dəri həssaslığı daxil ola bilər. Yeniyetmələr həmçinin başa düşməlidirlər ki, antibiotiklər yalnız bakterial infeksiyalar üçün təsirlidir və hər xəstəlik üçün antibiotiklərdən istifadə etmək uyğun deyil. Bu dövrdə valideynlər və tibb işçiləri arasında yeniyetmələrlə açıq ünsiyyət, antibiotiklərin düzgün istifadəsi haqqında məlumatlılığın artırılması üçün çox vacibdir.
Unutmayın ki, uşaqlarda antibiotiklərin istifadəsi yalnız həkim resepti əsasında aparılmalıdır. Hər hansı bir xəstəlik və ya infeksiya əlaməti müşahidə olunarsa, dərhal həkimə müraciət etməli və onun göstərişlərinə uyğun tədbirlər görülməlidir. Antibiotiklərin özbaşına istifadəsi uşağın sağlamlığı üçün ciddi risklər yarada bilər.
Yuxarıda deyildiyi kimi kəskin və ya xroniki bakterial infeksiyaların müalicəsində antibiotiklər əvəzolunmaz dərmanlar olsada, orqanizmdə yan təsirlərə səbəb olur. Bunların qarşısını almaq və ya müalicəsini daha da effektiv keçməsi üçün İnteqrativ müalicə üsullarından istifadə etmək məqsədəuyğundur. Qaraciyər və böyrək funksiyalarına nəzarət etmək, bağırsaq mikroflorasını bərpa etmək və mikroblara qarşı immuniteti gücləndirmək məqsədilə (növbəti mikrob hücumuna orqanizm daha yüngül reaksiya göstərsin deyə) İnteqrativ müalicə dərmanlarından yararlanmaq olar.