Nəfəs Darlığı Hansı Xəstəliyin Əlamətidir? Riskləri Nələrdir?

Nəfəs Darlığı Hansı Xəstəliyin Əlamətidir? Riskləri Nələrdir?

Nəfəs darlığı insanın nəfəs almaqda çətinlik çəkdiyini və kifayət qədər hava ala bilmədiyi vəziyyətdir. Tibbdə həm də “dispnoe”, yəni təngnəfəslik adlanan bu hal tənəffüs sistemi problemlərindən tutmuş ürək çatışmazlığı kimi ciddi problem səbəbindən ola bilər.

Nəfəs darlığı niyə olur?

Təngnəfəsliyin müxtəlif səbəbləri olsa da, bəzi ümumi səbəbləri bunlardır:
  • Astma
  • Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (XOAH)
  • Ürək çatışmazlığı
  • Anemiya
  • Piylənmə
  • Narahatlıq və panik ataklar
  • Ağciyər infeksiyaları
  • Allergiyalar
  • Ağciyər xərçəngi
  • Tənəffüs yollarında yad cismin olması
Astma. Astma tənəffüs yollarının daralmasına və iltihabına səbəb olan xroniki xəstəlikdir. Astma xəstələri məşq zamanı, soyuq havada olarkən və ya allergenlərə məruz qaldıqdan sonra nəfəslərində daralma yaşayırlar. Tənəffüs yollarının bu daralması nəfəs almağı çətinləşdirir və döş qəfəsində sıxılma hissinə səbəb olur.

Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (XOAH). Xroniki obstruktiv ağciyər xəstəliyi xüsusilə siqaret çəkənlərdə rast gəlinən və tənəffüs yollarının daimi daralmasına səbəb olan xəstəlikdir. Bu xəstəlikdə ağciyərlər kifayət qədər hava ala bilmir və nəticədə nəsəfdə daralmalar olur. 

Ürək çatışmazlığı. Ürək çatışmazlığı ürəyin bədənə kifayət qədər qan pompalaya bilməməsidir. Bunun nəticəsində ağciyərlərdə maye yığılır və təngnəfəslik yaranır. Xüsusilə uzanarkən və ya məşq edərkən nəfəs almaq çətinləşə bilər.

Anemiya. Anemiya baş verdikdə bədənin oksigen daşıma qabiliyyəti azalır, bu da təngnəfəsliyə səbəb olur.

Piylənmə. Artıq çəki ağciyərlərin və diafraqmanın normal işləməsini çətinləşdirir ki, bu da xüsusilə məşq zamanı və ya uzanarkən nəfəs almaqda narahatlıq yaradır. 

Narahatlıq və panik ataklar. Narahatlıq və panik ataklar kifayət qədər dərin nəfəs ala bilməməyə və təngnəfəsliyə səbəb olur. 

Ağciyər infeksiyaları. Pnevmoniya və bronxit kimi ağciyər infeksiyaları tənəffüs yollarında iltihaba və selik yığılmasına səbəb olur və bununla da ağciyərlər səmərəli işləmir, təngnəfəslik yaranır.

Allergiyalar. Polen, toz, kif və heyvan tükləri kimi allergenlər bəzi insanlarda astma kimi simptomlara və nəfəsdə darlığa səbəb olur. 

Ağciyər xərçəngi. Ağciyər xərçəngi ağciyər toxumasına zərər verərək və tənəffüs yollarını bağlayaraq nəfəs almaqda çətinliyə səbəb olur. 

Tənəffüs yollarında yad cismin olması. Tənəffüs yollarına daxil olan yad cisimlər (məsələn, yemək parçaları) qəfil nəfəs daralmasına və boğulma hissinə səbəb olur. 

Bu vəziyyət təcili müdaxilə tələb edir və vaxtında müdaxilə olmazsa, nəticəsi ağır ola bilər. 

👉 Diqqətinizi çəkə bilər: Allergik astmanın əlamətləri nələrdir? Allergik astma genetikdir?

Nəfəs darlığının simptomları nələrdir?

