Kanal müalicəsi (endodontiya) baxımsız və müalicə olunmayan kariyes səbəbiylə dişlərin infeksiyaya yoluxduğu hallarda edilən müalicə üsuludur. Diş kökünün içərisində dişi qidalandıran damar-sinir toxuması var. Bu toxuma diş çürüməsi səbəbindən zədələnir və gələcəkdə iltihab nəticəsində dişlərdə ağrıların əsasını təşkil edir. Bu, dişdəki sinir özünü bərpa edə bilməyəcək dərəcədə zədələndiyi zaman tətbiq edilən müalicə üsuludur.
Diş kanalının müalicəsinin hansı mərhələləri var?
Diş quruluşunda olan pulpa dişin inkişafı və qidalanmasından məsul olan eyni zamanda dişə canlılıq verən toxumadır. Müalicə edilmədən təxirə salınan diş problemlərindən sonra iltihab səbəbiylə pulpanın quruluşu korlanaraq problemin daha da böyüməsinə səbəb olur. Sonrakı dövrlərdə dişdə əmələ gələn bakteriyalara görə ətraf dişlərdə infeksiya əmələ gəlməyə başlayır və bütün ağız sağlamlığını təhdid edən bir vəziyyət yaranır. Kariyes zamanla diş minasını pozmağa başlayanda diş ağrısı yaranır. Tədricən kariyesli dişin içərisindəki damar və sinirlərdən ibarət olan pulpanın strukturuna təsir etməyə başlayır. Pulpanın özünü bərpa edə bilməməsinin əsas səbəbi diş çürüməsinə səbəb olan bakteriyaların istehsal etdiyi asidlərin (turşu) təsiridir. Belə hallarda vaxtsız diş ağrıları, isti və soyuğa qarşı həssaslıq, gecə ağrıları yaranmağa başlayır. Bu əlamətlər hiss edildiyi anda diş həkimində müayinə olunmalı və gecikmədən lazımi müalicələr aparılmalıdır. Əks halda çənə sümüyünün absesi və dişin dəstəkləyici toxumalarının itirilməsi qaçınılmazdır. Çürük dişlərin çıxarılması maddi olaraq daha münasib bir üsul olaraq görülsə də, sağlam dişin itirilməsi ilə nəticələnir. Bu səbəblə dişin son bir şansa ehtiyacı olduğu unudulmamalı və mütəxəssis diş həkimi tərəfindən müayinə olunaraq kanal müalicəsi tətbiq edilməlidir. Əks halda boşluqları doldurmaq üçün körpü və implant kimi prosedurlar sizin üçün çox baha başa gələcək.
Endodontiya əslində strukturu zədələnmiş və funksiyalarını itirmək üzrə olan dişə son şans vermək kimi qəbul edilir. Sözügedən müalicəni almış dişlər təbii dişlərə nəzərən daha kövrək olsalar da bu dişlər ömürləri boyu tam funksiyasını davam etdirə bilirlər. Lakin digər dişlər kimi bu dişlərə də qulluq və ağız gigiyenası çox vacibdir.
Endodontiya çox vaxt ağrılı bir prosedur kimi göründüyü üçün xəstələrin əksəriyyəti müalicə prosesini təxirə salmağa meyllidirlər. Lakin müasir texnikalar sayəsində bir və ya iki seansdan sonra kanalların nisbətən ağrısız və rahat şəkildə müalicəsi mümkündür. Məşhur inancın əksinə olaraq proses zamanı xəstələr ağrı hiss etmirlər. Ağrının hiss olunduğu hallar varsa, buna səbəb ağrıyan yerdə meydana gələn infeksiyadır. Müalicənin məqsədi xəstələri narahat edən ağrıları aradan qaldırmaqdır. Müalicə dişin və ətraf toxumaların effektiv anesteziyası ilə başlanır və seans təxminən 45 dəqiqə ərzində tamamlanır. Xəstələr müalicə prosesini təxirə salarlarsa, bu, diş kökünün toxumalarında infeksiyaya səbəb ola bilər. Nəticə olaraq bu hal sümük və diş itkisinə gətirib çıxarda bilər.
Kanal müalicəsi nədir?
Endodontiya dişlərin mərkəzində yerləşən filamentli toxumanın (diş pulpasının) çıxarılması da adlanır. Pulpa adlanan filamentli toxumanın iltihablanması səbəbindən xəstədə ağrılı dövrə səbəb olur və bu da insanın ümumi sağlamlığına mənfi təsir göstərir. Endodontik müalicə olaraq da bilinən kanal müalicəsi bir dişin zədələnmiş və ya infeksiyaya yoluxmuş pulpasının çıxarılması, dişin dezinfeksiya edilməsi və sonra plomb ilə yenidən bağlanması deməkdir. Dişin ən daxili hissəsində yerləşən pulpa yumşaq nüvə kimi düşünülə bilər. Dişlərin kökünə qədər uzanan pulpada sinirlər, qan damarları və birləşdirici toxumalar mövcuddur. Zərbə nəticəsində dişin çatladığı və ya dərin kariyes meydana gəldiyi hallarda bakteriyalar pulpaya daxil olur və orada çoxalmağa başlayır. Bu vəziyyət müalicə olunmazsa, bakteriyalar ciddi infeksiyaya və ya diş absesinə səbəb ola bilər və nəticədə pulpa ölümü ilə yanaşı sümük və ya diş itkisinə gətirib çıxarda bilər. Belə bir vəziyyətdə dişi xilas etmək üçün çatlamış və ya çürümüş dişə bu müalicə tətbiq edilir.
