Başgicəllənmədən narahat olan insanlar tez-tez “əyilib-qalxarkən”, “yataqda çevrilərkən”, “ayağımın altından yer qaçdı”, “əşyalar başıma fırlandı” kimi ifadələr işlədirlər. Dünya əhalisinin təxminən 1/4-i baş gicəllənmədən əziyyət çəkir. Sizdə necə, baş gicəllənmə varmı?
Başgicəllənmə sadə qan azlığından tutmuş daha ciddi xəstəliklərə qədər bir çox hallarda əsas simptom ola bilər. Burada görmə sistemi, ayaqaltı proprioseptiv sistem, vestibulyar aparat və mərkəzi sinir sisteminin qarşılıqlı əlaqəsinin pozulması mühüm rol oynayır. Bu isə nəticədə tarazlığın pozulmasına gətirib çıxarır.

Başgicəllənmə müxtəlif xəstəliklər zamanı meydana çıxa bilər və etioloji, klinik baxımdan aşağıdakı kimi bölünür:
1. Vestibulyar (sistemli) baş gicəllənmə – vertiqo
Vertiqo periferik və mərkəzi olmaqla iki yerə ayrılır:
a) Periferik vertiqo
Daxili və orta qulaq xəstəliklərində, Menyer xəstəliyində, xoşxassəli paroksizmal vertiqoda və s. rast gəlinir. Bu zaman baş gicəllənmə ilə yanaşı ürəkbulanma, qusma, tarazlığın pozulması, eşitmənin zəifləməsi, horizontal-rotator nistaqm müşahidə oluna bilər.
b) Mərkəzi vertiqo
Beyin qan dövranının pozulması, tranzitor işemik atak, insult, beyin şişləri, kəllə-beyin travmaları, beyin iltihabları, Parkinson xəstəliyi, dağınıq skleroz, vestibulyar miqren və s. hallarda rast gəlinir.
Bu zaman aşağıdakı əlamətlər ola bilər: davamlı baş gicəllənmə, ikiqat görmə, nitq pozğunluğu (dizartriya), ataksiya, ətraflarda keylik və zəiflik, vegetativ disfunksiya, vertikal nistaqm və tez-tez yıxılmalar.
2. Qeyri-vestibulyar (qeyri-sistemli) baş gicəllənmə
Bu tip başgicəllənmə müxtəlif patologiyalar, stress, qorxu, ümumi narahatlıq, arterial təzyiqin və ya qan şəkərinin ani dəyişməsi nəticəsində yaranır.
a) Ürək-damar sistemi xəstəlikləri
Arterial təzyiqin kəskin qalxıb-enməsi, ürək aritmiyaları, ortostatik hipotenziya zamanı baş gicəllənmə baş verir.
b) Metabolik pozğunluqlar
Hipoqlikemiya, hipertiroidizm kimi hallarda müşahidə olunur.
c) Virus infeksiyaları
d) Dərman mənşəli baş gicəllənmə
Antihipertenzivlər, kalsium kanal blokatorları, benzodiazepinlər və s. preparatların istifadəsi zamanı yaranır.
e) Boyun fəqərələrinin degenerativ dəyişiklikləri
Osteofitlərin fəqərə arteriyasına təzyiqi və damarların aterosklerotik zədələnməsi nəticəsində vertebro-bazilyar çatışmazlıq yaranır. Bu zaman boyun ağrısı, gərginlik, hərəkət məhdudluğu, qulaqda səs, yaddaş zəifliyi və baş gicəllənmə müşahidə olunur. Uzun müddətdə bu hallar 25% hallarda insult riski yarada bilər.
f) Psixogen səbəblər
Stress, depressiya, hiperventilyasiya sindromu ilə əlaqədar baş gicəllənmə.
g) Digər səbəblər
Susuzluq, dəmir və B12 vitamini çatışmazlığı.

Diaqnostika
Baş gicəllənmənin müalicəsi səbəbindən asılı olaraq aparılır. Kəskin hallarda xəstə hospitalizasiya edilə bilər.
Müayinə üsulları:
- Anamnez və nevroloji status
- Qan analizləri
- KT və ya MRT
- Boyun və baş damarlarının doppler müayinəsi
- Qaranlıq sahəli mikroskopiya (canlı qanın keyfiyyət analizi)
Müalicə
Müalicə kompleks şəkildə aparılır və aşağıdakı üsulları əhatə edə bilər:
- Drenaj və detoksikasiya infuziyaları
- Akupunktura və biopunktura
- Homeosiniatriya
- Ozonoterapiya və oksigenoterapiya
- Kraniosakral osteopatiya
- Psixoterapiya
- Anemiyanın korreksiyası
- Epley manevrası
- Damar tənzimləyici və vertiqolitik preparatlar
- Su balansının bərpası
- Tənəffüs gimnastikası
Əgər sizdə də tez-tez təkrarlanan baş gicəllənməsi varsa, gecikmədən həkimə müraciət edin. Səbəbin vaxtında araşdırılması gələcək ağırlaşmaların qarşısını alır və müalicə müddətini azaldır.
İnteqrativ tibbi yanaşma isə bu problemin yalnız simptomunu deyil, kök səbəblərini araşdıraraq, fərdi və kompleks müalicə planı qurmağa imkan verir.
Aygün Məmmədova
nevroloq, osteopat
İnteqrativ Tibb mütəxəssisi
Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın: (012 / 050 / 055 / 070) 430 89 89
Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında