Allergik Astmanın Əlamətləri Nələrdir? Allergik Astma Genetikdir?
Astma tənəffüs yollarına təsir edən xroniki xəstəlikdir. Bu xəstəlik zamanı tənəffüs yolları daralır, iltihablanır və müxtəlif allergenlərə məruz qaldıqda tənəffüs yollarında həddindən artıq selik əmələ gətirir. Bunun da nəticəsində təngnəfəslik, xırıltı, döş qəfəsində sıxılma və öskürək kimi əlamətlər meydana çıxır.Astmanın allergik və qeyri-allergik növləri var. Bunlar arasında son dövrlərdə ən geniş yayılanı allergik astmadır. Xüsusilə mövsümi tozlanma dövrlərində daha çox rast gəldiyimiz astmanın allergik növünün göstəriciləri və onun qarşısını almağın yolları ilə gəlin tanış olaq.
Allergik astmanın simptomları nələrdir?
Bu astmanın simptomları digər astma növlərinin simptomları ilə oxşardır. Lakin digərlərindən fərqli olaraq onun simptomları allergenlərə məruz qaldıqda daha da şiddətənir.Astmanın allergik növünün ən çox müşahidə etdiyimiz simptomları bunlardır:
- Nəfəs darlığı
- Xırıltı
- Sinədə sıxılma hissi
- Quru öskürək
- Sürətli və dayaz nəfəs almaq
- Allergik simptomlar
Xırıltı. Astma zamanı nəfəs yollarının daralmasına görə xəstə nəfəs alarkən xırıltı, fit səsinə bənzər səs eşidilir.
Sinədə sıxılma hissi. Allergik astma tutması zamanı xəstə sinəsində təzyiq və ya sıxılma hiss edir.
Quru öskürək. Adətən gecə və ya səhər oyanarkən daha da artan quru öskürək allergic astmanın ən geniş yayılan əlamətidir.
Sürətli və dayaz nəfəs almaq. Astma tutması zamanı xəstələr daha sürətli, lakin səthi nəfəs almağa başlayırlar, dərindən və rahat nəfəs ala bilmirlər.
Bunlarla bərabər allergik reaksiyalarla müşayiət olunan simptomlar da müşahidə olunur. Bunlara göz qaşınması, burun axması, asqırma və dəri səpgiləri kimi allergik reaksiya simptomları daxildir.
Allergik astması olan insanlarda bu əlamətlər müxtəlif şiddətdə baş verir və allergenlərə məruz qaldıqda daha da ağırlaşır. Simptomlardan hər hansı biri tez-tez təkrarlanırsa, həkimə müraciət etmək və lazımi müalicə almaq lazımdır.
Allergik astma niyə yaranır?
Astma tənəffüs yollarının iltihabına və daralmasına səbəb olarkən allergik astma xüsusilə immun sisteminin allergenlərlə qarşılaşdıqda həddindən artıq həssas olması nəticəsində inkişaf edir. Bu vəziyyətin əsas səbəbləri bunlardır:Tozlanma. Çiçəklər, ağaclar və otlar kimi bitkilərin tozları mövsümi allergiyanı ən çox qıcıqlandıran səbəbdir. Yaz aylarında havada tozcuqların çox olması allergik astması olan şəxslərdə astma simptomlarını ağırlaşdırır.
Ev tozu gənələri. Ev tozu gənələri evdə olan kiçik həşəratlardır və astma xəstələrində allergiyanın ümumi səbəbidir. Bu mikroskopik orqanizmlərə xalçalarda, yastıqlarda, yataq dəstlərində və mebellərdə rast gəlmək olar.
Gözlə görünə bilməyəcək qədər balaca olan gənələr tənəffüs yollarını qıcıqlandıraraq astma simptomlarını ağırlaşdırır.
Heyvan tükləri. Pişiklərin, itlərin və digər ev heyvanlarının tükündən və ya dərisindən tökülən mikroskopik hissəciklər astması olan insanlarda allergik reaksiyanı daha da qıcıqlandırır.
Həmçinin bəzi insanlar heyvanlarla təmasda olduqda qəfildən nəfəs darlığı, öskürək və xırıltı kimi astma əlamətləri ilə qarşılaşırlar.
Kif göbələyi. Kif rütubətli mühitlərdə böyüyən göbələklərdir və onların havadakı sporları astmanı qıcıqlandırır.
Evdəki rütubətli yerlər, xüsusən də vanna otağı və mətbəx kimi yerlər kifin çoxalması üçün uyğun mühitlərdir. Bu yerlərdə kif göbələyi tənəffüs yollarına çatdıqda astması olan insanlarda nəfəs darlığına və digər astma simptomlarının yaranmasına səbəb olur.
