Mədə Xərçəngi Niyə Yaranır? Mədə Xərçəngi Əməliyyatla Sağalır?
Mədə xərçəngi mədə hüceyrələrinin nəzarətsiz çoxalması nəticəsində yaranan bədxassəli şişlərdir. Mədənin daxili səthini əhatə edən selikli qişada yaranan və zamanla ətraf toxumalara yayılan şişlər ciddi sağlamlıq problemidir və müalicəsi mütləqdir. Bu xərçəngin erkən mərhələsində simptomlar olmur. Simptomların olmaması erkən diaqnoza imkan vermir və müalicə prosesin də çətinləşdirir. Lakin şikayət olan zaman həkimə müraciət etdikdə ənənəvi və inteqrativ tibb üsulları ilə müalicə olunmaq və şişlərin böyüməsini nəzarətdə saxlamaq mümkündür.Mədə xərçənginin simptomları nələrdir?
Bu xəstəliyinsimptomları xəstəliyin sonrakı mərhələlərində özünü göstərir və insandan-insana fərqlənir. Ən çox müşahidə etdilən simptomlar bunlardır:- Qarın ağrısı və narahatlığı
- İştahasızlıq və arıqlamaq
- Həzmsizlik və şişkinlik
- Ürəkbulanma və qusma
- Udmaqda çətinlik (disfagiya)
- Nəcisdə qan və ya qara rəngli nəcis
- Yorğunluq və zəiflik
- Çəki itirilməsi
İştahasızlıq və arıqlamaq. Heç bir səbəb olmadan yaranan iştahasızlıq və sürətli arıqlama ən geniş yayılan əlamətlərdir.
Həzmsizlik və şişkinlik. Yeməkdən sonra şişkinlik, mədə yanması və həzmsizlik olması mümkündür.
Bulantı və qusma. Mədədə bədxassəli şiş olan zaman ürək bulanma çox olur və qusma baş verir. Şişin çox inkişaf etdiyi mərhələdə qanlı qusma müşahidə olunur.
Udmaqda çətinlik (disfagiya). Xərçəng şişləri qida borusuna yaxındırsa, pasientdə udma çətinliyi yaranır.
Nəcisdə qan və ya qara rəngli nəcis. Nəcisdə qan və ya qara rəngli nəcis (melena) gizli qan itkisi səbəbindən olur.
Yorğunluq və zəiflik. Daimi yorğunluq və zəiflik sözü gedən problemin irəli mərhələlərində rast gəlinən ümumi simptomlardır.
Bu əlamətlər mədə xərçəngilə bərabər, həm də başqa xəstəliklərin simptomlarıdır. Buna görə də, belə simptomlarla qarşılaşırsınızsa, dəqiq səbəbi müəyyənləşdirmək və erkən müalicəyə başlamaq üçün həkimə müraciət etmək vacibdir.
Mədə xərçəngi niyə yaranır?
Bu vəziyyətin inkişafında bir sıra risk faktorları rol oynayır. Həmin amillərə daxildir:Helikobakter pilori infeksiyası. Helikobakter pilori adlı bakteriya mədə mukozasının uzun müddətli infeksiyasına, iltihaba (qastrit) və mədə xorasına səbəb olmaqla mədədə şişlərin inkişaf etməsinə gətirib çıxarır.
Genetik və ailə faktorları. Ailəsində mədəsində bədxassəli şiş olan insanlar bu xəstəliyə daha çox meyllidirlər.
Qidalanma vərdişləri. Duzlu qidaların, hisə verilmiş və ya işlənmiş ətlərin, tərkibində nitritlər kimi kanserogen maddələr olan qidaların qəbulu bu problemin riskini artıran amildir.
Siqaret və alkoqol istifadəsi. Siqaret mədənin yuxarı hissəsində şiş yaradan ən əsas səbəblərdəndir.
Uzun müddət yüksək miqdarda spirtli içki qəbul etmək də xərçəng riskini artırır.
Piylənmə. Həddindən artıq artıq çəki yuxarı mədədə bədxassəli şiş yaranması riskini artırır.
Uzun müddətli mədə iltihabı (xroniki qastrit). Mədə mukozasının uzun müddətli iltihabı (xroniki qastrit) zamanla hüceyrələrin strukturunun pisləşməsinə və xərçəngin yaranmasına səbəb olur.
