Döş Xərçənginin Diaqnozu Necə Qoyulur? Döş Xərçəngi Risklidir?

Döş Xərçənginin Diaqnozu Necə Qoyulur? Döş Xərçəngi Risklidir?

Döş xərçəngi döşdəki hüceyrələrin nəzarətsiz böyüməsi nəticəsində meydana gələn xərçəng növüdür. Xərçəng yaradan böyümələr döşün süd kanallarında başlayır və zamanla ətraf toxumalara yayılır. Süd vəzi xərçəngi qadınlar arasında ən çox yayılıb. Nadir hallarda olsa da, kişilərdə də bu xərçəng növünə rast gəlmək mümkündür. 
Bu xərçəngin simptomları xəstəliyin mərhələsindən asılı olaraq dəyişir. Ümumən döş və ya qoltuqda hiss olunan kütlə, döş formasında və ya ölçüsündə dəyişiklik, məmə başı axıntısı kimi simptomlarla rast gəlinirsə, mütləq həkimə müraciət edilməlidir. 
Xərçəngin müalicəsində cərrahiyyə, kimyaterapiya və radioterapiya kimi ənənəvi müalicə üsulları, inteqrativ tibbdən istifadə edirik. 

Döş xərçəngi niyə yaranır?

Sinə xərçəngi DNT-dəki zədə və ya mutasiyalar nəticəsində döşdəki hüceyrələr nəzarətsiz şəkildə çoxaldıqda baş verir. Normalda hüceyrələr nizamlı şəkildə bölünür, böyüyür və ölür. Ancaq xərçəng hüceyrələri bu nizamı pozur və anormal sürətlə çoxalmağa başlayır. Bu anormal böyümə şiş meydana gəlməsinə səbəb olur ki, həmin bədxassəli şişlər xərçəngdir. 
Döş xərçənginin dəqiq səbəbi tam olaraq bilinməsə də, bəzi risk faktorları var ki, olar xəstəliyin inkişafında rol oynayır. Həmin amillərə bunlar daxildir:
Genetik faktorlar. Ailəsində sinə xərçəngi olan insanlarda xəstəliyin inkişaf riski daha yüksəkdir. Risk xüsusilə BRCA1 və BRCA2 genlərində mutasiyaları daşıyan şəxslərdə artır.
Hormonlar. Estrogen və progesteron hormonlarının yüksək səviyyələri döş hüceyrələrinin böyüməsinə təsir göstərir. Hormonal dəyişikliklər xüsusilə postmenopozal qadınlarda döş xərçəngi riskini artıran amildir.
Yaş. Döş xərçəngi riski yaşla artır. Süd vəzi xərçənginə daha çox 50 yaşdan yuxarı qadınlarda rast gəlinir.
Piylənmə. Artıq çəki xüsusilə menopozdan sonra estrogen istehsalını artıraraq sözügedən problemin yaranmasına gətirib çıxarması mümkündür. 
Radiasiyaya məruz qalma. Gənc yaşda sinə nahiyəsinə şüa müalicəsi alan insanlarda risk yüksəkdir.
Gec ana olmaq və ya heç uşaq dünyaya gətirməmək. 30 yaşından sonra uşaq dünyaya gətirən və ya heç vaxt doğum etməmiş qadınlarda süd vəzi xərçəngi riski digər qadınlara nisbətən bir qədər yüksəkdir.
Alkoqol və siqaret istifadəsi. Müntəzəm olaraq spirt istehlakı və siqaret məmə xərçəngi riskini artıran amillərdəndir.
Nizamsız həyat tərzi. Oturaq həyat, qeyri-sağlam qidalanma və həddindən artıq stres kimi faktorlar sözü gedən xərçəngin inkişafına təkan verir.
Yekun olaraq qeyd edək ki, süd vəzi xərçənginin konkret səbəbi olmasa da, yuxarıda sadalanan risk faktorları xəstəliyin inkişafına təsir edir. Ancaq bu risk faktorlarına sahib olmaq bir insanın mütləq xərçəngə tutulacağı anlamına gəlmir. Bunlar yalnız xəstəliyə yoluxma ehtimalını artırır. 

Döş xərçənginin əlamətləri nələrdir?