Siqaret dumanı. Passiv siqaret və ya aktiv siqaret tənəffüs yollarında iltihaba və astma simptomlarının pisləşməsinə səbəb olur.
Siqaret tüstüsünün tərkibində tənəffüs yollarını qıcıqlandıran kimyəvi maddələr var ki, bu da astmanın allergik növü olan insanların ağır astma tutmaları yaşamasına səbəbdir.
Havanın çirklənməsi. Avtomobillərin tullantıları, fabriklərdən və digər sənaye mənbələrindən çıxan tüstü ilə havanın çirklənməsi bu xroniki narahatlığa səbəb olan mühüm ekoloji amillərdir.
Xüsusilə böyük şəhərlərdə yaşayan insanlar çirkli havaya daha çox məruz qaldığından astma tutmalarına daha çox meyilli olurlar.
Kimyəvi maddələr və təmizləyici məhsullar. Bəzi təmizləyici məhsullar, boyalar, ətirlər və kosmetika kimi kimyəvi maddələr tənəffüs yollarında qıcıqlanma və iltihaba səbəb olur. Bu qıcıqlanma nəticəsində isə astmanın nəfəs darlığı və öskürək kimi simptomları şiddətlənir.
Soyuq hava və ani temperatur dəyişiklikləri. Xüsusilə qış aylarında soyuq hava xroniki xəstəliyi olan insanlarda tənəffüs yollarının daralmasına gətirib çıxarır. Bundan əlavə, ani temperatur dəyişiklikləri tənəffüs yollarında həddindən artıq reaksiyaya səbəb olaraq astma simptomları yaradır.
Bəzi qida məhsulları. Bəzi qida əlavələri və konservantlar, xüsusilə sulfitlər kimi maddələr bu xəstəliyin simptomlarını yaradır.
Sülfitlər işlənmiş qidalarda, şərablarda və bəzi quru meyvələrdə olur. Bundan əlavə, müəyyən qidalara qarşı qida allergiyası olan insanların həmin qidanı qəbul etmələri astma simptomlarını ağırlaşdırır.
Stres və narahatlıq. Sözügedən astmanın yaranmasında psixoloji faktorlar da rol oynayır. Həddindən artıq və uzun müddət davam edən stres bədənin immunitet sisteminə təsir edərək astma tutmalarının yaranmasına gətirib çıxarır.
Səbəblər insandan insana dəyişir və adətən bir neçə amillərin birləşməsi nəticəsində yaranır.
Allergik astmanın risk qrupları kimlərdir?
Allergik astmanın risk qrupları aşağıdakılardır:- Ailəsinin tibbi anamnezində astma və ya allergiya olan şəxslər
- Valideynində allergik rinit olan insanlar
- Nəfəs yolları infeksiyasılarına qarşı həssas uşaqlar (xüsusilə azyaşlılar)
- Siqaret tüstüsünə məruz qalan insanlar (xüsusilə uşaqlar)
- İşi tozlu sahələrdə olanlar
- Yüksək hava çirkliliyi olan şəhərlərdə yaşayan insanlar
- Kimyəvi maddələrlə müntəzəm təmasda olan insanlar
- Mövsümi allergiyası olanlar (məsələn, polen allergiyası)
Allergik astmanın diaqnozu necə qoyulur?
Düzgün diaqnozu effektiv müalicə prosesi üçün çox vacibdir. Diaqnoz zamanı həkim aşağıdakı üsullardan istifadə edərək pasientin allergenlərə qarşı həssaslığı və tənəffüs funksiyaları ətraflı qiymətləndirir:Tibbi anamnez və fiziki müayinə. Həkim xəstənin xəsətlik tarixçəsini və astma simptomlarını araşdırır. Nəfəs darlığı, xırıltı və öskürək kimi simptomların nə vaxt və necə göründüyünü xüsusi olaraq qiymətləndirir.
Bundan əlavə, fiziki müayinə zamanı tənəffüs yollarında xırıltı və təngnəfəslik kimi əlamətlər yoxlanılır.
Spirometriya. Bu, ağciyər funksiyalarını ölçmək üçün istifadə edilən testdir. Xəstənin nə qədər dərindən nəfəs ala bildiyini və tənəffüs yollarının nə qədər dar olduğunu ölçmək üçün istifadə edilir.
Allergiya testləri. Hansı allergenlərə qarşı həssas olduğunuzu müəyyən etmək üçün dəri və qan testi götürülür.
