Sidik Rənginin Tündlüyü Böyrəklə Bağlıdır?

Sidik Rənginin Tündlüyü Böyrəklə Bağlıdır?

Sidik tullantı məhsulları və böyrəklər tərəfindən süzülmüş artıq mayelərin bədəndən çıxarılmasına imkan verən bioloji mayedir. Sidiyin rəngi tərkibindəki tullantı maddələrin növündən və konsentrasiyasından asılı olaraq dəyişir. Sidik rəngindəki dəyişikliklər adətən zərərsiz olsa da, bəzən ciddi sağlamlıq problemlərini göstərə bilər. Belə ki, sidiyin rəngi bədəninizin nəmlənmə səviyyəsindən tutmuş böyrək funksiyalarınıza qədər bir çox şey haqqında məlumat verir. Sidik rəngindəki dəyişikliklər isə bəzən ciddi sağlamlıq problemlərinin əlaməti olur. 

Sidik rənginin dəyişməsinə səbəb nədir? 

Sidik bir çox amillərdən təsirlənərək rəngini dəyişə bilir. Bu amillərə daxildir:
  • nəmlənmə vəziyyəti
  • yemək vərdişləri
  • istifadə olunan dərmanlar
  • məşq səviyyəsi
  • sağlamlıq problemləri 

Sidik rəngi nə mənəya gəlir?

Sidik rənginə görə bir çox qruplara bölünür. Bunlar aşağıdakılardır:  
  • Açıq sarı və ya saman sarısı sidik
  • Tünd sarı və ya kəhrəba sidik
  • Narıncı sidik
  • Qırmızı və ya Çəhrayı sidik
  • Qəhvəyi sidik
  • Mavi və ya Yaşıl sidik
  • Köpüklü sidik
Açıq sarı və ya saman sarısı sidik. Bu rəng sidiyin normal rəngidir və ümumiyyətlə sağlam nəmlənmə səviyyəsini göstərir. Açıq sarı sidik bədəninizin kifayət qədər maye aldığını və böyrəklərinizin düzgün işlədiyini göstərir. Böyrəklər tərəfindən süzülən suyun miqdarından asılı olaraq sidiyin rəngi daha açıq və ya tündləşir. Su qəbulunuz artdıqda sidiyin rəngi daha açıq olur.
Tünd sarı və ya kəhrəba sidik. Tünd sarı və ya kəhrəba sidik sizin susuzluğunuz əlaməti ola bilir. Bu rəng sidiyi daha çox konsentrasiya edir. Kifayət qədər su içməsəniz və ya həddindən artıq tərləmə və ya ishal kimi vəziyyətlərlə qarşılaşsanız, sidiyiniz bu rəngi ala bilər. Susuzluq uzun müddətdə böyrək daşlarının əmələ gəlməsinə və böyrək funksiyasının pozulmasına səbəb ola bilir, ona görə də kifayət qədər su qəbul etmək vacibdir.
Narıncı sidik. Narıncı sidik adətən susuzluğun əlaməti hesab edilir, lakin bəzən daha ciddi sağlamlıq problemlərini göstərir. Narıncı sidik qaraciyər və öd yolları ilə bağlı problemlərin göstəricisi ola bilir. Belə ki, bəzən öd piqmentləri sidiklə qarışaraq ona bu rəng verir. Həmçinin bəzi dərmanlar, xüsusilə rifampin kimi antibiotiklər və ya fenazopiridin kimi ağrıkəsicilər sidiyin narıncı rəngə çevrilməsinə səbəb olur. Qaraciyərin bilirubini emal etmək qabiliyyəti azalarsa, bu piqment qanda toplanır və sidikdə narıncı görünür. Qaraciyər xəstəlikləri və ya öd yollarının tıxanması bilirubinin sidiyə keçməsinə səbəb ola bilir. Narıncı sidiyiniz varsa və bu, sarılıq, qaşınma və ya qarın ağrısı kimi əlamətlərlə müşayiət olunursa, mütləq həkimə müraciət etməlisiniz.
Qırmızı və ya Çəhrayı sidik. Qırmızı və ya çəhrayı sidik adətən sidikdə qan olduğunu göstərir. Bu vəziyyət "hematuriya" adlanır və böyrək daşları, sidik yollarının infeksiyası və ya böyrək və ya sidik kisəsi xərçəngi kimi ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Ancaq çuğundur, böyürtkən və ya bəzi dərmanlar kimi qırmızı qidalar da sidiyi qırmızıya çevirir. Sidikdə qan aşkar edilərsə, həkimə müraciət etmək vacibdir.
Qəhvəyi sidik. Qəhvəyi sidik adətən bədəndə suyun azlığını, qaraciyər problemləri və ya əzələ zədələnməsini göstərir. Bundan əlavə, müəyyən dərmanlar (məsələn, metronidazol və xlorokin) və böyük miqdarda qəbul edilən edilən lobya və ya aloe vera kimi qidalar da sidiyin qəhvəyi rəngə çevrilməsinə səbəb olur. Qəhvəyi sidik ciddi qəbul edilməli və həkim tərəfindən qiymətləndirilməlidir, xüsusən də qaraciyər xəstəliyi və ya ciddi əzələ zədələnməsi şübhəsi varsa.
Qəhvəyi sidiyin başqa bir səbəbi rabdomiyoliz hesab edilir. Rabdomiyoliz əzələ hüceyrələrinin parçalanması nəticəsində qana miyoqlobin adlı zülal buraxıldıqda və bu zülal böyrəklər tərəfindən süzüldükdə baş verir. Bu, sidiyin tünd qəhvəyi və ya çay rəngli görünməsinə səbəb olur. 
Mavi və ya Yaşıl sidik. Mavi və ya yaşıl sidik olduqca nadirdir və adətən qida boyaları, müəyyən dərmanlar (məsələn, metilen mavisi) və ya sidik yollarının infeksiyaları nəticəsində baş verir. Bəzən yaşıl sidik Pseudomonas bakteriyasının səbəb olduğu infeksiyanın əlaməti ola bilər. Bundan əlavə, bəzi genetik xəstəliklər də bu cür rəng dəyişiklikləri ilə nəticələnir. 
Köpüklü sidik. Köpüklü sidik adətən sürətli sidik ifrazından yaranır və zərərsizdir. Lakin köpüklü sidik daim müşahidə edilirsə, bu, proteinuriya deyilən bir vəziyyətin əlaməti ola bilər. Proteinuriya sidikdə zülalın normadan artıq yüksək olması deməkdir və böyrək xəstəliyinin əlamətidir. 


