Ürək Əməliyyatından Sonra Fizoterapiya Önəmlidir?
Ürək əməliyyatları ürək xəstəliklərinin müalicəsində ən təsirli üsullardan biridir. Ürək həyati vacib orqandır və qan dövranını təmin edərək digər orqanların da sağlam işləməsinə kömək edir. Onun funksiyasının pozulması ürəyin özü ilə bərabər digər orqanlarda da ciddi sağlamlıq problemlərinin olmasına səbəb olur.Belə problemlərə səbəb olan ürək xəstəlikləri, adətən damar tıxanıqlığı, ürək qapağı problemləri, aritmiya kimi səbəblərdən meydana gəlir. Bu xəstəliklər zamanı cərrahi müdaxilə ən uyğun müalicə üsuludur.
Ürək əməliyyatı qərarı xəstənin ümumi sağlamlıq vəziyyəti, xəstəliyin şiddəti və digər müalicə üsullarına reaksiya kimi faktorlardan asılı olaraq mütəxəssis həkimlər tərəfindən verilir. Əməliyyat qərarı verildikdə xəstənin sağlamlıq vəziyyətinə və xəstəliyin növünə görə müxtəlif cərrahi üsullarından biri seçilib tətbiq olunur.
Ən çox yayılmış əməliyyat üsullarına koronar arteriya bypass transplantasiyası (CABG), ürək qapağı əməliyyatları, anevrizma təmiri və ürək transplantasiyası kimi prosedurlar daxildir.
Koronar arter bypass əməliyyatı qanı ürəyə aparan damarlardakı tıxanmaları aradan qaldıraraq qan axını bərpa etmək üçün həyata keçirilir. Ürək qapağı əməliyyatları ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi üçün həyata keçirilir.
Hansı cərrahi üsulun tətbiqindən asılı olmayaraq ürək xəstəliyin müalicəsində əməliyyatdan sonrakı dövrdə həkimin təyin etdiyi müalicə planına uymaq mütləqdir. Çünki ürək əməliyyatından sonra düzgün müalicə və reabilitasiya prosesi xəstələrin sağlamlığının bərpasında böyük əhəmiyyət kəsb edir.
Ürək əməliyyatı sonrası müalicə müddəti necədir?
Ürək əməliyyatından sonrakı müalicə prosesi xəstənin sağalma sürətini artırmaq, ağırlaşmaların qarşısını almaq və ümumi sağlamlığı yaxşılaşdırmaq üçün diqqətlə planlaşdırılmış reabilitasiya və müalicə prosesini əhatə edir. Bu proses adətən bir neçə mərhələdən ibarətdir və hər bir mərhələ xəstənin fərdi ehtiyaclarına və əməliyyatın növünə uyğunlaşdırılır.Müalicə prosesi bunları əhatə edir:
- Xəstəxanada əməliyyat sonrası müalicə
- Evdə qulluq
- Fizioterapiya və reabilitasiya
- Qidalanma və həyat tərzi dəyişiklikləri
- Psixoloji dəstək
- Daimi müayinə və nəzarət
Əməliyyatdan sonrakı ilk günlər xəstənin vəziyyətini sabitləşdirmək üçün vacibdir. Xəstəxanada qalma müddəti əməliyyatın növünə və xəstənin ümumi vəziyyətinə görə dəyişir. Müddətdən asılı olmayaraq, pasient bu dövrdə ventilyator və venadaxili dərmanlarla müalicə alır ki, evə tam sağlam buraxılsın.
Evdə qulluq. Xəstəxanadan çıxdıqdan sonra xəstələr bir neçə həftə evdə istirahət edirlər. Bu müddət ərzində mütəmadi olaraq həkim müayinələri aparılır.
Evdə xəstələrin mütəmadi olaraq həkimlərinin tövsiyə etdiyi dərmanlardan istifadə etmələri və fiziki fəaliyyət proqramlarına əməl etmələri vacibdir.
Həmçinin əməliyyatdan sonrakı ilk həftələrdə infeksiya riskinə qarşı ağır fiziki fəaliyyətlərdən qaçınılmalı və gigiyena qaydalarına riayət edilməlidir.
Fizioterapiya və reabilitasiya. Əməliyyatdan sonra fizioterapiya xəstələrin sağalma prosesində mühüm rol oynayır.
Fizioterapiya proqramı xəstənin cərrahiyyə növünə, yaşına və ümumi sağlamlıq vəziyyətinə uyğun olaraq xüsusi olaraq planlaşdırılır. Fizioterapevtin pasientin vəziyyətinə uyğun hazırladığı proqram onun əzələ gücünü bərpa etməyə, tənəffüs imkanlarını artırmağa və ümumi fiziki dözümlülüyünü yaxşılaşdırmağa kömək edir.
Qidalanma və həyat tərzi dəyişiklikləri. Əməliyyatdan sonrakı dövrdə xəstələrin qidalanma vərdişlərinə diqqət yetirmələri böyük əhəmiyyət kəsb edir. Sağlam qidalanma sağalma prosesini sürətləndirir və ürək sağlamlığını dəstəkləyir.