Döş xərçənginin simptomları xəstəliyin mərhələsindən və fərdin bədənindən asılı olaraq dəyişir. Adətən xəstəliyin erkən mərhələlərdə heç bir əlamət müşahidə olunmur və vəziyyət inkişaf etdikdə simptomlar üzə çıxır. Ona görə də aşağıda qeyd etdiyimiz ümumi simptomlardan hər hansı birilə qarşılaşdıqda erkən müdaxilə üçün həkimə müraciət etməyiniz mütləqdir:
Döş və ya qoltuqaltında kütlə. Süd vəzi xərçənginin ən çox görülən əlaməti döş və ya qoltuq altında hiss olunan sərt, ağrısız kütlədir. Bu kütlənin qeyri-bərabər kənarları olur və palpasiya edildikdə hərəkət etmir, sabit bir yerdədir.
Döş ölçüsü və ya formasında dəyişiklik. Döşün görünən böyüməsi, büzülməsi və ya deformasiyası baş verir. Bu dəyişikliklərin həm döşün bütün hissəsində, həm də yalnız bir hissəsində özünü göstərməsi mümkündür.
Məmə ucunda dəyişikliklər. Məmə ucunda mövqe dəyişikliyi və ya həssaslıq olur. Bəzi hallarda məmə ucunda soyulma, qabıqlanma və ya qızartı əmələ gəlməsi mümkündür.
Döşdəki axıntıMəmə ucunda kortəbii, hiss olunmadan qanlı və ya şəffaf axıntı müşahidə olunur.
Görünüşdə dəyişikliklər. Döş dərisindəki qırmızılıq, qalınlaşma və ya portağal qabığının görünüşü kimi dəyişikliklər döş xərçənginin əlamətləridir. 
Döşdə şişlik və ya ağrı. Süd vəzi xərçəngi ağrısız bir xəstəlik kimi tanınsa da, bəzi insanlarda daimi ağrı, həssaslıq və ya şişlik hiss olunur.
Qoltuqaltı limfa düyünlərində şişkinlik. İlk simptom kimi qoltuqaltı limfa düyünlərində şişlik və ya sərtlik kimi özünü göstərir.
Bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunduqda gecikmədən həkimə müraciət etmək çox vacibdir. Erkən mərhələdə diaqnoz süd vəzi xərçəngi müalicəsində sağalma şansını əhəmiyyətli dərəcədə artırır.

Döş xərçənginin mərhələləri hansılardır?

Mərhələ 0. Xərçəng süd kanalları və ya lobülləri ilə məhdudlaşır və digər toxumalara yayılmamışdır. Bu erkən mərhələdə sağalma şansı yüksəkdir.
Mərhələ I. Kiçik şiş (2 sm-dən az) məmə ilə məhdudlaşır və ya az miqdarda limfa düyünlərinə yayılır.
Mərhələ II. Şişin ölçüsü 2-5 sm-dir və limfa düyünlərinə yayılmış olur. Xərçəng bu mərhələdə yalnız döşdə olur, ətrafa yayılmır.
Mərhələ III. Xərçəng sinə divarına, dəriyə və ya limfa düyünlərinə yayılıb, lakin digər orqanlara yayılmayıb.
Mərhələ IV (Metastatik).Xərçəng sümüklər, qaraciyər və ağciyərlər kimi bədənin uzaq orqanlarına artıq yayılmış olur. Bu mərhələdə xərçəngin tamamilə müalicəsi mümkün olmur, lakin düzgün müalicə üsulları ilə onu nəzarətdə saxlamaq mümkündür.  

Döş xərçəngi diaqnozu necə qoyulur?

Süd vəzi xərçənginin diaqnozunu qoymaq və onun hansı mərhələdə olduğunu müəyyənləşdirmək üçün istifadə edilən diaqnoz üsulları bunlardır:  
Döşün öz-özünə müayinəsi. Hər bir qadının evdə mütamadi olaraq öz döşlərini yoxlamaları tövsiyə olunur. Çünki xərçəng zamanı ağrı ən son mərhələdə üzə çıxır ki, bu da erkən müdaxiləni gecikdirir. Döşdə kütlə, şişkinlik, forma dəyişikliyi və ya axıntı olarsa, vaxtında bilib həkimə müraciət etmək üçün bu vacibdir.
Mammoqrafiya. Bu, döş toxumasının rentgen şüaları ilə görüntülənməsinə imkan verən üsuldur. Xüsusilə 40 yaşdan yuxarı qadınlarda skrininq məqsədi ilə istifadə edilir və xərçəngin erkən mərhələdə aşkar edilməsində təsirlidir.
Ultrasəs. Döşdəki kütlələrin bərk və ya maye ilə dolu olduğunu müəyyən etmək üçün səs dalğaları istifadə olunur. Gənc qadınlarda və döş toxuması sıx olanlarda üstünlük verilir.
Maqnit rezonans görüntüləmə (MRT). MRT döş toxumasının ətraflı təsvirlərini təqdim edir. Yüksək risk qruplarında olan qadınlarda və şübhəli hallarda istifadə olunur.
Biopsiya. Şübhəli kütlədən və ya lezyondan toxuma nümunəsi götürülür və laboratoriyada araşdırılır. Biopsiya xərçəngin qəti diaqnozunu qoymaq üçün ən etibarlı üsuldur.
Genetik testlər. Ailədə sinə xərçəngi anamnezi varsa, BRCA1 və BRCA2 gen mutasiyalarını aşkar etmək üçün genetik testlər aparılır. Bu test risklərin qiymətləndirilməsi üçün vacibdir.
Bu xərçəngin müalicəsində erkən diaqnoz çox vacibdir. Ona görə də görünən simptomlar yaşamasanız belə, müntəzəm həkim müayinəsində olmaq və evdə döş ətrafını yoxlamağınız sağlamlığınız üçün faydalıdır. 