Sidik Rəngi və Sağlamlıq Məsləhətləri 

Sidik rənginin müntəzəm monitorinqi bədəninizin sağlamlığı haqqında məlumat verir. Bununla belə, təkcə sidiyin rənginə əsaslanaraq sağlamlıq vəziyyəti haqqında qəti nəticə çıxarmaq mümkün deyil. Sidik rəngindəki dəyişikliklər bir sıra amillərə görə baş verir və həmişə sağlamlıq problemini göstərmir. Ancaq aşağıdakı hallarda həkimə müraciət etmək tövsiyə olunur:
  • Sidik rəngində davamlı və ya təkrarlanan anormallıqlar
  • Sidikdə qan (hematuriya)
  • Sidik rəngində qəfil dəyişikliklər
  • Digər simptomlar sidik ifrazı ilə özünü göstərir (məsələn, ağrı, qızdırma, kilo itkisi)
Sidik rəngindəki dəyişikliklərlə yanaşı, sidiyin qoxusu, tezliyi və həcmi də sağlamlıq vəziyyəti haqqında vacib məlumat verir. Məsələn, kəskin qoxu olan sidik sidik yollarının infeksiyası və ya diabet kimi xəstəlikləri göstərə bilər. Bundan əlavə, sidik ifrazının tezliyi və həcmi də böyrək funksiyası haqqında məlumat verir.