Psixoloji dəstək. Cərrahi müdaxilədən sonra xəstələr təkcə fiziki deyil, həm də psixoloji cəhətdən çətin proses keçirlər. Hər xəstənin xəstəliyi qəbul etməsi və vəziyyəti anlaması eyni olmur. Bəziləri bu dövrü rahat keçirsələr də, bəziləri əməliyyat sonrası həssaslaşırlar və bu təbii haldır.
Ona görə də bu proses zamanı depressiya, narahatlıq və stres kimi emosional vəziyyətlərə rastlaşmağımız mümkündür. Bu zaman pasientin sağalma müddətinin daha asan keçməsi üçün ona psixoloji dəstək olmaq önəmlidir.
Daimi müayinə və nəzarət. Əməliyyat sonrası mütəmadi həkim müayinəsi vacibdir. Bu yoxlamalar zamanı xəstənin ürək sağlamlığı izlənilir, istifadə edilən dərmanların təsiri qiymətləndirilir, lazım gəldikdə müalicə planında dəyişiklik edilir.
Qarşılaşıla biləcək fəsadların erkən aşkarlanması və vaxtında müdaxilə üçün həkimin təyin etdiyi vaxtlar müayinədə olunmalı və səhhətinizdə olan dəyişikləri həkimə bildirməlisiniz.
Müalicə müddətində səbirli olmaq, həkimlə daim əlaqə saxlamaq və təlimatlara uymaq prosesin daha rahat və qısa müddətli olmasına kömək edəcək.
Ürək əməliyyatı sonrası fizioterapiyanın əhəmiyyəti nədir?
Ürək əməliyyatından sonra fizioterapiya xəstələrə fiziki güc və dözümlülüklərini bərpa etməyə kömək edir. Əməliyyat zamanı və əməliyyatdan sonra hərəkətsizlik əzələlərin zəifləməsinə, tənəffüs qabiliyyətinin azalmasına və ümumi fiziki vəziyyətin azalmasına səbəb olur. Fizioterapiyanın məqsədi bu mənfi təsirləri aradan qaldırmaq və xəstənin gündəlik fəaliyyətinə qayıtmasını təmin etməkdir.Eyni zamanda əməliyyat sonrası bəzi fəsadların qarşısının alınmasında da fizioterapiya mühüm rol oynayır. Belə ki, əməliyyatdan sonra hərəkətsizlik səbəbiylə inkişaf edə biləcək ağciyər infeksiyaları və ya qan laxtalanması kimi vəziyyətlərin qarşısı müvafiq fizioterapiya tətbiqləri ilə alınır. Bundan əlavə, müntəzəm məşq ürək-damar sisteminin daha səmərəli işləməsinə kömək etməklə xəstələrin uzunmüddətli ürək sağlamlığını dəstəkləyir.
Ürək əməliyyatı sonra hansı fizioterapiya metodlarından istifadə olunur?
Əməliyyatdan sonra fizioterapiya proqramları xəstənin ehtiyaclarından asılı olaraq müxtəlif texnika və üsulları əhatə edir. Onlardan bəziləri bunlardır:- Nəfəs alma məşqləri
- Mobilizasiya məşqləri
- Aerobik məşqlər
- Gücləndirici məşqlər
- Balans və koordinasiya məşqləri
Mobilizasiya məşqləri. Mobilizasiya məşqi, yəni əməliyyatdan qısa müddət sonra xəstənin ayağa qalxıb hərəkət etməsi sağalma prosesini sürətləndirir. Bu məşqlərə fizioterapevt dəstəyilə yüngül gəzintilər, oturub-qalxma hərəkətləri və sadə dartma hərəkətləri daxildir.
Bu hərəkətlərə, həm də qan dövranı artır, əzələ gücü qorunur və qan laxtalanma riski azalır.
Aerobik məşqlər. Ürək funksiyalarını yenidən optimallaşdırmaq və ürək-damar dayanıqlığını artırmaq üçün aşağı intensivlikli aerobik məşqlər həyata keçirilir.
Gəzinti, velosiped sürmə və ya üzgüçülük kimi fəaliyyətlər xəstələrin ürək-damar sağlamlığını dəstəkləyir və ümumi fiziki vəziyyətini yaxşılaşdırır.
Gücləndirici məşqlər. Əzələlərin zəifləməsinin qarşısını almaq və xəstənin gündəlik fəaliyyətlərinə daha tez dönməsini təmin etmək üçün müqavimət məşqləri tətbiq edilir. Bu məşqlər xüsusilə yuxarı bədən, ayaq və qarın əzələlərini gücləndirməyə yönəldilir ki, xəstə əvvəli vəziyyətinə qayıtsın.