Dəri testi dəriyə az miqdarda allergen tətbiq etməklə və orqanizmin ona reaksiyasını müşahidə etməklə aparılır. Qan testində isə immun sisteminin allergenlərə reaksiyası qiymətləndirilir.
Pik axın ölçümü. Bu xəstənin evdə istifadə edə biləcəyi cihazdır. Pik axın ölçən cihaz vasitəsilə ev şəraitində tənəffüs qabiliyyətinə gündəlik nəzarət edərək nəfəs almağınızı qiymətləndirə bilərsiniz. Bu zaman nəfəsinizin axını az olarsa, həkimə müraciət etməyiniz lazımdır.
Görüntüləmə testləri (Rentgen və KT). Döş qəfəsinin rentgenoqrafiyası və ya kompüter tomoqrafiyası tənəffüs yollarında digər problemləri istisna etmək və astmanın dəqiq diaqnozu üçün aparılır.
Bu görüntüləmə üsulları ilə həm də ağciyərlərdə struktur anormallıqları və ya infeksiyaları yoxlanılır.
Bu üsullarla aparılan müayinələr nəticəsində astma diaqnozu qoyulur və xəstəyə uyğun müalicə planı hazırlanır.
Allergik astmanın müalicəsi necədir?
Bu xroniki narahatlığın müalicəsi üçün həkim simptomları idarə etmək, həm də bədənin allergenlərə reaksiyasının azaltmaq üçün müalicə planı hazırlayır.Müalicə yanaşması vəziyyətin şiddətindən asılı olaraq dəyişsə də, ümumi müalicə üsulları bunlardır:
Dərman müalicəsi. Allergik astmada ən çox istifadə etdilən müalicə üsulu həkimin tövsiyə etdiyi dərmanlardan istifadə etməkdir. Bu zaman iki əsas dərman növü istifadə olunur: astma simptomlarını uzun müddət nəzarət altında saxlamaq üçün istifadə olunanlar və astma tutması zamanı tənəffüs yollarını tez açaraq rahatlama təmin edənlər.
Xüsusilə bronxodilatatorlar təcili anlarda tənəffüs yollarını tez açmaq və qəfil nəfəs darlığı, öskürək və xırıltıları aradan qaldırmaqda effektivdir.
Allergiya peyvəndi (immunoterapiya). İmmunoterapiya orqanizmin allergenlərə qarşı həssaslığını azaltmaq məqsədi daşıyan müalicə üsuludur. Bu müalicə zamanı allergenə məruz qalma dozaları yavaş-yavaş artırılır ki, immunitet sistemi allergenə daha az reaksiya verməyi öyrənsin.
Allergenlərdən qaçınmaq. Allergik astmaya nəzarət etməyin ən təsirli yollarından biri allergenlərdən mümkün qədər uzaq durmaqdır. Bunun üçün evdə müntəzəm təmizlik aparmaq, toz gənələrinə qarşı xüsusi tədbirlər görmək və ev heyvanlarını yaşayış yerlərindən uzaq tutmaq lazımdır.
Bundan əlavə, çöldə tozlanma çox olduğu vaxtlarda, xüsusilə yaz aylarında maskadan istifadə etmək və açıq havada mümkün qədər az olmaq simptomları azaltmağa kömək edir.
Həyat tərzi dəyişiklikləri. Sağlam həyat tərzi hər şey kimi astma simptomlarını aradan qaldırmağa da müsbət təsir edir.
Müntəzəm olaraq idman etmək, sağlam qidalanma və ideal çəki saxlamaq tənəffüs funksiyalarını yaxşılaşdırmaqla simptomları aradan qaldırır.
Qeyd edək ki, bəzi idman hərəkətləri astma simptomlarını ağırlaşdırdığından həkimlə məsləhətləşmək və həkim tövsiyəsinə uyğun idman hərəkətlərinə üstünlük verilmək lazımdır.
Rütubətə nəzarət və hava keyfiyyətinin yaxşılaşdırılması. Evdə rütubət səviyyəsinin aşağı səviyyədə saxlanması kif və toz gənələrinin böyüməsinin qarşısını alır.
Hava təmizləyicilərindən istifadə etməklə evin hava keyfiyyətinin yaxşılaşdırılması və havanın çirkli olduğu ərazilərdə açıq havada vaxtın məhdudlaşdırılması allergik astmaya nəzarət etməyə kömək edir.
Bu müalicə üsullarının birləşməsi allergik astmanın idarə olunmasına nə qədər effektiv olsa da, onların yalnış istifadəsi mənfi təsir edəcək. Ona görə müalicə üçün həkimlə məsləhətləşmək lazımdır.
Diaqnostikasında spirometriya vacibdir.