Həkim qəbuluna yazıl

Canlı çat

Metal Keramika, ya Zirkon Diş Zərərsizdir? Hansı Yaxşıdır?

Metal Keramika, ya Zirkon Diş Zərərsizdir? Hansı Yaxşıdır?

Gözəl gülüşə sahib olmaq üçün sağlıqlı görünüşə malik dişlərimiz olmalıdır. Dişlərin estetik görüntüsü və sağlamlığı hər kəsin ilk öncə özgüvənli olmasına və daha sağlıqlı olmasına gətirib çıxaran ən mühim amillərdən biridir. Diş sağlamlığı üçün bir sıra müalicə üsulları mövcuddur. Son illərdə itirilən dişlərin bərpasında ən çox müraciət olunan seçim implant dişlər olsa da hər pasiyentin diş və sümük forması buna icazə vermir. Belə olduqda isə ən ideal seçim diş körpüsü və diş örtükləridir. Diş örtüklərini seçmək istəyən pasiyentlərin ən çox tərəddüddə qaldıqları mövzu isə zirkon, yoxsa keramika dişlərdir. Qeyd edək ki, hər iki üsulun öz müsbət və mənfi cəhətləri var.
Metal keramika və zirkon dişlər pasiyentlərin seçimlərinə görə təyin olunur. Eyni zamanda həkim tərəfindən dişlərin müayinəsi zamanı hansı müalicənin və dişin uyğun olduğu da müəyyən edilir. Zirkon və metal dişlərin qiymətləri müalicə üsullarına və pasiyentin seçiminə görə fərqlidir.  Zirkon, yoxsa metal keramikanı seçmədən öncə hər ikisinin fərqini bilmək ən vacibidir. 

Zirkon dişlər haqqında


Bu tip dişlər pasiyentlər və həkimlər tərəfindən ən çox tövsiyə edilən müalicə üsuludur. Bu dişlər diş ətinin sağlamlığı üçün ən münasib və məsləhətli olandır. Bu tip dişlər diş həkimi tərəfindən müayinə olunduqdan sonra diş ölçülərinə uyğun hazırlanaraq qoyulur. Bu dişlər yeni texnologiyanın məhsulu olub həm möhkəm struktura, həm də təbii dişlərə ən yaxın görüntüyə malikdir. Zirkon örtüklü dişlər hazırlanan materialın adı ilə adlandırılıb. Təbiətdəki ən güclü elementlərdən biri olan zirkon metalın əksinə təbii dişin strukturuna demək olar çox yaxın görüntüyə malikdir. Ən yeni kompüter texnologiyası ilə hazırlanan bu dişlər tamamilə sizə özəl olaraq istehsal olunur. Bu dişlər sağlam və estetik quruluşa malik olduğu üçün uzun illər istifadə oluna bilir. Həmçinin bu tip dişlər eyni zamanda digər diş növlərinə dəstək üçün də qoyula bilir. Qeyd edək ki, bu dişlər əslində metal keramikaların çatışmazlıqlarına alternativ olaraq istehsal olunan müalicə növüdür. Üst və alt dişlərə zirkon örtük qoyula bilər. Bu, arxadakı dişlərdə sağlamlıq, ön dişlərdə isə estetik görünüş üçün tətbiq olunur.

Zirkon dişlərin üstünlükləri nələrdir?


Bu tip dişlərin üstünlükləri aşağıdakılardır:

  • Bu dişlər digər diş örtüklərinə görə daha təbii görünür və estetik diş quruluşu yaradır. 
  • Keyfiyyətli və möhkəm olduğu üçün uzun illər rahatlıqla istifadə edilə bilir. 
  • Zirkon örtüklər aşınmaya davamlıdır. Mütəmadi edilən həkim müayinələri ilə bu dişlər uzun illər istifadə oluna bilər. 
  • Ağız və diş tərkibi ilə ən çox uyğunlaşan diş örtüyüdür.  
  • Bu dişlər xüsusi proseslərdən keçdiyi üçün strukturu daha möhkəmdir.
  • Təbii diş minası kimi işıq keçirən quruluşa malikdir və təbii bəyaz görüntüsü var.
  • Metal konstuksiyaya malik deyil.
  • Aşağı istilikkeçiriciliyə malik olduğu üçün isti-soyuq həssaslığı yaratmır.
  • Metal konstruksiyalı örtüklərdən fərqli olaraq ağızda dad dəyişikliyi olmur.
  • Təbii dişlərə nəzərən rənginin dəyişməsi çox az müşahidə olunur.
  • Metaldan qaynaqlanan allergik reaksiyaların qarşısını alır.
  • Üstü parlaq və hamar olduğu üçün diş ərpinin yığılmasına səbəb olmur.

Metal keramika dişlər


Keramika dişlər metal ilə dəstəklənən dişlərdir və illərdir tətbiq olunan bu dişlər günümüzdə hələ də öz aktuallığını qoruyur. Metal keramikalar da keyfiyyətli hesab olunur və dişləri qoruyur.  Bu tip dişlərdən öncə demək olar ki, ən yaxşı seçim metal keramikalar idi. Ancaq onun xarici görüntüsündə estetiklik zirkona və təbii dişlərə nəzərən azdır.  Həkim tərəfindən aparılan müayinədən sonra ağız quruluşunun metal keramikaya uyğunluğu müəyyən edilir. Keramika dişlərin strukturu metalla dəstəkləndiyi üçün istifadəsi zamanı bəzi problemlər baş verə bilər. Belə ki, metal keramika dişlər diş əti ilə uyğunlaşmadığı üçün yemək yedikdən sonra qalan qırıntıların diş aralarına dolması nəticəsində dişlərdə çürümələrə də yola aça bilir. Buna baxmayaraq bu dişlər zirkon dişlər qədər olmasa da öz aktuallığını hələ də qoruyub saxlayır.
Ancaq onu da qeyd edək ki, metal keramika dişlərin qiyməti zirkon və digər dişlərə nisbətən daha münasibdir.
 