Kanal müalicəsi nə zaman tətbiq olunmalıdır?
Diş sümüyündə müşahidə olunan dərin çatlar və dişdə yaranan kariyeslər müalicənin başladılması üçün əsasdır. Əgər diş çox zədələnibsə, bu zaman onu qorumaq üçün pulpa çıxarılır. Qeyd edək ki, kanal müalicəsinin ən böyük üstünlüyü ölü dişi xilas etmək və dişin sümük quruluşunu itirməsinin qarşısını almaqdır.
Aşağıdakı simptomlar varsa, endodontiya gecikdirilmədən başlanılmalıdır:
- Üz və boyunda ödəm
- Çeynəmə və ya dişləmə zamanı ağrı
- İrradasiya edən (yansıyan) diş ağrısı
- Dərin kariyeslər
- Diş ətlərində sızanaq kimi yaranın əmələ gəlməsi
- Çatlamış dişlər
- Diş ətinin şişməsi
- Xüsusilə istiyə və ya soyuğa qarşı aşırı diş həssaslığı
Kanal müalicəsi necə edilir?
Kök kanalının müalicəsinin dörd əsas məqsədi var:
- Çürüyü və infeksiyanı aradan qaldırmaq
- Diş kanallarını formalaşdırmaq
- Kanalları doldurmaq
- Dişi yenidən funksional (işlək) hala gətirmək
Dişin vəziyyətindən asılı olaraq müalicə bir və ya iki seans çəkə bilər. Kök kanalının müalicəsi zamanı tətbiq olunan prosedur dişin zədələnmə səviyyəsinə görə dəyişir.
Ümumiyyətlə bu prosedur aşağıdakı addımları əhatə edir:
- Diş həkimi dişin kök strukturunu görmək və infeksiya əlamətlərinin olub olmadığını müəyyən etmək üçün rentgen çəkir. Beləliklə, dişin zədələnməsi qiymətləndirilərək prosedurun lazım olub-olmadığına qərar verilir.
- Diş pulpası çox zədəlidirsə, müalicə başlanır.
- Dişdə absesin əmələ gəlməsinə bağlı şiddətli ağrı varsa, müalicədən əvvəl lokal anesteziya tətbiq edilir.
- Müalicənin ilk addımı dişin içindəki pulpanın diqqətlə çıxarılmasıdır. Pulpa çıxarıldıqdan sonra diş həkimi kök kanalındakı prosedurun nə qədər davam edəcəyini təyin edir. Kök kanalları lazımi ölçüdə aparatlarla yenidən formalaşdırılır və təmizlənir. Müalicənin bir seansı təxminən 45 dəqiqə çəkir. Lazımi prosedurlar aparıldıqdan sonra diş ən azı iki dəfə rentgenoqrafiyadan keçirilir. Diş həkimi müalicənin uğurlu olduğunu düşünürsə, dezinfeksiya prosesindən sonra kanalların çirklənmədən təsirlənməsinin qarşısını almaq üçün kanalı qalıcı materialla doldurur.
- Stomatoloqlar daimi plombu qoymazdan əvvəl dişin 4-5 gün sağalmasını da gözləyə bilərlər. Bu zaman diş boşluğu müvəqqəti diş dolğusu ilə bağlanır.
- Növbəti seansda dişdəki müvəqqəti plomb ağrısız bir prosedurla çıxarılır və daimi plomb qoyulur. Kanalın daimi plombla doldurma prosesi kanal doldurucu material və qutta perça adlı maddə ilə həyata keçirilir. Kalsium hidroksid əsaslı materiallar kanala hər hansı xarici sızmanın qarşısını alır.
Kanal müalicəsindən sonra nələrə diqqət edilməlidir?
Müalicə zamanı iltihablı toxuma ilə birlikdə diş sinirləri də çıxarılır. Buna görə də prosesdən sonra diş xarici qıcıqlardan təsirlənmir. Ancaq xüsusilə prosedurdan əvvəl ağrı və ya infeksiya müşahidə edildiyi hallarda müalicədən sonra toxuma iltihabı səbəbiylə dişdə həsasslıq hiss edilə bilər. Bu vəziyyət adətən həkim tərəfindən təyin olunan ağrıkəsicilərlə aradan qaldırılır. Həmçinin müalicədən sonra ən azı üç saat ərzində heç bir şey yeməməyə diqqət yetirilməlidir.
Endodontiyada müvəffəqiyyət nisbəti kifayət qədər yüksəkdir. Müalicə olunan dişə müntəzəm olaraq qulluq edilərsə, ömür boyu sağlam qala bilər. Bununla yanaşı diş çürüməsinə səbəb olduğu bilinən şəkərli qidaların tükətilməsi minimuma endirilməlidir.
Dişlərin təmizlənməsi gündə iki dəfə yumşaq tüklü diş fırçası və bir dəfə diş ipi ilə aparılmalıdır.
İldə ən azı iki dəfə ümumi stomatoloji müayinədən keçməyə diqqət yetirilməlidir.
Sözügedən müalicə uğursuz olarsa, onu yeniləmək mümkündür. Köhnə kanal dolgusu çıxarılaraq kanal yenidən formalaşdırılır və dərmanlandıqdan sonra təkrar doldurulur. Bütün cəhdlərə baxmayaraq heç bir nəticə alınmazsa, diş kökünə çatmaq, diş ətrafını təmizləmək və bağlamaq üçün cərrahi müdaxilə edilir. Kök ucunun rezeksiyası adlanan bu prosedurdan sonra problem həllini tapmazsa, diş çəkilməlidir.