Poliplər. Mədənin selikli qişasında əmələ gələn bəzi poliplər vaxtında xaric edilməzsə xərçəngə çevrilməsi mümkündür.
İmmunitet sistemini zəiflədən xəstəliklər. İmmunitet sistemini zəiflədən xəstəliklər və ya dərmanlar da mədədə bədxassəli şişin inkişafına təsir edir.
Bu risk faktorlarından birinin və ya bir neçəsinin olması xəstəliyin inkişaf ehtimalını artırır. Ona görə də risk qrupundan olan insanlar müntəzəm müayinələrdə olmalı və simptomlar olmasa belə şişin olub-olmamasını yoxlatmalıdır ki, şiş olarsa, erkən müalicəyə başlamaq mümkün olsun.
Mədə xərçənginin diaqnozu necə qoyulur?
Xərçəngin diaqnozunda müxtəlif tibbi testlər və görüntüləmə üsullarından istifadə edilir. Diaqnostik proses xəstənin simptomları və həkimin şübhələri əsasında başlanır və daha sonra həkim aşağıdakı üsullardan istifadə etməklə diaqnozu dəqiqləşdirir.Endoskopiya (yuxarı həzm sistemi endoskopiyası). Endoskopiya diaqnoz zamanı ən çox istifadə edilən üsuldur. Endoskopun köməyi ilə həkim mədənin selikli qişasını müayinə edərək oradakı pataloji toxumaların mövcudluğunu rahat aşkar edir.
Biopsiya. Endoskopiya zamanı hər hansısa sahə şübhəli görünərsə, həkim bölgədən toxuma nümunəsi götürüb biopsiya edir.
Görüntüləmə üsulları. Mədənin strukturunu və xərçəngin yayılma dərəcəsini qiymətləndirmək üçün kompüterli tomoqrafiya (KT), mədə və ətraf orqanların ətraflı təsvirlərini təmin etmək üçünsə MRT istifadə olunur.
Bunlarla bərabər bədəndəki xərçəng hüceyrələrinin fəaliyyətini təyin etmək üçün pozitron emissiya tomoqrafiyası (PET) adlandırılan müayinədən istifadə edilir. Xərçəng hüceyrələri radioaktiv maddənin daha çoxunu udur və müayinə zamanı cihazda radioaktiv parlaq görünür. Nəticədə isə xərçəngin olması bəlli olur.
Yuxarı həzm sisteminin rentgenoqrafiyası (barium udma testi). Bu testdə xəstə barium adlı maye içdikdən sonra rentgen çəkilir. Barium həzm sistemini əhatə edərək mədənin strukturunu, qida borusunu daha aydın görmək imkanı verir.
Endoskopik ultrasonoqrafiya (EUS). Endoskopiya və ultrasəs texnologiyasını birləşdirən bu üsulda ultrasəs ilə mədə divarının daha dərin təbəqələri və ətraf toxumalar araşdırılır. Bu üsul xərçəngin və regional limfa düyünlərinin yayılma dərinliyini qiymətləndirmək üçün istifadə olunur.
Laparoskopiya. Cərrahi üsul olan laparoskopiyada qarın nahiyəsində kiçik bir kəsik açılır və laparoskop deyilən nazik boru qoyulur. Bu boru sayəsində həkim xərçəngin qarın içi orqanlara yayılıb-yayılmamasını birbaşa müşahidə edə bilir.
Laboratoriya testləri. Mədəsində şiş olan bəzi xəstələrdə anemiya inkişaf etdiyindən qaraciyər və böyrək funksiyasını qiymətləndirmək və şiş markerlərini təyin etmək üçün qan testləri də tələb olunur.
Bu diaqnostik üsullar mədə xərçənginin diaqnostikasında və xəstəliyin yayılmasının müəyyən edilməsində mühüm rol oynayır. Erkən diaqnoz xərçəngin müalicəsinin yaxşı nəticələnməsi üçün çox vacibdir, buna görə də riski olan şəxslərə müntəzəm müayinələrə laqeyd yanaşmamaları tövsiyə olunur.
Mədə xərçəngi necə müalicə olunur?