Örtüklü dişlər çürüyürmü?


Pasiyentlər tərəfindən ən çox verilən suallardan biri də örtük dişlərdə çürümənin olub-olmamasıdır. Qeyd edək ki, əgər proses düzgün aparılıbsa, nə örtüklərdəki, nə də körpülərdəki dayaq dişlərdə çürümə olur. Əgər örtüklər doğru formada tətbiq olunmayıbsa,  proses zamanı örtükdə zədə və deformasiyalar olarsa, istehsal xətası olaraq körpüdə balans varsa, yəni bir ucuna basdıqda digər ucu yuxarı qalxırsa, yapışdırıcı sement rezorbsiya olub, yəni sovrulubsa, doğru olmayan ağız gigiyenası və yanlış diş fırçalama səbəbi ilə diş ətinin çəkilməsi baş veribsə, dişin hazırlanma prosesində diş kariyesi tamamilə təmizlənməyibsə örtük və körpülərdəki dayaq dişlərdə çürümə ehtimalı daha yüksəkdir. Lakin bu kimi hallar olmayıbsa örtüklü dişlərdə çürümə olmur.

Zirkon dişlər yaxşıdır, yoxsa metal keramika?


Zirkon örtüklərin işıq keçiriciliyi metal keramikalara görə daha çoxdur. Bu dişlər təbii dişlərə yaxın işıq keçiriciliyinə sahib olduğu üçün onu seçənlərə təbii diş kimi estetik bir gülüş bəxş edir. Bu dişlər metal keramikalara nisbətən diş əti ilə daha çox uyğunlaşır. Zirkon örtüklərin alt və üst strukturu diş kimi bəyaz olduğu üçün dişin ən incə hissəsində belə təbii diş kimi görünür.

Qiymətinə görə isə metal keramika dişlər zirkon örtüklərə nəzərən daha münasibdir. Zirkon örtüklərin strukturu xüsusi 3D sistem ilə hazırlandığı üçün dəyəri metal keramikalara nəzərən fərqlidir. 

Yekun olaraq qeyd edək ki, estetikliyi pozulan dişləri düzəltmək üçün tətbiq olunan müalicələrə metal ilə dəstəklənən keramika dişlər deyilir. Metal dəstəkli örtüklərin hazırlanmasında nikel, qızıl, xrom və metal keramikalardan istifadə olunur. Aşınan və çürüyən dişlərdə estetiklik, dişlərə sağlam görünüş qazandırmaq üçün zirkon və keramika örtüklər ilə müalicə aparılır. Ön və ya arxa dişlərdə olan aşınma və çürümələr üçün də zirkon və keramika örtüklər tətbiq olunur. Diş örtükləri müasir texnologiyalara uyğun fərqli formalarda da istehsal olunur. Stomatoloji sahədə müasir texnoloji yenilikləri izləyərək pasiyentlərə keyfiyyətli və uzunömürlü müalicələr tətbiq edirik.

Keramika dişlər isə metal ilə dəstəklənən dişlərdir. Metal keramika dişlər illərdir tətbiq olunan diş örtükləri arasında klassik bir müalicə üsuludur. Bu dişlər funksional olaraq keyfiyyətlidir, ancaq təəssüf ki, estetik cəhətdən zirkon dişlərə nəzərən qeyri-təbii görünür. Bu tip dişlər daha təbii və bəyaz görünüşə sahib olsa da, metal keramikalar daha tutqun və qeyri-şəffaf quruluşa malikdir. Bu süni görünüş bu gün müasir stomatoloji texnikalarla azaldılsa da istifadə olunan metal dəstəkli materialın quruluşuna görə zirkon dişlərdəki kimi təbii görünüş müşahidə olunmur. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi  zirkon dişlərin strukturunda metal olmadığı üçün uzun müddət olmasına baxmayaraq zaman keçdikcə ağız içi mayelərin təsirindən nə dişlərdə, nə də damaqlarda qaralma və göyərmə müşahidə olunur. 

Metal keramikaların digər mənfi cəhəti isə zaman keçdikcə diş ətində müəyyən problemləri yaratma riskidir. Bundan başqa metal ilə dəstəklənən keramika dişlər diş əti ilə tam uyğunlaşmadığına görə zamanla aradakı boşluqlara yemək qalıqları dolur. Bu isə diş əti iltihabının əsas səbəblərindən biridir. Metal keramika dişlərin qiyməti zirkon örtüklərə nəzərən daha münasib olsa da onlar zirkon dişlər qədər uzunömürlü deyillər. 
Bütün bu məlumatlardan sonra onu qeyd edə bilərik ki, hər pasiyent öz büdcəsinə uyğun örtük növünü seçir. Ancaq unutmayaq ki, istənilən diş növü işinin peşəkarı olan diş həkimi tərəfindən qoyulubsa, ən mükəmməl nəticənin alınması qaçınılmazdır.