Böyrək sağlamlığını qorumaq üçün məsləhətlər 

Böyrək sağlamlığı sidiyin rənginin normal saxlanmasında mühüm rol oynayır. Böyrəklər bədəndəki tullantıları süzür və onları sidiklə xaric edir. Böyrəklərin sağlam işləməsi üçün aşağıdakı tövsiyələrə diqqət yetirmək vacibdir: 
  • Kifayət qədər su qəbulu
  • Balanslı Qidalanma
  • Daimi İdman
  • Siqaret və Alkoqol istifadəsindən qaçınmaq
  • Müntəzəm Sağlamlıq Müayinələri
Kifayət qədər su qəbulu: Bədənin ehtiyac duyduğu mayenin alınması böyrəklərin düzgün işləməsini təmin edir və sidiyin rəngini normal saxlayır. Susuzluq sidiyin qaralmasına və böyrək daşı riskinin artmasına səbəb olur. 
Balanslı Qidalanma: Duz və zülal qəbulunu nəzarət altında saxlamaq böyrəklərin həddindən artıq yüklənməsinin qarşısını alır. Bundan əlavə, təzə meyvə və tərəvəz qəbulu da böyrək sağlamlığı üçün faydalıdır. Qeyd edək ki, kalium və fosfor kimi mineralların balanslı qəbulu böyrək sağlamlığı üçün vacibdir. 
Daimi İdman: Yüksək qan təzyiqi böyrək funksiyasının pisləşməsinə səbəb ola bilir. Daimi idman isə qan təzyiqini nəzarət altında saxlayaraq böyrək sağlamlığını qoruyur. Bundan əlavə, məşq zamanı kifayət qədər su içmək bədənin nəm səviyyəsini saxlayır və böyrəkləri sağlam saxlamağa kömək edir. 
Siqaret və Alkoqol istifadəsindən qaçınmaq: Siqaret və spirt böyrək funksiyasına mənfi təsir göstərir və böyrək xəstəliyi riskini artırır. Bu maddələrin qəbulundan qaçınmaq böyrək sağlamlığının qorunmasında vacibdir. Siqaret böyrəklərə qan axını azaldaraq böyrəklərə zərər verə, spirt isə susuzluğa və böyrək funksiyasının pozulması ilə nəticələnə bilər.
Müntəzəm Sağlamlıq Müayinələri: Xüsusilə yüksək risk altında olan insanlar (məsələn, şəkərli diabet, hipertoniya xəstələri) böyrək funksiyalarını mütəmadi olaraq yoxlamalıdırlar. Böyrək xəstəliklərinin müalicəsində erkən diaqnoz çox vacibdir. Böyrəklərin vəziyyətini izləmək və mümkün problemləri erkən mərhələdə aşkar etmək üçün müntəzəm qan və sidik testləri vacibdir
 

Sidik Testləri və Diaqnostik Metodlar

Sidik testləri böyrəklərin sağlamlığını qiymətləndirmək və sidik rəngindəki dəyişikliklərin səbəbini təyin etmək üçün istifadə edilən ümumi diaqnostik üsullardır. Sidik analizi (UA) sidikdə kimyəvi, fiziki və mikroskopik xüsusiyyətləri araşdıraraq sağlamlıq vəziyyəti haqqında məlumat verir. Sidiyin yoxlanması üsulları bunlardır:
  • Sidik analizi (UA)
  • Mikroskopik sidik müayinəsi
  • 24 saatlıq sidik toplanması
  • Mikrobioloji testlər
Sidik analizi (UA): Sidik analizi sidikdə protein, qlükoza, keton, qan, bilirubin və digər komponentlərin səviyyəsini ölçür. Bu test böyrək xəstəlikləri, şəkərli diabet, qaraciyər xəstəlikləri və sidik yollarının infeksiyaları kimi xəstəliklərin diaqnozu üçün istifadə olunur.
Mikroskopik sidik müayinəsi: Bu test sidikdə hüceyrələri, kristalları, bakteriyaları və digər mikroskopik strukturları araşdırmaq üçün istifadə olunur. Hematuriya (sidikdə qan hüceyrələri) və ya kristalluriya (sidikdə kristalların olması) kimi vəziyyətlərin diaqnostikasında mühüm rol oynayır.
24 saatlıq sidik toplanması: Bu test 24 saat ərzində insanın sidikdə tullantı materiallarının toplanması və təhlilini əhatə edir. Böyrək funksiyalarını, protein ifrazını və digər metabolik pozğunluqları qiymətləndirmək üçün istifadə olunur.
Mikrobioloji testlər: Mikrobioloji testlər sidik yolu infeksiyalarının səbəbini təyin etmək və uyğun müalicə üsulunu seçmək üçün edilən bir testdir. Bu test sidikdə olan bakteriyaların növünü və hansı antibiotiklərin təsirli olduğunu müəyyən edir.
Sidik rənginizi müntəzəm olaraq izləmək və hər hansı bir anormal dəyişiklik görsəniz, bir tibb işçisi ilə əlaqə saxlamaq ciddi sağlamlıq problemlərini erkən aşkar etməyə kömək edəcəkdir. Böyrəklərin sağlamlığını qorumaq üçün kifayət qədər su qəbul etmək, balanslaşdırılmış qidalanma, müntəzəm idman etmək, siqaret və spirtdən uzaq durmaq və mütəmadi olaraq sağlamlıq yoxlamalarından keçmək vacibdir.
Nəticə etibarilə sidik rənginin bədəninizin daxili fəaliyyəti ilə bağlı mühüm siqnallar verdiyini unutmamalısınız və bu siqnalları nəzərə alaraq sağlamlığınızı qorumalısınız.