Döş xərçəngi necə müalicə olunur?

Süd vəzi xərçənginin müalicəsində istifadə edilən üsullar xəstəliyin mərhələsinə, şişin ölçüsünə, xəstənin ümumi sağlamlığına və xərçəngin yayılmasına görə dəyişir. Həmçinin vəziyyətdən asılı olaraq müalicə üsullarının tək və ya kombinasiyada tətbiq olunması mümkündür. 
Bu narahatlığın müalicəsində ən çox istifadə etdiyimiz müalicə üsulları bunlardır:
Cərrahi müdaxilə. İki əsas cərrahi müdaxiləyə üz tutulur:
  • Lumpektomiya: Yalnız şişin və ətrafdakı toxumaların kiçik bir hissəsinin çıxarıldığı bir əməliyyatdır. Erkən mərhələ xərçənglərində üstünlük verilir.
  • Mastektomiya: Döşün tam çıxarılması. Süd vəzi və ehtiyac olarsa, limfa düyünləri tamamilə çıxarılır.
Radioterapiya. Yüksək enerjili şüalardan istifadə edərək xərçəng hüceyrələrini məhv etmək məqsədi daşıyır. Çox vaxt əməliyyatdan sonra bədəndə qalan xərçəng hüceyrələrini öldürmək üçün təyin edilir.
Kimyaterapiya. Dərmanlar xərçəng hüceyrələrini məhv etmək üçün istifadə olunur. Dərmanlar ağızdan və ya venadaxili olaraq verilə bilər. Xərçəngin mərhələsindən asılı olaraq, əməliyyatdan əvvəl və ya əməliyyatdan sonra tətbiq olunur.
Hormon terapiyası. Bəzi döş xərçəngləri hormonlara (estrogen və ya progesteron) həssasdır. Hormon terapiyası bu hormonların təsirinə maneə törətməklə şişin böyüməsini dayandırmağa çalışır. Estrogen reseptor müsbət (ER+) xərçənglərdə istifadə olunur.
Məqsədli terapiya. Xərçəng hüceyrələrinə xas olan zülalları və ya genləri hədəf alan dərmanlar istifadə olunur. Xüsusilə HER2 müsbət döş xərçəngi olan xəstələrdə istifadə olunur.
İmmunoterapiya. İmmunitet sistemini gücləndirən dərmanlarla orqanizmin xərçəng hüceyrələri ilə mübarizə aparmasına imkan verən müalicə üsuludur. Bu müalicə inkişaf etmiş sinə xərçəngi olan xəstələrdə təsirlidir.
Bu müalicə üsulları həkim tərəfindən xəstənin vəziyyətinə və xərçəngin xüsusiyyətlərinə uyğun olaraq planlanır. Müalicə prosesi multidisiplinar yanaşma ilə həyata keçirilir və xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.

Döş xərçənginin inteqrativ tibb ilə müalicəsi necə olur?