Bu vəziyyətin müalicəsi xəstəliyin mərhələsindən, xəstənin ümumi sağlamlığından və xərçəngin yayılmasından asılı olaraq təyin edilir.Müxtəlif olsa da, müalicə zamanı ən çox istifadə etdilən üsullar bunlardır:
Cərrahi müalicə. Ən çox 3 cərrahi üsuldan istifadə olunur;
- Qastrektomiya. Mədə xərçəngi üçün ən çox istifadə edilən müalicə üsullarından biridir. Mədə əməliyyatı zamanı şişin yerləşdiyi nahiyədən asılı olaraq cərrahi yolla mədənin bir hissəsi (qismən qastrektomiya) və ya hamısı (total qastrektomiya) çıxarılır. Mədə çıxarıldıqdan sonra həzm sisteminin qalan hissələri (məsələn, özofagus və nazik bağırsaq) bir-birinə bağlanır.
- Limfa düyünlərinin kəsilməsi. Əməliyyat zamanı xərçəngin yayıla biləcəyi yaxınlıqdakı limfa düyünləri də çıxarılır. Bu prosedur xərçəngin yayılma riskini azaltmaq üçün edilir.
- Palliativ cərrahiyyə. İrəli mərhələdə mədə xərçəngi olan və şişin tamamilə çıxarıla bilmədiyi xəstələrdə simptomları aradan qaldırmaq üçün palliativ cərrahiyyə edilir. Bu cür cərrahiyyə mədə tıxanıqlığını aradan qaldırmaq və ya ağrıları azaltmaq üçün istifadə olunur.
Radioterapiya. Cərrahi əməliyyatdan sonra qalan xərçəng hüceyrələrini məhv etmək və ya irəli mərhələdə olan xəstələrin ağrı və qanaxmasını azaltmaq üçün radioterapiya istifadə edilir.
Eyni zamanda ehtiyac olarsa, xərçəng hüceyrələrinin böyüməsini dayandırmaq üçün kimyaterapiya ilə birləşən radioterapiya (kemoradioterapiya) təyin olunur.
Məqsədli müalicələr. Məqsədli müalicələrə yalnız xərçəng hüceyrələrini hədəf alan və normal hüceyrələrə zərər verməyən dərman müalicəsi daxildir.
İmmunoterapiya. İmmunoterapiya immunitet sisteminin xərçəng hüceyrələrinə hücum etməsinə imkan verən müalicə üsuludur. PD-1 adlanan immunoterapiyalar mədə şişi inkişaf etmiş bəzi xəstələrdə istifadə olunur. Bu dərmanlar immunitet sistemini gücləndirərək xərçəng hüceyrələrinə qarşı daha təsirli müdafiə mexanizmi təmin edir.
Qeyd edək ki, mədə xərçənginin müalicəsi hər bir xəstə üçün fərdi olaraq aparılır.
Mədə xərçənginin inteqrativ tibb ilə müalicəsi mümkündürmü?
Mədə xərçənginin müalicəsi zamanı ənənəvi müalicəyə dəstək olmaq üçün inteqrativ tibb üsullarında istifadə etmək mümkündür. İnteqrativ tibb müalicə prosesi zamanı xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmağa və müalicənin yan təsirlərini yüngülləşdirməyə kömək edən ən yaxşı üsuldur. Müalicə prosesində faydalı olan inteqrativ tibb üsullarına bunlar daxildir:Qidalanma. Antioksidantlarla zəngin tərəvəz və meyvələrin istehlakı xəstələrin ümumi sağlamlığını dəstəkləyir. Lakin mədəni qıcıqlandıran qidalardan uzaq durmaq və qidaları həkim məsləhətilə qəbul etmək lazımdır.
Akupunktur. Kimyaterapiyaya bağlı ürəkbulanma və ağrıların aradan qaldırılmasında faydalıdır.
Antihomotosik preparatlar ilə müalicələr. Kimyaterapiyanın əlaqə təsirlərini azaltmaq, immun müqaviməti yüksəltmək hüceyrə tənəffüsünü bərpa etmək üçün istifadə edilir.
Masaj və aromaterapiya. Masaj terapiyası əzələ ağrılarını aradan qaldırır, aromaterapiya isə müalicə prosesinin səbəb olduğu stres və narahatlığı azaldır.
Bir daha qeyd edək ki mədə xərçənginin müalicəsində inteqrativ tibb üsulları özbaşına istifadə edilməməlidir. Yalnız həkim məsləhəti və nəzarəti altında ənənəvi müalicəyə əlavə olaraq tətbiq edilən inteqrativ təbabət üsulları müalicə prosesini dəstəkləmək üçün faydalıdır.