Bu pozğunluq adətən digər sağlamlıq problemlərinin əlaməti olaraq baş verir və özünü bir çox fərqli şəkildə göstərir:

Sürətli nəfəs almaq. Nəfəsdə narahatlıq yaşayan insanlar normaldan daha sürətli nəfəs alırlar. Bunun səbəbi bədənin öz oksigen ehtiyacını ödəməyə çalışmasıdır. Ona görə də hər dəfə bədəndə oksigen azalanda sürətli nəfəs alma baş verir.

Dərin nəfəs almaqda çətinlik. Nəfəs alarkən və ya kifayət qədər hava ala bilmədikdə sinədə sıxılma hiss olunur və dərin nəfəs almaq olmur.

Xırıltı. Nəfəs alarkən və ya nəfəs verərkən xırıltı və ya fit səsi eşidilə bilər. Xüsusilə, astma və ya XOAH kimi xəstəliklərdə daha çox xırıltı müşahidə olunur.

Öskürək. Xroniki və ya təkrarlanan öskürək xüsusilə astma, bronxit və ya ağciyər infeksiyası hallarında daha çox olur.

Qançırlar (Sianoz). Kifayət qədər oksigen ala bilməyən insanlarda dəridə və xüsusilə dodaqlarda qançırlar əmələ gəlir. 

İstirahət zamanı nəfəs darlığı. Bəzi hallarda insan hətta istirahətdə də təngnəflik hiss edir. Bu, adətən ciddi sağlamlıq probleminin əlamətidir və təcili tibbi yardım tələb edir.

Gecələr nəfəs darlığı. Adətən ürək çatışmazlığı və ya yuxu apnesi kimi sağlamlıq problemləri ilə əlaqəli olaraq gecə yatarkən və ya uzanarkən təngnəfəslik müşahidə olunur.

Nəfəs darlığı həyat keyfiyyətinə ciddi şəkildə təsir edən bir vəziyyətdir. Bu simptomlardan biri və ya bir neçəsi ilə qarşılaşırsınızsa, dəqiq diaqnoz və müalicə üçün həkimə müraciət etmək vacibdir. Erkən diaqnoz və müalicə əsas sağlamlıq problemlərinin idarə edilməsində və problemin aradan qaldırılmasında mühüm rol oynayır.

👉 Diqqətinizi çəkə bilər: Ürək çatışmazlığı niyə olur? 15 əsas səbəb bunlardır

Nəfəs darlığının diaqnozu necə qoyulur?

Diaqnostik proses adətən bir neçə mərhələdən ibarətdir və proses həkimə xəstənin vəziyyəti haqqında hərtərəfli məlumat almağa kömək edir. 

Tibb anamnez. Həkim xəstənin xəstəlik tarixini ətraflı araşdırmaqla başlayır. 

Fiziki Müayinə. Xəstəlik tarixindən sonra həkim xəstəni fiziki müayinə edir. Bu müayinə zamanı ağciyər və ürək səsləri stetoskopla dinlənilir, nəbz və qan təzyiqi ölçülür.

Laboratoriya testləri. İnfeksiya, anemiya və ya digər sağlamlıq problemləriniz olub-olmadığını müəyyən etmək üçün qan testləri edilir. 
Qanda oksigen və karbon dioksid səviyyəsini ölçməklə tənəffüs funksiyası qiymətləndirilir.

Görüntüləmə testləri.
Həkim nəfəs daralmasının səbəbini müəyyən etmək üçün müxtəlif görüntüləmə testləri - döş qəfəsinin rentgenoqrafiyası, kompüterli tomoqrafiya (KT) və maqnit rezonans görüntüləmə (MRT) təyin edilir.

Ağciyər funksiyası testləri. Bu testlər ağciyərlərin nə qədər yaxşı işlədiyini qiymətləndirmək üçün istifadə olunur. Spirometriya xəstənin nəfəs alma qabiliyyətini ölçür və astma, XOAH kimi xroniki ağciyər xəstəliklərinin diaqnostikasında vacibdir.

Exokardioqrafiya (EKQ).
Elektrokardioqramma ürəyin elektrik fəaliyyətini ölçməklə ürək ritminin pozulması və infarkt əlamətlərini aşkar edir. Nəfəsin daralmasına səbəb kimi ürəklə bağlı şübhələr varsa, EKQ təyin edilir. 