Döş xərçəngində inteqrativ tibb üsulları xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq və ənənəvi müalicə üsullarını tamamlayaraq müalicə prosesini dəstəkləmək məqsədi daşıyır. Müalicə zamanı istifadə etdiyimiz inteqrativ tibb üsulları bunlardır:
Qidalanma. Xərçəngin müalicəsi zamanı iltihab əleyhinə, tərəvəz və meyvələrlə zəngin qidalanma immunitet sistemini gücləndirir. Bundan əlavə, kimyaterapiya və radioterapiya zamanı bəzi qida maddələrinin istifadəsini artırmaq, bəzilərinisə azaltmaq həkim tərəfindən bildirilir. 
Akupunktur. Akupunktur, kimyaterapiyanın yan təsirlərini aradan qaldırmaq üçün xüsusi olaraq istifadə olunur. Bura ürəkbulanma, qusma, yorğunluq və ağrı kimi simptomları azaltmaq daxildir.
Yoqa və meditasiya. Xüsusilə qadınlarda sinə xərçəngi olması və müalicəsi prosesi onlara psixoloji olaraq mənfi təsir edir. Bu zaman yaranan stres, narahatlıq və depresiyanı aradan qalmaq üçün yoqa və meditasiya faydalıdır. 
Masaj terapiyası. Müalicə prosesində yaşanan əzələ ağrılarını və stresi aradan qaldırmaq üçün təsirlidir. 
Bitki mənşəli müalicələr. Bəzi bitki mənşəli əlavələr immunitet sistemini gücləndirə və bədəni toksinlərdən təmizləməyə kömək edir. Lakin, bitki mənşəli müalicələri həkim nəzarəti olmadan istifadə etmək olmaz.
Aromaterapiya. Sinə xərçəngi müalicəsi görən xəstələrin lavanda və nanə yağı kimi yağlardan istifadə edərək ağrıları və ürək bulantılarını, stresi aradan qaldırmaları mümkündür.
Məşq etmək. Yüngül məşqlər xəstələrin fiziki gücünü artırır və kimyaterapiyadan sonra sağalma prosesinə müsbət təsir edir.
İnteqrativ tibb üsulları döş xərçəngi müalicəsini dəstəkləyərkən xəstələrin fiziki və emosional rifahını artırmağı hədəfləyir. Bununla belə, bu üsullar nəzarət altında istifadə edilməlidir.

Döş Xərçəngi ilə Bağlı Çox Soruşulan Suallar


Döş xərçənginin əlamətləri hansılardır?


Döş xərçənginin əlamətləri arasında döşdə sərt kütlənin yaranması, məmə ucundan axıntı, dəridə qalınlaşma və ya portağal qabığına bənzər görünüş yer alır. Bu əlamətlər zamanla dəyişə və fərqli formalarda özünü göstərə bilər.


Döş xərçənginin ilkin əlamətləri nə ola bilər?


Döş xərçənginin ilkin əlamətləri adətən ağrısız, sabit bir kütlənin hiss edilməsi ilə başlayır. Bəzən məmə formasında və ya ölçüsündə dəyişikliklər, dəridə qızartı və ya məmə ucunun içəri çəkilməsi də ilkin əlamətlər arasında olur.


Süd vəzi xərçənginin əlamətləri necə özünü büruzə verir?


Süd vəzi xərçənginin əlamətləri içərisində məmə ucundan qanlı axıntı, döşdə bərk və hərəkətsiz kütlə, dəri səthində dəyişikliklər və qoltuqaltı limfa düyünlərinin böyüməsi müşahidə edilə bilər.


Döşdə şiş əlamətləri nələrə diqqət çəkməlidir?


Döşdə şiş əlamətləri arasında qeyri-bərabər kənarlı, sərt və yerindən tərpənməyən kütlənin olması xüsusilə önəmlidir. Belə kütlələr adətən ağrısız olur və təsadüfən aşkar edilir.


Süd vəzi xərçənginin mərhələləri necə müəyyən olunur?


Süd vəzi xərçənginin mərhələləri şişin ölçüsünə, limfa düyünlərinə və uzaq orqanlara yayılıb-yayılmamasına görə müəyyən olunur. Mərhələ 0-dan başlayaraq, mərhələ IV-ə qədər inkişaf edir və hər mərhələnin müalicəyə təsiri fərqlidir.


Məmə xərçənginin əlamətləri hansı dəyişikliklərlə üzə çıxır?


Məmə xərçənginin əlamətləri içərisində məmə ucunda soyulma, qabıqlanma, yön dəyişikliyi və həssaslıq kimi hallar yer alır. Eyni zamanda, məmə ucundan səbəbsiz axıntılar da bu əlamətlərə daxildir.


Döşdə şişin olması hansı hallarda narahatlıq doğurur?


Döşdə şişin olması, xüsusilə sərt və sabitdirsə, narahatlıq doğurmalıdır. Belə bir şiş uzun müddət ərzində itmirsə və ölçüsü artırsa, bu, xərçəng riski baxımından ciddi qəbul edilməlidir.


Sinə xərçəngi necə müəyyən edilir?


Sinə xərçəngi mammoqrafiya, ultrasəs, MRT və biopsiya kimi diaqnostik üsullarla müəyyən edilir. Erkən mərhələdə müəyyən edildikdə sinə xərçəngi müalicəyə daha yaxşı cavab verir və sağalma şansı artır.