Balans və koordinasiya məşqləri. Ürək əməliyyatından sonra xəstələrin tarazlıq və koordinasiya qabiliyyətlərində dəyişiklər olması mümkündür. Bunu nizamlamaq və əvvəlki vəziyyətinə qaytarmaq üçün fizioterapevt balans məşqlərini proqrama əlavə edir. Balans və koordinasiya məşqləri xəstələrin dəstəksiz və təhlükəsiz hərəkət etmələrinə və yıxılma riskini azaltmağa imkan verir.
Ürək əməliyyatı sonrası fizioterapiya mütəxəssis fizioterapevtlər tərəfindən idarə edilməli və xəstənin vəziyyəti mütəmadi olaraq qiymətləndirilməlidir. Məşqlər xəstənin ümumi vəziyyətinə uyğun olaraq yüngüldən başlanılır və tədricən artırılır, əgər hər hansı bir ağrı və ya narahatlıq olduqda dərhal mütəxəssis hərəkəti dəyişdirilir.
Bundan əlavə, mütəxəssis xəstənin ev şəraitində yerinə yetirə biləcəkləri məşqlər haqqında məlumatlar da verərək pasienti evdə məşq etməyə təşviq edir.
Ürək əməliyyatı sonrası müalicədə qidalanma və həyat tərzi necə olmalıdır?
Ürək əməliyyatı sonrası müalicədə qidalanma və həyat tərzi xəstənin sağalma prosesini sürətləndirmək, ürək sağlamlığını qorumaq və gələcəkdə yarana biləcək ürək problemlərinin qarşısını almaq baxımından son dərəcə əhəmiyyətlidir.Əməliyyatdan sonra sağlam qidalanma və düzgün həyat tərzi vərdişləri xəstənin ümumi sağlamlığına müsbət təsir edir və sağalma prosesini dəstəkləyir.
Sağalma prosesində pasientin bu qidalara üstünlük verməsi məsləhətdir:
Az duzlu qidalar. Duz istehlakı qan təzyiqini və ürəyə təzyiqi artırır. Ona görə də əməliyyatdan sonrakı dövrdə az duzlu qidalanmaua üstünlük verilməlidir.
Aşağı yağ və xolesterol. Doymuş yağlar və trans yağlar xolesterin səviyyəsini yüksəltməklə ürək xəstəliyi riskini artırır. Bu səbəbdən yağsız ətlərə, yağsız süd məhsullarına və zeytun yağı kimi sağlam yağlara üstünlük verilməlidir.
Bundan əlavə qırmızı ət yerinə balıq və toyuq kimi ağ ətlərdən istifadə etmək daha faydalıdır.
Lifli qidalar. Liflə zəngin qidalar həzmi tənzimləyir və ürək sağlamlığını dəstəkləyir.
Tam taxıllar, tərəvəzlər, meyvələr və paxlalılar liflə zəngin qidalardır və müntəzəm olaraq istehlak edilməlidir.
Bol meyvə və tərəvəz. Meyvə-tərəvəzlər vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Ürək əməliyyatı sonrası sağalma prosesində immunitet sistemini gücləndirmək və bədən sağlamlığını dəstəkləmək üçün bol meyvə və tərəvəz qəbul edilməlidir.
Maye qəbulu. Lazımi miqdarda su içmək orqanizmin düzgün işləməsi üçün vacibdir. Xüsusilə ürək sağlamlığı baxımından bədənin kifayət qədər su qəbulu nizamlı qan dövranını təmin edir və böyrək funksiyalarını dəstəkləyir.
Qidalanmayla bərabər bu həyat tərzi dəyişikləri də müalicə prosesində önəmlidir:
Daimi fiziki aktivlik. Əməliyyatdan sonrakı dövrdə fizioterapevtin tövsiyə etdiyi yüngül məşqləri etmək ürək sağlamlığını dəstəkləyir və ümumi fiziki vəziyyəti yaxşılaşdırır.
Siqaret və alkoqol qəbulunu dayandırmaq. Siqaret çəkmək ürək damarlarını daraldaraq infarkt riskini artırır. Eynilə, həddindən artıq spirt qəbulu da ürək sağlamlığına mənfi təsir göstərir. Buna görə də siqaretdən və spirtli içkilərdən tamamilə imtina etmək tövsiyə olunur.
Stresdən uzaq olun. Stres ürək sağlamlığına mənfi təsir göstərdiyinə görə ondan uzaq olmaq üçün yoqa, meditasiya və dərin nəfəs texnikası kimi məşqləri edin. Əgər lazım gələrsə, mütəxəssisdən dəstək almaqdan da çətinməyin.
Daimi yuxu. Yuxu rejiminə riayət etmək bədənin bərpasına və ürək sağlamlığının qorunmasına kömək edir. Gündə ən az 7-8 saat yatmaq məsləhətdir.
Bütün bunlarla bərabər əməliyyatdan sonrakı dövrdə mütəmadi olaraq həkim müayinəsi xəstənin sağlamlığının monitorinqi və mümkün problemlərin erkən aşkarlanması üçün vacibdir.