Allergiya testləri. Nəfəs darlığının allergik reaksiyalardan qaynaqlandığını müəyyən etmək üçün dəri və ya qanda allergiya testləri aparıla bilər.
Nəfəs darlığı ciddi sağlamlıq probleminin əlaməti ola biləcəyi üçün simptomlar baş verdikdə dərhal həkimə müraciət etmək vacibdir. 

👉 Diqqətinizi çəkə bilər: Qan azlığı müalicəsi və qanazlığının əsas əlamətləri

Nəfəs darlığının qarşısını almaq üçün profilaktik tədbirlər


Nəfəs darlığını azaltmaq və risklərini minimuma endirmək üçün profilaktik tədbirlər mühüm rol oynayır. İlk növbədə, siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və müntəzəm fiziki aktivlik tənəffüs sistemini gücləndirir. Bununla yanaşı, artıq çəki ilə mübarizə aparmaq və stressi idarə etmək də nəfəs darlığının qarşısının alınmasında vacibdir.


Allergenlərə qarşı diqqətli olmaq, evdə toz, kif və tüklü heyvanlara qarşı gigiyenik tədbirlər görmək nəfəs problemlərinin qarşısını almağa kömək edir. Həmçinin, mövsümi xəstəliklər zamanı immuniteti gücləndirmək üçün vitaminlərdən istifadə və peyvəndləmə də önəmlidir.

Daimi tibbi müayinələr nəfəs darlığına səbəb ola biləcək ürək və ağciyər xəstəliklərinin erkən aşkarlanmasına imkan yaradır. Beləliklə, həm həyat keyfiyyəti qorunur, həm də ciddi fəsadların qarşısı alınır.


👉 Diqqətinizi çəkə bilər: Panik atak müalicəsi və riskləri: Panik atak zamanı bunları edin

Nəfəs darlığının müalicəsi necədir?

Təngnəfəsliyin müalicəsi əsas səbəbindən asılı olaraq dəyişir. Hər bir halda olunan müalicə simptomları aradan qaldırmağa və əsas sağlamlıq problemlərini idarə etməyə yönəlmiş olur. Nəfəs probleminin müalicəsində ən çox istifadə edilən üsullar bunlardır:

Həyat tərzi dəyişiklikləri. Təngnəfəsliyi aradan qaldırmaq üçün edilə bilən bəzi həyat tərzi dəyişiklikləri var. Bunlara siqareti tərgitmək, sağlam qidalanmaq, müntəzəm idman etmək daxildir.

Dərman istifadəsi. Tənəffüs yollarında iltihabı azaltmaq, nəfəs almağı asanlaşdırmaq üçün tənəffüs yollarını genişləndirən və ağciyər infeksiyalarını müalicə etmək üçün müxtəlif dərmanlar təyin edilir. Bundan əlavə, ürək çatışmazlığı halında bədəndə yığılan artıq mayenin çıxarılmasına kömək edən dərmanlar da təyin oluna bilər. Həkimin tövsiyə etdiyi dərmanlardan mütəmadi istifadə etmək və həkimin təyin etdiyi dozadan kənara çıxmamaq lazımdır.

Tənəffüs məşqləri. Tənəffüs məşqləri nəfəs almaq üsullarını öyrənmək və ağciyərin nəfəs tutumunu artırmaq üçün istifadə edilən müalicə üsuludur. Bu məşqlər xroniki tənəffüs xəstəlikləri olan insanlar üçün xüsusilə faydalıdır. 

Oksigen terapiyası. Bu üsul xüsusilə ağciyər və ya ürək xəstəliyi olan insanlarda bədənin ehtiyac duyduğu oksigeni təmin edərək nəfəs almağı asanlaşdırır. 

Cərrahi müdaxilə. Vəziyyət ciddidirsə və digər müalicələr nəticə vermirsə, cərrahi müdaxilə tələb olunur. Belə ki, ağciyər xərçəngi, böyük tənəffüs yollarında maneələr və ya ciddi ürək xəstəlikləri kimi hallarda cərrahi əməliyyatlar edilir.

Unutmayın ki, nəfəs darlığı hiss edirsinizsə, vaxtında müalicə üçün həkimə müraciət etmək mütləqdir.

👉 Diqqətinizi çəkə bilər: Pnevmoniyanın əsas əlamətləri və müalicə üsulları